Nardaranda növbəti əməliyyat: Narkotik bitkilər axtarılır |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 18-12-2015, 08:31 | Şərh sayı: (0) | Baxılıb: 296
Nardaranda növbəti əməliyyat: Narkotik bitkilər axtarılır
Dekabrın 1-dən Nardaran Daxili Qoşunların və polisin nəzarətindədir. Nardarana kənd sakinlərindən başqa heç kim buraxılmır. Hazırda kənddə “Azərişıq”, “Azərsu”, “Azəriqaz” və "Azəryolservis”in briqadaları çalışır. Kəndin abadlaşdırılması, qəsəbədəki sosial-mədəni infrastrukturun yenilənməsi və qəsəbənin sosial problemlərinin həlli məqsədi ilə müvafiq qurumlar tərəfindən işlər görülür.
Kənddəki son vəziyyətlə bağlı musavat.com-a danışan Nardaran Ağsaqqallar Şurasının sədri Natiq Kərimov bildirdi ki, hazırda kənddə vəziyyət normaldır: “Evlərin əksətiyyətinə işıq verilib. Təbii qazın verilməsinə də başlanılıb. Yolları genişləndirirlər. Polis üçün bina da tikirlər. Artıq xeyli iş görülüb”.
Əldə etdiyimiz məlumata görə, bir neçə gündür ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları kənddə evlərə və bağlara baxış keçirib. Əkin sahələrinə baxış keçirən idarə əməkdaşları narkotik bitkilərinin olub-olmamasını yoxlayıblar.
Bu məlumatı kənd ağsaqqalı N.Kərimov da təsdiq edib: “Son bir neçə gündür ki, evlərin həyətinə baxış keçirirlər. Bağlardakı əkin sahələrini yoxlayırlar. Narkotik bitkilərin axtarışını aparırlar. Yəqin ki, bu haqda nəsə məlumat əldə ediblər. Ancaq nəsə tapdıqlarını eşitməmişik”.
Qeyd edək ki, dekabrın 1-dən kənddə keçirilən əməliyyatlar zamanı saxlanılanlar var. Kənd sakinlərinin iddiasına görə, saxlanılanların sayı 70-ə yaxındır. Lakin rəsmi qurumlar bu haqda məlumat vermir.
Nardaran Ağsaqqallar Şurası da saxlanılanların taleyindən xəbər tutmaq üçün dekabrın 14-də Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinə (Ombudsman) müraciət ediblər.
Xatırladaq ki, noyabrın 26-da iki polis əməkdaşının və 4 dindarın ölümü ilə nəticələnən, Tale Bağırzadə ilə yanaşı, daha 13 nəfərin saxlanıldığı hadisədən sonra kənd sakinləri etiraz aksiyaları keçirmişdilər.
Noyabrın 30-dək kəndə giriş-çıxışa kənd sakinləri nəzarət edirdilər. Hökumətlə danışığa gedən kənd ağsaqqalları kənd meydanını boşaltdılar.
Dekabrın 1-dən Nardaran Daxili Qoşunların və polisin nəzarətindədir. Həmin gündən keçirilən əməliyyatlar zamanı saxlanılanlardan xəbər yoxdur.
Saxlanılanların sayı haqda sonuncu rəsmi açıqlama daxili işlər naziri Ramil Usubov tərəfindən verilmişdi. R.Usubov saxlanılanların 32 nəfər olduğunu bildirmişdi. Bundan sonra kənddə növbəti əməliyyatlar da həyata keçirilib və saxlanılanların sayı artıb.
İlkin Muradov,
Musavat.com
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər