DİN və Baş Prokurorluq Nardaranda baş verənlərlə bağlı birgə məlumat yayıb: ölən və yaralananlar var |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 26-11-2015, 20:23 | Şərh sayı: (0) | Baxılıb: 785
DİN və Baş Prokurorluq Nardaranda baş verənlərlə bağlı birgə məlumat yayıb: ölən və yaralananlar var
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi və Baş Prokurorluq Nardaranda baş verən silahlı insidentlə bağlı birgə məlumat yayıb.
İslam.az-ın xəbərinə görə, məlumatda deyilir ki, respublikada ictimai-siyasi sabitliyi pozmağı, təxribatlar, kütləvi iğtişaşlar, terrorçuluq aktları törətməyi planlaşdıran və din pərdəsi altında fəaliyyət göstərən silahlı cinayətkar dəstə barədə Daxili İşlər Nazirliyinə daxil olmuş məlumat aparılan araşdırmalarla təsdiqlənmiş və təxirəsalınmaz əks tədbirlərin görülməsini zəruri edib.
"Müəyyən olunub ki, Taleh Kamil oğlu Bağırov, Elman Seydəmir oğlu Ağayev, Zülfüqar Sədrəddin oğlu Mikayılov və Əbülfəz Heydət oğlu Bünyatov dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsi, şəriət qanunları ilə idarə edilən dini dövlət qurulması məqsədilə «Müsəlman birliyi" adlı hərəkat yaradıblar. Adları çəkilən şəxslər Bakı şəhərindən və respublikanın digər bölgələrindən özlərinə tərəfdarlar toplayıb, onları müxtəlif növ odlu silah, döyüş sursatı, partlayıcı maddə və qurğularla təchiz edərək cinayətkar dəstə təşkil ediblər. Həmçinin, paytaxtın Nardaran qəsəbəsində qanunsuz yığıncaqlar keçirərək respublika əhalisini hakimiyyətə qarşı qaldırmağın yollarını müzakirə edib, bununla bağlı tərəfdarlarına göstərişlər verib və əhaliyə çağırış vərəqələri paylayıblar. Silahlı cinayətkar dəstənin hər bir üzvünün üzərinə düşən konkret vəzifələr, o cümlədən hakimiyyət nümayəndələrinə qarşı terror aktları törədəcək məsul şəxslər müəyyən edilib.
Qeyd edilənlər nəzərə alınaraq həmin şəxslərin tutulması məqsədilə 2015-ci il noyabrın 26-da Daxili İşlər Nazirliyi tərəfindən Bakı şəhərinin Nardaran qəsəbəsində xüsusi əməliyyat keçirilib. Əməliyyat zamanı polis əməkdaşlarına silahlı müqavimət göstərilərək avtomat silahlardan atəş açılıb, əl qumbarası atılıb. Hücum edənlərin davamlı atəşinə cavab olaraq xüsusi əməliyyat qrupu tərəfindən xidməti silahdan istifadə edilməklə cinayətkar dəstənin 4 üzvü məhv edilib, daha bir neçə nəfəri yaralanıb.
Əməliyyatın keçirildiyi ərazidə silahlı cinayətkar dəstənin tərəfdarlarının çoxalmasına baxmayaraq, polis işçiləri öz xidməti vəzifələrini sonadək mərdliklə yerinə yetirib, 2 əməkdaş qəhrəmancasına həlak olub.
Hadisə yerindən maddi sübut kimi xeyli sayda avtomat silah, əl qumbarası, soyuq silahlar və s. götürülüb. Cinayətkar dəstənin, Taleh Bağırov başda olmaqla, 14 üzvü saxlanılaraq istintaqa təqdim edilib. Fakt üzrə Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən cinayət işi başlanılaraq istintaq aparılır.
Cinayətin bütün iştirakçılarının, o cümlədən bu silahlı cinayətkar dəstəyə köməklik edən şəxslərin müəyyən edilib tutulması və məsuliyyətə cəlb edilməsi üçün əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri həyata keçirilir.
Ölkənin hüquq mühafizə və xüsusi xidmət orqanları tərəfindən bu cür hadisələrin qarşısının vaxtında alınması, formalaşan istənilən mütəşəkkil cinayətkar dəstənin və ya cinayətkar birliyin dərhal zərərsizləşdirilməsi istiqamətində tədbirlər bundan sonra da qətiyyətlə davam etdiriləcək", - deyə məlumatda bildirilir.
***
APA-nın hazırda Nardaranda olam əməkdaşı xəbər verir ki, Nardaranda baş verən silahlı insidentdən sonra bir qrup şəxs "İmam Hüseyn" meydanına toplaşıb. Onlar qəsəbəyə aparan yollara daş tökərək bağlayıb, qəsəbəyə kənar şəxslər, o cümlədən jurnalistlər buraxılmırlar. Qəsəbənin mərkəzinə keçmək istəyən ATV-nin avtomobili əzilib, əməkdaşı isə döyülüb. Meydanın ətrafına toplaşmış bir qrup şəxs armatur, lom və dəyənəklərlə silahlanıb.
MeydanTV-nin verdiyi məlumata görə, Tale Bağırzadə və digərlərinin həbsinə etiraz edərək, Sabunçu rayon Polis İdarəsinin qarşısına toplaşan dindarlar ərazidən uzaqlaşdırılıb. Hadırda idarənin qarşısı polis maşınları ilə əhatə olunub və əraziyə heç kim buraxılmır.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər