Taksi xidmətində nələr dəyişəcək? |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 13-11-2015, 21:07 | Şərh sayı: (0) | Baxılıb: 342
Taksi xidmətində nələr dəyişəcək?
Taksi xidmətlərinin fəaliyyətindən hər zaman sərnişin narazılığı olurdu. Gedişhaqqının düzgün hesablanmaması, yüksək səsli musiqi, sürücülərin siqaret çəkmələri, sərnişinlə kobud davranmaları və s. kimi problemlərdən demək olar ki, bütün sərnişinlər şikayət edirdilər. Son vaxtlar taksilərin fəaliyyəti ilə bağlı bu və digər problemlərin aradan qaldırılması üçün müxtəlif işlər görülməkdədir.
Taksi sürücülərinə lisenziya artıq "ASAN xidmət"də verilir. Eyni zamanda, taksi fəaliyyəti ilə məşğul olmaq üçün qaydalar sərtləşdirilib və s. Bütün bunlar əhaliyə təqdim edilən xidmətin yüksəldilməsi üçündür. Bəs görülən işlər nə dərəcədə effektiv olacaq? Daha dəqiq desək, sərnişinlər nə vaxt bütün taksilərdə yüksək səviyyəli xidmət görəcəklər?
Yeniliklərin müsbət tərəfləri
Sosial Strateji Tədqiqatlar Birliyinin rəhbəri, sosial sahə üzrə ekspert İlqar Hüseynli bildirdi ki, taksilərin fəaliyyətinin yaxşılaşdırılması ilə bağlı nəzərə alınmalı bir çox məqamlar var. Onlardan birincisi xidmətin sxemini qurarkən hansı modelə əsaslanmaqdır. O, qeyd etdi ki, Bakıda bəzi taksi xidmətləri müəyyən qədər normal fəaliyyət göstərirlər. Amma buna baxmayaraq, yenə də problemlər kifayət qədər qalmaqdadır: "Qəbul olunan ən önəmli faktor bütün fərdi taksilərdə, eləcə də taksi fəaliyyəti həyata keçirən şirkətlərin nəqliyyat vasitələrində taksometrlərin quraşdırılmasıdır. Taksometrin olması ilk olaraq istehlakçının aldanmasının qarşısını alacaq. İkincisi, taksi xidmətini həyata keçirənlə sərnişinlər arasındakı gedişhaqqı ilə bağlı olan mübahisələr aradan qalxacaq. Taksometrin göstərdiyinə əsasən istehlakçı pul ödəyəcək. Taksi sürücülərinin xüsusi treninq kurslarından keçməsi məsələsi də gündəmdədir. Sürücülər minimum sərnişini qarşılama və yola salma səviyyəsinə, dil biliklərinə malik olmalıdırlar. Bu da bir növ xidmətin keyfiyyətinin yaxşılaşdırılmasına səbəb olacaq".
İ.Hüseynli deyir ki, taksilərlə bağlı əhalinin yaşadığı problemlərdən biri də sürücülərin şəhərdəki ünvanları o qədər də yaxşı bilməmələridir: "Bizdə Nəqliyatın İntellektual İdarəetmə Sistemi işə düşüb. Bu, sürücülərin işini asanlaşdırmaq üçündür. Amma Bakı şəhərinin bəzi küçələrində adlar dəyişdirilib. Eyni zamanda Bakının bəzi yerlərində küçələrin GPS vasitəsi ilə tanınmasında problemlər var. Taksi sürücülərinin də şəhərdə ünvan tapmalarında müəyyən problemlər mövcuddur. Bunların aradan qaldırılmsası gündəmdə olan ciddi problemlərdən olmalıdır. Sərnişin gedəcəyi ünvana dəqiq şəkildə və tez bir zamanda çatdırılmalıdır".
Dəyişikliklərdən biri də sürücünün adı, soyadı, fotoşəkili olan lövhənin sərnişinin görəcəyi bir yerdə olmasıdır. İ.Hüseynlinin sözlərinə görə, səslənişi adi olsa da, bu çox önəmli məsələdir: "Bəzi hallarda taksi xidmətlərində oğurluq hadisəsi baş verir. Yaxud sərnişin çantasını, pulqabını və başqa nəyisə taksidə itirə bilər. Sonradan həmin taksini tapmaq çətin olur. Amma avtomobildə sürücü haqqında məlumatlar göz önündə olsa, o özünü daha məsuliyyətli aparacaq. Əgər sərnişin, şikayət etmək, yaxud sürücü ilə bağlı xoş bir fikrini şirkətə çatdırmaq istəsə, bu mənada da rahat ola bilər. Hələ ki bizdə taksi xidmətindən istifadə mədəniyyəti tam olaraq formalaşmayıb. Xidmətin tezliklə yüksək səviyyədə qurulacağını demək olmaz. İnsanların şüurunda dəyişikliklər getməlidir. Adaptasiya dövrünü yaşamalıyıq".
Taksometrsiz nəqliyyat vasitəsi taksi olmamalıdır
Avtosfer.az saytının baş redaktoru, nəqliyyat sahəsi üzrə ekspert Elməddin Muradlı bildirdi ki, taksi fəaliyyəti ilə bağlı bir çox məsələlər qanunvericilikdə olsa da, tətbiq edilməyib. Buraya taksometrlər də daxil olmaqla, bir çox məsələlər aiddir: "Lisenziya məsələsini biz son illər görmüşük. Nəqliyyat Nazirliyi bu məsələni qabartmışdı ki, taksi sürücüləri lisenziya əsasında fəaliyyət göstərsinlər. Amma bu məsafəni ölçən qurğu bütün taksilərdə yoxdur. Son vaxtlar xidmət aparan London taksilərində biz bunları gördük. Bəzi şirkətlər də müəyyən taksi xidmətləri yaratdılar və bir neçəsində taksometrlər var idi. Amma qanunvericilikdə birbaşa göstərilir ki, taksometri olmayan nəqliyyat vasitəsini taksi kimi istifadə etmək olmaz. Təəssüf ki, Nəqliyyat Nazirliyi taksometri olmayan avtomobilə taksi fəaliyyəti ilə məşğul olmağa lisenziya verirdi. Bu da sərnişinlərlə sürücülər arasında gedişhaqqı məsələsində problem yaradırdı. Bir ünvana London taksisi bir qiymətə gedir, şəxsi maşın başqa bir qiymətə. London taksilərində sərnişin maşına oturan kimi bir manat hesablayır. Bu da qeyri-müəyyən bir təcrübə idi. Başqa heç bir ölkənin təcrübəsində bu yoxdu".
E.Muradlının sözlərinə görə, hazırda əhali taksilərin xidmətindən razı deyil: "Xidmətin keyfiyyəti məsələsinə gələndə, inanmıram ki, Azərbaycanda taksidən istifadə edənlərin hamısı xidmətdən razı qalsın. Bu fikri London taksilərinə aid etmirəm. Çünki bu taksilərdə arakəsmə var, sürücü ilə sərnişin o qədər də ünsiyyətdə olmur. Əgər nə isə problem olsa da, sürücü görmür, çünki arakəsmə var. Eləcə də siqaret çəkmək, şiş-şit musiqiləri London taksilərində görməmişəm. Amma bu yaxınlarda fərdi bir taksiyə əyləşmişdim. Meyxanaya yüksək səs verib, heç vecinə də deyil ki, sərnişinin bu musiqidən xoşu gəlməyə bilər. Milli Məclisdə də bu məsələ qaldırıldı. Sürücülər siqaret çəkirlər, hətta sərnişinə də təklif edirlər. Bu cür məsələlər qanunla tənzimlənməlidir".
Taksi dayanacağı problemli məsələdir
Ekspert deyir ki, sürücü və onun avtomobili lisenziya almaq üçün tələb olunan standartlara cavab verməlidir: "Artıq lisenziyanı "ASAN xidmət" verəcək. Lisenziya almaq üçün tələb olunan kriteriyadan neçə faiz sürücünün keçə biləcəyini dəqiq bilmirik. Avtobuslardakı kimi, taksi sürücüləri arasında da özünü apara bilməyənlər çoxdur. Sərnişinlə davranmağı bacarmırlar. Əksəriyyəti ünvanı tanımır. Bəzən sürücüyə gedəcəyin ünvanı deyəndə soruşur ki, özün tanıyırsansa, izah et, aparım. Hər işsiz adam maşının üstünə "şahmat" qoyub taksi fəaliyyəti ilə məşğul olmamalıdır. İşləmək istyirsə, başqa bir yerdə çalışa bilər. Məsələn, elə işlərdə çalışanlar tanıyıram ki, yüksək maaşları olsa da, axşam işdən sonra taksi fəaliyyəti ilə də məğul olurlar. Yeni standartlar qüvvəyə minəndən sonra bu adamlar sıradan çıxacaq. Həmin şəxslərin daimi iş yeri varsa, taksi fəaliyyəti üçün lisenziya ala bilməyəcək. Bu cür adamlar sıradan çıxsa, normal taksi sürücüləri üçün də müştəri bolluğu olar".
E.Muradlı taksi dayanacaqları ilə bağlı məsələnin Bakıda problemli olduğunu bildirdi. O deyir ki, taksi dayanacağı olmadığına görə, onlar avtobuslar üçün nəzərdə tutulan yerlərdə saxlamağa məcbur olurlar: "Bakıda taksilər üçün dayanacaqlar sıfır səviyyəsindədir. Muzey Mərkəzinin qarşısında taksi dayanacağı olsa da, təxminən bir ilə yaxındır ki, orada taksilərin dayanmasına yol polisi imkan vermirdi. Bununla bağlı saytda yazdım ki, əgər işarə varsa, niyə icazə vermirlər? Yazıdan sonra indi həmin yerdə deyəsən icazə verirlər. İnsanlarda da taksiyə taksi dayanacağından minmək mədəniyyəti yoxdur. Avtobus dayanacağında dururlar, əgər avtobus gec gəlsə, taksiyə minirlər. Bu qaydaya öyrəşiblər. Türk filmlərində taksi dayanacaqlarını göstərirlər. Bu çox maraqlı bir mənzərə yaradır. Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi belə bir açıqlama verdi ki, taksi dayanacaqlarından istifadə edəcəkləri üçün onlardan aylıq 5 manat pul tutacağıq. Əgər dayanacaq yoxdursa, niyə pul alınsın ki? Metroların çıxışında dayanacaqlar olmalıdır. Amma şəxsi maşınların əlindən taksilər dayana bilmir".
"Hər adam taksi sürücüsü ola bilməz" - düşüncəsi formalaşmalıdır
E.Muradlı deyir ki, əgər taksilərin fəaliyyəti ilə bağlı yeni qəbul olunan qərarlar yeninə yetirilsə, biz yüksək səviyyədə taksi xidmətindən yararlana biləcəyik: "Düzdür, qanun çox gözəldir, amma bunun nə dərəcədə yerinə yetirilməsi çox vacibdir. Elə qanunlar olur ki, icrası illərlə vaxt aparır. Taksi məsələsinin də tezliklə, yüksək səviyyədə olacağına inanmıram. Bunun üçün illərlə vaxt lazımdır. Taksi sürücüləri üçün kurs mütləq olmalıdır. Əgər bu olmasa, ən azından aidiyyatı orqanlar broşürlər hazırlayıb, sürücülərə təqdim etməlidir ki, oxusunlar. Əgər hansısa taksi sürücüsünün mədəniyyəti sərnişinin xoşuna gəlirsə, bəzən illərlə onun xidmətindən istifadə edir. Əksinə, belə də olur ki, qızlar cavan taksi sürücüsünün avtomobilinə minmək istəmirlər. Çünki ya nömrə istəyirlər, ya da şit-şit danışırlar".
Ekspert onu da bildirdi ki, Türkiyədə bu işin biliciləri var. Bu bir sistemdir və hər adam taksi sürücüsü ola bilmir: "Hər adam taksi sürücüsü ola bilməz" - deyə bir düşüncə formalaşmalıdır. Necə ki hər kəs jurnalist, şair ola bilməz. Təbliğat vasitələrindən istifadə etmək lazımdır. Təkcə qanunun qəbul edilməsi ilə iş həll olunmur. Bir müddət gözləməliyik. İctimai sektorda olanlar da dövlət qurumlarına bu sahədə yardım etməlidirlər".
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər