Düşmən "sevgi"si və ya ermənilər azərbaycanlılardan niyə ayrılmaq istəmir? |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 6-10-2015, 16:00 | Şərh sayı: (0) | Baxılıb: 423
Düşmən "sevgi"si və ya ermənilər azərbaycanlılardan niyə ayrılmaq istəmir?
Erməni tərəfi Dağlıq Qarabağ münaqişəsi nəticəsində götürdükləri azərbaycanlı əsir və girovları Azərbaycana qaytarmaq istəmir.
Dağlıq Qarabağ münaqişəsi başlayandan sonra ilk illərdə ermənilər tərəfindən əsir və girov götürülən, itkin düşmüş hesab edilən azərbaycanlıların sayı 8 min nəfərə qədər olub. Sonradan onların bir çox hissəsi qaytarılıb, bir çoxlarının isə taleyinə aydınlıq gətirilib.
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının 1 iyul 2015-ci il tarixinə olan son məlumatına görə, Dövlət Komissiyasında 4013 nəfər itkin düşmüş şəxs kimi qeydiyyata alınıb. Onlardan da böyük qrupunun döyüşlərin aktiv fazası zamanı ermənilər tərəfindən əsir və girov götürüldüyünə dair faktlar var.
Azərbaycan rəsmilərinin məlumatlara görə, ermənilər Azərbaycan torpaqlarını işğal edərkən 870 nəfərdən artıq azərbaycanlını sağ şəkildə ələ keçiriblər. Onlardan bir qismi döyüş zamanı əsir alınıb, bir qismi mülki şəxs kimi girov götürülüb. Lakin ermənilər ciddi-cəhdlə bu faktarı təkzib edir, onların erməni tərəfində saxlanmadığını bildirir və həmin şəxsləri Azərbaycan tərəfinə verməkdən imtina edirlər.
Amma onlardan 50 nəfər azərbaycanlının Ermənistanda və Dağlıq Qarabağda müxtəlif yerlərdə saxlanılması barədə Azərbaycan tərəfində səhih məlumatlar var. Hətta 1999-cu ildə və ondan bir müddət sonra həmin 50 nəfər soydaşımıza Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) nümayəndələri bir neçə dəfə baş çəkib və onları qeydiyyata götürüblər.
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi Qrupunun rəhbəri Firudin Sadıqov bir müddət öncə açıqlamasında qeyd etmişdi ki, Dövlət Komissiyası onların taleyinə aydınlıq gətirmək, onların azad olunması üçün fəaliyyət göstərib: "Biz beynəlxalq təşkilatlarla onların azad olunması istiqamətində birgə fəaliyyət göstərirdik. Amma belə alındı ki, onlardan bizə yalnız 16 nəfərin meyiti qaytarıldı. Meyitlərə baxanda görünürdü ki, onlar yaxın məsafədən atəş açılaraq qətlə yetirilmişdilər. Ermənilər deyirdilər ki, onlar guya saxlama yerlərindən qaçmağa cəhd etdikləri üçün keşikçilər tərəfindən öldürülüblər. Bir qismi də, deyirdilər ki, guya xəstəlikdən ölüb. Biz də dedik ki, Ermənistan ərazisində hansı epidemiya yayılmışdı ki, onlar eyni gündə, eyni vaxtda həlak olublar? Digər 34 nəfərlə bağlı ermənilər heç bir məlumat vermirlər. Bunlar o insanlardır ki, onlara beynəlxalq təşkilatların nümayəndələri baş çəkib, onlarla orada görüşüblər. Onlar beynəlxalq təşkilatlarda qeydiyyatdadırlar. Lakin ermənilər onları vermirlər. Deyirlər ki, bizdə belə bir adam da, onlar haqqında məlumat da yoxdur".
Məsələ ilə bağlı Milli.Az-ın sorğusuna cavab olaraq BQXK-nın Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova erməni tərəfində saxlanılan 50 azərbaycanlının, həqiqətən də, BQXK tərəfindən qeydiyyata alındığını bildirib: "BQXK Dağlıq Qarabağ münaqişəsi nəticəsində itkin düşmüş və taleyi naməlum olan insanları qeydiyyata alır. Qeyd edilən 50 nəfər insanın da adı həmin siyahıdadır. BQXK münaqişə tərəfləri ilə birgə fəaliyyət göstərir ki, itkin düşmüş şəxslərin, həmçinin saxlanma zamanı həlak olanların taleyinə aydınlıq gətirilsin".
Erməni tərəfinin qaytarmaq istəmədiyi azərbaycanlıların aqibətinə gəlincə, BQXK rəsmisi bu suala diplomatik qaydada cavab verib: "Onların adları itkin düşmüş şəxslərin siyahısındadır. Həmin şəxslər haqqında məlumatlar şəxsi xarakter daşıdığına görə BQXK onları açıqlamaq səlahiyyətində deyil. Çünki itkin düşmüş şəxsin haqqında məlumat yalnız həmin şəxsin ailəsinə verilə bilər. Ona görə də BQXK belə bir spesifik məlumatı heç zaman ictimaiyyətə açıqlamır. Siyahıda adları qeyd olunan 50 nəfərlə bağlı konkretlik olduğundan o məlumatlar da açıqlanmır".
Belə məlum olur ki, beynəlxalq təşkilatlar Ermənistan rəhbərliyinə və Dağlıq Qarabağın separatçı erməni rejiminə təsir və təzyiq göstərmək istidarında deyillər. Hərçənd, BQXK-nın Dağlıq Qarabağdakı missiyası, Azərbaycan və Ermənistandakı nümayəndəliklərinin köməkliyi ilə münaqişə tərəflərindən 700 nəfərdən çox insanın azad edildiyini də unutmaq olmaz.
Qeyd edək ki, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının 1 sentyabr 2015-ci il hesabatına əsasən, araşdırmalar nəticəsində Dövlət Komissiyasında itkin düşmüş şəxs kimi qeydiyyata alınmış 65 nəfərin Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş ərazilərdə sağ-salamat qalması və əsir-girov aparılması ehtimalını yaradan faktlar müəyyənləşdirilib. Bu faktlar, o cümlədən itkin düşmüş və əsir-girovluqdan azad edilmiş 30 şəxslə bağlı aparılmış araşdırmanın nəticəsi olaraq ümumiləşdirilmiş arayışlar tərtib edilib.
Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin rəhbəri xanım Deniz Duran isə bir neçə gün öncə APA-ya müsahibəsində qeyd etmişdi ki, BQXK-nın qeydiyyat meyarı birlikdə işlədiyi dövlət komissiyalarının meyarlarından fərqlənir: "Bu səbəbdən də, BQXK-da olan rəqəmlər münaqişə tərəflərində olan rəqəmlərlə eyni deyil. Eyni meyardan istifadə etmədiyimizə görə, bu, tamamilə normal haldır. BQXK bütün tərəflərdən təxminən 4500 nəfər itkin şəxsi qeydiyyata alıb".
Onun sözlərinə görə, münaqişə nəticəsində təxminən 3700 azərbaycanlı itkin düşüb.
Əlavə edək ki, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası ilə Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan Respublikasındakı Nümayəndəliyi arasında imzalanmış "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı itkin düşmüş şəxslər haqqında Ante Mortem məlumatların toplanması və mərkəzləşdirilmiş şəkildə idarə olunması üzrə" çərçivə sazişinə əsasən, bu ildən etibarən itkin düşmüş şəxslərin yaxın qohumlarından bioloji nümunələrin (bukkal) toplanmasına başlanılıb.
Həmin nümunələr Milli Təhlükəsizlik Nazirliyinin (MTN) hospitalında saxlanılacaq ki, bir gün ekshumasiya edilə biləcək insan qalıqlarının identifikasiyası üçün DNT müqayisəsi aparılsın və ailələrə qaytarılsın. Komissiyanın hesabatında bildirilir ki, hələlik aprel ayından bəri 715 donordan (244 ailə) nümunələr götürülüb və bu iş davam etdiriləcək.
Xatırladaq ki, 2014-cü ilin iyulunda ermənilər daha 2 azərbaycanlını girov götürüb, bir nəfəri isə öldürüblər. Belə ki, erməni xüsusi təyinatlıları tərəfindən Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonunun Şaplar kəndində keçirilən əməliyyat zamanı öz ata-baba yurdlarını ziyarət etmək istəyən Azərbaycan vətəndaşı Həsən Həsənov öldürülüb, digər Azərbaycan vətəndaşı D.Əsgərov və əslən azərbaycanlı olan Rusiya vətəndaşı Ş.Quliyev girov götürülüb. Lakin erməni tərəfi onları Azərbaycan tərəfinə qaytarmaqdan imtina edir. Dağlıq Qarabağda erməni separatçılarının qondarma rejimi tərəfindən qurulan saxta məhkəmənin qərarı ilə D.Əsgərov ömürlük, Ş.Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum ediliblər.
İlkin İzzət
Milli.Az
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər