Qiymətə görə daha "çənə vurmayacaqsınız" - taksi xidmətində yeni standartlar |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 5-11-2015, 19:25 | Şərh sayı: (0) | Baxılıb: 356
Qiymətə görə daha "çənə vurmayacaqsınız" - taksi xidmətində yeni standartlar
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən AZS 425-2015 "Sərnişin stansiya qurğuları və avtomobilləri" dövlət standartı təsdiq edilib.
Komitədən Milli.Az-a verilən məlumata görə, bu standart "Dövlət xidmətlərinin göstərilməsində şəffaflığın artırılması, yaşayış yeri üzrə qeydiyyat və lisenziyalaşdırma prosedurlarının elektronlaşdırılması sahəsində bəzi tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 31 avqust 2015-ci il tarixli 588 nömrəli fərmanının 7-ci bəndinin ("Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi taksi minik avtomobillərinin xarici tərtibatına və texniki göstəricilərinə dair tələblərin sadələşdirilməsi üçün müvafiq tədbirlər görsün") icrası məqsədilə 5 il öncə qəbul edilmiş "Sərnişin stansiya qurğuları və avtomobilləri" standartına əlavə dəyişikliklər edilərək təsdiq edilib.
Yol-nəqliyyat məsələləri üzrə ekspert Azər Allahverənov Milli.Az-a bildirib ki, yeni standartlar taksi xidməti sahəsində bəzi dəyişikliklərə gətirib çıxaracaq:
"Bu gün ictimai nəqliyyatda bir nizamsızlıq hökm sürür və bunu şərtləndirən bir sıra amillər var. Amma yeni standartlardakı elementlər ümumən vəziyyətə müsbət təsir edə bilər. Məsələn, əsgərlikdən gələn gənc gedib bankdan kredit götürüb bir maşın alırdı, lisenziyasını alıb vergisini ödəyib taksi fəaliyyəti ilə məşğul olmağa başlayırdı. Göstərilən xidmətin özü istənilən səviyyədə deyildi, standart və normativlərdən kənar idi.
Digər tərəfdən, taksi sürücüsü ilə sərnişin arasında gediləsi ünvana qədər nə qədər ödənilməsinə dair danışıq gedir və axırda razılıq əldə olunur. Amma bu, həm də dəllallıq üçün zəmin yaradır. Yəni taksometrlərin quraşdırılması bu məsələni birdəfəlik aradan qaldıracaq və hər şey tam şəffaf olacaq. Bu halda nə sürücü sərnişini aldada, nə də sərnişin sürücünün haqqını kəsə bilmir.
Taksilərin vahid rəng forması da mühüm əhəmiyyət kəsb edir. Əvvəllər isə müxtəlif rənglər müəyyən edilmişdi, onlar ləğv olundu və vahid rəng forması təsdiq olundu. İndi insanlar hər yoldan keçən maşına yox, konkret rəngdə taksiyə əyləşəcəklər.
Bundan əlavə, taksinin iç tərtibatı məsələsinə toxunulub. Taksinin içində onun məxsus olduğu şirkətin adı, ünvanı, əlaqə telefonlarının, eləcə də sürücünün şəkli, adı, soyadının və s. məlumatların göstərildiyi informasiya lövhəsi olacaq. Bu da təhlükəsizlik baxımından vacib məsələdir.
Bundan əlavə, artıq taksi fəaliyyətinə cəlb edilən avtomobillər üçün maksimum 15 il istismar müddəti nəzərdə tutulur. Hətta taksi sürücülərinin 2 illik sürücülük təcrübəsinə malik olması, onların xüsusi hazırlıq keçməsi, sənədlərinin qaydasında olması da işin xeyrinə olan məsələlərdir".
Ekspert hesab edir ki, qəbul edilən yeni standartlar ümumən bu sahədə nizamsızlığın aradan qaldırılması, göstərilən xidmətin keyfiyyətinin və təhlükəsizliyin artırılması məsələlərini əhatə edir: "Düşünürəm ki, onların tətbiqi zamanı ortaya təkmilləşdiriləsi hələ çox şeylər çıxacaq. İndi taksi fəaliyyəti üçün lisenziyalar da məhz bu standartların tətbiqi ilə verilə bilər. Məsələn, əgər nəqliyyat vasitəsi 20 il əvvəl Almaniyada istehsal olunubsa, təbii ki, ona lisenziya verilməyəcək. Lisenziyanın verilməsi də bu məsələlərə nəzarətin bir forması olacaq".
İlkin İzzət
Milli.Az
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər