Ermənilərin Türkiyə, Azərbaycan və Gürcüstana ərazi iddiası |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 12-01-2016, 10:32 | Şərh sayı: (0) | Baxılıb: 307
Ermənilərin Türkiyə, Azərbaycan və Gürcüstana ərazi iddiası
Politoloq: “Ermənilərin təşəbbüsü onların arzusu olaraq qalacaq”
Son zamanlar Rusiyadakı ermənilər xeyli fəallaşıb. Rusiya Dövlət Dumasının “erməni soyqırımı”nın inkarına görə cinayət məsuliyyətini nəzərdə tutan qanun layihəsini gündəmə gətirməsi bu ölkədə yaşayan erməniləri xüsusilə həvəsləndirib. Üstəlik, tarix boyu olduğu kimi, fürsətcilliyi ilə ad çıxaran ermənilər indi də Moskva və Ankara arasında yaşanan gərginlikdən maksimum öz xeyrinə istifadə etməyə çalışır.
Düzdür, hələlik qondarma “soyqırım”la bağlı layihənin təsdiqlənəcəyinə ümid azdır. Məsələn, hətta tanınmış rusiyalı hərbi ekspert, MDB ölkələri İnstitutunun Qafqaz şöbəsinin rəhbəri Vladimir Yevseyev erməniləri məyus edərək bildirib ki, o, saxta “etməni soyqırımı”nı inkara görə cəza nəzərdə tutan qanun layihəsinin Dövlət Dumasında keçəcəyini az ehtimallı sayıb.
Dağlıq Qarabağ münaqişəsinə gəlincə, rusiyalı hərbi analitik konflikt ətrafında vəziyyətin mürəkkəb və proqnoz edilməyən olduğunu söyləyib. Onun sözlərinə görə, Türkiyə Azərbaycana aktiv şəkildə kömək edir. “O cümlədən bir sıra azərbaycanlı kəşfiyyatçı qruplar Türkiyədə hazırlıq keçir” - əlavə edib Yevseyev. Bu, o qədər absurd məsələdir ki, hətta azərbaycanlı milyarder və ictimai-siyasi xadim Fərhad Əhmədov nümunə göstərərək Rusiya Dövlət Dumasının spikeri Sergey Narışkinə etiraz məktubu yazıb. Həmvətənimiz “erməni soyqırımı”nın inkarına görə cinayət məsuliyyətini nəzərdə tutan qanun layihəsinin qəbuluna imkan verməməyə çağırıb. Məktubda deyilir ki, əgər bu qanun layihəsi qəbul edilsə, Fərhad Əhəmədov Rusiya vətəndaşlığından çıxacaq. Lakin Rusiya erməni kartı ilə Türkiyəni geri çəkilməyə vadar etməyə çalışır. Üstəlik, Jirinovskinin anons etdiyi kimi, ermənilərin Türkiyəyə qarşı səfərbər olunması prosesinə start verilib. Belə ki, ermənilər 16 mart 1921-ci ildə imzalanmış Rusiya-Türkiyə müqaviləsinin denonsasiyası (ləğvi) üçün kampaniya başlayaraq, artıq mindən çox imza toplayıblar. Petisiyanın müəllifi Rostov-Dondan olan erməni Hamlet Qriqoryandır.
Petisiya mətnində iddia olunur ki, 1921-ci ilin 16 martında Moskvada Rusiya-Türkiyə müqaviləsi imzalanıb: “Bu müqavilə ilə Ermənistanın 3 vilayəti Türkiyə və Azərbaycanın xeyrinə əlindən alınıb. Həmin ilin payızında Moskva müqaviləsinin əsasında Türkiyə, Ermənistan, Azərbaycan və Gürcüstan arasında Qars müqaviləsi imzalanır. Bu, Moskva müqaviləsinin qısaldılıb, redaktə olunmuş variantı idi. Müqaviləyə görə, Batum vilayəti Ermənistandan alınaraq Gürcüstana, Qars, Surmalin və Ararat Türkiyəyə, Naxçıvan isə Azərbaycana verilir. Beləliklə, Ermənistanın hesabına Türkiyə, Azərbaycan və Gürcüstanın ərazisi böyüdülür”.
Digər hədyanların da yer aldığı petisiya mətnindən göründüyü kimi, ermənilər eyni vaxtda 3 dövlətə qarşı növbəti dəfə ərazi iddiası irəli sürür.
Politoloq Şahin Cəfərli “Yeni Müsavat”a bildirdi ki, beynəlxalq şərait hər dəfə mürəkkəbləşəndə ermənilər bundan yararlanmaq fikrinə düşür: “Görünür, indi də Rusiya-Türkiyə münasibətlərində yaranmış böhrandan necə xeyir əldə etmək üzərində düşünərək belə bir yol tapıblar. Lakin bu təşəbbüsü ciddiyə almağa dəyməz. Rusiya rəhbərliyinin də bunu ciddi qəbul edəcəyini düşünmürəm. 1921-ci il müqaviləsi müasir Türkiyənin sərhədlərinin Rusiya tərəfindən tanınmasını nəzərdə tutan sənəddir. Bunu tamamlayan sənəd kimi eyni il imzalanan Qars müqaviləsi əsasında Azərbaycan, Ermənistan və Gürcüstanın indiki sərhədləri müəyyənləşdirilib. Rusiyanın Moskva müqaviləsindən çıxması Türkiyəyə ərazi iddiası irəli sürmək demək olardı, Moskvanın belə bir addıma getməsi ehtimalını isə sıfra bərabər sayıram. Əvvəla, iki ölkə münasibətlərində gərginlik olsa da, tərəflər əlaqələri kəsməyib. Diplomatik münasibətlər davam edir, səfirlər geri çağırılmayıb. Müəyyən səviyyədə iqtisadi əlaqələr də qalır. Digər tərəfdən, Rusiyanın Türkiyəyə qarşı ərazi iddiası irəli sürməsi üçün heç bir səbəb yoxdur, bu, Rusiyanın maraqlarına cavab vermir”.
Ş.Cəfərlinin fikrincə, hətta iki ölkə münasibətləri daha da gərginləşsə belə, yenə də o, Rusiyanın Türkiyəyə qarşı ərazi iddiası irəli sürəcəyinə inanmır: “Çünki bu, Rusiyaya lazım deyil. Eyni zamanda Türkiyənin təhlükəsizliyi və ərazi bütövlüyü NATO-nun təminatı altındadır və Türkiyə ilə münaqişə NATO ilə münaqişə deməkdir. Ona görə də ermənilərin təşəbbüsü onların arzusu olaraq qalacaq”. Ermənilərin Gürcüstana ərazi iddialarına gəldikdə isə, politoloq qeyd etdi ki, bu da yenilik deyil: “Onlar Cavaxetiya bölgəsinə, eləcə də Batuma iddia edirlər. Bu iddialar üzündən 1918-ci ildə iki tərəf arasında müharibə də baş verib. Müharibə əsasən Borçalı ərazilərində gedib. Hətta general Dronun dəstələri paytaxt Tiflis yaxınlığına qədər irəliləyiblər. Lakin sonda məğlub olublar. Ərazi iddiaları bu gün Ermənistan dövləti tərəfindən rəsmi səviyyədə irəli sürülərsə, təbii ki, bunun iki ölkə münasibətlərinə ciddi təsiri olar. Rusiya ermənilərinin təşəbbüsü isə Ermənistan-Gürcüstan əlaqələrinə hər hansı təsir göstərə bilməz”.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər