Aşuranı cılızlaşdırmayaq |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 22-10-2015, 03:41 | Şərh sayı: (0) | Baxılıb: 533
Aşuranı cılızlaşdırmayaq
Çox təəssüf ki, İmam Hüseyn (ə) hərəkatından danışan BƏZİLƏRİ hələ də bu fenomenə ətraflı baxış tərzi nümayiş etdirə bilmirlər. Bəzilərinin buna savadı çatmır, bəzilərinin dünyagörüşü, bir qisminin də ürəyi çatmır, yanan ürəyi... Elmi və ictimai müzakirələrdə, təziyə məclislərində, xütbələrdə bəzən İmam Hüseyn (ə) hərəkatının yalnız birmənalı dəyərləndirildiyinin şahidi oluruq.
Bəzən bu hərəkatı iki nəslin (Əməvilərin və Haşimilərin) hakimiyyət davası, iki əmoğlunun qan düşmənçiliyi kimi göstərirlər. Doğrudur, Əməvilər həmişə Haşimilərə qarşı ürəklərində nifrət gəzdiriblər. Amma məsələ nəsil düçmənçiliyi və qan davası ilə məhdudlaşmır. Yezid yalnız Bəni-Üməyyədən olduğuna görə İmam Hüseyn (ə) onun hakimiyyətinə etiraz etməmişdi. İmam Hüseyn (ə) tayfabazlıq təfəkküründən yüksəkdə duran bir zat idi, bu hərəkatı nəsil savaşı kimi təqdim etmək cılızlıqdır.
Kərbəla qiyamını ilahi qəzavü qədər, Peyğəmbərin öngörməsinin həyata keçməsi kimi də tanıtdıranlar var. Elə isə, aşura şəhidlərinin heç bir savabı olmadığını qəbul etməliyik. Hər şey Allahın məcburi istəyi ilə olubsa, İmam öz babasının verdiyi xəbəri pozmamaq xatirinə Kərbəlaya gedibsə, burda hansı fəzilətdən danışmaq olar? Əgər hədəf yalnız ölmək idisə, İmam niyə öz ailə üzvlərini, qadınları və körpələri özü ilə aparmışdı?
İmamın Kufədə uğurlu bir qiyam qaldırıb, Yezidin taxtını başına çevirəcəyini düşündüyünü iddia etmək də sadəlövhlük olar. Unutmayaq ki, İmam Hüseyn (ə) Kərbəla yolunda ikən vəziyyətin dəyişdiyini bilmişdi. Hər mənzildə Kufədən gələnlərlə görüşür, onlardan şəhərdəki vəziyyəti öyrənirdi. Kufənin xəyanət etməsi gün kimi aydın idi. Hətta Müslim ibn Əqilin şəhadət xəbərini eşitdikdən sonra da İmam yolundan dönmədi.
Bəziləri Aşura qiyamını yalnız İmamın kufəlilərə vəfa borcu sanır və İmamın kufəlilərə hüccəti tamam etmək, yəni onların bəhanəsini kəsmək üçün getdiyini söyləyirlər. Amma unutmayaq ki, İmam Hüseyn (ə) kufəlilərin xəyanətini görə-görə gəlirdi. Bu həmin Kufə şəhəri idi ki, atası Əli (ə) oranın vəfasız camaatının əlindən gileyli halda şəhid olmuşdu. Bu həmin kufəlilər idi ki, İmam Həsəni (ə) Müaviyənin qarşısında tək buraxmış, hətta onu Müaviyəyə təhvil verməklə hədələmişdilər. Hüseyn (ə) bir daha hiyləyə aldanacaq qədər sadəlövh deyildi.
İmam Hüseyn (ə) Mədinə valisinin təzyiqindən, Yezidin Məkkəyə göndərdiyi terrorçuların əlindən qaçmamışdı. Əgər belə olsaydı, qaynar nöqtə olan Kufəyə üz tutmazdı, daha təhlükəsiz yerlərə pənah aparardı. Bir halda ki, yaxınları (Abdullah ibn Abbas və b.) ona bu cür məsləhətlər vermişdilər.
Aşura qiyamı Yezidin hakimiyyətə gəlməsinə görə də baş vermədi. Bu hadisənin Üməyyə-Haşim qarşıdurmasından qaynaqlanan, Səqifə hadisəsindən, 3 raşidi xəlifəsinin hakimiyyət illərindən, Həzrət Əlinin (ə) 25 illik güşənişinlik dövründən, İmam Həsənin (ə) sülhündən, Müaviyənin 20 illik səltənətindən su içən kökləri var idi. Yezidin xilafətə keçməsi hadisələrin kuliminasiya nöqtəsi oldu.
Kərbəla faciəsini İmam Hüseynin (ə) öz yaxınlarını qorumaq cəhdinin uğursuz sonluğu kimi də təqdim etmək düzgün deyil. İmamın hədəfi yalnız özünün və qohumlarının sağ qalması olsaydı, aman təkliflərini qəbul edər, ailəsinin salamatlığı naminə hər bir güzəştə gedərdi. Lakin o həzrət özünün və yaxınlarının ölümünü seçdi.
Aşura faciəsi yalnız təhrif olunmuş, xalqa düzgün çatdırılmayan dəyərlər məcmuəsi, danışarkən ilk növbədə təhriflər yada düşən bir hadisə də deyil. Çünki aşuranın hər saatı, hər dəqiqəsi kitablarda öz əksini tapıb. Bu olayın hər bir səhnəsi ibrətlərlə zəngindir. Təhriflər nə qədər olsa da, yenə bu əzəmətli hadisənin üzərinə kölgə sala biləcək qədər deyil.
İmam Hüseyn (ə) hərəkatını kompleks şəkildə incələmək və təqdim etmək lazımdır.
- Bu, yalnız Bəni-Üməyyə ilə Bəni-Haşimin savaşı deyildi.
- Bu, yalnız Allahın qəzavü-qədəri deyildi.
- Bu, yalnız kufəlilərin qiyamına rəhbərlik etmək arzusu deyildi.
- Bu, yalnız Mədinədəki təzyiqlərdən, Məkkədəki terror təhlükəsindən qurtulmaq cəhdi deyildi.
- Bu, yalnız xain kufəlilərə hüccəti tamam etmək deyildi.
- Bu, yalnız Yezidin hakimiyyətə gəlməsi nəticəsində yaranmış bir qiyam deyildi.
- Bu, yalnız öz ailəsini və yaxınlarını qorumaq üçün aparılan ölüm-dirim savaşı deyildi.
Aşura təklikdə bunların heç biri deyil. Aşura bunların hamısıdır, məcmusudur. Bu səbəblərin hər biri Aşura qiyamının içində var, amma qədərində, ölçüsündə.
Bu amillərin birini deyib, o birini deməyəndə naqislik yaranır və haqlı iradlar meydana çıxır.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər