Bakıda polis restoran işçisini bölməyə apardı: bəs 2500 nəyin haqqıdır? |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 21-11-2015, 15:51 | Şərh sayı: (0) | Baxılıb: 360
Bakıda polis restoran işçisini bölməyə apardı: bəs 2500 nəyin haqqıdır?
Dünən gecə Bakının Səbail rayonunda fəaliyyət göstərən "Xoxo lounge" restoranına polis əməkdaşları gəliblər.
Bu barədə "Report"a həmin restorandan məlumat verilib.
Məlumata görə, Səbail Rayon Polis İdarəsinin (RPİ) 39-cu Polis Bölməsinin əməkdaşları restoran işçilərindən restoranı gecə saat 00:00-dan sonra işlətməmələrini istəyib. Restoran əməkdaşları bunun səbəbini soruşduqda, polislər bunu qonşuların səs-küydən şikayət etməsi ilə əsaslandırıblar. Restorandan verilən məlumata görə, polis əməkdaşları onu da deyiblər ki, 2500 manat pul ödəniləcəyi təqdirdə, restoranı gecə saat 00:00-dan sonra da işlətmək olar. Yaranan mübahisə nəticəsində restoranın mühafizə xidmətinin rəisi Bəhmən Məmmədov 39-cu Polis Bölməsinə aparılıb.
39-cu Polis Bölməsindən "Report"a bildirilib ki, B.Məmmədov sərbəst buraxılıb. Restoranla bağlı əhalidən neçə şikayət daxil olmasına gəlincə, polis bölməsindən bunları deyiblər: "Həmin restoranla bağlı rəsmi deyil, şifahi şikayət daxil oldu. Həmin ərazidə yaşayan vətəndaşlar gecə saat 00:00-dan sonra restoranın işləməsindən narazıdırlar. Çünki gecə yarısından sonra oradan səs-küy gəlir. Bunun üçün də vətəndaşlar bizə müraciət ediblər. Bölmənin əməkdaşları da dünən gecə həmin restorana gedib onlara xəbərdarlıq ediblər. Restoranın mühafizə xidmətinin rəisi Bəhmən Məmmədovla polis əməkdaşları arasında mübahisə yaranıb. Həmin şəxs bölməyə gətirilib, onun izahatı alınıb. Daha sonra Bəhmən Məmmədov buraxılıb".
Bölmədən polis əməkdaşlarının restorandan hər hansı məbləğdə rüşvət istənilməsi iddiasına da münasibət bildirilib: "Bölmənin heç bir əməkdaşı restoran sahibindən rüşvət tələb etməyib. Bu məlumat düzgün deyil".
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən "Report"a bildirilib ki, əgər sahibkardan rüşvət istənilməsi və əsassız müdaxilə halı varsa, sahibkar DİN-ə müraciət edə bilər.
Məsələyə münasibət bildirən Vəkillər Kollegiyasının üzvü Adəm Məmmədov "Report"a deyib ki, əgər hansısa istirahət müəssisəsində səs-küy yaranarsa, bununla bağlı İnzibati Xətalar Məcəlləsində (İXM) müvafiq cərimə nəzərdə tutulub: "Lakin hüquq-mühafizə orqanlarının əməkdaşları vətəndaşların rəsmi müraciəti olmadan hər hansı sahibkara xəbərdarlıq edə bilməz. Bu, ciddi qanun pozuntusudur. Qanunvericilikdə göstərilib ki, hüquq-mühafizə orqanları əməkdaşlarının sahibkarların fəaliyyətinə əsassız, qanunsuz müdaxilə etməsi yolverilməzdir. Ölkə prezidentinin sahibkarlara dəstək nümayiş etdirdiyi sonuncu çıxışlarda da öz əksini tapıb. Əgər bu çıxışlardan sonra hansısa polis əməkdaşları qanunvericiliyin tələblərinə əməl etmirsə, sahibkar, indiki halda restoran rəhbərliyi rəsmi qaydada hüquq-mühafizə orqanlarına, Daxili İşlər Nazirliyinə, Prezident Administrasiyasına və digər aidiyyəti dövlət qurumlarına müraciət edə bilər".
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər