Avtovağzalda yığılan əlavə pullar kimin cibinə axır? |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 7-10-2015, 23:34 | Şərh sayı: (0) | Baxılıb: 423
Avtovağzalda yığılan əlavə pullar kimin cibinə axır?
Bəzi sərnişinlər tənbəllikdən bilet almaq istəmir, avtobus yola düşməzdən əvvəl sürücüyə və ya onun pulyığanına yaxınlaşıb məsələni öz aralarında "həll edirlər". Lakin sonra onlardan lazım olduğundan daha çox pul alındığından şikayətlənirlər. Onda sual olunur: yığılan əlavə pullar hara, kimin cibinə gedir? Sərnişinlərin biletli və ya biletsiz olması kimin ziyanınadır?
Bakı Beynəlxalq Avtovağzal Kompleksinin növbə rəisi Məhəmməd Abdullayev Milli.Az-a deyib ki, bu məsələ onların da yaralı yeridir: "Bəzi sərnişinlər kassalara getmir, sürücüyə yaxınlaşırlar. Biz buna görə məsuliyyət daşımırıq. Sərnişin bilet almaq üçün pulu sürücüyə verirsə və bu zaman daha artıq məbləğ ödəyirsə, bu, onun öz işidir. Axı biz bütün sərnişinləri güdə bilmərik. Lakin biz hamıya kassadan bilet almağı tövsiyə edirik. Amma biletsiz sərnişini olan hər hansı avtobusun nəzarət-buraxılış məntəqəsindən keçməsinə icazə verilmir. Çünki orada avtobusların bilet cədvəli ilə sərnişinlərin sayı yoxlanılır".
Avtovağzal rəsmisinin sözlərinə görə, hazırda Beynəlxalq Avtovağzalın ərazisindən hərəkət edən istər kiçik, istərsə də iritutumlu avtobusların heç biri dövlətin balansında deyil, hamısı sahibkarlara məxsusdur: "Sərnişinlərə satılan biletlərdən əldə edilən gəlirin də cəmi 15 faizi Avtovağzala qalır, 85 faizi isə avtobus sahiblərinə verilir. Avtovağzalın ərazisində hər hansı sərnişin avtobusda biletsiz getməyə cəhd etsə belə, bu, mümkün olmur və onların hamısı biletləndirilir. Lakin əgər sürücü Avtovağzaldan kənarda, yolda sərnişin mindirərsə, buna görə biz cavabdeh deyilik. Yola daşıyıcıların özləri cavabdehdir".
Məsələ ilə əlaqədar Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Şəfa Mehmanqızı Milli.Az-a bildirib ki, bu məsələlərə nəzarət olunsa da, hələ ki, hər şeyi tam əhatə etmək mümkün olmur: "Məsələn, sürücülər biletləri masanın üstünə qoyur, nəzarətçi yaxanlaşanda isə deyirlər ki, hər kəsin bileti var. Bileti kassadan müxtəlif yollarla alıb sənəd kimi saxlayırlar, amma pulu özləri yığırlar. Sərnişinlərə isə tövsiyə edirik ki, belə qanunsuzluqla rastlaşdıqda sürücüyə heç bir şey deməsinlər, sakitcə nəzarətçilərdən birinə yaxınlaşıb məlumat versinlər. Məsələ, dərhal həllini tapacaq.
Ş.Mehmanqızı qeyd edib ki, ümumiyyətlə, Bakı Beynəlxalq Avtovağzal Kompleksindən digər şəhərələrə gedən sərnişinlər avtobuslarla bağlı hər hansı qanunsuzluq və ya problemlərlə rastlaşdıqda dərhal 499-71-03 nömrəli "Qaynar xətt"ə müraciət etsinlər: "Amma vətəndaşlar laqeydlik göstərəndə, bu barədə məlumat vermədikdə, hamı pulu qeyri-qanuni olaraq birbaşa sürücülərə və onların köməkçilərinə verəndə vəziyyət düzəlmir. Ona görə də əgər vətəndaşlar vəziyyətin düzəlməsini istəyirlərsə, özləri də fəal olmalıdırlar. Təbii ki, biz deməmişik ki, bütün problemləri, nöqsanları birdən-birə bir günə aradan qaldıracağıq. Amma yaxın müddətdə bunların hamısının qarşısını alacağıq".
İlkin İzzət
Milli.Az
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər