Sərnişinlərə ŞAD XƏBƏR - Bakı avtovağzalındakı özbaşınalıq yığışdırılır |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 5-10-2015, 16:37 | Şərh sayı: (0) | Baxılıb: 471
Sərnişinlərə ŞAD XƏBƏR - Bakı avtovağzalındakı özbaşınalıq yığışdırılır
Bakı Beynəlxalq Avtovağzalında (BBA) bir neçə bilet satıcısı cəzalandırılıb, bəzi sürücülərə isə xəbərdarlıq edilib.
Bu barədə Milli.Az-a Nəqliyyat Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Şəfa Mehmanqızı məlumat verib.
Onun sözlərinə görə, Avtovağzalda biletlərin qiymətinin süni şəkildə qaldırılması ilə mübarizə məqsədilə xüsusi komissiya yaradılıb. Qurban bayramından bəri fəaliyyətə başlayan komissiyanın rəyi nəticəsində artıq bir neçə bilet satıcısı cəzalandırılıb, bəzi sürücülərə isə ciddi xəbərdarlıq edilib:
"Məsələn, kimsə gəlib bilet kassasından birdən-birə 20 bilet alır, sonra da gedib kənarda baha qiymətə satır. Bu, yolverilməzdir. Belə halların qarşısını almaq üçün həm kassaların qarşısına nəzarət kameraları quraşdırılıb, həm də kassada işləyənləri onların xəbəri olmadan təftiş edən xüsusi əməkdaşlar var. Həmin adam qəsdən kassaya yaxınlaşaraq deyir ki, mənə 20 bilet verin. Əgər kassir bunu edirsə, dərhal onun barəsində məsələ qaldırılır. Həmin şəxslər həm də sürücülərin vətəndaşlarla davranışına, onların kənarda baha qiymətə bilet satmasına da nəzarət edir və bununla bağlı dərhal komissiyaya məlumat verirlər. Artıq bir neçə avtobus sürücüsünə ciddi xəbərdarlıq edilib. Sadəcə həmin dəqiqə avtobusu sürücünün əlindən alıb sərnişinləri düşürtmək onların gecikməsinə və narahatlığına səbəb ola bilər deyə, hələlik sürücülərə xəbərdarlıq edilir. Onların da üzərində ciddi nəzarət yaradılıb. Sürücülərə bildirilir ki, əgər onlardan şikayət daxil olsa, avtobus xəttə buraxılmayacaq".
Bundan əlavə, artıq kənar nəqliyyat vasitələrinin Avtovağzalın ərazisinə daxil olması da qadağan edilib: "Avtovağzala daxil olan avtomobillər bir-bir yoxlanılır. Təkcə bunu demək yetər ki, Avtovağzala işlə bağlı getməyimə baxmayaraq, üzərində "Nəqliyyat Nazirliyi" yazılmış avtomobillə hətta mənim özümü də oraya buraxmadılar. Yalnız hər şeyi aydınlaşdırılandan sonra rəhbərliklə görüşə bildim".
Ş.Mehmanqızı qeyd edib ki, əgər vətəndaşlar da belə bir halla üzləşsələr, BBA-nın 499-71-03 nömrəli "Qaynar xətti"nə və ya Avtovağzalın hər hansı məsul şəxsinə yaxınlaşaraq şikayətlərini bildirə bilərlər. Artıq Avtovağzalın rəhbərliyi dəyişdiyi üçün bu məsələyə nəzarət çox güclüdür və əmin ola bilərlər ki, mütləq tədbir görüləcək.
NİİM rəsmisi əlavə edib ki, hazırda biletlərin internet üzərindən onlayn qaydada satışı təkmilləşdirilir. Hələlik yalnız bir istiqamət üzrə bilet almaq olursa, bir müddət sonra gediş-gəliş biletlərini də birdəfəyə almaq mümkün olacaq. Bundan əlavə, Bakı Beynəlxalq Avtovağzalında vətəndaşların sorğularının operativ şəkildə cavablandırılması xidməti də təkmilləşdiriləcək.
İlkin İzzət
Milli.Az
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər