Dollar “yuxarı üzməkdə” davam edir: hər gün qəpik-qəpik - günün manşeti |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 23-12-2015, 12:11 | Şərh sayı: (0) | Baxılıb: 286
Dollar “yuxarı üzməkdə” davam edir: hər gün qəpik-qəpik - günün manşeti
Devalvasiya şoku-bağlı mağazalar, total bahalaşma...; Paytaxtın mərkəzi küçələrindəki əksər valyutadəyişmə məntəqələrinin və mağazaların qapıları qıfıllanıb; əhali üçüncü devalvasiya gözlənildiyi üçün açıq olan mağazalardan böyük həcmdə ərzaq ehtiyatı alır; Azərbaycandakı vəziyyət dünya mediasının gündəmində...
Dekabrın 21-də manatın üzən məzənnəyə keçməsindən sonra Mərkəzi Bank dolların kursunu dekabrın 22-də bir qədər də artırıb. Dekabrın 22-də Mərkəzi Bank 1 dollar üçün 1,5511 manat, 1 avro üçün isə 1,6939 manat məzənnə müəyyən edib. Paytaxtın mərkəzi küçələrindəki əksər valyutadəyişmə məntəqələrinin ya qapıları bağlı olub, ya da alış-satış etməyiblər. Bəzi məntəqələrdə isə 1 dolların alışı reklamlarında 1 dollar=1,51 və 1,53 manat yazılıb.
Dekabrın 22-də paytaxtın bir çox ticarət nöqtələri qapılarını müştəriləri üçün bağlayıb. Yalnız bəzi supermarket şəbəkələri bir neçə gün əvvəl aldıqları malları köhnə qiymətlərlə satıb, digər mağazalarda isə qiymətlər artırılıb. Bir sıra yerli istehsalçılar isə məlum yayıb ki, devalvasiya onların məhsulların qiymətlərinə də təsirsiz ötüşməyəcək. Ölkədə istehsal olunan bütün zəruri ərzaq məhsullarının qiymətinin dekabrın 22-dən qalxması da bunu təsdiqləyir. Bəzi iri olmayan dükanlarda yerli istehsal olan şəkər tozu, düyü və çay satışdan yığışdırılıb.
Müşahidələr göstərir ki, paytaxt mağazalarında əsasən ərzaq, məişət və elektrotexnika, telefon mağazaları satışdan imtina edib. Mağazaların sahibləri satışı dayandırmalarına səbəb kimi, dolların kursunun hər gün yüksəlməsini göstərirlər.
Bir çox apteklərdə də satış dayandırılıb. İqtisadiyyat və Sənaye Nazirliyindən bildiriblər ki, dərman vasitələrinin qiymətlərinə manatın məzənnəsinin dəyişməsi ilə əlaqədar olaraq Tarif Şurası tərəfindən yenidən baxılacaq, uyğunlaşdırma aparılacaq.
Əhali açıq olan ərzaq mağazalarında böyük həcmdə ərzaq ehtiyatı alıb. Bazarlarda satılan yerli məhsulların qiymətlərində çüzi artım olsa da, xaricdən idxal edilən meyvə və çərəz məhsullarının qiymətlərində 30-50 faiz artım var. O cümlədən, ərzaq mağazalarında müxtəlif məhsulların qiymətlərində 20-40 faiz arasında artım olub. Ən çox qiymət artımı məişət texnikaları, elektronika məhsulları, mobil telefonlarda və bu məhsullar üçün nəzərdə tutulan aksesuarlarda müşahidə olunub. Burada artım 30-50 faiz, bəzi məhsullarda isə daha çoxdur.
“İstehlak bazarında süni qiymət artımının qarşısını almaq üçün bütün zəruri tədbirlər görüləcək”. Bu barədə APA-ya açıqlamasında Tehranda rəsmi səfərdə olan iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev bildirib. “Təbii ki, dövlət bütün zəruri tədbirləri görəcək ki, qiymətlərin süni şəkildə qaldırılmasının qarşısı alınsın. Təbii ki, manatın devalvasiyaya uğraması idxaldan asılı olan məhsulların qiymətinə təsir edir və onların qiyməti artacaq. Lakin biz bu prosesə nəzarət edəcəyik. Süni şəkildə, devalvasiyadan asılı olmayan səbəbdən qiymət artımının qarşısı alınacaq” deyə, Ş. Mustafayev bildirib.
Yeni devalvasiya anonsu
İqtisadi Tədqiqatlar Mərkəzinin sədri Qubad İbadoğlu da yeni devalvasiyanın olacağını istisna etməyib: “Azərbaycan Mərkəzi Bankı (AMB) sədrinin son açıqlamasına görə, manatın məzənnəsinin istənilən istiqamətdə üzməsinə imkan verilməyəcək. AMB bundan sonra artıq bazara auksionlar vasitəsilə müəyyən məbləğdə valyuta təklif edəcək və tələb, təklif və qiymət proporsiyasının necə formalaşdığına baxacaq”.
Qubad İbadoğlunun fikrincə, bu açıqlama onu göstərir ki, AMB yenə də valyuta ehtiyatlarını bazarda xərcləmək kimi sonu olmayan və problemin tam həllinə təsiri azalan bir yol seçib.
“Deyilənlərdən belə məlum olur ki, hələ yaxın günlərdə yeni valyuta rejimində eksperiment keçirib, tələb və təklifin əsasında qiymətin müəyyənləşməsini müşahidə edəcək və lazım gələndə də bazara müdaxilə edəcək. AMB-nin seçdiyi yol Qazaxıstan Mərkəzi Bankının (QMB) seçdiyi yoldan fərqli deyildir. Lakin, QMB həm zaman və həm iqtisadiyyatın strukturu baxımından daha əlverişli məqamlarda qərarlar qəbul edib. Onlar ilk devalvasiya qərarın təxminən 2 il bundan əvvəl, dünya bazarında neftin qiyməti yüksək olanda verdilər.
Eyni zamanda Qazaxıstanda iqtisadiyyat daha çox şaxələnib, orda bizim kimi valyuta yalnız neft satışından əldə olunmur. Odur ki, qazaxları gecikmələrlə “yamsılamağa” dəymir. AMB milli iqtisadiyyatın hazırkı durumuna və perspektivlərinə əsaslanan valyuta siyasəti qurmalı, qonşu ölkələrin buraxdığı səhvləri təkrarlamamalıdır. Əks təqdirdə çox qısa müddətdən sonra biz yeni və daha çətin devalvasiya təhlükəsi ilə qarşılaşa bilərik".
Qərb analitikləri: “Azərbaycan investorlar üçün cəlbedici ölkələr sırasından çıxır”
Azərbaycan manatının devalvasiyası nüfuzlu Qərb analitik mərkəzlərinin də gündəmindədir.
Vaşinqtonda mənzillənmiş “Frontier Strategy Group” konsaltinq şirkətinin analitiki Mark McNamee açıqlamasında bildirib ki, Mərkəzi Bank ola bilsin ABŞ Federal Ehtiyatlar Sisteminin faiz dərəcələrini artırmasını gözləyirdi. “Ola bilsin, Azərbaycan üzən məzənnə siyasətinə daha əvvəl keçməyi nəzərdə tutmuşdu. Ancaq belə görünür ki, onlar ABŞ Federal Ehtiyatlar Sisteminin qərarından sonra bu addımı ataraq günahın xarici amillərdə olduğunu göstərmək istəyirlər” deyə, analitik bildirib.
“Frontier Strategy Group” konsaltinq şirkətinin analitiki Mark McNameenin fikrincə isə Azərbaycan investorlar üçün cəlbedici ölkələr sırasından çıxır. Dekabrın 21-də dolların bahalaşması nəticəsində Azərbaycan manatının aşağı düşməsi Türkiyə mediasında da böyük rezonans yaradıb. Belə ki, Türkiyənin bir çox xəbər proqramlarında Azərbaycanda yaşanan devalvasiyanın həyəcanı xəbər başlığına çevrilib.
Azərbaycan nefti daha 4 faiz ucuzlaşdı, qaz da...
Azərbaycanın Supsa, Batumi və Ceyhan limanları vasitəsilə dünya bazarına çıxararaq satdığı “Azeri LT CIF” markalı xam neftin bir barelinin qiyməti 1,49 dollar, yaxud 3,9% ucuzlaşıb.
Hazırda “Azeri LT CIF” markalı neftin bir barelinin qiyməti 36,71 dollara bərabərdir. Xatırladaq ki, “Azeri LT CIF” kotirovkasının minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb. Dünya bazarlarında təbii qazın ucuzlaşması davam edir.
Azərbaycan qazı hələlik belə ucuzlaşmaya məruz qalmasa da, proses bizdən yan keçməyəcək. Neftin ucuzlaşması təbii qazın qiymətlərinə də təsir edir və bundan sonra “mavi yanacaq” daha aşağı həddə baş vuracaq. Nyu-York Fond birjasında yanvar ayı üçün fyuçers müqavilələrində təbii qazın 100 kubmetri 68 dollardan satılıb. Beləliklə, bir gündə qiymət 4,8 faiz enib. Bu isə ucuzlaşmanın illik əvvəlindən bəri 34 faizə çatması deməkdir. İnflyasiya da nəzərə alınarsa, təbii qazın qiymətləri son 23 ildə minimum həddə düşüb.
Benzin də qalxa bilərmi?
“SOCAR Petroleum” şirkəti əvvəlki qaydada işləyir və benzinin qiymətlərində heç bir dəyişiklik yoxdur. Bunu “Trend”ə açıqlamasında şirkətin mətbuat katibi Üzeyir Həbibbəyli deyib. Onun sözlərinə görə, ölkədə qiymət məsələsini tənzimləyən Tarif (qiymət) Şurası hansı qərarı versə, şirkət də ona uyğun addım atacaq: “Dollar və avronun bahalaşmasından sonra benzinin qiymətlərinə baxılması üçün şirkətdə heç bir iclas və ya toplantı keçirilməyib. Köhnə qiymətlərlə satışı davam etdiririk”.
Benzinin qiymətinə yenidən baxılıb-baxılmayacağı ilə bağlı suala “Azpetrol”dan da eyni cavab verilib. Şirkətin mətbuat xidmətinin rəhbəri bildirib ki, benzin və digər məhsulların satışı əvvəlki qiymətlərlə aparılır: “Qiymətlərə yenidən baxılması məqsədilə hər hansı iclas keçirilməyib”.
Baş nazir üzə çıxmır
Qeyd edək ki, yaranmış vəziyyətlə bağlı hökumətin hansı anti-krizis proqramı üzərində işlədiyi hələ ki, məlum deyil. Son 48 saatda ölkənin baş naziri yanında nazirlərin iştirakı ilə hər hansı toplantı keçirilməyib. Hətta baş nazir özü belə devalvasiyanın yaratdığı vəziyyətlə bağlı KİV-lərə açıqlama verməyib.
musavat.com
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər