“Qara qızıl”dan itirdiyimizi qara kürüdən qazana bilərikmi? |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 18-01-2016, 17:35 | Şərh sayı: (0) | Baxılıb: 240
“Qara qızıl”dan itirdiyimizi qara kürüdən qazana bilərikmi?
Dünyada ən bahalı qidalar sırasında qara kürü də var. Ekspertlər bildirirlər ki, Azərbaycanda balıq və balıq məhsullarının istehsalı üçün təbii şərait mövcud olsa da, bunu gəlirli sahəyə çevirmək mümkün olmur. Ölkədə fəaliyyət göstərən supermarketlərə də nəzər salsaq görərik ki, burada satılan balıq məhsullarının, konservlərinin əksəriyyəti başda Rusiya olmaqla digər xarici ölkələrdən gətirilir.
Bu gün dünya bazarında neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi ilə əlaqədar hökumət qeyri-neft sektorunu inkişaf etdirməyə məcbur olub.
Belə olan təqdirdə Azərbaycan itirdiyi neft gəlirlərinin bir hissəsini balıq məhsullarından qazana bilərmi?
1992-93-cü illərdə “Azərbalıq” konserninin sədri vəzifəsində çalışan Hafiz Hacıyev hesab edir ki, bu gün balıqçılığın inkişafı ilə dövlət büdcəsinin xərclərinin xeyli hissəsini qarşılamaq olar:
“Rusiyada balıqçılığın inkişafı üçün ayrıca nazirlik var. Mən nazir işlədiyim və ondan əvvəlki dövrlərdə daxili sularda 6-10 min ton balıq yetişdirirdik. Bu balıqları çox yüksək qiymətə sata bilirdik. Eyni zamanda xüsusi formada daxili su anbarları yaradıb, bu işlə məşğul olurduq. Misal üçün, Mingəçevir su anbarında, Şəmkirdə, Qazax zonalarında bəhs etdiyim işi görmüşdük. Həmçinin, Kür çayının müəyyən axma hissələrində ən qiymətli balıqlar yetişdirilib satılırdı. Bu gün də satılır. Ancaq gəlirlər müəyyən adamların ciblərinə gedir. İkinci bir variant isə Xəzər dənizidir. Kilkə balığı Xəzərin Azərbaycan tərəfinin payına düşür. Bu balıqlar həm insanların qidası, həm də quşçuluq sənayesinin inkişafı üçün çox əhəmiyyətlidir. Burada milyonlarla dollar gəlirdən söhbət gedir”.
H.Hacıyev bildirib ki, Xəzərdən həm də qara kürü almaq üçün istifadə etmək olar:
“Eyni zamanda mən çalışdığım dönəmdə Xəzər dənizindən 55 ton qara kürü götürmüşdük. İndi necə olur ki, bu gün heç 1-2 ton da qara kürü istehsal olunmur. İstehsal olunur. Sadəcə olaraq kimlərinsə xüsusi mənfəətinə çevrilib. Biz 650 ton nərə balığını 4.5 dollardan Türkiyəyə satmışdıq. Bu gün dünya bazarında qara kürünün 1 kiloqramı 1500 dollara yaxın qiymətlə satılır. 50 ton qara kürü istehsal edə bilsək, bu, milyonlarla dollar pul deməkdir. Azərbaycan dövlətinin büdcəsinin bir hissəsini dəniz məhsulları və daxili sualarda yetişdirilən balığın hesabına ödəmək mümkündür. Xəzərin ətrafında yaşayan xalq gərək bu gün ac qalmasın. Balıqçılıq sənayesi inkişaf edərsə, bu sahə ilə ölkə büdcəsinin 70 faizini ödəmək olar”.
İqtisadi ekspert Rəşad Həsənov isə bildirib ki, büdcəni balıq məhsullarından əldə edilən gəlirlər doldurmaq mümkün deyil:
“Azərbaycanın keçmiş büdcəsi qarşılığında balıqçılığın gəlirləri heç də büdcə xərclərini ödəməyə kifayət etmir. Hətta neft gəlirləri belə bütövlükdə götürəndə bu gün Azərbaycanın büdcə xərclərini ödəmək gücündə deyil. Ancaq təbii ki, Azərbaycanın Xəzərə çıxış imkanlarının genişliyi, digər tərəfdən ölkədə çayların və bu sahə üzrə təcrübənin olması imkan verir ki, sektorun inkişafı üzrə müəyyən addımlar atılsın. Bunun üçün eyni zamanda hansısa müdaxilələri, inhisarı da ortadan götürmək lazımdır. Yüzlərlə qeyri-neft istiqamətlərindən biri də balıqçılıq hesab edilə bilər. Lakin təkcə balıqçılıq sahəsinin inkişafı Azərbaycanın xilası deyil. Digər sahələrdə də paralel olaraq islahatlar aparılmalıdır. Bu hal həm də yeni iş yerlərinin açılması deməkdir”.
Əli Rais, musavat.com
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər