“Dolların bahalaşmasının arxasında xristian-müsəlman davası dayanır” |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 16-01-2016, 20:14 | Şərh sayı: (0) | Baxılıb: 273
“Dolların bahalaşmasının arxasında xristian-müsəlman davası dayanır”
Əhəd Abıyev: “Belə bir vaxtda ad günü keçirmək heç yada da düşmür”
Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev “Yeni Müsavata” müsahibəsində manatın devalvasiyasından sonra ölkədə baş verən proseslərdən danışıb. Həmçinin rəhbərlik etdiyi rayonda əhalinin sosial vəziyyəti ilə bağlı açıqlamalar verib. O bildirib ki, hazırda Daşkəsəndə xalqın arasındadır və onlarla görüşlər keçirir:
- Rayonda hava şəraiti qarlı olsa da elə bu gün insanlarla görüşmüşəm. Artıq müəyyən problemli məsələlər öz həllini tapıb. Ən əsası da unun və çörəyin ucuzlaşmasına özüm birbaşa nəzarət edirəm. Rayonda bununla bağlı 15 nəfərdən ibarət komissiya da yaratmışıq. Bu komissiya ilə birlikdə yerlərdə camaatla görüşürük.
- Görüşlərdə insanlar sizə nə deyirlər? Problemlərinin nə olduğunu söyləyirlər?
- Bu gün ən əsası odur ki, ölkədə sabitlikdir. Yəni hansısa yerdə təxribat yönümlü qruplaşma və digər bu kimi hallara rast gəlinmir. Bütün proseslər əvvəlki kimi öz axarı ilə gedir. Camaat başa düşür ki, bu, nəinki Azərbaycanda, dünyada gedən prosesdir. Yəni dolların bahalaşması ilə bağlı müəyyən çətinliklərlə üzləmişik. Bəzi fürsətçi adamlar bundan istifadə edib süni qiymət artımına gedirlər. Cənab prezident də son müşavirədə ciddi tapşırıq verdi ki, bu cür hallara qarşı amansız və barışmaz olmaq lazımdı. Çünki söhbət xalqın, dövlətin mənafeyindən gedir. Biz də rayonda müəyyən şəxslərə ciddi şəkildə tapşırıq vermişik ki, unun qiymətini qaldırmasınlar.
- Tapşırığa əməl olunurmu?
- Əlbəttə. Kimsə özbaşına qiymət artıra bilməz. Şəxsən özüm nəzarət edirəm bu prosesə.
- Rayon camaatı nə deyir bəs bu olanlara?
- İnanın, deyərdim ki, hazırkı vəziyyət, əksinə, camaatı doğmalaşdırdı.
- Necə?
- Yəni bu gün hər kəs başa düşür ki, dünyada xristian-müsəlman davası gedir. O cümlədən də dolların qiymətini qaldırmaqla, nefti ucuzlaşdırmaqla təxribat yönlü işlərlə məşğul olanlar var. Buna görə də hər kəs bir nəfər kimi ölkə rəhbərinin ətrafında sıx birləşib, prezidentin siyasətini dəstəkləyir. Camaatımızın dövlətə inamı böyükdü. Hamı bilir ki, krizisdən qısa müddət ərzində çıxacağıq.
- Bir neçə rayonda etiraz aksiyaları keçirildi. Daşkəsəndə bununla bağlı vəziyyət necədir?
- Müəyyən adamlar var ki, onlar dövlətimizə müxalif olan qruplaşmalar yaradıblar. Hazırda elə vəziyyət yaranıb ki, bəzi şəxslər bundan istifadə etmək istəyir. Cənab prezident də çörək, un, ərzağın qiyməti ilə bağlı əhalinin xeyrinə olan çox yüksək səviyyəli tapşırıqlar verdi. Dövlətini sevən, Azərbaycanın gələcəyini düşünən şəxslər prezidentin ətrafında sıx birləşib, əlindən gələni əsirgəməməlidir. Görürsən ki, yerlərdə müəyyən qruplaşmalarda olan şəxslər, türmədə və ya digər cinayətkar dəstədə olan şəxslərin himayədarları çıxır. Bu vasitədən istifadə edirlər.
- Yüzlərlə vətəndaşı cinayətkar, narkoman, araq düşkünü adlandırmaq doğrudurmu?
- Yox, söhbət o etiraza çıxan şəxslərin hamısından getmir. Saf, təmiz insanları öz çirkin məqsədlərinə alət etməyə çalışan insanları nəzərdə tuturam. Xalqımız tez bir zamanda gördü ki, ortada ciddi təxribat var - kimlərsə xalqla dövləti üz-üzə qoymağa çalışır. Ona görə də vaxtın ayıldı və artıq sabitlik yaranıb.
- Amma Daşkəsəndə sakitlik oldu. Heç kim etiraz etmədi qiymət artımı ilə bağlı. Bu nə ilə bağlıdır?
- Daşkəsən ucqar dağ rayonudur. Hazırda yerdə yarım metrdən çox qar var. İnanın, mən bu insanlarda nə dövlətçilik, nə də xalq əleyhinə hal görmürəm. Əksinə, bizim camaat, kim mitinq edirsə, aksiya keçirirsə, onlara qarşı çox qəzəblə baxıb, nifrət edir. Ən çətin iqlim şəraitində olan bizik, burda sakitlikdir. Amma normal şəraiti - qazı, işığı, infrastrukturu olan rayonlarda aksiyalar keçirildi. Nə olub axı?
- Bəlkə rayona rəhbərlik edən şəxslər xalqa qarşı pis davranırlar və bu hal onunla bağlıdır?
- Bu il mən rəy sorğusu nəticəsində ilin ən yaxşı icra başçısı nominasiyası üzrə qalib oldum. Buna çox sevinirəm. Çünki ilin başçısı olmağın özü bir şərəfdir. Camaat istəyib ki, seçilmişəm. Daşkəsəndə bir çox yeniliklər etmişik. Kəndlərə mavi qaz çəkmişik, iki körpü salmışıq, su-kanalizasiya sistemini yenidən qurmuşuq və sairə. Biz qısa müddətdə iki böyük körpünü tikib camaatın istifadəsinə verdik. Sərhəd kəndlərini birləşdirən körpülərdir. Onun açılışını da möhtərəm cənab prezidentin ad günündə, 24 dekabr, 2015-ci il tarixində etdik. İnsanlar da buna çox sevindi.
- Bəzi hakimiyyət nümayəndələri bildirir ki, son günlər informasiya təxribatları baş verib. Yalançı xəbərlər yayılıb. Bu haqda nə deyə bilərsiz?
- Hesab edirəm ki, bu cür gözlənilməz vəziyyətlərdə təkcə icra başçısı və ya deputatlar deyil, kütləvi informasiya vasitələri də böyük rol oynayır. Xəbəri necə təqdim etməkdən çox şey asılıdır. Bir var olan hadisəni yazırsan, bir də var qızışdırıcı mövqedən çıxış edirsən. Bu prosesləri ən real və doğru işıqlandıran mətbuat orqanı kimi sizin qəzeti gördüm. Bu reallığa görə sizə dərin təşəkkürümü bildirirəm.
- Əhəd müəllim, sirr deyilsə hazırda hardasız? Eşitdiyimizə görə bu gün doğum gününüzdür.
- Gəlin bu mövzuya heç toxunmayaq. İndiki vaxtda ad günü keçirmək bizə yaraşmaz. Möhtərəm cənab prezident öz 50 illik yubileyini Ağcabədidə məcburi köçkünlərlə keçirdi. Biz də ondan nümunə götürməyə borcluyuq.
Hazırda Daşkəsən Rayon İcra Hakimiyyətinin və rayon aktivinin iştirakı ilə Aşağı Daşkəsən qəsəbəsində əhali ilə görüşdən yenicə çıxmışam. Unun, çörəyin, başqa ərzaq məhsullarının qiyməti ilə bağlı prezidentin verdiyi göstərişin icrasına şəxsən nəzarət edirəm.
Bayaq yerli camaatla birlikdə tort kəsdik. Samovar çayı içdik. Süfrədə tərkibi qarğıdalı, arpa və buğdadan olan çox bərəkətli çörək də var idi. Böyründə də motal pendiri. Təvazökarlıqdan uzaq olsa da deyim ki, mən hər zaman sadə xalqın içində oluram. Rəhbərlik etdiyim rayonun insanları ilə çay də içirəm, yemək də yeyirəm, bayram tədbirlərində, xeyir işlərdə insanlarla birlikdə rəqs də edirəm. Məmurlar cənab prezidentdən nümunə götürməlidir. Dövlətimizin başçısı hər zaman xalqın içində olur. Biz də onun qoyduğu ənənəni davam etdirməliyik.
musavat.com
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər