Rusiya-Türkiyə münaqişəsi son dərəcə baha başa gələ bilər |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 5-12-2015, 23:22 | Şərh sayı: (0) | Baxılıb: 314
Rusiya-Türkiyə münaqişəsi son dərəcə baha başa gələ bilər
Rusiya bombardmançısının vurulması ilə bağlı insident Moskva-Ankara münasibətlərinə yalnız siyasi deyil, iqtisadi və humanitar sahələrdə də ciddi təsir göstərib. Hər iki dövlət bir-birini beynəlxalq hüququn normalarını kobud şəkildə pozmaqda təqsirləndirir. Halbuki bir müddət əvvələdək Rusiya-Türkiyə münasibətləri strateji münasibətlər kimi xarakterizə olunur, iqtisadi faydaların siyasi ziddiyyətləri aradan qaldırması baxımından nümunə sayılırdı. Moskva ilə Ankara arasında konstruktiv və effektiv dialoq qurulmuşdu. Türkiyə məhsulları Avropanın sanksiyalar altına düşmüş mallarına əvəz sayılırdı. Türkiyə NATO üzvü olmasına baxmayaraq, Rusiyaya münasibətdə, xüsusilə Ukrayna hadisələri zamanı, Krım problemilə bağlı özünü təmkinli aparırdı. Bundan başqa, Türkiyə Rusiyanın əsas rola malik olduğu ŞƏT-də dialoq üzrə tərəfdaş statusuna malikdir. Hətta Ankara ilə Aİİ arasında artıq gələn il azad ticarət zonası haqda razılaşmanın imzalana biləcəyi söylənilirdi. İki ölkə liderləri arasında daim əlaqə var idi - Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan son dəfə bu yaxınlarda G20 ölkələrinin Antalyada keçirilmiş sammiti çərçivəsində görüşmüşdülər. Ondan əvvəl isə iki lider Bakıda Birinci Avropa Oyunlarının açılışında və Moskvada Mərkəzi məscidin istifadəyə verilməsi mərasimində bir araya gəlmişdilər. İndisə dünya KİV-i Rusiya ilə Türkiyə arasında tarixən baş vermiş çoxsaylı müharibələri xatırladır, pis proqnozlar verirlər.
"Su-24"
Noyabrın 24-də Suriya ərazisindəki "Hmeymim" hərbi bazasından havaya qalxmış Rusiyanın "Su-24" hərbi bombardmançısı Türkiyəyə məxsus "F-16" qırıcısı tərəfindən "hava-hava" tipli raketlə vurulub. Vurulmuş təyyarə Suriya ərazisində düşüb, pilotlar isə katapulta ediblər. Rusiyalı heyət üzvlərinin komandiri paraşütlə yerə enən zaman hələ göydə ikən güllələnib. Şturmanın tapılması üçün Rusiya və Suriya qüvvələri axtarış-xilasetmə əməliyyatına başlayıblar. Bu zaman "Mi-8" vertolyotu da vurulub və nəticədə, bir dəniz piyadası həlak olub.
Rəsmi Ankara Rusiya bombardmançısının Türkiyənin hava sərhədini pozduğu üçün vurulduğunu bəyan edib. Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahından bildirirlər ki, "ilkin olaraq kimə məxsus olduğu bilinməyən" təyyarəyə bir neçə dəqiqə ərzində 10 dəfə xəbərdarlıq olunub. Bu xəbərdarlıqlar hər 2 mildən bir (3,2 kilometr) edilirmiş. Lakin "Su-24" xəbərdarlıqlara reaksiya verməyib və nəticədə, türk hərbçiləri hava məkanlarını qorumaq üçün atəş açmaq məcburiyyətində qalıblar. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sözlərinə görə, türk tərəfi hadisələrin bu cür inkişafını qəti şəkildə istəməyib. Türkiyə Rusiya təyyarəsinin uçuş sxemini, Türkiyə KİV-i isə "F-16"nın rusiyalı pilotlara xəbərdarlığının audioyazısını nümayiş etdirib. Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı isə məsələ ilə bağlı istənilən məlumatları açıqlamağa hazır olduğunu bəyan edib. Onlar rusiyalı hərbçilərlə əməkdaşlığa açıq olduqlarını da bildiriblər. Ərdoğan da ölkəsinin Rusiya ilə münasibətləri korlamaq istəmədiyini deyib, buna misal da göstərib: Türkiyə HHQ son insidentədək ölkənin hava sərhədlərini dəfələrlə pozan Rusiya təyyarələrini vurmayıb. Bununla yanaşı, o bildirib ki, Türkiyənin hava sərhədləri bundan sonra da pozularsa, hərbçilər eyni addımı atacaqlar. Mətbuatın məlumatına görə, türk tərəfinin bəyanatını "Middle East Airlines" şirkətinə məxsus, noyabrın 24-də Beyrutdan uçan təyyarəni idarə etmiş pilot da təsdiqləyib. Pilotların "Al-Arabiya" telekanalına təqdim etdikləri səs yazısında türk hərbçilərinin Rusiyanın "Su-24" təyyarəsinin heyətinə xəbərdarlıqlarını eşitmək mümkündür.
Rusiya tərəfisə "Su-24" bombardmançısının uçuşları yalnız Suriya ərazisində apardığını, Türkiyə ərazisinə keçmədiyini, heç bir xəbərdarlıq almadığını və bütün bunların "obyektiv nəzarət vasitələri tərəfindən qeydə alındığını" bildirir. Qəzadan sağ çıxmış şturman Muraxtin Rusiya telekanallarına müsahibəsində onların idarə etdiyi təyyarənin Türkiyənin hava sərhədini "bir saniyə belə", pozmadığını deyib və bildirib ki, uçuş zamanı onlar "nə radiomübadilə vasitəsilə, nə də vizual olaraq xəbərdarlıq alıblar". Şturmanın sözlərinə görə, bombardmançının sürəti qırıcının sürətindən bir qədər az olur və onlara xəbərdarlıq etmək istəsəydilər, bunu "paralel kurs götürməklə" edə bilərdilər. "Raket isə gözlənilmədən təyyarənin quyruğuna dəyib", - deyə o, bildirib.
Rusiya prezidenti Vladimir Putin də "Su-24"ün "Türkiyə üçün heç bir təhlükə yaratmadığını və bunun hər kəsə aydın olduğunu" söyləyib. Bundan başqa, Putin Türkiyənin "Su-24"ü vuran zaman onun Rusiyaya məxsus olduğunu bilməməsi haqda deyilənlərlə razılaşmayıb. Prezidentin sözlərinə görə, təyyarənin üzərində hansı ölkəyə mənsub olduğunu göstərən əlamətlər olub.
Türkiyə tərəfinin bombardmançıya xəbərdarlıqla bağlı açıqladığı səs yazısına Rusiya Xarci İşlər Nazirliyi də münasibət bildirib. Qurumda hesab edirlər ki, bu, sadəcə, "saxtalaşdırma şedevri"dir. Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş Operativ İdarəsinin rəisi Sergey Rudski isə bildirib ki, "Hmeymim" aerodromun radiolokasiya kəşfiyyatı əksinə, hücum etmiş Türkiyə təyyarəsinin Suriyanın hava məkanına daxil olduğunu qeydə alıb. Rusiya bunu ABŞ-la əldə olunmuş və Türkiyə də daxil olmaqla, bütün koalisiya üzvlərinə şamil edilən memorandumun - Suriya ərazisində insidentlərin qarşısının alınması və uçuşların təhlükəsizliyinin təmini haqqında Memorandumun birbaşa pozulması kimi qiymətləndirir. Bundan başqa, Rusiyanın Aİ yanında daimi nümayəndəsi Vladimir Çijov hadisənin əvvəlcədən planlaşdırıldığını bəyan edib.
Türkmənlər
Maraqlıdır ki, təyyarə qalmaqalından əvvəl ABŞ tərəfi Rusiya Hərbi Kosmik Qüvvələrinin yalnız İD-nin mövqelərini deyil, Bəşər Əsəd rejimi ilə mübarizə aparan qiyamçıları da bombaladığını bəyan edib. Bundan başqa, Türkiyə tərəfi Rusiyanın Suriyanın şimal-qərbinə aviazərbələri artırdığını açıqlamışdı. Söhbət ölkənin türkmənlər yaşayan hissəsindən gedir. Xatırladaq ki, bu türk xalqı sayına görə (təxminən, 100 min) Suriyada ərəblərdən və kürdlərdən sonra üçüncü yerdədir. Ankara dinc türkmənlərin öldürülməsinə etiraz etmiş, Rusiyaya sərhədlərinin təhlükəsizliyinə təhdidin yaranacağı təqdirdə, lazımi addımlar atmaq hüququnu özündə saxladığına dair xəbərdarlığını çatdırmışdı. Ankara Rusiyanın əməlləri nəticəsində qaçqınların sayının arta biləcəyilə bağlı narahatlığını da dilə gətirmiş, bununla bağlı, BMT TŞ-yə müraciət etmişdi.
Türkmənlər Əsəd ordusuna qarşı mübarizə aparır və onun istənilən keçid hökumətində yer almasına qəti etiraz edir. Əsədin türkmən azlıqla münasibəti həmişə pis olub və prezident onların hər zaman Türkiyə ilə sıx əlaqələrə malik "beşinci kolon" sayıb.
Türkmənlərin nümayəndəsi Xaled Xoca bu ilin yanvarında Suriyanın İnqilabçı və Müxalifətçi Qüvvələr Milli Koalisiyasının sədri seçilib və yayda Rusiya XİN-də danışıqlar aparmaq üçün Moskvaya səfər edib. BMT Baş Assambleyasının bu yaxınlarda keçirilmiş yubiley sammitində isə Xoca Rusiya HHQ-nin İD yaraqlılarının mövqeyini deyil, dinc türkmənlərin yaşadıqları əraziləri bombaladığını bəyan edib. Qərb KİV-i hesab edir ki, Rusiyanın əməlləri müxalifətin nəzarətində olan İdlibə dəhliz açmaq məqsədi güdür. Moskva isə Şimali Latakiyada əsasən Rusiyadan olan yaraqlıların məskunlaşdıqlarını deyir. Rus mətbuatının məlumatına görə, amerikalılar Türkiyənin Suriya ilə 98 kilometrlik həmsərhəd ərazidə bufer zonanın yaradılması ideyasını dəstəkləyib. Guya bu əraziyə əsasən türkmənlərdən ibarət 7 minlik hərbi kontingentin yerləşdirilməsi nəzərdə tutulur. "Su-24" ilə bağlı insidentdən sonra isə ABŞ Dövlət Departamentinin rəsmisi Mark Toner maraqlı bəyanatla çıxış edib: "Rusiyanın aviazərbələri türkmənləri hədəfə götürübsə, "Su-24" təyyarəsinin katapulta etmiş pilotunun güllələnməsi onlar tərəfindən özünümüdafiə aksiyası ola bilər".
Nəticələr
Gözlənildiyi kimi, Kremlin baş verənlərə reaksiyası kifayət qədər sərt olub. Putin bunu "terrorçuların himayədarları tərəfindən "arxadan zərbə" kimi qiymətləndirib, təyyarənin vurulmasının ciddi fəsadlara yol açacağını bildirib. İki gün sonra Kreml başçısı bu formulu bir daha təkrar edib: "Biz antiterror əməliyyatlarında tərəfdaş, müttəfiq saydığımız ölkədən xaincəsinə kürəyimizə zərbə endirilməsini izaholunmaz sayırıq".
Ümumiyyətlə, Rusiyanın Türkiyəyə cavab üçün 3 yolu mövcuddur - hərbi, iqtisadi və təbliğat. Lakin onların hər birinin öz mümkün fəsadları var.
Məsələn, Rusiya ilə Türkiyənin iqtisadi sahədə əsas əməkdaşlıq istiqamətləri energetika və turizmdir. Türkiyənin öz karbohidrogen resursları yoxdur və bu səbəbdən də, o, Rusiya qazının istehlakçıları siyahısında Almaniyadan sonra ikinci yeri tutur (57% və ya 27,3 milyard kubmetr). Cəmi 1 il əvvəl Putin və Ərdoğan "Türk axını" layihəsinin reallaşdırılması ilə bağlı razılığa gəlmişdilər. Bu boru xətti Qara dənizin dibi ilə Rusiya qazını Türkiyəyə, oradan isə Avropaya nəql etməli idi. Lakin o vaxtdan layihənin reallaşdırılması müddəti, nəql etməli olduğu həcm dəfələrlə dəyişib. İndisə layihənin sonunun çatdığını deyə bilərik.
İki ölkəni nəhəng enerji layihəsi də bağlayır. Bu, "Rosatom"un Türkiyənin ilk AES-ni ("Akkuyu") tikməsindən gedir. Sövdələşmənin dəyəri 22 milyard dollar qiymətləndirilir. Stansiyanın ilk blokunun inşası 2022-ci ildə baş tutmalı idi. Ərdoğan insidentdən əvvəl verdiyi açıqlamada deyirdi ki, "ruslar "Akkuyu"nu tikməkdən imtina edərlərsə, onu başqaları inşa edəcək".
Turizmə gəlincə, Rusiya XİN-i dərhal ruslara müraciət edərək onları Türkiyəyə getməməyə çağırıb. Nazirlik bunu Türkiyədə terror təhlükəsinin Misirdəkindən az olmaması ilə əsaslandırıb. "Rosturizm" isə turizm operatorlarına bu ölkəyə putyovka satışını qadağan edib. Hətta iki ölkə arasında tezliklə viza rejiminin tətbiqinin mümkünlüyündən də danışılır. Bəzi mənbələr bildirir ki, ümumiyyətlə, Rusiya ilə Türkiyə arasında aviasiya əlaqəsi tam kəsilə bilər. Halbuki Türkiyə Rusiya turistləri üçün ən populyar xarici istiqamət idi. 2015-ci ilədək bu ölkədə ruslar ilk yeri tuturdular. Onlar yalnız bu yaxınlarda yerlərini Almaniyaya güzəştə gediblər. Ümumilikdə, ötən il Türkiyəyə, təxminən, 4,5 milyon rusiyalı səfər edərək, orada milyonlarla dollar xərcləyiblər.
Rusiyanın baş naziri Dmitri Medvedevin sözlərinə görə, Rusiya hökuməti Türkiyə şirkətlərinin ölkə ərazisində fəaliyyətinin qadağan olunması məsələsinə də baxacaq. Qeyd edək ki, Rusiyada, təxminən, 100 türk tikinti şirkəti fəaliyyət göstərir. Bundan başqa, Türkiyənin parça sənayesi də qadağalarla üzləşə bilər. "Rosselxoznadzor" isə Türkiyədən gətirilən bütün kənd təsərrüfatı və ərzaq məhsulları üzərində total yoxlamalara başlayıb. Qeyd edək ki, Rusiyaya tədarük olunan tərəvəzin 20%-ni Türkiyə məhsulları təşkil edir. Rusiyanın kənd təsərrüfatı naziri Aleksandr Tkaçev Türkiyədən meyvə-tərəvəz tədarükünə mümkün qadağanın bazara ciddi təsir göstərməyəcəyini söyləyib.
Lakin Tkaçevin nikbinliyinə baxmayaraq, Türkiyəyə sanksiyaların tətbiqi Rusiya iqtisadiyyatına mənfi təsir göstərməyə bilməz. Hər halda, Türkiyə ixraca görə Rusiyanın 5-ci, idxala görə 13-cü tərəfdaşıdır. Bundan başqa, o, həm "Qazprom"un satış bazarları sırasında 2-cidir (Almaniyadan sonra), həm də Rusiya buğdasının alıcıları arasında (Misirdən sonra). İki ölkə arasında ticarət dövriyyəsi 31 milyard dollardır və 2020-ci ilə bu göstəricinin 100 milyard dollara çatdırılması planlaşdırılırdı. Neft, qaz və mineralları nəzərə almadan, Rusiya yalnız "Akkuyu" AES layihəsinə 3 milyard dollar investisiya yatırıb. Bu, "Rosatom"un portfelindəki ən nəhəng müqavilədir. Həqiqətən, Rusiya biznesi Türkiyə ilə çox bağlıdır. "Forbes" jurnalı Rusiyanın Türkiyədəki sərmayələrini sadalayır - "Lukoil"in 600-ə yaxın yanacaqdoldurma məntəqəsi, "Sberbank" tərəfindən alınmış və Türkiyədə banklar reytinqində 9-cu yerdə olan "DenizBank", "Yandeks"in Türkiyədəki 7 faizlik payı, "İnter RAO EES"in sahib olduğu Trakya Elektrik Üretim qaz elektrik stansiyası, Türkiyənin "Mersa Otomotiv" şirkətinin zavodunda "Next Qazel"lərin yığılması, Türkiyənin ən iri mobil operatoru "Turkcell"də Alfa Telecom şirkətinin 13,22%-lik payı.
Ən "yağlı tikə" olan qaza qayıdaraq qeyd edək ki, "Su-24" ilə bağlı insidentədək Putin Tehrana yollanmış, orada qaz ixracatçısı olan ölkələrin forumuna qatılmışdı. Həmin tədbirdə də Rusiyanın Avropanın cənubuna qaz tədarükünü artırmaq niyyəti dilə gətirilmişdi. Yeri gəlmişkən, İran da sanksiyaların aradan qaldırılmasından sonra bu addımı atmaq niyyətindədir. Lakin Türkiyənin iştirakı olmadan bu məqsədə çatmaq çətindir.
İqtisadi məhdudiyyətlərin tətbiq olunacağı vaxtda Rusiya Türkiyəyə təbliğat sahəsində də cavab vermək niyyətindədir. O, Ankaranı faktiki olaraq, İD-yə münasibətdə ikili standartlarda təqsirləndirir. Birincisi, Rusiyanın xarici işlər naziri Sergey Lavrov türkiyəli həmkarı ilə telefon danışığı zamanı deyib ki, "Suriyada antiterror əməliyyatı aparan Rusiya təyyarəsini vuran Türkiyə bununla faktiki olaraq İD-nin tərəfini tutub". İkincisi və ən vacibi Rusiya təyyarəsinin vurulmasından sonrakı ilk günlərdə Putin Türkiyənin İD ilə neft ticarətinə bulaşdığını dəfələrlə təkrar edib. O, sonuncu belə bəyanatı Fransa prezidenti Fransua Olland ilə görüşünün yekununda keçirdiyi mətbuat konfransında səsləndirib. "Söhbət Suriyanın terrorçuların nəzarətində olan ərazilərindən çıxarılan neftin sənaye miqyasında tədarükündən gedir. Məhz bu ərazilərdən biz bu maşınların haraya getdiyini havadan yaxşı görürük. Onlar gecə-gündüz Türkiyəyə gedir. Ola bilsin ki, Türkiyənin siyasi rəhbərliyi bundan xəbərsizdir. Doğrudur, buna inanmaq çətindir, lakin nəzəri baxımdan bu, mümkündür. Əgər ölkənin siyasi rəhbərliyi bundan xəbərsizdirsə, qoy, bilsin. Bəlkə də, söhbət hansısa korrupsiya elementlərindən, sövdələşmədən gedir. Qoy, bunları həll etsinlər", - deyə Putin qeyd edib. Rusiya prezidenti bildirib ki, bu, heç də o demək deyil ki, Türkiyə rəhbərliyi qeyri-leqal neft tədarükünün qarşısını almalı deyil: "Çünki bu daşınan çəlləklərdəki, sadəcə, neft deyil, həm də vətəndaşların qanıdır. Ona görə ki, bu pullarla terrorçular silah-sursat alır, onların vasitəsilə qanlı aksiyalar həyata keçirir".
Ərdoğan bütün bu ittihamlara kənd administrasiyası rəhbərlərinin Ankarada keçirilən toplantısında cavab verib: "Deyirlər Türkiyə İD-dən neft alır. Bizim enerji daşıyıcılarını haradan aldığımız hər kəsə bəllidir. Onun ən çoxunu Rusiyadan alırıq. Daha sonra İran, Azərbaycan, Şimali İraq gəlir. Qoy, bizim İD-dən neft aldığımızı sübut etsinlər. Bizi İD-dən neft almaqda təqsirləndirənlər, qoy, bunu sübuta yetirsinlər. Əgər siz İD-nin maliyyə mənbələrini axtarırsınızsa, ilk olaraq Əsəd rejiminə və onu dəstəkləyənlərə tərəf baxın". Türkiyə prezidenti bildirib ki, bu ittihamlar sübuta yetirilərsə, o, vəzifəsindən istefa verməyə hazırdır.
"Rusiya təmsilçiləri belə iddialarla çıxış etməməli idilər. Biz heç zaman, bir daha təkrar edirəm, heç zaman terror təşkilatları ilə belə sövdələşmələrə getməmişik. Belə ittihamlar irəli sürərkən ortaya sübutlar qoyulmalıdır. Rusiya tərəfi dediklərini sübut edərsə, Tayyib Ərdoğan postundan gedəcək. Bu, şərəf məsələsidir", - deyə prezident qeyd edib.
Ərdoğan bir daha deyib ki, Moskva, əslində, İD ilə deyil, mötədil müxalifətlə mübarizə aparır. O, əsl İD ilə Türkiyənin az qala təkbaşına mübarizə apardığını söyləyib.
Bu arada Ağ Ev Suriya hökumətini İD-dən neft almaqda günahlandırıb. WSJ xəbər verir ki, Vaşinqton bu sövdələşmələrə dəstək verməkdə şübhəli bilinən Rusiya-Suriya biznesmenini "qara siyahı"ya daxil edib.
Silah dili ilə
Bütün bunların fonunda Rusiya ilə Türkiyə arasında hərbi qarşıdurmaların yaşanması ssenarisi kifayət qədər məşum xarakter alır. Rusiya Suriyada onlara məxsus bombardmançıların hər bir uçuşunun bundan sonra qırıcılarla müşayiət olunacağını bəyan edib. Bundan başqa, Suriyaya "Triumf" S-400 ZRK-lər göndərilib. Bu komplekslər 480 kilometr radiusda bütün mövcud və perspektiv hava hədəflərini aşkarlamaq və vurmaq, həmçinin aviahücumun qarşısını almaq iqtidarındadır. Bu da son deyil. İndi "Moskva" raket krayseri Suriyanın Latakiya əyalətinin sahilyanı ərazisində yerləşir. Rusiya hər an Suriya sərhədini keçən və ya Rusiya hərbçilərinin həyatına hansısa formada təhlükə yaradan Türkiyə təyyarələrinin məhv edildiyini açıqlaya bilər.
Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı isə Türkiyə-Suriya sərhədi boyunca uçuşlar keçirən hərbi təyyarələrinin sayını artırıb. Qurum bütün növ quru qoşunlarının və aviasiyanın döyüş hazırlığı vəziyyətinə gətirilməsi göstərişini də verib. Ərdoğan isə CNN-ə açıqlamasında bildirib ki, Türkiyə hərbi təyyarəsinin Rusiyaya məxsus zenit-raket kompleksilə vurulması faktını təcavüz aktı kimi qiymətləndirəcək. Bundan başqa, bu halda Türkiyə Rusiya gəmilərinin Bosfor və Dardanel boğazlarından keçidinə məhdudiyyət qoya bilər. Bu isə Suriyadakı "Hmeymim" aviabazasının təchizatında çətinliklər yaradacaq.
Bu şəraitdə Rusiya digər Qara dəniz ölkələri - Bolqarıstan, Rumıniya, Ukrayna və Gürcüstan - ilə münasibətləri də nəzərə almaya bilməz. Məsələ ondadır ki, Moskvanın bu ölkələrin heç birilə münasibəti qaydasında deyil. Doğrudur, 1936-cı ildə imzalanmış Montrö Konvensiyasına görə, Türkiyə körfəzə girişi yalnız Ankaranın rəsmən müharibə şəraitində olduğu ölkələrin bayrağı altında üzən gəmilərin üzünə bağlaya bilər. Lakin iki ölkə liderinin ritorikası bütün variantların mümkün olduğunu düşünməyə əsas verir. Lap Rusiyanın bəzi siyasətçilərinin, politoloqlarının və adi sosial şəbəkə istifadəçilərinin Suriya kürdlərinə dəstək verilməsi çağırışları kimi. Amma məhz kürd məsələsi göstərir ki, Rusiya-Türkiyə münasibətləri kütlə qəzəbi və çılğınlığa əsaslanaraq həll edilə bilməz.
Suriya kürdlərinin güclənməsi Türkiyəni əməlli-başlı narahat edir. Onların separatçı əhvalı hər kəsə bəllidir. Lakin bu məsələdə hər şey ilk baxışdan göründüyü qədər sadə deyil. Suriya kürdləri çox radikal olmasalar da, Moskvanın dəstəklədiyi Bəşər Əsəd rejiminə qarşıdırlar. Bundan başqa, onların amerikalılarla da əlaqələri var. Noyabrın 26-da ABŞ ordusunun, təxminən, 50 hərbçisi həmin kürdləri dəstəkləmək üçün Türkiyə ilə sərhəddəki NBM-dən Suriya ərazisinə keçib. Kürdlərin güclənməsi eyni səbəbdən İrana da sərf etmir. Moskva isə əlbəttə ki, Tehran kimi müttəfiqi itirmək istəməz.
Sağlam düşüncə
Yəni vəziyyət ilk baxışda göründüyündən daha qarışıqdır. Rusiya-Suriya münasibətlərinin xüsusiyyəti elədir ki, qarşıdurmanın dərinləşəcəyi təqdirdə, hər iki tərəf ciddi zərər görəcək. Bu, istər iqtisadi, istər siyasi, istərsə də hərbi sahələrə aiddir. Türkiyə üçün Rusiya ilə qarşıdurma Yaxın Şərqdəki liderlik baxımından ciddi maneə ola bilər. Rusiyaya gəlincə, onun bu regionda müttəfiqləri onsuz da çox deyil. Qaz müqavilələrinin pozulması halında istər Türkiyə, istərsə də Rusiya maddi itki ilə üzləşəcək. Amma bu işdə Ankaranın enerji habı kimi əlavə kozırı var. Yeri gəlmişkən, bu ona Aİ ölkələrinə təsir imkanı da verir və Türkiyə üçün bu rıçaqın itirilməsi, əlbəttə ki, arzuolunmazdır. Ticarət münasibətlərinin, investisiyaların, birgə biznesin itirilməsi hər iki tərəfdə işsizliyin artmasına, demək, daxili narazılıqlara, etirazçı əhvalın yüksəlməsinə yol açacaq. O, hərbi itkilər halında da artacaq. Türkiyə davamlı qaçqın axını problemilə də üz-üzə qalacaq. Çünki bu şəraitdə Suriya münaqişəsinin həlli, İD-nin öhdəsindən gəlinməsi kifayət qədər çətindir. Yeri gəlmişkən, istər Ankaranın, istərsə də Moskvanın diqqətinə bir məqamı da çatdırmaq lazımdır: onların arasında mübahisənin yaşanması və nəticədə, hər iki tərəfin zəifləməsi üçüncü tərəfin işinə yarıya bilər. Dünya siyasətinin reallığı belədir.
Rusiya-Türkiyə münasibətlərinin pisləşməsi onsuz da vəziyyətin yaxşı olmadığı Xəzər regionuna, o cümlədən Cənubi Qafqaza və konkret olaraq Bakıya da sərf etmir. Baş verənləri Azərbaycanın, demək olar ki, hər bir vətəndaşı "şəxsi məsələ" kimi qiymətləndirib və bu məsələdə birmənalı mövqe nümayişi xeyli çətindir. Çünki Türkiyə Azərbaycan üçün qardaş ölkə, strateji müttəfiqdirsə, Rusiya yaxın qonşudur. Azərbaycanın Rusiya ilə möhkəm tarixi, siyasi və iqtisadi bağları var. Bəlkə də, Bakı məhz bu potensialından yararlanmaqla, tərəflər arasında vasitəçilik edə bilər. Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyənin XİN başçısı Mövlut Çavuşoğlu ilə görüşdə dediyi kimi, Azərbaycan Moskva ilə Ankara arasında gərginliyin aradan qaldırılması üçün bütün səylərini səfərbər etməyə hazırdır. O, Bakının yaşananlardan təəssüfləndiyini deyib və bunu hər iki dövlətin möhkəm əlaqələrə malik olması ilə əsaslandırıb.
İstənilən halda, yaranmış vəziyyətdən çıxış yolu tapılmalıdır. Çünki indiki vəziyyət çox baha başa gələ bilər.
"Region Plyus"
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər