"Qara qızıl" qara günə düşüb |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 9-12-2015, 15:53 | Şərh sayı: (0) | Baxılıb: 327
"Qara qızıl" qara günə düşüb
Dünya bazarlarında xam neftin qiymətləri, daha doğrusu, həmin qiymətlərin ucuzlaşması ilə bağlı bədbin proqnozların sayı fasiləsiz artır.
Fransanın enerji nəhəngi Total korporasiyasının rəhbəri Patrik Ruanye də bədbinlərə qatılıb. Onun fikrincə, neft qiymətləri, çətin ki, 2016-cı ildə dirçəlsin.
Brent markasından olan neftin bir barelinin qiyməti hazırda 43 dollardan azdır. Bu ötən yay olduğundan 60 faiz aşağıdır. ABŞ-ın yüngül nefti də 40 dollardan ucuza satılır.
Son on ildə neftin bu qədər ucuz olması qeydə alınmamışdı.
"2016-cı il üçün heç bir qiymət dirçəlişi gözlənilmir. Əksinə - gələn il təklif tələbi üstələməkdə davam edəcək", - Total-ın bossu deyib.
O öz qənaətində tək deyil.
Goldman Sachs bankı da bəyan edib ki, neft qiymətləri bir qədər də düşə bilər.
"Biz qarşıdan gələn bir neçə ayda neft qiymətlərinin təxminən 40 dollar civarında qalacağını proqnozlaşdırsaq da, əslində, qiymətlər daha 50 faiz enə bilər", - bankın açıqlamasında vurğulanır.
Tələb və təklif arasındakı böyük mütənasibsizlik bazar ertəsi də Brent markalı neftin daha 1 dollar ucuzlaşmasına səbəb olub.
Aktivlərin satışı
BBC-nin məlumatına görə, son 18 ayda neft qiymətinin sürətlə enməsinin əsas səbəbi aşırı təklif olub. Bu isə daha çox bazarın ABŞ nefti ilə dolmasına görə baş verib.
Eyni zamanda Avropa və Çində iqtisadi sürətin azalması nəticəsində neftə tələbat da kəskin azalıb.
Belə vəziyyət təkcə neft sənayesinə yox, həm də neft ixrac edən ölkələrə zərbə olub. Liviya, Əlcəzair, Nigeriya və Venesuela kimi çox sayda neft ixrac edən ölkənin daxili büdcələrini tarazlaya bilmələri üçün neft qiymətinin 100 dollardan yuxarı olması tələb olunur. İndi qiymətlərin 40 dollara endiyi bir şəraitdə onlar büdcə kəsirindən çıxmaq üçün aktivlərini satmalı olurlar.
ABŞ-dakı eVestment informasiya bankının son hesabatına görə, Fars Körfəzindəki monarxiyaların durumu lap ağırdır. Onlar cari büdcə xərclərini təmin etmək, sosial proqramları ixtisara salmamaq üçün illər əvvəl "toxunulmaz" elan etdikləri neft fondlarındakı pulları sürətlə xərcləyirlər.
Körfəz ölkələrindən bir çoxu neft ixrac edən ölkələrin OPEC kartelinə daxildir. OPEC bütün dünya bazarının 30 faizinə malikdir.
Bir çox neft ölkələri neft qiymətlərinin bu qədər enməsinə yol verilməsindən qəzəblidir.
Hətta hiddətlidir və baş verənlərdə, təbii ki, ABŞ suçlanır.
İran nefti
Tarixən OPEC qiymətləri qaldırmaq lazım gələndə istehsalı aşağı salardı. Lakin bu dəfə Səudiyyə Ərəbistanının hegemon rol oynadığı kartel inad edir, istehsalı azaltmaq istəmir.
Səudilərin məqsədi aydındır. Rəsmi Ər-Riyad qiymətləri aşağı saxlamaqla maya dəyəri daha yüksək olan ABŞ-ın şist neftini bazardan çıxarmağa çalışır. OPEC ötən cümə günü görüşsə də, hasilatı eynilə günə 31,5 milyon barrel civarında saxlamaq qərara alınıb.
Əslində, istehsalat daha da yüksələ bilər. Ötən iyulda dünya gücləri ilə nüvə razılaşması əldə etmiş İran üzərindəki sanksiyaların qaldırılacağına və nəticədə qarşıdan gələn illərdə neft satışını kəskin artıracağına ümid edir.
İran hazırda günə 3 milyon barrel neft istehsal edir və bu onilliyin sonunadək hasilatı 5 milyon barrelə çatdırmağı düşünür.
İran xarici investorlardan 30 milyard dollar vəsaitin cəlb olunması üçün sərfəli kontraktlar təklif etməyə və sanksiyalar qaldırılan kimi hasilatı günə 500 min barrel artırmağa hazırlaşır.
OPEC inanır ki, onun strategiyası işləyir, çünki ABŞ-ın bir çox kiçik həcmli şist nefti şirkəti ağır borc içindədir.
Beynəlxalq Enerji Agentliyi də bu qənaətdədir ki, ABŞ şist neftinin istehsalı gələn il azalacaq.
Lakin ekspertlərin fikrincə, hətta bu da neft qiymətlərinin yüksəlişinə təkan verə bilməyəcək.
Vəziyyət heç yaxşı deyil
Beynəlxalq Enerji Agentliyi dünya bazarlarında neft təklifindəki artımın tələbatın az olması ilə gələn il də davam edəcəyini və sanksiyaların qaldırılması ilə İranın neft ixracının bərpa olacağını bildirib.
Agentlik belə proqnoz verir ki, qiymətlər aşağı olduğuna görə, OPEC üzvü olmayan ölkələrin neft təchizatı 2016-cı ildə aşağı düşsə də, tələbat artımı zəifləyəcək, bu da xam neft təklifinin yüksək olmasına səbəb olacaq. Hal-hazırda neft hasilatı rekord səviyyəyə çatan İraq yeni neft təchizatının ən böyük mənbəyi kimi ABŞ-ın yerinə keçib. İrana gəldikdə isə, nüvə sazişinin tamamlanması ilə satış üzərinə qoyulan məhdudiyyətlər aradan qaldırılarsa, neft təchizatı daha da arta bilər.
Agentlik aylıq hesabatında bildirib: "Dünya bazarında qeyri-stabillik hələ bir müddət davam edə bilər. Belə proqnozlaşdırılır ki, növbəti il tələbatın azalması və beynəlxalq sanksiyaların qaldırılacağı halda İran neftinin də bazara daxil olması 2016-cı ildə bazarda neft təklifinin yüksək olmasına səbəb olacaq".
Ötən həftə Nyu-Yorkda iyul ayından bəri ilk dəfə ABŞ-da qazma işlərinin və investisiyanın zəifləməsinin yüksək neft təklifini azaldacağı gözləntiləri arasında bir barrel neftin qiyməti 50 dolları keçdi. OPEC üzvlərinin istehsalı artırması, Çin iqtisadiyyatının zəifləməsi və ABŞ-ın neft hasilatının yüksək qalması ilə irəliləyiş dayandı.
2016-cı ildə qlobal neftə tələbat artımının gündəlik 1,2 milyon barrel olacağı proqnozlaşdırılır, bu il isə həmin göstərici 1,8 milyon olub. İstehlak isə orta hesabla gündəlik 95,7 milyon olacaq.
Verilən hesabatdan sonra bir barrel neftin qiyməti 46,60 dollara düşüb.
Agentliyin hesablamalarına görə, nüvə proqramı ilə bağlı yekun razılıq əldə ediləcəyi halda ixracatı canlandırmağı planlaşdıran İran hal-hazırda 2,9 milyon barrel olan gündəlik neft hasilatını 3,6 milyon barrelə çatdıra bilər. Bu isə növbəti il üçün proqnozlaşdırılan neft ehtiyatları artımını ikiqat artıra bilər.
Neft hasilatı rekord səviyyəyə çatan İraq gündəlik istehsalı 130 min barreldən 4,3 milyon barrelə qaldırıb. Ancaq agentlik bildirir ki, büdcə, təhlükəsizlik və infrastruktur problemlərinin yaxın müddətdə neft təchizatındakı artımı azaltması gözlənilir.
OPEC üzvləri sentyabr ayında gündəlik neft hasilatını 90 min barreldən 1,72 milyon barrelə qaldırıb. Bu göstərici isə iyul ayından bu yana ən yüksək göstəricidir. Səudiyyə Ərəbistanının neft istehsalı gündəlik 10,2 milyon barrel olmaqla, yeddi aydır, 10 milyon barreldən yüksək olaraq qalır.
Agentlik 2016-cı ildə qeyri-OPEC ölkələri tərəfindən neft təchizatının artacağını bildirsə də, bu ölkələrin neft hasilatı növbəti il kəskin şəkildə azalacaq. OPEC üzvü olmayan ölkələrin neft təchizatı gündəlik 500 min barrelə düşəcək. Bu göstəricinin isə 1992-ci ildən bu yana ən kəskin azalma olduğu bildirilir. ABŞ-ın gündəlik neft hasilatı isə 12,75 milyon barreldən 12,56 milyon barrelə qədər azalacaq.
Hasilatın azalacağı göstəriciləri olmasına baxmayaraq, dünya bazarlarında neft təklifi yüksək olaraq qalır. Belə ki, inkişaf etmiş ölkələrin neft ehtiyatları normal miqdarın iki qatına çıxıb.
Orxan Hun
Milli.Az
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər