“Mütəllibovun partiyaları” adlandırılanlardan VİP sədrinə sərt cavablar |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 12-01-2016, 09:13 | Şərh sayı: (0) | Baxılıb: 292
“Mütəllibovun partiyaları” adlandırılanlardan VİP sədrinə sərt cavablar
Əli Əliyev deputat olan partiya sədrlərinin Moskvaya və ya Mütəllibova sevgisi olduğunu bəyan etdi
Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev “Yeni Müsavat”ın ötən sayında maraqlı açıqlama vermişdi. Sitat: “Bizim ”Yanukoviç" statusunda olan, 20 il Moskvada gizlənmiş Ayaz Mütəllibovun bugünkü Milli Məclisdə 3 siyasi partiyası yer alıb; həmin partiyalar ASDP, Vəhdət Partiyası və Vətəndaş Birliyi Partiyasıdır". Onun bu açıqlaması adıçəkilən partiyalardan ikisinin sədrinin etirazı ilə qarşılanıb.
ASDP sədri, deputat Araz Əlizadə modern.az-a deyib ki, Əli Əliyevi ciddi adam saydığından ondan belə açıqlama gözləmirmiş: “Əli Əliyevi bu günə kimi ciddi adam bilirdim. Bu cür çıxış etməsini ondan gözləmirdim. Əvvəla, ondan başlayım ki, Tahir Kərimli Xalq Cəbhəsindən gəlib. Əli Əliyev də Xalq Cəbhəsinin yetirməsidir. Mən isə həmişə sosial-demokrat olmaqla yanaşı, Mütəllibova da müxalifətdə olmuşam. Düzü, belə mənasız fikirləri ondan eşitmək mənə təəccüblü gəldi. Araz Əlizadə həmişə xalqın və Araz Əlizadənin adamı olub. Kimlərinsə adamı olmayıb”.
Vəhdət Partiyasının sədri, deputat Tahir Kərimli isə Əli Əliyevin parlamentdə təmsil oluna bilməməsi səbəbindən qarayaxma işləri ilə məşğul olduğunu deyib: “Bu fikirlər cəfəngiyyatdır. Heç vaxt kiminsə adamı olmamışam. Əli Əliyevin bu cür çıxışı təhqir xarakteri daşıyır. Özü kiminsə adamı olub, mən yox. O, Milli Məclisə seçilmək, deputat olmaqdan ötrü həmişə dəridən-qabıqdan çıxıb. İstəyinə nail olmadığına görə qarayaxma işlərlə məşğuldur. Vaxtilə Ayaz Mütəllibovun yıxılmasında müstəsna rol oynayanlardan biri olmuşam. Təbii, o vaxt Sovet imperiyasına qarşı mübarizə aparırdım. Konkret Mütəllibova qarşı yox. Hər halda, o, o vaxt dövlət rəhbəri idi. İndi Əli Əliyev mənim adımı kiminsə adamı olmaqda necə çəkir?!”
Vətəndaş Birliyi Partiyasının sədri, deputat Sabir Hacıyev isə xarici ölkələrin birində müalicə olunduğundan məsələyə münasibət öyrənmək mümkün olmayıb.
Araz Əlizadə və Tahir Kərimlinin dediklərinə isə Əli Əliyev “Yeni Müsavat”a açıqlamasında münasibət bildirdi. VİP sədri öncə bəyan etdi ki, heç kimi təhqir etməyib, parlamentin tərkibi və seçim fəlsəfəsi ilə bağlı dedikləri heç bir fərdə, siyasətçiyə və ya partiyaya qarşı deyil: “Mənim fikirlərim yalnız bu seçim fəlsəfəsinin müəlliflərinə qarşıdır. Hakimiyyətdə kimlərsə, Azərbaycanı dinməzcə Rusiyaya tərəf sürükləməyə çalışır. Bu açıq sezilir. Baxın, rusdilli təhsil altdan necə şəbəkələndirilir, Rusiya universitetlərinin filialları açılır, məişətdə rus dilinin qabarması gözə girir, saytlarımızda rus mətbuatı reklamının həcminə diqqət yetirin. Sadaladıqlarım rusofil siyasətin kiçicik bir hissəsidir.
Son parlament seçkilərinin nəticəsi rusmeylli siyasətin daha bir aşkar nümunəsidir. Hətta illər uzunu etibar etdikləri tərəfləri belə, Qərb simpatiyalı olduqlarına görə “içəri” buraxmadılar. Parlamentə düşmüş həmin partiya sədrlərinin seçilməsindən qəti narahat deyiləm. Onlar olmasa idi, başqalarını yerlərinə təyin edəcəkdilər. Mənim təyinatın xarakterinə etirazım var".
Ayaz Mütəllibov və üç partiya məsələsinə gəlincə, Ə.Əliyev bildirdi ki, Mütəllibov 1992-ci il 15 may hadisələrindən sonra Azərbaycanı tərk etmiş bir şəxsdir. Əslində ona mütləq neqativ şəxs kimi yanaşmır. Hətta onun rəhbərlikdə olduğu dövrdə görülmüş müsbət işləri də unutmayıb: “Onun keçmiş metropoliyaya sığınması, Rusiyaya söykənməsi zəifliyinin və siyasi iradəsizliyinin göstəricisidir. Moskva da onun bu çatışmazlığından uzun müddət faydalanıb. AXC-Müsavat və YAP hakimiyyətləri uzun dövr onu Kremldən geri istəyiblər. Lakin Moskva xeyli müddət onu Azərbaycana qarşı destabilləşdirici faktor kimi istifadə edib, necə ki, bu gün Yanukoviçi və Azarovu Ukraynaya qarşı kullanır. Mütəllibovun bu keyfiyyəti-dövlətə qarşı alət olması məndə ikrah doğurur.
Opponentlər haqda isə onu deyə bilərəm ki, mənim Araz Əlizadə ilə şəxsi səviyyədə xüsusi yaxşı, Tahir Kərimli ilə isə kifayət qədər normal münasibətlərim var. Sabir Hacıyevlə isə uzaqdan tanışam. Bir daha xüsusi vurğu ilə qeyd edirəm ki, kimlərsə bu şəxslərin Moskvaya siyasi simpatiyanın təcəssümü olan Mütəllibovla əlaqələrindən yararlanaraq, öz şəxsi məqsədləri üçün istifadə edə bilərlər. Mənim etirazım, Azərbaycanın imperiya boyunduruğuna salınma təhlükəsinədir. Bu şəxslər istəsələr belə, bu addımı atmaq gücündə deyillər. Lakin kimlərsə, onların Moskvaya və ya Mütəllibova sevgisindən yararlana, Qərblə konfrontasiya yaradıb, Rusiyaya tərəf dreyfdə istifadə edə bilərlər.
Onların mənə cavablarına gəldikdə, Araz bəyə təmkin nümayişinə görə təşəkkür edirəm. Cavabdan görünür ki, mənim dediklərimi jurnalistin dilindən eşidib, özü oxumayıb. Tahir bəyə demək istəyirəm ki, mən parlamentə düşmək üçün mübarizə aparmışam. Bu mənim vətəndaş hüququm, partiya sədri kimi görəvimdir. Dəridən-qabıqdan çıxmaq tüpürdüyünü yalamaqdır, vaxtilə təhqir etdiklərini tərifləmək, onlara yaltaqlanmaqdır. O, mənim siyasi davranışımdan bir dənə belə nümunə göstərə bilməz".
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər