Ticarətçilərin kart fırıldağı başlarına bəla olacaq |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 9-01-2016, 07:28 | Şərh sayı: (0) | Baxılıb: 312
Ticarətçilərin kart fırıldağı başlarına bəla olacaq
Vergilər Nazirliyinin ticarət obyektlərində plastik kart fırıldaqçılığı edənlərə qarşı əlavə tədbirlər görməsi gözlənilir.
Bu il yanvarın 1-dən etibarən spirtli içkilərin və tütün məmulatlarının nağdsız satışı ilə bağlı yeni qaydalar qüvvəyə minib. Lakin bu qayda tütün məhsullarının pərakəndə deyil, yalnız topdan satışına şamil edilirsə, spirtli içkilərin həm topdan, həm də pərakəndə qaydada satışı zamanı nağd ödənişlərin aparılması qadağan edilir. Belə ki, dəyəri 50 manatdan aşağı olan içkilərin nağd satışını aparanlar inzibati məsuliyyətə cəlb edilirsə, daha yuxarı məbləğdə alver edənlər cinayət məsuliyyətinə də cəlb oluna bilərlər.
Lakin hər vəziyyətdən çıxış yolu tapmağa öyrəşmiş bəzi ticarətçilər buna da çarə tapdıqlarını düşünüb ticarət obyektlərində içində xeyli məbləğdə pul olan bir neçə plastik kart saxlayır və müştəri kartsız spirtli içki almaq istəyərkən obyekt sahibi ödənişi özü kartla edir, əvəzində isə müştəridən nağd pul alaraq cibinə qoyur.
Bununla bağlı məsələni Milli.Az-a şərh edən iqtsadçı-ekspert Qalib Toğrul bildirib ki, spirtli içki satıldığı zaman ticarətçilərin hər hansı formada müştəridən nağd pul alması qanuna ziddir:
"Mağaza sahibi orada daimi kart saxlayıb, pulu müştəridən nağd alıb, ödənişi öz kartı ilə edəcəksə, bu dolayısı ilə qanun pozuntusu hesab olunur. Bu, həm də o deməkdir ki, Vergilər Nazriliyi qarşıya qoyulan məqsədə nail ola bilmir. Çünki əsl məqsəd əhali arasında plastik kartlardan istifadənin geniş yayılmasına nail olmaqdır. Ona görə də böyük ehtimalla nazirlik bu halların qarşısını almaq üçün əlavə tədbirlər görəcək və belə hallara daha yol verilməyəcək".
Ekspertin sözlərinə görə, spirtli içkilərin nağd satışı 50 manata qədər olarsa, bu, az miqdar sayılır və cəza sanksiyası inzibati məsuliyyətdən ibarət olur, yəni 100 manat cərimə tətbiq edilir. Satış 50 manatdan 1000 manatadək olarsa, bu, xeyli miqdar sayılır və 1000 manatdan 2000 manatadək cərimə tətbiq olunur, eyni zamanda müəyyən cinayət məsuliyyəti nəzərdə tutulur. Satışın həcmi 1000 manatdan yuxarı olarsa, bu, artıq külli miqdar sayılır və bu halda həmin şəxs və ya şəxslər birbaşa cinayət məsuliyyətinə cəlb olunurlar.
Qeyd edək ki, vergilər nazirinin müşaviri Akif Musayev bildirib ki, mağazanın kartı olmayan müştəriyə öz kartını təklif etməsi və əvəzində ondan nağd ödəniş alması qanun pozuntusu sayılır. Onun sözlərinə görə, belə sahibkarları 100 manat cərimədən başlayaraq 2 il azadlıqdan məhrumetməyə qədər ağır cəzalar gözləyir. Yanvarın 1-dən əhaliyə təqdim olunacaq spirtli içkilər nağdsız qaydada əldə olunduğunu təsdiq edən qaimə-faktura və bank köçürmələri ilə təsdiq olunmuş məhsullar olmalıdır.
Nazirin müşaviri qeyd edib ki, kafe və restoranlarda spirtli içkilərin kartla satılmasına ehtiyac yoxdur. Bu obyektlərdə içkilər xidmətin içərisinə daxil olduğundan müştərilərə satışında kartla ödəniş tələb olunmayacaq. Bununla belə, onun sözlərinə görə, gələcəkdə kartla ödəniş kafe və restoranlara da şamil oluna bilər. Çünki nağdsız dövriyyənin artması iqtisadi inkişafa təkan verən bir amildir.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər