Qara bazar ertəsi - “yaşıl inqilab” ölkəni çalxalayır |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 22-12-2015, 08:46 | Şərh sayı: (0) | Baxılıb: 358
Qara bazar ertəsi - “yaşıl inqilab” ölkəni çalxalayır
Vətəndaşımız üzüntüdə: dollar və avro 50 faiz bahalaşdı; Mərkəzi Bank fevral devalvasiyası ərəfəsində olduğu kimi, yenə də xalqı aldatdı; bir gecədə manatı yarıbayarı qiymətdən salmağın izahı verilməlidir; son 10 ayda ölkə vətəndaşının maddi cəhətdən çökdürülməsi prosesi gedir və hökumət təcili tədbirlər görməlidir...
2015-ci il fevralın 21-də manatın dollara nisbətdə 34 faiz devalvasiyasından (1 AZN+1.05 ABŞ dolları) düz 10 ay sonra, dekabrın 21-də dolların manata qarşı rəsmi məzənnəsi 1,55 manata qalxıb. İl ərzində ölkənin iqtisadiyyatının analoqsuz inkişafından danışan hökumət indi acı reallıqla üzləşib: Azərbaycan manatı 2015-ci il ərzində MDB və Avropa məkanında ən çox dəyərdən düşən valyuta olub...
Hələ fevraldakı devalvasiyanın yaratdığı problemlərdən qurtulmayan Azərbaycan vətəndaşları bu dəfə manatın 50 %-dək ucuzlaşması şoku ilə üzləşiblər. Fevralda milli valyutaların bir-birinin ardınca dəyərdən düşdüyü keçmiş sovet respublikaları sırasında Azərbaycandakı devalvasiya ən kəskini hesab olunurdu. Fevralda neftin qiyməti 50-55 dollar arasında dəyişirdi və ehtimal etmək olardı ki, ilin sonunadək neft gəlirləri manatın kursunu sabit saxlamağa imkan verəcək.
Lakin elə fevral-mart aylarında nüfuzlu “Bloomberg” agentliyi proqnoz verirdi ki, neftin qiyməti yenə də kəskin düşəcək və bu hədd hətta 20 dollar da ola bilər. Bu isə iqtisadiyyatı neftdən asılı olan ölkələr üçün fəlakət demək idi. Mərkəzi Bank bu ehtimallara nəzərən Azərbaycanın üzən məzənnəyə keçəcəyini, amma ölkənin hələ buna hazır olmadığını bəyan edirdi. Azərbaycan büdcəsinə rəsmi rəqəmlərə görə, 1 milyarddan da baha başa gələn Avropa Oyunlarından sonra manatın kursunun sabit saxlanıla biləcəyi az ehtimal olunurdu.
Büdcədən izafi xərcləmələr, neftin 40 dollar həddinə düşməsi, Neft Fondunun gəlirlərini və Mərkəzi Bankın valyuta ehtiyatlarını da kəskin azaltmışdı ki, bu prosesin devalvasiya ilə nəticələnəcəyi hər ötən gün daha çox gözlənilirdi.
Amerika Federal Ehtiyatlar Sisteminin (FES) uçot dərəcələrini qaldırmasından sonra manatın da “fatihəsi” verilmiş sayılırdı. Amma Mərkəzi Bank fevral devalvasiyası ərəfəsində olduğu kimi, yenə də xalqı aldatma yolu tutaraq, FES-in qərarının manatın kursuna hiss ediləcək təsirinin olmadığını dedi. Mərkəzi Bank “haqlı çıxdı”: FES-in qərarı manatın kursuna təsir etmədi, onu yerlə bir etdi, canını aldı və insanlarımızın ailə ehtiyaclarına ayırdığı aylıq manat büdcəsini kağız parçasına çevirdi. Sosial şəbəkələrdə manata yas tutulması ilə bağlı yüzlərlə videoçarxların yayılması Azərbaycan vətəndaşının qara gəlmiş bazar ertəsinə özünəməxsus etirazıdır - hamı ağlayır...
“Azərbaycan vətəndaşı müxalifəti dəftərindən həm də ona görə silmişdi ki, manatımız dünyanın ən güclü valyutası idi, hökumət də çalışırdı ki, ölkədə iqtisadi böhran olmasın. Azərbaycandakı siyasi sabitlik illərdir ki, həm də vətəndaşın büdcə sabitliyindən qaynaqlanır”
Əlbəttə, hökumətin deməyə sözü var: “Azərbaycan dünya iqtisadiyyatı ilə əlaqəlidir”, “neftin qiyməti düşür”, “xaricdən malı dollarla alırıq” və sair. Bunlarla müəyyən mənada razılaşmaq da olar. Amma bir gecədə manatı yarıbayarı qiymətdən salmağın izahı verilməlidir. Dənizdə yaxınlaşmaqda olan fırtınada kapitanlar (hökumət) ilk növbədə sərnişinlərin təhlükəsizliyini, xilasını, xilasedici jiletini düşünməlidir. Amma etiraf edilməlidir ki, son 10 aydakı qəfil qərarlar göstərdi ki, hökumət bu bəladan qurtulmaq üçün ilk növbədə özünü düşünüb.
O da etiraf edilməlidir ki, Azərbaycanın iqtisadiyyatı illərdir neft pulu ilə nəfəs alıb, qeyr-neft sektoru yaddan çıxıb, neft gəlirlərini bir neçə nazirlik mənimsəyib, xalqa məxsus olan təbii sərvətlərdən gələn gəlir bir neçə nazir-məmurun, onların övladlarının milyonluq villalarının daş-qumuna, hasarına xərclənib, fabrik-zavod, istehsal müəssisələri qurmaq əvəzinə Heydər Əliyev prospektində milyonlara başa gələn inzibati binalara sərf olunub, neft pulundan oğurlan vəsait hesabına xaricdə əmlaklar alınıb özəlləşdirilib, bir il sonra dağılan yollara səpələnib, mənasız proyektlər şəklində ciblərə axıb, Neft Fondunun pulları, valyuta və əmlak yatırımları belə düzgün yönləndirilməyib. Azərbaycan xalqı indi böhran dövründə Neft Fonduna gözünü dikməli, oradakı vəsaitlərlə böhranı minimal itkilərlə ötüşdürəcəyinə əmin olmalı idi. Amma indi əks mənzərə yaranıb: Neft Fondu da, Mərkəzi Bank da gözünü xalqın cibinə dikib.
“İlk növbədə benzinin qiymətinin endirilməsi ilə yaranmış gərginliyi nisbətən aradan qaldırmaq olar. Aztəminatlı ailələrə, təqaüdçülərə dəstək artırılmalıdır. Hökumət əhalidə şok effekti yaratmış bu qərarın psixoloji yükünü azaltmaq üçün xalqa olumlu mesajlar verməli, dərhal məvacibləri artırmalıdır”
Mərkəzi Bank manatın ABŞ dollarına qarşı 48%-lik devalvasiyasından rəsmi valyuta ehtiyatlarının həcmini kəskin artırıb. Hesablamalarına görə, ölkədə dolların manata qarşı məzənnəsinin 1,0494 manatdan 1,55 manata yüksəlməsi Mərkəzi Bankın sərəncamında olan ehtiyatların manat ekvivalentində 48% və ya 3 mlrd. 145 mln. 272,160 min manat artmasına gətirib. Mərkəzi Bankın sərəncamında olan rəsmi valyuta ehtiyatlarının həcmi 2015-ci il dekabr ayının 1-nə 6 mlrd. 245,6 mln. dollar olub.
Başqa sözlə, əgər 6 mlrd. 245,6 mln. dollarlıq ehtiyat dekabrın 21-nə qədər olan məzənnə ilə manata konvertasiya olunsa idi, bu rəqəm 6 mlrd. 535,396 mln. manat edəcəkdi. Bugünkü məzənnə ilə konvertasiya edəndə isə Mərkəzi Bankın valyuta ehtiyatları manat ekvivalentində 9 mlrd. 680,668 mln. manata bərabərdir. Və sair... Rəqəmlərin içərisində itib-batmağa ehtiyac yoxdur, bu, Azərbaycan vətəndaşının cibindən bir gecədə oğurlanmış puldur. Yəni həmin zərərdən Mərkəzi Bankın varlanmasıdır.
***
Azərbaycan vətəndaşı bu münasibəti haqq etmir. Azərbaycan vətəndaşı müxalifəti dəftərindən həm də ona görə silmişdi ki, manatımız dünyanın ən güclü valyutası idi, hökumət də çalışırdı ki, ölkədə iqtisadi böhran olmasın. Azərbaycandakı siyasi sabitlik illərdir ki, həm də vətəndaşın büdcə sabitliyindən qaynaqlanır. Son 10 ayda isə ölkə vətəndaşının maddi cəhətdən çökdürülməsi prosesi gedir və hökumət təcili tədbirlər görməlidir.
Bu tədbirlər isə qanunların, cərimələrin artırılması demək deyil. İlk növbədə benzinin qiymətinin endirilməsi ilə yaranmış gərginliyi nisbətən aradan qaldırmaq olar.
Aztəminatlı ailələrə, təqaüdçülərə dəstək artırılmalıdır. Hökumət əhalidə şok effekti yaratmış bu qərarın psixoloji yükünü azaltmaq üçün xalqa olumlu mesajlar verməli, dərhal məvacibləri artırmalıdır. O cümlədən banklara 2 milyon borclu vətəndaşların (xüsusilə dollarla kredit götürənlər) vəziyyətini yüngülləşdirmək üçün banklarla təcili danışıqlara başlanmalıdır. Hökumət “üzən məzənnə” dediyi bazarı sabitləşdirməli, bundan Azərbaycan xalqının qanına susamış bəzi işbazların sui-istifadə hallarının qarşısını almalıdır.
Artıq bütün şirkət və firmalar pərakəndə və topdansatış mərkəzlərinə mal və məhsul verilməsini dayandırıb. Bəzi marketlər ərzaq mağazalarını bağlayıb, qiymət artımına hazırlaşırlar. Şübhə yoxdur ki, ən zəruri ərzaq malları, o cümlədən bayram süfrəsi üçün lazım olan şam belə yeni qiymətlərlə bazara çıxarılacaq. Yerli istehsalçılar belə artıq bahalaşmaya start verib. Onların da hökumət kimi bəhanəsi var: xammalı xaricdən dollarla alırıq.
“Qara bazar ertəsi”, ölkədə “yaşıl inqilab” effekti doğurdu ki, bu da təcili tədbirlər görülməsə, ölkədəki sosial gərginliyi daha da artıracaq. Hökumət nə yazıq ki, bunun üçün Azərbaycan vətəndaşına bütün bəhanələri verib...
musavat.com
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər