Avropa düşmənimizi belə silahlandırır |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 3-10-2015, 22:53 | Şərh sayı: (0) | Baxılıb: 353
Avropa düşmənimizi belə silahlandırır
Avropa İttifaqı Ermənistana demokratiyanın inkişafina dəstək məqsədi ilə 2,2 milyon avro pul vəsaiti ayırıb.
Milli.Az anspress-ə istinadən bildirir ki, vəsait 4 proqramın həyata keçirilməsi üçün xərclənəcək. Vəsaitin əsas hissəsi seçki islahatları, ali təhsildə korrupsiya, ədalət mühakiməsi sistemində islahatlar, cəzasızlıqla mübarizə, eləcə də həbsxanalardakı insanların sağlamlıq və hüquqlarının qorunmasına yönəldiləcək. Maliyyə yardımı Avropa Şurasının dəstəyi ilə ayrılıb.
"Avropa Şurasının Yerevandakı ofisinin rəhbəri Natalia Vutova "Azadlıq" radiosunun Ermənistan birosuna müsahibəsində deyib ki, bu maliyyə yardımı "Şərq Tərəfdaşlığı"na cəlb olunmuş tərəflərə demokratik islahatlar, xüsusilə də Ermənistanın bu struktura üzv olarkən üzərinə götürdüyü öhdəlikləri həyata keçirməsi üçün ayrılıb.
Amma deyəsən, Avropa İttifaqı pulun Ermənistan höküməti tərəfindən demokratiyanın inkişafına xərclənməyəcəyini hiss edib. Buna görə də Natalia Vutova Qərbin Ermənistana ayırdığı maliyyə yardımının nə dərəcədə effektiv xərclənməsi barədə sualını cavablandırmaqda çətinlik çəkib. Nümayəndə maliyyə yardımına özlərinin nəzarət edəcəklərini deyib. "Biz pulu nazirliklərin bank hesablarına köçürmürük. Maliyyə vəsaitini özümüz idarə edirik və bu da, deyəsən, bu vəsaitin səmərəsiz istifadə olunması ilə bağlı bütün imkanları məhdudlaşdırır", - qurumun rəhbəri deyib.
Millət vəkili Aydın Mirzəzadənın fikirincə, Avropa yardıma nəzarət etməklə dolayısı ilə Ermənistan hakimiyyətinə inanmadığını etiraf edir. "Heç bir şübhə yoxdur ki, Ermənistana ayrılan pul yüksək rütbəli məmurlar tərəfindən israf ediləcək. Pulların çox hissəsi kimlərinsə şəxsi hesabına köçürüləcək. Bu, ilk hal deyil. Vaxtaşırı Ermənistana edilən maliyyə yardımları ölkə rəhbərliyi tərəfindən mənimsənilib. Amma dünya buna göz yumur."
Millət vəkili mənimsəmə faktlarının Ermənistanın rəhbərliyi və diaspora təşkilatları tərəfindən ört-basdır edilməyə çalışıldığını bildirdi. Bu fakt Ermənistanda normal dövlət mexanizminin olmadığını bir daha sübut edir. Ermənistanda demokratiya ilə bağlı problemləri avropalı nümayəndələr öz dilləri ilə etiraf edirlər. Bu problemlər etiraf edilsə də onlara qarşı sərt qətnamələr deyil, maliyyə yardımları ayrılır.
Bu azmış kimi, avqustun 10-da Avropa Parlamenti (AP) Azərbaycanla bağlı qətnamə qəbul edib. Qətnamədə parlamentarilər Azərbaycanı tənqid edərək insan haqları müdafiəçilərinin, jurnalist və digər vətəndaş cəmiyyəti fəallarının tez və şərtsiz azad edilməsinə çağırıblar. Qətnamədə Azərbaycanla Strateji Əməkdaşlıq Razılaşması üzrə danışıqların dayandırılmasına çağırılır.
Aydın Mirzəzadə bildirdi ki, Avropa ölkələrinin bu mövqeyində ikili standarlar hiss edilir. "Bir tərəfdən Avropa Parlamenti Azərbaycanda demokratiyanı şübhə altına alan qətnamə qəbul edir, digər bir tərəfdən isə Ermənistanda demokraniyanın inkişafına yardım ayırır. Əgər Ermənistanda demokratiya ilə bağlı problem görürlərsə, bəs niyə onlara qarşı analoji qətnamə qəbul edilmir? Bu, Avropanın ikili standartlarını sübut edir."
Məlum qətnamə ilə bağlı Milli Məclisin növbədənkənar iclası da keçirildi və spiker Oqtay Əsədov Avropa Parlamentinin bu qətnaməsini tam qərəzli və saxta hesab etdiyini bildirdi: "Bu qurumun iclasında əvvəllər 50-60 nəfər güclə iştirak edirdi. Bu dəfə məqsədli şəkildə 600-dən yuxarı deputat toplamışdılar. Son iki ildə Avropa Parlamentində Azərbaycana qarşı bir çox qərəzli sənədlər qəbul olunub. Biz çox vaxt dinmirdik, amma artıq susmaq olmur. Avropa bu dəfə bütün davranış qaydalarını pozdu."
Azərbaycan tərəfi bu qətnaməyə etiraz etsə də, Ermənistan rəsmiləri Avropa İttifaqının ayırdığı yardıma ehtiyaclarının olduğunu etiraf ediblər. Ermənistan Xarici İşlər Nazirliyinin nümayəndəsi Paruyr Hovhannisyan ölkələrində qeyri-demokratik vəziyyətin höküm sürdüyünü etiraf edib: "Heç bir problem olmasaydı, Avropa boş yerə pul xərcləməzdi."
Maliyyə yardımı və Azərbaycana qarşı qəbul edilən qətnamələr bir daha sübut edir ki, Qarabağ məsələsinin ədalətli həllində Avropaya bağlanan ümidlər boşdur. Rəsmi Bakı Ermənistana inanmaya-inanmaya ona maliyyə ayıran bir qurumun verdiyi vədlərə güvənməməli, münaqişənin ədalətli həllinin alternativ, o cümlədən hərbi yolla variantlarını axtarmalıdır.
Milli.Az
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər