Kenquru ətindən kolbasa qalmaqalı böyüdü |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 9-10-2015, 11:21 | Şərh sayı: (0) | Baxılıb: 1093
Kenquru ətindən kolbasa qalmaqalı böyüdü
Azad İstehlakçılar Birliyinin sədri: "Kenquru ətinin qadağan olunması barədə heç bir rəsmi sənəd yoxdur"
Bir neçə gün əvvəl vətəndaş mağazaya girərək Rusiya istehsalı olan kolbasa almaq istəyib. Kolbasanın tərkibinə nəzər saldıqda isə dəhşətə gəlib. Belə ki, kolbasanın kenquru ətindən hazırlandığı qeyd olunub. Satıcıya etiraz etdikdə isə onlar xəbərsiz olduqlarını deyərək boyun qaçırıblar.
Rəsmi məlumatlara görə isə kenquru ətinin və kenquru ətindən hazırlanan məhsulların ölkəmizdə satışı qadağandır.
Maraqlıdır, bəs nəyə görə kenquru əti qadağandır? Ümumiyyətlə, kenquru ətinin nə kimi faydaları və zərərləri var?
Avstraliyada insandan çox olan kenqurular
Kenquru Avstraliya qitəsinin rəmzi hesab edilir. Bu heyvanlar Avstraliyadan başqa dünyanın heç bir yerində yaşamır. Avstraliyada kenquruların sayı insanların sayından çoxdur. Kenqurunun 69 növü var. Onların çəkisi 500 qramdan 90 kiloqrama qədər olur. Kenquru əsasən otlarla qidalanır. Suya çox ehtiyac duymur və aylarla susuz qala bilir. Kenquru otlarla qidalandığı üçün onun yeyilməsi islam dininə görə haram sayılmır. Ancaq kenquru ətinin yeyilməsi Azərbaycan xalqına xas olan qida deyil.
Ümumiyyətlə, kolbasalarla bağlı neqativ halların olması danılmazdır. Çoxları bilir ki, əksər hallarda rayonlarda heyvanlar öldüyü zaman həmin heyvanların cəsədləri məhz paytaxt Bakıya, yaxud da kolbasa sexlərinə ucuz qiymətə satılır.
Bu isə yüzlərlə, hətta minlərlə insanın hansısa xəstəliklərə yoluxması deməkdir. İddialara görə, hazırda dünyanın bir sıra iri kolbasa istehsalçısı sayılan dövlətlərdə kolbasa ətdən hazırlanmır. Azərbaycanda kolbasaları böyük partiya ilə satılan Rusiyada bir qram da kolbasa və farş məhsullarında təbii ət yoxdur. Hələ 1989-cu ildə SSRİ-də 1 milyon ton süni ət hazırlanıb. Son illər isə quş peyini hidroliz edilərək bundan ət alınır. Zülala çevrilmiş peyinə rəng qatıb kolbasa istehsal edilir. Mənbələr göstərir ki, yarandığı vaxtlarda kolbasa qatqısız ətdən hazırlanıb. Xırda-xırda doğranmış ət tikələri təmizlənmiş heyvan bağırsaqlarına doldurulub. Daha sonra isə ədvalar və duz əlavə olunaraq, ucları bağlanıb və qurutmaq (qaxac halına salmaq) üçün kölgədə asılıb. Kolbasalar bir çox hallarda tüstünün üzərinə də asılıb. Belə halda kolbasa daha tez quruyub və yandırılan alma, qızılağac budaqlarının ətrini canına çəkib. Tüstü həmçinin milçək və digər həşəratları qaçırıb. Bu üsulla hazırlanan kolbasa daha dadlı və ləzzətli olmaqla bərabər, həm də gigiyenik baxımdan istifadə üçün daha təhlükəsiz olub. Yeri gəlmişkən, kolbasa hazırlamaq üçün qoyun, mal və donuz ətindən başqa, delfin ətindən də istifadə edilib. Heyvan içalatından da kolbasa (tulturma) düzəldilib. Əsasən türk xalqlarına məxsus olan bu reseptə görə, heyvanın ürəyi, qara ciyəri, piyi və içalatı xırda-xırda doğranıb, un və ya yarma əlavə edilərək bişirilib. Hazırda isə kolbasaların hazırlanma resepti müxtəlifdir. Lakin o zamanla müqayisədə bu gün qida kimi istifadə etdiyimiz kolbasaları tam ət məhsulu hesab etmək olmaz. Çünki onun tərkibinə ətlə bərabər donuz piyi, nişasta, natrium nitrit, kompleks qarışıq ətriyyatlar, boya, müxtəlif ədviyyatlar var. Baş çəkdiyimiz marketlərdə də kolbasaların qiyməti 2 manatdan başlayırdı. Tərkibi isə müxtəlif qarışımlar... Satıcılar isə daha çox üzərində "halal" yazılan kolbasaların alındığını deyirlər.
Dövlət Baytarlıq Xidməti nə deyir?
Dövlət Baytarlıq Xidmətinin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli bu məsələni araşdırıb lazımi tədbir görəcəklərini bildirdi: "Rusiya istehsalı olan kolbasaların kenquru ətindən hazırlanması xəbərini biz də oxuduq. Ilk olaraq onu bildirim ki, kenquru ətindən hazırlanan kolbasaların ölkəmizə idxalına Dövlət Baytarlıq Nəzarəti Xidməti tərəfindən icazə verilməyib. Ölkəmizdə kenquru ətindən nələrsə hazırlayan istehsalat müəssisəsi fəaliyyət göstərmir. Ola bilər ki, kimlərsə hansı yollarla bu kolbasaları gətirib mağazalara veriblər. Kimlər ki, bu məhsulları alıb, biz onlara müraciət edirik. Bu məhsulları Dövlət Baytarlıq Nəzarəti Xidmətinə təqdim etsinlər. Biz də bunun haradan necə gətirildiyini araşdıraq. Biz rəsmi olaraq bildiririk ki, kenquru ətindən hazırlanan kolbasaların ölkəmizə idxalına Dövlət Baytarlıq Xidməti tərəfindən icazə verilməyib. Bu sahəyə tam nəzarət olunur. İstər ölkə daxilində, istərsə də xaricdən ölkəmizə idxal olunan heyvan və heyvan mənşəli məhsullara Dövlət Baytarlıq Xidməti tərəfindən tam nəzarət həyata keçirilir.
Gələn məhsuldan nümunələr götürülür və həmin nümunələr Respublika Baytarlıq Laboratoriyasında bakterioloji, virusoloji, radioloji, kimya teksoloji və digər istiqamətlərdə müayinələr aparılır. Həmin məhsullar aparılan müayinələrin nəticəsinə uyğun olaraq sənəd əsasında qəbuluna və satışına icazə verilir. Bir daha qeyd edim ki, icazə verilmədiyi halda gizli yollarla Azərbaycan bazarına çıxan kenquru ətindən hazırlanan kolbasaların satışını biz qınayırıq. Biz bu məsələni araşdırıb lazımi tədbiri görəcəyik".
Y.Xanvəli Azərbaycanda heyvan cəsədlərinin kolbasa sexlərinə verilməsi məsələsinə də aydınlıq gətirərək bu kimi halların qarşısını almaq üçün daim mübarizə apardıqlarını bildirdi: "Biz bu kimi neqativ halların qarşısını almaq üçün daim mübarizə aparmışıq. Mütəmadi olaraq bir neçə reydlərimiz olub. Həm ayrı-ayrı qeyri-qanuni fəaliyyət göstərən kəsim sexlərinə qarşı, qeyri-qanuni ticarət aparanlara qarşı mübarizə aparmışıq. Biz tonlarla həm iribuynuzlu, həm də xırdabuynuzlu heyvanın, həm də balıqların ətinin zərərsizləşdirilməsini həyata keçirmişik. Bu istiqamətdə işimiz davam edəcək".
Maraqlıdır, kenquru ətinin ölkəmizdə qadağan olmasına baxmayaraq bu kolbasalar ölkəmizə necə yol tapıb?
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirdi ki, əgər malın üstünə onun kenquru ətindən hazırlandığı yazılırsa, istehsalçı istehlakçını aldatmır: "SSRİ vaxtı ətlərin qiymətləri ilə bağlı bütün respublikalar üçün sənəd hazırlandı. 004-07-ci qiymət sənədində Azərbaycanda eşşək və at əti yeməli ət kimi qeyd olunub. 15 SSRİ respublikaları arasında yalnız Azərbaycanda o növlərə bölünüb. Bu vaxta qədər bu sənəd heç bir dövlət orqanı tərəfindən yenidən təklif edilməyib.
Kenquru ətinin qadağan olunması barədə isə heç bir rəsmi sənəd yoxdur. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin bu işlərdən xəbəri yoxdur. Bu işlərə nəzarət edən orqanlar gömrük orqanı və səhiyyədir.
Əgər malın üstünə onun kenquru ətindən hazırlandığı yazılırsa, istehsalçı istehlakçını aldatmır. Burada heç bir qanun pozuntusu yoxdur. Yox, əgər həmin kolbasalar qeyri-qanuni gətirilibsə, bu artıq başqa məsələdir. Ümumiyyətlə, kolbasa məhsullarında problem yaşanır. Kolbasaların tərkibinə vurulan inqredientlərin, yəni qida əlavələrinin miqdarı, təhlükəsizliyi barədə tədqiqat çox azdır. Bu sahədə böyük problemlər yaşanır".
"Yeni Müsavat"
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər