“Yaşayırıq ki, öləcəyimiz gün tez gəlsin” - “Qul bazarı”ndan |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 25-01-2016, 14:39 | Şərh sayı: (0) | Baxılıb: 304
“Yaşayırıq ki, öləcəyimiz gün tez gəlsin” - “Qul bazarı”ndan
Manatın ikinci dəfə devalvasiyası və neftin kəskin ucuzlaşması səbəbindən ölkədə bütün növ məhsulların qiyməti bahalaşdı. Dövlət və özəl müəssisələrdə isə ixtisarlara gedilərək, kiçilmə yolunun seçməsi əhalinin sosial vəziyyətini daha da ağırlaşdırdı.
Böhran ölkədə eyni zamanda tikinti sektorunu da iflic halına saldı. Bir çox infrastruktur layihələrinin dayandırılması və ya təxirə salınması, tikinti sahəsində çalışan yüzlərlə fəhləni də işsiz qoydu.
Musavat.Com xəbər verir ki ,bunu metronun “Xalqlar dostluğu” stansiyasının yaxınlığında yerləşən və “Qul bazarı” kimi tanınan əraziyə nəzər saldıqda da hiss etmək olur. Havanın yağışlı və soyuq olmasına baxmayaraq, onlarla insan orada ümidlə gözləyir ki, bəlkə müştəri çıxacaq, ailələrinə çörək pulu qazana biləcəklər.
“Qul bazarı”nda olan insanların jurnalistlərlə bir o qədər də arası yoxdur. Nə zamana əlində kamera olan şəxs görsələr, ya üzərinə gəlib, aqressiv şəkildə onları çəkməməyi tələb edirlər, ya da özləri ərazidən uzaqlaşırlar. Bunun səbəbini isə belə izah edirlər ki, açıqlama verib, şikayətlənərlərsə, buranı bağlayarlar.
Lakin onlardan bir neçəsi ilə söhbətimiz alındı. Müsahibimiz 67 yaşlı bir şəxs idi. Söz verdik ki, nə şəkilini çəkəcəyik, nə də adını yazacağıq. Adını soruşduğumuz zaman söylədi ki, xalq bura “Qul bazarı” adı qoyubsa, mənim də adımın nə olmasının önəmi yoxdur: “Sadəcə, qul deyə müraciət edə bilərsiz”.
67 yaşlı müsahibimiz Kürdəmir rayonundan olduğunu söylədi. Oradakı vəziyyəti isə aşağıdakı kimi izah etdi: “Gördüyünüz kimi, hər kəs bura bir qarın çörək qazanmaq üçün yığışır. Hər zaman burada fəhlələr olublar. Lap ölkədə vəziyyətin yaxşı olduğu zamanlarda da biz iş tapmadığımız üçün bura yığışırdıq. İnsanlar qazanırdı, ev tikdirirdilər, mağaza açırdılar, biz də orada fəhləlik edib, beş-on manat qazanırdıq. İndi onlar az qazanır, biz isə heç nə qazanmırıq. Son zamanlar iş üçün gələnlərin sayı artıb. İçlərində tələbələr də var. Ancaq müştəri kimi gələnlərin sayında xeyli azalma var. Əvvəllər burada heç olmasa, hər saatda bir maşın saxlayıb, fəhlə istəyərdi. Biz də hamımız qaçardıq və kimisə seçərdilər. İndi yoxdur. Ailəm rayondadır. Özüm də elə buradakı yoldaşlarla bir evdə qalırıq. İnanın ki, evdə nə işıq yandırırq, nə də qaz... Kirayə haqqını güclə veririk. Hərəyə 25 manat düşür. Heç rayona getməyə də bir ildən çoxdur ki, pul tapmıram. Quru-quru nəyə gedim. Yaşayırıq ki, öləcəyimiz gün tez gəlsin”.
“Qul bazarı”nda fəhlələr adətən, özlərinin adlarını söyləmirlər. Yaxınlaşan müştəriyə gördükləri işin adını deyirlər. Misal üçün “daş ustası”, “malyar” və sairə...
Növbəti həmsöhbətimiz daş ustası oldu. Onun da 47 yaşı var. Adının Famil olduğunu gizlətmədi. Deyir ki, bir zamanlar tikinti sahəsində nəzarətçi kimi çalışıb: “Sonradan işlər dayandı. Mən də üz tutdum, bura... Əvvəllər kənardan maşınla keçən tanış görəndə utanırdım. “Qul bazarı” sözü də adamı mənəvi baxımdan lap sarsıdır. Sonra öyrəşdim. Hər gün müştəri olsa, hər gün evimizə pul apara bilsək, utanmalı heç nə yoxdur. Kişiyik, ailəmizi saxlamaq üçün halal zəhmətə qatlanırıq. Ancaq məsələ odur ki, heç fəhlə kimi də iş tapmaq olmur, axı... Nə edəsən, hara gedəsən..? Son günlər ərzaqların da qiyməti qalxıb. Yaşamaq artıq zülmdü. Uşağa pul tapıb, vermək olmur ki, məktəbə avtobusla getsin. Vəziyyətimiz günü-gündən ağırlaşır. Sahəmlə bağlı əlimdən hər iş gəlir. Hökumət heç olmasa, daimi iş yeri versə, yenə də fəhlə kimi də olsa, işləməyə razıyıq. Yetər ki, daimi işimizin olduğunu bilək. Adam daha uşağının qabağına əliboş çıxmaqdan utanır”.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər