“Bodrum bana, ben Bodruma özəlim” |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 26-01-2016, 22:08 | Şərh sayı: (0) | Baxılıb: 285
“Bodrum bana, ben Bodruma özəlim”
Bir dəfə yolum düşüb, görmüşəm, Bodrum yaxşı məkandır. Sovet şairlərinin sözü ilə “ölüb qalmalı yerdir” də demək olardı, amma bilirsiniz, “ölməyə vətən yaxşı”. Söz yox, gəzməyə, villa almağa qürbət ölkə əlverişlidir, amma orası da var ki, Türkiyə qürbət ölkə deyil, yeri gəlsə, bir millət-iki dövlətik .
Bəli, Bodrum cənnətdir. Bir az gedirsən, görürsən ki, üç tərəfin sudur, dənizdir, sağa burulursan, üç tərəfin al-yaşıllı, gül-çiçəkli torpaqdır, üstündə də ağappaq binalar, bir az sola gedirsən, yenə görürsən ki, üç tərəfin dənizdir. Orada dəniz və torpaq bir-birininin içinə o qədər dərinləməsinə girib ki, adam özünü həmişə yarımadada hiss edir, eyni zamanda dəniz də hər yerdə gölə oxşayır.
Dəniz sahilindəki hündür təpələrdən baxanda əsrarəngiz mənzərələr açılır. Elə bir gözəllik var ki, selfi həvəskarları qapılır, eyzən şəkil çəkdirirlər, bir də görürlər, bay, tətil bitdi, bunlar hələ dənizə girməyiblər.
Gendən baxırsan, hövzələrdə yüzlərlə xırda qayıq, orta ölçülü yaxta, iri gəmilər görürsən. Adamlar onlara sərnişin olur, dərin dibi görünən Egeyin duru sularını yara-yara qısamüddətli gəmi turuna çıxırlar, dənizdəki adalara yan alır, çimişib, yeyib-içib geri qayıdırlar. İstəsən, arada Ahmet Şafakın “Egeydən Hazara kadar, beşikdən mezara kadar, Azərbaycan-Türkiyə” şarkısını da oxuya bilərsən, amma Xəzərlə Egeyin fərqini görəndən sonra utancaq adamı xəcalət hissi basır.
Hərçənd Xəzərin də elə üstünlükləri var ki, egeylilər də ona həsəd aparır. Məsələn, neft və nərə balığı, eləcə də onun qara kürüsü. Xəzər nefti məsələsinə dörd abzasdan sonra qayıdarıq, hələlik Bodrumda dəniz sahilinin hündür təpəsinə çıxıb ətrafa baxaq.
Əslində, o hündür təpələrə dağ da demək olar. Dəniz səviyyəsindən çox hündürdür. Di gəl, iş adamları o hündür təpələrin əlverişli yamaclarını müasir tikinti texnikasının köməyi ilə yarıb, qazıb, hamarlayıb çoxlu evlər tikiblər. Ev deyəndə ağla bizim Sulutəpədəki evlər gələ bilər. Yox, bunlar hər cür standarta cavab verən villalardır. Yerli camaat o villalar şəhərciyinə sitə deyir. Hamısı bir boyda, bir biçimdə, bir rəngdə (əsasən ağ) tikilib. Hara baxırsan, o cür villalar sitəsi görərsən.
Bir dəfə bir yerli bərbərdən soruşdum ki, o villaların hamısında yaşayış varmı. Bərbər dedi, abi, çoxunda yazda-yayda yaşayış olur, amma qışda çəkilib gedirlər, bir xeylisi isə yaşayışa hazırdır, iş adamları gözləyirlər ki, yiyəsi gəlib alacaq.
Bu saat pul sayıb alacaqmış kimi, villaların qiymətini soruşdum. Bərbər qardaş dedi, pahalıdır, abi, çok pahalıdır, amma siz Azerbeycandansınız, ala bilirsiniz, Hazarın petrolu çokdur...
Bu zalım oğlu, eləcə də həmsöhbət olduğum digər zalımuşağı elə bilirdi ki, Hazarın petrolu boldursa, gündə beş-altı barrel də bizə verirlər ki, aparın satın, dolanın.
Açığını deyim ki, Bodrum elə bir cənnətdir ki, adamın ağlından orda daimi yaşamaq da keçir, sadəcə pulun çox olmalıdır, olsa tərəddüd etmədən ev alar, 5-6 il yaşaya bilərsən. Həm də villalarla yanaşı, orda çoxlu ucuz evlər də var, qiymətləri bizim Ramanıdakı evlərdən də aşağıdır - 40-45 min dollara. Elə buna görədir ki, Türkiyədə ahıl adamlar təqaüdə çıxandan sonra İstanbuldan, Ankaradan daşınıb Bodruma, Kuşadasına yerləşirlər.
Bu baxımdan ARDNŞ-in kapital qoyuluşu idarəsinin rəis müavininin Bodrumda villa almasını anlayışla qarşılamaq olardı - bir şərtlə ki, alınmış villa bir dənə olaydı. Adam fikirləşərdi ki, rəis olanda nə olar, onun da gözəl suyu, təmiz havası olan günəşli və küləksiz Bodrumda dincəlmək haqqı var.
Amma o hündür təpələrin bağrındakı ağ villaların 16-sının birdən-birə, özü də 20 milyona alınması dəftər-kitaba sığan iş deyil (bu, olsa-olsa kompromat dosyesinə sığa bilər). Bu qədər pulla elə Bodrumumun özündə, hətta Gümbetdə 400 ev almaq olardı. Yəni məqsəd ilin yarısını Bodrumda istirahət etməkdirsə, Qiymət müəllim sərfəli qiymətə bir ev ala bilər, yerdə qalan 19999950 dolları da başqa işlərə sərf edə bilərdi, məsələn, hansısa fonda keçirə bilərdi, heç kim də onun adını dilə-dişə salmazdı.
P.S. Yazının başlığı Bülənt Serttaşın oxuduğu “Aşk Bodrumda yaşanıyor” şarkısından götürülüb.
musavat.com
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər