Azərbaycanda "din zəhər"inə qadağa - TƏFƏRRÜATLAR |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 5-10-2015, 16:28 | Şərh sayı: (0) | Baxılıb: 471
Azərbaycanda "din zəhər"inə qadağa - TƏFƏRRÜATLAR
Nəzarət markası mexanizmi tam tətbiq olunduqdan sonra Azərbaycanda zərərli dini ədəbiyyatlar heç yerdə nə satıla, nə də yayıla biləcək.
Bu barədə Milli.Az-a Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Dinşünaslıq ekspertizası şöbəsinin müdiri Nahid Məmmədov bildirib.
Şöbə müdirinin sözlərinə görə, uzun illərdir Azərbaycanda ümumi kitab istehsalı və satışında müəyyən problemlər var: "Hamımız yaxşı bilirik ki, nisbətən populyar və ya çox satılan kitablar piratçılıq yolu ilə istehsal edilərək yayılır. Bu da təbii ki, həm müəllif və istehsalçıların, həm də istehlakçıların hüquqlarının pozulmasına gətirib çıxarır. Dini təyinatlı ədəbiyyat (kağız və elektron daşıyıcılarında), audio və video materiallar, mal və məmulatlar və dini məzmunlu başqa məlumat materialları ilə bağlı isə yuxarıda qeyd etdiklərimizlə yanaşı, onların tərkibindəki zərərli fikirlərin olması problemi vardı. Təbii ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində Dinşünaslıq ekspertizasına təqdim olunmuş dini təyinatlı ədəbiyyatlar müvafiq yoxlamadan keçirilir. Amma bütün bunlara baxmayaraq, qaçaq yolla ölkəyə gətirilən və istehsal olunan dini məzmunlu materialların mövcudluğu hələ də qalmaqda idi. Hələ 90-cı illərdən istehsal olunmağa başlayan bu səpkili ədəbiyyatların mütləq əksəriyyəti dövriyyədən çıxarılsa da, problem tam həllini tapmayıb. Bu baxımdan bir neçə il bundan öncə ən optimal çıxış yolları üzərində düşünüldü və qərara alındı ki, digər bir neçə strateji vəsaitlərlə yanaşı, dini təyinatlı ədəbiyyat (kağız və elektron daşıyıcılarında), audio və video materiallar, mal və məmulatlar və dini məzmunlu başqa məlumat materiallarına nəzarət markaları tətbiq olunsun. Bunun üçün "Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında" və "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Qanunlarda müvafiq qeydlər yer aldı və daha sonra Nazirlər Kabinetinin "Nəzarət markasının forması, uçotu, istifadəsi və verilməsi Qaydaları" təsdiq edilməsi haqqında 191 saylı qərarı ilə nəzarət markasına aid olan bir sıra məsələlərə aydınlıq gətirildi".
N.Məmmədov qeyd edib ki, bu istiqamətdə bir sıra tədbirlərin görülməsi nəzərdə tutulur: "Dini təyinatlı ədəbiyyat (kağız və elektron daşıyıcılarında), audio və video materiallar, mal və məmulatlar və dini məzmunlu başqa məlumat materiallarının nəzarət markaları ilə markalanması prosesi yeni başlayır. Biz bu məsələyə çox ciddi yanaşırıq. Hazırda bununla bağlı işlərimiz davam edir. Öncə onu qeyd edək ki, qaydalara əsasən, dini təyinatlı ədəbiyyat (kağız və elektron daşıyıcılarında), audio və video materiallar, mal və məmulatlar və dini məzmunlu başqa məlumat materiallarına yapışdırılacaq nəzarət markaları Dövlət Komitəsi tərəfindən verilir. Yapışdırılan nəzarət markasının üzərində "DİNİ TƏYİNATLI" sözləri yazılıb. Məlumat üçün qeyd edək ki, nəzarət markaları yalnız nəşrinə və idxalına öncədən Dövlət Komitəsi tərəfindən razılıq verilmiş dini ədəbiyyatlara tətbiq ediləcək. Çap olunmuş dini ədəbiyyatların siqnal nüsxələri ilə birlikdə Dövlət Komitəsinə ərizə ilə müraciət etmək lazımdır. Ərizəçi ilə Dövlət Komitəsi arasında bağlanılmış müqavilə əsasında nəzarət markası götürülərək dini təyinatlı mallara yapışdırılır. Bununla yanaşı, Nazirlər Kabineti tərəfindən bir nəzarət markası üçün 2 qəpik rüsum müəyyən edilib. Dini ədəbiyyatların sayına uyğun olaraq dövlət büdcəsinə köçürülmüş rüsumun qəbzi də ərizəyə əlavə edilir. Biz artıq bu prosesə başlamışıq. Oktyabr ayının əvvəlindən etibarən ölkədə istehsal olunan bütün dini ədəbiyyat, eləcə də audio-video materiallara nəzarət markaları vurulmağa başlanılacaq. Bu sahə ilə məşğul olan bütün hüquqi və fiziki şəxslərdən xahiş edirik ki, nəzarət markalarını əldə etmək üçün Dövlət Komitəsinə müraciət etsinlər. Təbii ki, bu proses təkcə nəzarət markalarını verməklə yekunlaşmır. Qanunvericiliyin tələbləri çərçivəsində onların tətbiqinə də nəzarət ediləcək və hüquq pozuntusuna yol vermiş şəxslər ciddi cəzalandırılacaq".
Şöbə müdirinin fikrincə, bu istiqamətdə atılan bütün addımlar vətəndaşlarımızın sağlam dini ədəbiyyatla təmin edilməsi ilə yanaşı, piratçılığın, vergi hüquqpozmalarının qarşısını alacaq, əqli mülkiyyət hüquqlarının qorunmasında da faydalı olacaq: "Hüquqi və fiziki şəxslərin zəhməti hesabına başa gələn hər hansı bir ədəbiyyatın piratçılıq yolu ilə çoxaldılıb satılmasının qarşısı alınacaq. Zərərli dini ədəbiyyatlar bu prosesdən tam kənarda qalacaq. Nəticədə zərərli dini ədəbiyyatlar heç yerdə nə satıla, nə də yayıla biləcək. Üzərində nəzarət markası olan dini təyinatlı ədəbiyyat oxucusunda etibar, güvən formalaşdıracaq. Nəzarət markası mexanizmi tam tətbiq olunduqdan sonra hər bir vətəndaş üzərində müvafiq marka olan dini ədəbiyyatı oxuyacaq, ona təklif olunan digər ədəbiyyatdan isə imtina edəcək. Bu da o deməkdir ki, vətəndaşımız kitabın içini bilmədən də nəzarət markası sayəsində onun mətninin zərərli olub-olmadığını müəyyən edə biləcək".
Qeyd edək ki, Azərbaycanda dini məlumatların yayılması sahəsinə nəzarət gücləndirilməsi və din sahəsində mütəxəssislərin hazırlanmasına diqqətin artırılması məqsədilə Milli Məclis tərəfindən "Dini etiqad azadlığı haqqında" Qanuna və "Kütləvi informasiya vasitələri haqqında" Qanuna dəyişikliklər edilməsi nəzərdə tutulur.
Milli Məclisdən Milli.Az-a verilən məlumata görə, "Dini etiqad azadlığı haqqında" Qanunun 29-cu maddəsinə (Müvafiq icra hakimiyyəti orqanı) edilməsi nəzərdə tutulan əlavəyə görə, bundan sonra müvafiq icra hakimiyyəti orqanı dini mərkəzdən və dini idarələrdən və digər dini qurumlardan dini fəaliyyətə dair məlumatları və maliyyə hesabatları da ala biləcək.
Xatırladaq ki, mövcud qanunvericiliyə görə, müvafiq icra hakimiyyəti orqanı dini mərkəzdən, dini idarələrdən və digər dini qurumlardan zəruri məlumatları alır.
Qanunun adıçəkilən maddəsinə daha iki əlavənin edilməsi nəzərdə tutulur. Əlavələrə əsasən, müvafiq icra hakimiyyəti orqanı nəzarət markası ilə markalanmış dini təyinatlı ədəbiyyatın (kağız və elektron daşıyıcılarında), audio və video materialların, mal və məlumatların və dini məzmunlu başqa məlumat materiallarının satışı üzrə ixtisaslaşdırılmış satış məntəqələrində "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Qanuna uyğun olaraq yoxlamalar aparacaq.
Dəyişikliklərə əsasən, həmin orqan din sahəsində mütəxəssislərin hazırlanması və ixtisaslarının artırılması üçün tədbirlər görəcək, ixtisasartırma kurslarını təşkil edəcək.
Bundan başqa, parlamentdə "Kütləvi informasiya vasitələri haqqında" Qanunun 14-cü maddəsinə (Kütləvi informasiya vasitəsinin təsis edilməsi) də dəyişiklik ediləcək. Dəyişiklik dini mətbu nəşrlərin təsis edilməsi ilə bağlı müvafiq icra hakimiyyəti orqanının rəyinin alınmasını nəzərdə tutur.
Belə ki, maddəyə ediəcək əlavəyə görə, bundan sonra dini mətbu nəşrlərin təsis edilməsi ilə bağlı sənədlərə dini mətbu nəşrlərin təsis edilməsi ilə bağlı müvafiq icra hakimiyyəti orqanının rəyi də əlavə olunmalıdır.
İlkin İzzət
Milli.Az
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər