Prezident məmur-oliqarxlara təpindi: “Süni bahalaşmaya son qoyulmalıdır!..” |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 11-01-2016, 11:20 | Şərh sayı: (0) | Baxılıb: 282
Prezident məmur-oliqarxlara təpindi: “Süni bahalaşmaya son qoyulmalıdır!..”
İlin iqtisadi yekunlarına həsr olunan iclasda İlham Əliyev işbazlara xəbərdarlıq elədi; çevik idarəetmə mexanizmlərinin yaradılacağı haqda anons etdi; pensiya və əmək haqlarının artırılması ilə bağlı tapşırıq verdi; Sərkisyanla son təmasına toxunan prezident “Formal bir görüş idi”, dedi...
Yanvarın 10-da Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib. İclasa Azərbaycan prezidenti İlham Əliyev sədrlik edib.
Prezident öz geniş çıxışında öncə neftin qiymətinin düşməsi və manatın devalvasiyaya uğramasının Azərbaycandakı iqtisadi proseslərə təsirindən danışıb: “2015-ci ildə neftin qiymətinin düşməsi və manatın devalvasiyaya uğraması Azərbaycanda iqtisadi proseslərə də təsir etdi. Bunun səbəbi kənarda yaranıb. Neftin qiymətinin ucuzlaşması iqtisadi yox, siyasi amillərlə bağlıdır. Buna baxmayaraq, Azərbaycan iqtisadiyyatı artıb. ÜDM 1, sənaye istehsalı 2,4, qeyri-neft sənayesi isə 8,4 faizdən çox artıb. Bu, məni çox sevindirir. Çünki bu, son illər ərzində qeyri-neft sənayesinin inkişafı deməkdir. Aparılan islahatların nəticəsidir və qeyri-neft sənayesinin 8,4 faiz artması bizim əsas göstəricimizdir. Ötən il ölkə iqtisadiyyatına 20 milyard dollar sərmayə qoyulub. Bunun yarısı xarici sərmayədir. Bu da çox müsbət haldır. 2015-ci ildə iqtisadi və geosiyasi amilləri nəzərə alaraq, iqtisadi inkişafa nail olmaq böyük uğurdur”.
Ölkə başçısının sözlərinə görə, 2015-ci ildə dünyada siyasi, iqtisadi və hərbi böhran daha da dərinləşib, qanlı toqquşmalar davam edib: “Yaxın Şərqdə gedən qanlı toqquşmalar nəticəsində yüz minlərlə insan həlak olub, milyonlarla insan qaçqın və köçkün vəziyyətinə düşüb. Vaxtilə ölkəmiz də bu problemlərlə üzləşib, lakin daxili resurslar hesabına vəziyyətdən çıxıb, qaçqınların həyatının yaxşılaşdırılması ilə bağlı mühüm tədbirlər görülüb. Hazırda qaçqınların üz tutduğu Avropada radikal meyillər, islamafobiya meyllərinin güclənməsi müşahidə olunur. Dünyada yaşanan sivilizasiyalararası anlaşılmazlıq Azərbaycanı da narahat edir. Ölkəmiz bu təhlükəli meyillərin müsbət məcraya yönəldilməsi üçün səylərini artıracaq”.
Prezident, təbii ki, manatın ikinci devalvasiyasından sonra qiymətlərin qalxması nəticəsində yaranan situasiyaya da toxunub, istehlak qiymətlərinə çox ciddi nəzarət etməyin vacibliyini qeyd edib: “Manatın məzənnəsinin dəyişməsi ilə bağlı bəzi işbazlar qiymətləri süni şəkildə qaldırmaq istəyirlər. Əlbəttə ki, müəyyən dərəcədə biz ərzaq məhsulları ilə bağlı idxaldan asılıyıq. Hələ ki, bu məhsullarla özümüzü 100 faiz təmin edə bilməmişik. Ancaq o məhsullar ki, Azərbaycanda istehsal olunur, orada qiymət artımı ümumiyyətcə mümkün deyil, olmamalıdır. Mənə məlumat da gəlir ki, məzənnə məsələsindən istifadə etmək istəyən natəmiz insanlar, işbazlar sui-istifadə etmək istəyirlər. Buna son qoyulmalıdır. Süni bahalaşmaya son qoyulmalıdır və burada çox ciddi cəza tədbirləri görülməlidir. Sadəcə olaraq biz cərimələrlə kifayətlənməməliyik, prokurorluq orqanları çox ciddi məşğul olsun və bu vəziyyətdən öz şəxsi maraqları üçün istifadə etmək istəyənlərə qarşı çox ciddi cəza tədbirləri görülməlidir, mətbuatda da bu işıqlandırılmalıdır ki, buna son qoyulsun”.
“2016-cı ildə pensiya və əməkhaqlarının artırılması ilə bağlı hökumət təkliflər hazırlamalıdır”. Bunu da ölkə rəhbəri sözügedən toplantıda deyib. Dövlət başçısı kənd təsərrüfatında islahatların genişləndirilməsi, meliorasiya tədbirlərinin davam etdirilməsi, əhalinin su, qaz və elektrik enerjisi ilə təchizatının daha da yaxşılaşdırılması, regionlarda sənaye zonalarının yaradılması prosesinin sürətləndirilməsi, dotasiya ilə yaşayan rayonların iqtisadi səmərəliliyinin artırılması ilə bağlı tapşırıqlar verib. Həmçinin, görülən işlərlə bağlı hər rüb məlumat verilməsi ilə əlaqədar rayon icra hakimiyyətlərinin başçıları qarşısında tələb qoyub: “2016-cı ildə struktur islahatlar aparılacaq, çevik idarəetmə mexanizmləri yaradılacaq. Bununla bağlı yaxın vaxtlarda addımlar atılacaq”.
İlham Əliyev həmçinin, informasiya-kommunikasiya texnologiyalarının inkişafı və bu sektorda şəffaflığın təmin edilməsinin vacib olduğunu vurğulayıb: “Turizm və nəqliyyat sektorunun inkişafı diqqət mərkəzində saxlanılacaq. Nəqliyyat dəhlizlərinin səmərəli işləməsi üçün tədbirlərin görülməsi əhəmiyyətlidir. Tranzit yüklərin Azərbaycan üzərindən daşınması üçün Koordinasiya Şurası yaradılıb. Artıq Azərbaycan, Gürcüstan və Türkiyə bu dəhlizdə vahid tarif siyasəti yürüdür”.
Dövlət başçısı bildirib ki, Türkiyə-Rusiya münasibətlərinin kəskinləşməsindən sonra Türkiyəyə məxsus yük maşınları Orta Asiyaya gedişini asanlaşdırmaq üçün Azərbaycan öz imkanlarını işə salıb. Bununla yanaşı, prezident tikinti sahəsində açıq tenderlərin keçirilməsi, bu sahədə də şəffaflığın təmin olunması, üstünlüyün daha çox yerli şirkətlərə verilməsi, paytaxt nəqliyyatının vahid sistemə keçidinin sürətləndirilməsi, ekoloji məsələlərin həlli, yeni “Asan-xidmət” mərkəzlərinin açılması və onlara yeni səlahiyyətlərin verilməsi barədə tapşırıqlar verib.
***
Toplantıda prezident Dağiq Qarabağ konfliktinə və ötən ilin dekabrında Berndə Ermənistan prezidenti Serj Sərkisyanla görüşünə də toxunub. “Keçə il Dağlıq Qarabağ münaqişəsinin nizamlanması baxımından heç bir irəliləyiş əldə olunmayıb. Prezidentlərin son görüşü isə formal xarakter daşıyırdı” deyən dövlət başçısının sözlərinə görə, danışıqlar prosesində irəliləyişin olmamasının səbəbi Ermənistanın sülh istəməməsi ilə bağlıdır. “Ermənistan status-kvonu nə qədər mümkündürsə, saxlamaq istəyir. İşğal edilmiş torpaqlardan çəkilmək istəmir və danışıqları sadəcə bir proses kimi qəbul edir, vaxt uzatmaqla məşğuldur. Bizim isə mövqeyimiz fərqlidir. Biz münaqişənin həllini istəyirik. Minsk Qrupunun həmsədrləri də dəfələrlə münaqişənin həllini istədiklərini bildiriblər. Əlbəttə, onların vəzifəsi bundan ibarətdir. Amma təəssüf ki, bu istiqamətdə işğalçıya heç bir təzyiq göstərilmir”, - deyə o əlavə edib.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər