Bakıya avtomobillərin buraxılmaması davası - Bıçaq sümüyə dirənir |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 7-10-2015, 23:37 | Şərh sayı: (0) | Baxılıb: 372
Bakıya avtomobillərin buraxılmaması davası - Bıçaq sümüyə dirənir
Bakıya rayon qeydiyyatlı avtomobillərin buraxılmaması və paytaxtda hərəkəti ilə bağlı qadağaların sərtləşdirilməsi getdikcə vəziyyəti gərginləşdirir.
Daxili İşlər Nazirliyi (DİN) Respublika Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev Milli.Az-a açıqlamasında bildirib ki, Nazirlər Kabinetinin Yol Hərəkətinin Təhlükəsizliyi Komissiyasının qərarı əsasında günün müəyyən edilmiş saatlarında paytaxta buraxılmayan Bakı qeydiyyatında olmayan nəqliyyat vasitələri gecə vaxtı Bakıya girsələr də, qadağan olunmuş saatlarda burada hərəkət edə bilməzlər: "Hər tərəfdən dolurlar şəhərə. Sonra da yollarda nəqliyyat sıxlığı yaranır. Ona görə də bu avtomobillər gecə vaxtı şəhərə girsələr də, gündüz vaxtlarda paytaxtda hərəkət edə bilməzlər. Sürücülər ya avtomobillərini gəldikləri yerdə saxlayıb ictimai nəqliyyatdan istifadə etməli, ya da qadağanın qüvvəyə mindiyi saata qədər Bakını avtomobili ilə birgə tərk etməlidirlər".
K.Əliyev, həmçinin bildirib ki, artıq Bakı sakininin rayon qeydiyyatında olan nəqliyyat vasitəsini etibarnamə əsasında idarə etməsi də mümkün olmayacaq: "Vətəndaşlar avtomobili etibarnamə ilə almamalı, onu öz adına keçirməlidir. Avtomobil sahibi nəqliyyat vasitəsini öz adına keçirdikdən sonra yeni nömrə alacaq və problem də həllini tapacaq".
Lakin BDYPİ rəsmisi bunların hansı qanunvericilik bazası əsasında həyata keçiriləcəyini izah etməyib. Xatırladaq ki, daha öncəki açıqlamalarında K.Əliyev Bakı qeydiyyatında olmayan avtomobillərin şəhərə daxil olduqdan sonra hərəkətinə heç bir məhdudiyyətin qoyulmadığını bildirmişdi.
Məsələ ilə bağlı "DİGESTA" hüquq firmasının direktoru, yol-nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov Milli.Az-a bildirib ki, əvvəla, ümumiyyətlə, Konstitusiyaya əsasən, Yol Hərəkətinin Təhlükəsizliyi Komissiyasının vətəndaşlar üçün məcburi olan hər hansı normativ hüquqi akt qəbul etmək, icrası məcburi olan qərarlar vermək səlahiyyəti yoxdur: "Komissiyanın ölkə vətəndaşlarına qarşı avtomobillərin paytaxta buraxılmaması ilə bağlı selektiv məhdudiyyət tətbiq etməyi nəzərdə tutan bu qərarının da heç bir hüquqi qüvvəsi yoxdur. Bu çərçivədə bölgələrdən gəlmiş avtomobillərin paytaxtda gecə və ya gündüz hərəkətinin məhdudlaşdırılmasının da hüquqi əsası yoxdur".
Avtomobillərin etibarnamə ilə idarə edilməsinə gəlincə, ekspert hesab edir ki, bununla bağlı vətəndaşalara yalnız tövsiyə verilə bilər: "Vətəndaş bu məsələdə seçimi özü edir. Qanunla o, avtomobili istədiyi yerdə əldə edə, qeydiyyatdan keçirə və idarə edə bilər".
Ə.Hüseynovun fikrincə, əslində, bu məsələ ortaya atılan ilk gündən Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkilli (Ombudsman) buna etirazını bildirməli idi: "Ombudsman vətəndaşlara qarşı yönəlmiş bu qanunsuzluğa sərt şəkildə etiraz etməli idi. Lakin vətəndaşların hüquqlarını qorumalı olan Ombudsman susdu. Bu susqunluq digərlərinə də sirayət etdi".
Ekspert hesab edir ki, bu, əslində hüquqi nihilizmdir, lakin bununla bağlı məhkəmələrə hələ də müraciət edilməsinin iki əsas səbəbi var: "Əvvəla vətəndaşlar düşünür ki, bu qanunsuz olduğuna görə boş şeydir, mənasızdır və müvəqqətidir. Gec-tez özləri bunu ləğv edəcəklər. İkincisi isə, bu, vətəndaşların məhkəmələrə verdiyi dəyərin göstəricisidir".
İlkin İzzət
Milli.Az
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər