Ürək əməliyyatı üçün qiyməti öyrənən xəstələr ölmək istəyirlər |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 13-12-2015, 23:43 | Şərh sayı: (0) | Baxılıb: 304
Ürək əməliyyatı üçün qiyməti öyrənən xəstələr ölmək istəyirlər
Bu gün faktiki olaraq hər bir azərbaycanlı ailəsində hansısa xəstəlikdən əziyyət çəkən insan var. Böyük çoxluq isə "harada qırılar, qırılar" deyib xəstəxanaya üz tutmaqdan imtina edir. Səbəb çox sadədir: BAHALIQ!
Ölkədə fəaliyyət göstərən özəl və dövlət xəstəxanalarının sayı da elə xəstələr kimi kifayət qədər çoxdur. Təsadüfən müraciət etdiyiniz müalicə müəssisəsində növbə gözləyən insanlara rast gəlmək görünməmiş hal deyil. Amma məşhur lətifədə deyildiyi kimi, azərbaycanlılar xəstəlik daha ağır hala gələndə həkimə müraciət edir. O zaman isə mütləq surətdə əməliyyatlıq olur. Amma di gəl ki, əməliyyat üçün tələb edilən məbləği öyrənən xəstə daha çox ölməyə üstünlük verir, nəinki sağalmağa...
Xüsusilə ürək-damar xəstəlikləri ilə bağlı ehtiyac duyulan cərrahi müdaxilə üçün Azərbaycandakı klinikalarda 4-5 min, bəzən 8-10 min manat tələb edilir. Orta statistik azərbaycanlı xəstə isə bu məbləği ödəmək iqtidarında deyil.
Bu qiymətləri hansısa şəkildə tənzimləmək olmazmı ki, insanlar ölməyə üstünlük verməsinlər?..
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova modern.az saytına bildirir ki, nazirliyin özəl klinikaların işinə müdaxilə etmək hüququ yoxdur:
"Eyni zamanda dövlət xəstəxanalarında müalicə və müayinələr pulsuz olaraq həyata keçirilir".
Xatırlatmaq istərdim ki, dövlət xəstəxanasının hələ qapısına yaxınlaşanda içəri daxil olmaq üçün qapıçı haqq istəyir. O ki qaldı hansısa həkim pulsuz əməliyyat keçirə!
Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev modern.az saytına deyir ki, Səhiyyə Nazirliyinin özəl klinikaların işinə müdaxilə etməsi bazar iqtisadiyyatı qaydalarına ziddir. Deputat qeyd edir ki, problemin həlli icbari tibbi sığortanın tez bir zamanda tətbiq edilməsdir:
"İcbari sığorta zamanı qiymətdən asılı olmayaraq vətəndaş əziyyət çəkmir. Həmçinin rəqabətli mühit şəraitində klinikalarda qiymətlər tənzimlənir. Digər yol dövlət səhiyyə sektorunun inkişaf etdirilməsidir. Bu sektorda lazımi tibbi müdaxilələr özəl sektordakı qədər komfortlu, güvənli şəraitdə aparılmalıdır ki, vətəndaş dövlət səhiyyə sektoruna üstünlük versin. Bu zaman özəl sektor qiymətləri aşağı salmağa vadar olar".
Azərbaycanda, xüsusilə paytaxt Bakıda hər addımbaşı klinika olmasına baxmayaraq, Musa Quliyev digər çıxış yolu kimi klinikaların sayının artırılmasını təklif edir:
"Bunun üçün münbit şərait yaradılmalıdır. Klinikaların sayı nə qədər çox olarsa, onlar arasında sağlam rəqabət olacaq. Klinikaların sayının artması isə tələbata bağlıdır. Say çoxdursa, deməli tələbat var, daha da artırmaq lazımdır.
Nəzərə almaq lazımdır ki, siz dediyiniz bahalı əməliyyatların hamısı o klinikalarda aparılmır. Bundan ötrü bahalı avadanlıq və yaxşı mütəxəssis lazımdır. Ən koordinal yol icbari tibbi sığortanın tətbiqi, eyni zamanda dövlət səhiyyə sektorunun özəl sektor qədər maddi-texniki bazasının, kadr potensialının gücləndirilməsidir".
Bu gün rəsmi olaraq dövlət xəstəxanlarında müalicə və müayinələrin, eləcə də ehtiyac duyulan bir sıra əməliyyatların ödənişlə icra olunduğu heç kimə sirr deyil. Kimsə bunu görməzdən gəlirsə, o vicdanı, o da özü!
Həkim-deputat hesab edir ki, bu hal varsa belə, qeyri-qanuni hərəkətdir: "Birbaşa korrupsiya halıdır, vətəndaş birbaşa Səhiyyə Nazirliyinə, Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə, yaxud Baş Prokurorluğun müvafiq orqanına müraciət edə bilər. Vətəndaşlar fəal olmasa, təbii ki, korrupsiyanın da qarşısını almaq mümkün olmayacaq".
Bu gün istənilən xəstəxanada əməliyyata ehtiyac duyulan xəstənin yaxını ilə qiymət razılaşdırılması olmadan heç bir həkim yaxın durub o xəstəni əməliyyat etmir. Həm də hörmətli deputatımızın dediyi kimi, xəstəni ölüm ayağında qoyub "gedim müvafiq quruma şikayət edim" deyə düşünməyə vaxtımız belə olmur.
M.Quliyev qəti şəkildə bu fikirləri rədd edir: "Dövlət xəstəxanasında hansısa həkim əməliyyat üçün pul tələb edə bilməz, o sözü heç kim deyə bilməz. Hər şey tam pulsuzdur. Mən qanuni deyirəm ki, pulsuzdur. Sizdən pul alırlarsa, gedin Səhiyyə Nazirliyinə müraciət edin. Faktı deyin, biz araşdıraq. Konkret ünvan, adam göstərin, cəzasını verək. Ümumi şəkildə fikri bildirə bilmirəm".
Milli.Az
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər