Eldar Mahmudov qruplaşmasının gizli "pul kisəsi" və silahı - vəhhabilər |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 29-10-2015, 21:12 | Şərh sayı: (0) | Baxılıb: 1333
Eldar Mahmudov qruplaşmasının gizli "pul kisəsi" və silahı - vəhhabilər
Milli.Az musavat.com saytında dərc edilən yazını oxucuların diqqətinə təqdim edir.
MTN rəsmiləri vəhhabilərə necə və nəyin qarşılığında "krışalıq" edib, "əməliyyat marağı" adı altında bu prosesə burun soxanlar niyə cəzalandırılıblar?
Milli təhlükəsizlik naziri Eldar Mahmudovun vəzifədən uzaqlaşdırılmasından sonra MTN-də başlanan istintaq hər keçən gün eks-nazirin qruplaşmasının yeni-yeni əməllərini üzə çıxarır. Bu məlumatlardan bəziləri mətbuata da sızdırılır. Ancaq bir çox məlumatlar hələ də ictimailəşdirilmir.
Əlimizə çatan bu cür bilgilərdən birini təhlil edərkən ortaya yeni nüanslar çıxdı. Bu "əməllər" sırasında sahibkarların talanmasından tutmuş, xarici xüsusi xidmət orqanlarına məlumat ötürmə, "vəhhabi məsələsi"ndən, "brilyant mafiozluğunadək" fərqli işlər var.Rəsmi məlumatlarda MTN-in bir sıra generallarının işdən qovulması və 10-dan artıq yüksək rütbəli əməkdaşının saxlanması ilə bağlı faktların səsləndirilməsi qeyd olunan iddiaları daha da gücləndirir. Lakin bütün bu məlumatlarda qırmızı xətt olaraq keçmiş nazir və onun cinayətkar dəstəsinin harınlaması, şəxsi varlanma və ambisiyalarını hər şeydən - ən əsası, dövlət mənafeyi və dövlətin təhlükəsizlik maraqlarından üstün tutması aşkar şəkildə sezilməkdədir.
Məlum olur ki, MTN məmurları dövlətin təhlükəsizliyi üçün riskli hesab olunan məqamları belə nəzərə almadan hər fürsətdə rüşvətxorluq, haqq toplama, pul xatirinə cinayət əməllərinə qol qoyublar. Hüquq-mühafizə orqanlarına yaxın olan mənbələrdən əldə etdiyimiz məlumata görə, bu istiqamətlərdən biri də MTN-in dünyanın diqqət mərkəzində olan və beynəlxalq təhlükəsizliyin bir nömrəli probleminə çevrilmiş dini ekstremizm və onun Azərbaycanda yuva salmış "radikal vəhhabi" qanadına illər ərzində "krışalıq" etməsi faktlarını araşdırmaqdadır.
Mənbə bildirir ki, son illər "vəhhabi" məsələsi, demək olar ki, bütövlükdə MTN-in monopoliyasına keçib. Əməliyyat sirri və əməliyyat zərurətini bəhanə gətirən bu qurumun rəsmiləri, vəhhabilərlə bağlı nə varsa - onların bizneslərindən tutmuş məişət cinayətlərinədək, təbliğat mexanizmləri, saytlarından tutmuş daxili "razborkalar"ınadək - bütün məsələlərdən digər strukturları (DİN, Gömrük, Vergilər, hətta DQİK və QMİ) uzaqlaşdırıb.
Ancaq məlum olur ki, "əməliyyat zərurəti" əslində MTN rəsmilərinin gəlirli sahəyə təkbaşına nəzarət etmək məqsədinə xidmət edib. Nəticə isə göz onündədir: son illər əsasən maddi şirnikləndirmə üslubu ilə yayılan bu təriqət Azərbaycanın bütün bölgələrində vüsət alıb, on minlərlə tərəfdar toplayıb və ən mütəşəkkil dini qruplaşma mövqeyinə sahib olub.
Mənbənin bildirdiyinə görə, bunun arxasında MTN-in vəhhabilərlə mübarizə aparmaq əvəzinə, onlara daha çox "qızıl yumurta gətirən" toyuq kimi baxması durur. Vəhhabi-sələfi qrupundan bəhrələnmə aşağıdakı üslublarla aparılıb:
1. Onların Yaxın Şərqdəki sponsorlarından gələn ianə və yardımlardan birbaşa "haqq" almaqla.
2. Xaricdən gələn maliyyə dəstəyi hesabına vəhhabilərin qurduğu geniş biznes şəbəkəsinə şərik olmaq və ya aylıq almaqla.
3. Vəhhabilərə yardım edən iş adamlarını və onlarla qohumluq əlaqəsi olan dövlət məmurlarını şantaj edərək rüşvət almaqla.Dini radikalizmin yayılması üçün bütün dünyada astronomik məbləğ ayrılır. Bu maliyyənin bir hissəsi də Azərbaycan üçün nəzərdə tutulub. Birinci üslubun realizə edilməsi üçün Eldar Mahmudov qruplaşması ölkəyə daxil olan və çıxarılan maliyyə axını üzərində MTN-in monitorinq funksiyasından məharətlə istifadə edərək vəhhabilərə göndərilən hər dollardan öz payını alıb. Mənbənin dediyinə görə, bu işə bilavasitə MTN Transmilli Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin istintaq tərəfindən saxlanılmış rəis müavini Füzuli Əliyev və ona havadarlıq edən rəisi Sübahir Qurbanov cavabdehlik daşıyıblar.
Təsadüfi deyil ki, bu kanal MTN-in nəzarətinə alınandan sonra vəhhabilərə maliyyə köçürməsi sahəsində hər hansı əməliyyat keçirilməyib, aşkarlanan faktlar ictimaiyyətə təqdim olunmayıb. İkinci üslubu gerçəkləşdirməklə MTN rəhbərləri, sadəcə, vəhhabilərin tikinti materialları və pərakəndə ticarət şəbəkəsindən aylıq xəracın alınması ilə kifayətlənməyib, onlara göstərilən "krışalıq" müqabilində hətta Dubay və digər körfəz ölkələrində vəhhabi simpatizanı olan böyük iş adamları ilə ortaq bizneslər qurublar. O da təsadüfi deyil ki, Eldar Mahmudovun qudasının Beynəlxalq Bankdan oğurladığı külli miqdarda vəsaitin bir qismi məhz Dubaydakı layihələrə yatırım adı altında talan edilib.
Nəhayət, bəllidir ki, bir sıra yüksək rütbəli dövlət məmurları və iş adamlarının yaxın qohumları, xüsusilə gənclər vəhhabilər tərəfindən tovlanaraq ekstremist cərəyana cəlb ediliblər. Bu faktordan istifadə edən MTN əməliyyat məlumatlarını radikal təbliğatın kökünün kəsilməsinə deyil, əldə etdiyi məlumatlarla həmin gənclərin qohumlarını şantaj etmək, maddi və siyasi dividendlər əldə etməyə yönəldib. Belə ki, bu şantaj əməliyyatları müqabilində qohumlarının adları sələfiliklə bağlı çəkilən yüksək rütbəli məmurlardan birindən tikinti sahəsində, digərindən gömrük sahəsində imtiyazların əldə etdiyi məlumdur.
Bundan başqa, sələfi liderləri arasında informator şəbəkəsi yaratmış və hazırda üzvləri istintaqa cəlb edilmiş qruplaşma hansi yerli iş adamlarının sələfilərə ianə etdiklərini dərhal bilib, həmin iş adamını cağıraraq onu "İŞİD-ə" yardım etməklə hədələyərək "qırxılma" əməliyyatları keçirib.Ən paradoksal hal odur ki, terrorla mübarizəyə bilavasitə cavabdeh olan "çekistlər" şantaj elədikləri biznesmenlərə öz ağızları ilə dünyada ən agır cinayətlərdən biri olan "terrorculuğun maliyyələsdirilməsi" ittihamı irəli sürərək, özləri də onu ört-basdır etməyi təklif edirmişlər. Mənbənin dediyinə görə, bu işə bilavasitə hazirda istintaq tərəfindən məsuliyyətə cəlb edilmiş MTN-in Antiterror Mərkəzinin sabiq rəis müavini İlqar Əliyev rəhbərlik edib, həmin idarənin işdən çıxarılmış məsul əməkdaşı isə əsas icraçı rolunu oynayıb.
Təbii ki, bütün bu əməllərə sanksiya birbaşa MTN-in şefindən gəlib və vəhhabilərdən toplanan xərac haqda da birbaşa ona "hesabat" verilib. Yeri gəlmişkən, Eldar Mahmudovun işdən azad edilməsindən cəmi bir neçə gün sonra keçirilmiş antiterror əməliyyatı zamanı sələfi qruplaşmasının "kassiri" sayılan, Qamət Süleymanovun müavini Adil Rəcəbovun həbsi də bu proseslə bağlı ola bilər.
Mənbənin bildirdiyinə görə, "vəhhabilərə krışalıq" etmək əməliyyatını sığortalamaq üçün MTN-dəki cinayətkar dəstə bu təhlükəyə qarşı çıxış edənləri zərərsizləşdirmək mexanizminə də malik olub. Onun sözlərinə əsasən, xüsusilə şimal bölgələrində neçə illərdi hamının pıçıltı ilə danışdığı eyni söhbət var: "Neçə dəfə polis bunları (radikal vəhhabiləri) tutmaq istəyib, dərhal Bakıdan generallar zəng edib buraxdırıblar". Hətta bəzilərinin and içərək etdiyi iddiaya görə, buraxılarkən polisi söyüb, hədələyiblər də.
Eyni şəkildə Vergilər Nazirliyi vəhhabilərin biznes şəbəkəsinə qarşı yoxlamalar keçirmək istəyəndə bu qurumun əməkdaşlarına, hətta rəhbərliyinə qarşı toplanan "kompromatlar" işə salınaraq proses səngidilib. Vergilər Nazirliyində bu sahəyə Eldar Mahmudovun adamı, "MTN işi"lə baglı həbs edilmiş, nazirliyin Vergi Cinayətlərinin Təhqiqi Departamentinin rəisi, general Vidadi Məmmədov məsuliyyət daşıyırdı. Eyni zamanda vəhhabiliyin Azərbaycanda sürətlə yayılmasına qarşı səs ucaldan ənənəvi dini cərəyanların aparıcı simaları müxtəlif təzyiq, hədə, həbslərlə susdurulmağa çalışılıb. Dindar cameədə heç bir siyasi fəaliyyəti olmayan, sadəcə, xütbələrində vəhhabiliyi ifşa edən Şeyx Cavid Məmmədovun 2012-ci ilin oktyabrında gözlənilməz həbsinin məhz vəhhabilərin sifarişi ilə gerçəkləşdiyini hələ o zaman iddia edirdilər.
MTN-in bəzi əməkdaşlarının vəhhabi qruplarla "iş birliyi" o həddə çatıb ki, bir sıra hallarda maraq müdafiəçisi kimi çıxış ediblər. Məsələn, MTN əməkdaşlarının etiraf etdiyinə görə, bir neçə il əvvəl həcc ziyarətindən qayıdan zəvvar avtobuslarından birində bir neçə yeşikdə Azərbaycanda qadağan olunmuş kitablar gətirilib. Əvvəlcə kitablar gömrük əməkdaşları tərəfindən müsadirə olunub və bu barədə MTN-ə məlumat verilib. Ancaq bir neçə gündən sonra gömrükçülər bildiriblər ki, həmin kitabları həcc qrupunda gedən MTN əməliyyatçısı alıb aparıb.
Nəhayət, indi üzə çıxan məlumatlara əsasən, "bu işlərdə" MTN-lə işbirliyində olan "reket" saytlardan da geniş istifadə olunub. Mənbənin dediyinə görə, vəhhabilərin müdafiə edilməsində bir neçə sayt xüsusi canfəşanlıq edib ki, həmin saytlarda vəhhabi ideologiyasının təsiri altında olan şəxslər çalışır. Həmin saytlar MTN-in ləkələmə üzrə apardığı bütün kampaniyalarda canla-başla iştirak edib. Bu saytlar və troll-qruplar internet mediası və sosial şəbəkələrdə müxtəlif şəxslər və qruplar barəsində düşünülmüş kampaniya aparıblar.
Mənbənin dediyinə görə, istintaqın araşdırmasında olan bütün bu faktlar əsasında belə bir təsəvvür yaranır ki, uzun illər ərində başda Eldar Mahmudov olmaqla, MTN-dəki cinayətkar qruplaşmanın fəaliyyəti nəticəsində ölkədə sabitliyi poza biləcək bir cərəyanın möhkəmlənməsinə şərait yaradılmaqla milli təhlükəsizliyə ağır zərbələr vurulub. Bu cərəyandan hansı siyasi və strateji məqsədlər üçün istifadə olunması planları isə istintaq tərəfindən tam aşkarlanmasını gözləyən məsələdir.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər