İlham Əliyev: "Proseslər nikbin əsaslar vermir" |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 21-01-2016, 14:54 | Şərh sayı: (0) | Baxılıb: 258
İlham Əliyev: "Proseslər nikbin əsaslar vermir"
Prezidentin Davos forumunun saytında məqaləsi çıxıb
"Dünyada gedən dərin iqtisadi və maliyyə böhranına baxmayaraq Azərbaycan öz iqtisadiyyatını bu böhranın yaratdığı mənfi meyllərdən maksimum dərəcədə qorumağa çalışır".
ANS PRESS-in məlumatına görə, Davos İqtisadi Forumunun rəsmi saytında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan iqtisadiyyatının gələcəyi” mövzusunda məqaləsi yerləşdirilib.
O qeyd edib ki, Azərbaycan bütün istiqamətlərdə, o cümlədən iqtisadi sahədə dinamik inkişafını müvəffəqiyyətlə davam etdirən tolerant bir ölkədir. Son vaxtlar neftin qiymətinin kəskin şəkildə aşağı düşməsinə baxmayaraq, ölkə iqtisadiyyatı özünün inkişaf templərini davam etdirməkdədir.
O qeyd edib ki, dünyadakı siyasi, hərbi və maliyyə böhranının dərinləşməsi şəraitində iqtisadi inkişafı saxlamaq, əlbəttə ki, böyük nailiyyətdir. "Neftin qiyməti 2015-ci il ərzində üç dəfə aşağı düşüb. Ona görə də bizim gəlirlərimiz də kəskin şəkildə azalıb, təbii ki, büdcə gəlirləri və eləcə də büdcə xərcləri. Biz 2015-ci ildə büdcə xərclərinə böyük qənaət edə bilmişik. Əfsuslar olsun ki, dünyada gedən proseslər 2016-cı il üçün də nikbin əsaslar vermir".
Dövlət başçısı deyib ki, indiki vəziyyətdə hökumət qarşısında duran əsas vəzifə makroiqtisadi sabitliyi təmin etmək, inflyasiyanı normal səviyyədə saxlamaqdır. 2015-ci ilin yekunlarına görə inflyasiya 4 faizdən az olub. 2016-cı il ərzində də bu rəqəmi ən aşağı səviyyədə saxlamağa çalışmalıyıq.
Son illərdə Azərbaycanda yerli istehsala böyük əhəmiyyət verilir, həm dövlət, həm də özəl sektora vəsait qoyulur. Ölkədə biznes mühitinin daha da yaxşılaşdırılması, lazımsız yoxlamaların aradan qaldırılması və lisenziyalarla bağlı vəziyyətin yaxşılaşdırılması üçün iqtisadi islahatlar məsələsinə mühüm əhəmiyyət verilir. Azərbaycanda iqtisadi və maliyyə sektorunun şəffaflaşması prosesini davam etdiririk. Bu baxımdan Davos Dünya İqtisadi Forumu Azərbaycanı ölkələrin iqtisadiyyatlarının rəqabətlilik qabiliyyətinə görə 40-cı yerə, MDB məkanında isə yenidən birinci yerə layiq görüb.
Azərbaycanın zəngin neft-qaz resursları və məqsədyönlü siyasəti enerji sahəsində də böyük işlər görülməsinə imkan yaradıb. Azərbaycanın irəli sürdüyü təşəbbüs və layihələr regionumuzun hüdudlarını aşaraq ölkələri və qitələri birləşdirir".
İ.Əliyev qeyd edib ki, enerji təhlükəsizliyi məsələsinə nəzər saldıqda aydın görünür ki, Azərbaycan artıq Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. Bu baxımdan “Cənub qaz dəhlizi” layihəsinin icrasına başlanması tarixi hadisədir.
"“Cənub qaz dəhlizi” 4 layihədən ibarətdir. Birincisi, “Şahdəniz-2” fazasının işlənilməsidir. “Şahdəniz” yatağında qaz ehtiyatları bir trilyon kubmetrdən çoxdur. Ümumiyyətlə, Azərbaycanın digər yataqları ilə birlikdə qaz ehtiyatları 2.6 trilyon kubmetr təşkil edir. İkinci layihə Azərbaycanı Gürcüstanla birləşdirən Cənubi Qafqaz qaz kəmərinin genişləndirilməsidir. Üçüncü layihə Trans-Anadolu qaz kəməri (TANAP) layihəsidir. 2012-ci ildə Azərbaycan ilə Türkiyə arasında imzalanmış bu layihəyə əsasən, qaz kəməri Türkiyə-Gürcüstan sərhədindən Türkiyə-Yunanıstan sərhədinə qədər uzanacaq. Dördüncü layihə isə Trans-Adriatik boru kəməri (TAP) layihəsidir. Bu layihə əsasında qaz kəməri Yunanıstandan Albaniyaya, oradan da Adriatik dənizinin altından keçməklə İtaliyaya çatacaqdır. Bütün bu dörd layihə “Cənub qaz dəhlizi”ni formalaşdırır. Azərbaycan bu dörd layihədə önəmli səhmdar, TANAP layihəsində isə əsas səhmdardır. “Cənub qaz dəhlizi”nin icrası nəticəsində bir çox ölkələr alternativ qaz mənbəyi kimi Azərbaycan qazına çıxış əldə edəcəkdir. Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, Albaniya və İtaliya “Cənub qaz dəhlizi” layihəsinin iştirakçılarıdır. Eyni zamanda, Monteneqro, Bosniya və Herseqovina, Xorvatiya bu layihəyə qoşulmaq barədə Azərbaycan tərəfi ilə anlaşma memorandumu imzalayıblar. Beləliklə, Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində çox önəmli və etibarlı tərəfdaşa çevrilir".
Dövlət başçısı nəqliyyat infrastrukturunun inkişafının da ölkəmizdə prioritet istiqamətlərindən olduğunu, Azərbaycan və Gürcüstandan keçməklə Türkiyəyə qədər uzanacaq Bakı-Tbilisi-Qars dəmir yolunun tikildiyini də deyib. Bu, ilk dəfə olaraq Azərbaycanı dəmir yolu vasitəsilə Avropa ilə birləşdirəcək.
"Azərbaycanda turizm sektorunun inkişafına xüsusi diqqət ayırırıq. Paytaxtla yanaşı, regionlarda da müasir turizm və istirahət obyektləri, mehmanxana kompleksləri tikilib. Son bir neçə ildə dünyanın ən məşhur beşulduzlu otel brendləri Azərbaycana gəlib. Bakıda indi dünyanın bütün aparıcı otelləri fəaliyyət göstərir".
Qeyd edək ki, Azərbaycan dünyada həm də multikulturalizmin mərkəzlərindən biri kimi tanınır və xalqımız bununla fəxr edir.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər