Taksi fəaliyyəti ilə bağlı yeni TƏKLİFLƏR: "Lisenziyalar ləğv olunmalıdır" |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 9-11-2015, 17:03 | Şərh sayı: (0) | Baxılıb: 312
Taksi fəaliyyəti ilə bağlı yeni TƏKLİFLƏR: "Lisenziyalar ləğv olunmalıdır"
Taksi fəaliyyəti üçün lisenziyaların verilməsi sual altındadır. Ola bilsin ki, lisenziyaların verilməsi tam ləğv olunsun. Şəxsən mən istəyirəm ki, bu lisenziya növü ləğv olunsun. Avtomobil və sürücü qoyulan şərtlərə və standartlara uyğundursa, vergi uçotuna durub sadələşdirilmiş vergini - Bakı üçün aylıq 18 manat, Sumqayıt və Gəncə üçün 12 manat 50 qəpik, rayonlar üçün 9 manat ödəməklə taksi fəaliyyəti göstərmək olar.
Bu barədə Milli.Az-a yol-nəqliyyat məsələləri üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən "Sərnişin stansiya qurğuları və avtomobilləri" dövlət standartına edilən dəyişiklikləri şərh edərkən bildirib.
Ə.Hüseynov qeyd edib ki, əvvəllər bu sahədə ciddi pərakəndəlik olduğundan həm mövcud standartlara riayət olunmurdu, həm də neqativ hallar çox idi: "Hamı bilir ki, əvvəllər pərakəndəlik olduğundan taksi ilə bağlı standartlara riayət olunmurdu. Hazırda taksilərin sayı ilə bağlı dəqiq rəqəm yoxdur. Amma faktiki olaraq ölkədə 50-60 min taksi fəaliyyəti üçün istifadə edilən avtomobil var. Onların da heç 90 faizinin lisenziyası yoxdur. Hüquqi şəxslərdən də cəmi 2-3 şirkət lisenziya ilə fəlaiyyət göstərir. Vergilərin necə ödənildiyi də aydın deyil. İstənilən taksini saxlasaq, çox az bir hissəsində içində taksometr var. Halbuki, taksometrin olması məcburiyyəti çoxdan var idi. Rəng də məcburi idi, amma ona da əməl olunmurdu".
Ekspertin fikrincə, standartlarda əsas yenilik məhz elə taksi fəaliyyəti ilə bağlıdır. Bunun da səbəbi bu il avqustun 31-də Prezident İlham Əliyevin imzaladığı fərmanda Dövlət Komitəsinə taksilər üçün standartların sadələşdirilməsi ilə əlaqədar verdiyi tapşırıqla bağlıdır. Tapşırığın da məqsədi odur ki, taksi fəaliyyəti ilə məşğul olmaq və bunun üçün lisenziya almaq asanlaşsın: "Çünki əvvəlki standartlar kifayət qədər ciddi idi. Əvvəllər taksilər üçün vahid rəng müəyyən olunmuşdu, indi isə 3 rəng - sarı, ağ və bənövşəyi rənglər müəyyən olunub. Bu srandart da yalnız şirkətlər, yəni hüquqi şəxslərə və 2-dən çox taksi üçün istifadə edilən nəqliyyat vasitəsi olan fərdi sahibkarlara aiddir. Kimlər ki, öz avtomobili ilə taksi xidməti göstərmək istəyirsə, onlar üçün rəng məcburiyyəti yoxdur. Onlar öz avtomobili hansı rəngdədirsə, yalnız digər şərtlərə riayət edərək taksi fəaliyyəti göstərə bilərlər. Digər şərtlər isə budur ki, hamısının taksi tanınma nişanı olmalıdır, damında sarı plafon qoyulmalı, üstündə, sağında, solunda "şahmat" deyilən ağ-qara və ya sarı-qara rəngli qrafik nişan çəkilməli, içində taksometr olmalıdır. Bundan əlavə, əvvəllər avtomobilin istifadəsi üçün Avro-3 və Avro-4 standartları müəyyənləşdirilmişdisə, indi buraxılış ilindən 15 ildən az keçibsə, onu taksi kimi istifadə etmək olar, bundan çox yaşı olan avtomobillərin isə taksi kimi istifadəsi qadağandır".
Qeyd edək ki, noyabrın 2-də Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən "Sərnişin stansiya qurğuları və avtomobilləri" dövlət standartı təsdiq edilib.
Komitədən Milli.Az-a verilən məlumata görə, bu standart "Dövlət xidmətlərinin göstərilməsində şəffaflığın artırılması, yaşayış yeri üzrə qeydiyyat və lisenziyalaşdırma prosedurlarının elektronlaşdırılması sahəsində bəzi tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 31 avqust 2015-ci il tarixli 588 nömrəli fərmanının 7-ci bəndinin ("Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi taksi minik avtomobillərinin xarici tərtibatına və texniki göstəricilərinə dair tələblərin sadələşdirilməsi üçün müvafiq tədbirlər görsün") icrası məqsədilə 5 il öncə qəbul edilmiş "Sərnişin stansiya qurğuları və avtomobilləri" standartına əlavə və dəyişikliklər edilərək təsdiq edilib.
İlkin İzzət
Milli.Az
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər