Ümumdünyəvi ədalət hökumətində rəhbərliyə nə ehtiyac var? |
Müəllif: Admin | Bölmə: Slide, Sual-Cavab | Vaxt: 11-02-2016, 10:19 | Şərh sayı: (0) | Baxılıb: 398
Ümumdünyəvi ədalət hökumətində rəhbərliyə nə ehtiyac var?
Sual: Sual: Marksistlər tarixin təkamülünə hansı üsulla don geyindirirlər?
Cavab: Cavab: Marksistlər tarixi təbiətin bir hissəsi sayırlar. Onların nəzərincə, tarix təbiətin taleyini yaşayır. Mərhum Şəhid Mütəhhəri Marksistlərin uyğun mövzu ilə bağlı baxışı haqqında deyir: “Tarix daimi bir cərəyan, insan, insan təbiəti və cəmiyyət arasındakı rabitə, inkişafda olan qüvvələrlə tənəzzüldə olan qüvvələr arasında daimi bir çəkişmədir. Sonda sərt və inqilabi bir cərəyan bu gedişi inkişafda olan qüvvələrin xeyrinə başa vuracaq. Bir sözlə, tarix ziddiyyətlərin təkamüllə nəticələnən çəkişməsidir...
Fikri donmuş, keçmişə bağlı bir güruhla gələcəyə bağlı, düşüncəsi işıqlı güruh arasında çəkişmə güclənir və nəhayət, partlayış həddinə çatır. Cəmiyyət inqilabi bir addımla keçmiş quruluşu yeni quruluşla əvəz edir. Beləliklə, tarixin yeni bir mərhələsi başlayır.
Tarixin bu yeni mərhələsi də tale baxımından ötən mərhələyə oxşayır. Bu mərhələ də öz yerini onu inkar edənə verir. Tarix bu sayaq təbiətə oxşar şəkildə ziddiyyətlər arasından ötüb keçir.
Təbiət və tarixə münasibətdə bu sayaq düşüncə tərzi dialektik təfəkkür adlandırılmışdır. Çünki onlar bütün ictimai dəyərləri istehsal vasitələrinə bağlı bilirlər. Biz tarixə bu sayaq baxışı “alət baxışı” adlandırırıq. “Alət baxışı” dedikdə tarixi proseslərə münasibətdə “xüsusi təfəkkür tərzini“ nəzərdə tuturuq. Bu tarix “tarixi materializm” adlandırılmışdır...”[1]
Dialektik üsulla tarixin təkamülünə don geyindirilməsinə müəyyən iradlarımızı bildiririk:
1. Təkamülə istehsal vasitələri baxımından qiymət vermək olmaz. Çünki istehsal vasitələrinin təkmilləşdirilməsi öz növbəsində fitri kamillik hissindən qaynaqlanır və insanın ixtirası əsasında gerçəkləşir.
2. Tarixi təkamülə istehsal vasitələri prizmasından baxış bütün dini, əxlaqi və insani dirçəlişləri təhrif edir. Bu nəzəriyyə insanlıq məqamına xəyanət kimi dəyərləndirilir.
3. Tarixi gerçəkliklər bu nəzəriyyənin puçluğunu sübuta yetirir. Bir əsr öncə bəzi ölkələr kapitalizm mərhələsini keçməmiş sosializmə adladılar. Bir sıra kapitalist ölkələr isə kapitalizmin zirvəsinə çatsalar da, sosializmə keçmədilər.
4. Tarixə dialektik baxış problemlər və böhranlar yaratmaq məqsədi ilə aranı qarışdırır.
5. Dialektik baxışa əsasən, tarixin təkamül prosesi məcburidir və qarşısıalınmazdır. Yəni hər bir cəmiyyət növbəti mərhələyə keçməklə kamilləşir. Hansı ki bu baxış yanlışdır. Çünki uyğun hərəkətin əsas amili insandır və insan azad varlıqdır. Tarix bəzən irəli gedir, bəzən geri qalır. Bəşərin sivilizasiya tarixi bir silsilə tərəqqi, sonra tənəzzüldən başqa bir şey deyil.
6. Bəşəriyyətin təkamül yolu maddi təbiətin əsarətindən qurtuluşa, iman və ideologiyaya doğru uzanmışdır. Seyid Məhəmməd Sədr deyir: “Hərəkət daim inkişafa doğru olmur. Bəzən geriyə hərəkət də müşahidə olunur. Necə ki dəmir rütubətə düşdükdə torpağa çevrilir. Bəzən də hərəkət heç bir səmərə vermir. Necə ki qədim cəmiyyətin bəzi qalıqları hələ də inkişaf etməmişdir...”[2]
Sual: Tarixin təkamülünə insani-fitri baxış nədir?
Cavab: İnsani-fitri baxış alət-dialektik baxışla daban-dabana ziddir. İnsani-fitri baxışa əsasən, istər fərd, istər cəmiyyət üçün insani dəyərlər əsasdır. Bu baxışa əsasən, insanın daxilində bir silsilə münasibətlər mövcuddur. İnsanın xaricə ehtiyacı ağacın torpağa, suya və işığa olan ehtiyacı kimidir. Ağac sadalanan xarici amillərdən kömək alaraq öz yolunu gedir. Demək, insan yenidən qurulmamalı, sadəcə inkişaf etdirilməlidir.
Bu baxışa əsasən, tarix də təbiət kimi öz xarakterinə uyğun kamilləşməkdədir. Təkamül həm təbiətin, həm də tarixin içindən qaynaqlanır. İnsan hərtərəfli təkamülə malik olduğundan tədricən mühitə bağlılıqlardan xilas olur. Onun maddi bağlılıqları zaman keçdikcə əqidə bağlılıqları ilə əvəz olunur. Nəhayət, bir gün insan sırf ideoloji bağlılıqlara malik olur. Daxili fərdi ziddiyyət insanın xüsusiyyətlərindəndir. Onun daxilindəki maddi yönümlə ruhani yönüm mübarizədədir. Bu hisslərdən biri insanı aşağı, digəri yuxarı çəkir. Fərdi istəklər insanı tənəzzülə uğradırsa, ideoloji istəklər insanı yüksəyə qaldırmaqla fərd çərçivəsindən çıxarır. Yuxarıya meyl bəşəriyyəti əxlaqi, dini, elmi və əqli məqsədlərə yönəldir.
Keçmiş və gələcək tarix boyu insanın çəkişmələri tədricən ideoloji xarakter alır. İnsan zaman keçdikcə öz kamal mərhələsinə, “ideal insan, ideal cəmiyyət” mərhələsinə yaxınlaşır. Bu təkamülün son istəyi İslamın “Mehdi (ə.f) hökuməti” adlandırdığı kamil hökumətdir. Həmin mərhələdə insan üçün heç bir batil, heyvani və eqoist hökumətdən əsər qalmır.
Demək, insan ilahi xarakterə malik bir mövcuddur. Onun haqpərəst, özünəhakim, təbiət və mühitin məcburiyyətindən azad bir təbiəti vardır. Marksizm isə insanın zatən şəxsiyyətli olduğunu qəbul etmir, onu hiss və meyl baxımından fərqli mövcud saymır. Bu səbəbdən də marksizm ideologiyasına əsasən, insan maddi, zora məhkum bir mövcuddur, maddi şəraitin əsarətində olan istehsal vasitəsindən başqa bir şey deyil. Guya insanda mövcud olan müqəddəslik onun daxilindən yox, mühitdən gəlir.
Sual: Ümumdünyəvi ədalət hökumətində rəhbərliyə nə ehtiyac var?
Cavab: Hər bir islahatçı hökumətin hərəkatın əvvəlindən sonunadək onun önündə getmiş rəhbərə ehtiyacı var. Heç bir qiyam və hərəkat rəhbərsiz həyata keçib yaşamır. Əgər ən kiçik hərəkatlarda rəhbərə bir bu qədər ehtiyac varsa, bütün dünyanı bürüyəcək islahatçılığın, şübhəsiz ki, rəhbərə ehtiyacı qaçılmazdır. Böyük ilahi məqsədi həyata keçirəcək qurumun yaradılması və ona nəzarət üçün bütün zəruri şərtlərə malik rəhbərə ehtiyac var. Bütün yer üzündə ədaləti bərpa edə biləcək bu rəhbər yalnız zühuru vəd olunmuş İmam Mehdidir (ə.f).
Sual: Yer üzündə ədaləti bərpa edəcək şəxsin hansı xüsusiyyətləri olmalıdır?
Cavab: Ağıl hökm edir ki, bütün yer üzündə ədaləti bərpa edəcək şəxsin bu mühüm vəzifəni həyata keçirə bilməsi üçün müəyyən xüsusiyyətləri olmalıdır: öz dəvətində doğruçu olmalı; düzgün və yığcam plan əsasında hərəkət etməli; heç bir zəif nöqtəsi olmamalı; pak məqam sahibi olmalı; Allah tərəfindən təsdiqlənməli; fədakar köməkçilərə malik olmalıdır.
Məşhur Fransa ədibi Volter deyir: “Əgər insana saleh bir şəxs hakim olsa, o sanki vətənindədir. Qeyri-saleh şəxs hakim olduqda isə o insan vətənsiz kimidir”.[3]
Məşhur İrlandiya mütəfəkkiri Bernard Şou bəşəriyyətin xilaskarı haqqında deyir: “O diri, böyük qüvvə və kamil ağıl sahibi, xalqı özünə cəzb edə biləcək ən ali insan olmalıdır. Onun ömrü uzundur, üç yüz ildən çox...”[4]
Sual: Quran tarixin təkamülünü necə qiymətləndirir?
Cavab: Qurani-Kərimi nəzərdən keçirdikdə görürük ki, bu ilahi kitab tarixin təkamülündə insani-fitri prinsipi əsas götürür. Quranda bildirilir ki, yaranışın əvvəlindən haqq və batil arasında savaş olmuşdur. Quran bir tərəfdən İbrahim, Musa, İsa, Muhəmməd (ə) və onun mömin ardıcıllarının mübarizəsini xatırladır, digər bir tərəfdən Nəmrud, Firon, yəhudi zalımları, Əbu-Süfyan kimilərinin müxalifətini yada salır. Bu mübarizədə bəzən haqq, bəzən batil qalib gəlir. Əlbəttə ki, bu qələbə və məğlubiyyətlərin bir sıra ictimai, iqtisadi və əxlaqi amilləri olmuşdur.
Quran baxımından tarixin əvvəlindən mövcud olmuş cihad maddi yox, mənəvi və insani mahiyyətə malik olmuşdur.
Sual: Quran baxımından parlaq gələcəyin hansı xüsusiyyətləri var?
Cavab: İslamda parlaq gələcəyin bir sıra xüsusiyyətləri var:
1. Bəşəriyyətin gələcəyinə nikbinlik; 2. Ədalətin genişlənməsi; 3. İnsanın insanla rabitəsi; 4. Qanuna münasibətdə insanlar arasında kamil bərabərliyin yaranması; 5. Təbii sərvətlərdən bəhrələnmə və beytül-malın bölüşdürülməsi; 6. Bəşəriyyətin düşüncə baxımdan yetkinləşməsi; 7. Bütün yer üzündə abadlıq; 8. Dünya ədalət hökumətinin sayəsində savaşlara son qoyulması; 9. Yeni ayin və üsul; 10. Bütün cəmiyyətlərdə tövhid prinsipinin yayılması.
Sual: İnsanların təkamül yolu parlaq gələcəyə ümid verirmi?
Cavab: Şübhəsiz ki, səthi nəzər saldıqda dünyanın faciəyə doğru getdiyini görürük. Amma diqqətlə baxdıqda uzaq üfüqlərdə qurtuluş sahilinin nişanələri gözə dəyir.
İnsan özünü tanıdığı gündən heç vaxt aram həyat sürməmişdir. O, daxili bir amilin təhriki ilə özünü və yaşadığı cəmiyyəti irəli aparmağa çalışmışdır. Bu böyük amil insanı aram buraxmayıb həmişə təkamülə sövq etməlidir. O, insandakı qüvvələri problemlərlə mübarizəyə səfərbər edir, insanı maddi kamilliklərlə yanaşı, əxlaqi kamilliklərin də mövcud olduğu cəmiyyətə doğru çağırır. Həmin cəmiyyətdə savaşdan, çəkişmədən, viranlıqdan, bir sözlə, təkamülə zidd olan bir şeydən əsər yoxdur. Həmin cəmiyyətdə yalnız sülh və ədalət hakimdir. Həmin cəmiyyətdə yaşayan insanda maddi və mənəvi təkamülə mane olan təcavüz və istismar ruhundan əsər yoxdur.
Sual: Yaranış nizamı bəşəriyyətə parlaq gələcək üçün ümid verirmi?
Cavab: Varlıq nizamı müxtəlif nizamlar məcmusudur. Bütün varlıq aləminə hakim olan nizamlı və ümumi qanunların mövcudluğu bütün varlıq aləminin vahid bir tam olduğunu göstərir. Varlıq aləmindəki nəzm, qanun və hesab onun əsas xüsusiyyətlərindən sayılır.
Bu aləmin tərkib hissəsi olan insan ümumi yoldan çıxıb, istisna bir yol tuta bilərmi?
Əgər bütün varlıq aləmi vahid proqram əsasında hərəkətdədirsə, bəşər cəmiyyəti hərc-mərclik, zülm-sitəm yolunu seçməklə bu yoldan kənara çıxa bilərmi?
Görəsən, aləmdəki ümumi vəziyyət bəşəriyyəti ümumi nizama tabe olmaq barədə düşündürməməlidir? İnsan ətrafdakı qanunauyğunluqları nəzərə alıb öz fitri yoluna qayıtmağa, varlıq aləmi ilə həmrəng olmağa borclu deyilmi?
Nəticə: Yaranış nizamı insanların düzgün bir ictimai quruluşu qəbul etməsi üçün dəlildir.
Sual: Təsirin əks təsir doğurması təkcə fizikaya aid qanun deyil. Divara vurulan cisim həmin qüvvə ilə üstümüzə qayıdır. Uyğun qanun cəmiyyət üçün də öz gücündə qalır. İstənilən bir inqilabı doğuran amil inqilabdan öncə həmin cəmiyyətdəki təzyiqlərdir.
Bu qanun bizə deyir: Dünyanın bugünkü durumu inqilab vəd edir. Müharibələr, zülm-sitəmlər, ayrı-seçkiliklәr, ədalətsizliklәr vә təzyiqlәr bir gün öz cavabını tapmalıdır. Bir gün baş verəcək inqilab, şübhəsiz ki, dünyanın bu gün qarşılaşdığı zora cavab verməlidir.
Sonda zora cavab istəyi millətlərin günbəgün artan agahlığı sayəsində cəmiyyətlərin batinindən vulkan kimi püskürəcək, bu gün dünyada hakim olan quruluşlar yenisi ilə əvəzlənəcək. Yeni nizamda nə silahlanma yarışı olacaq, nə də bugünkü yorucu dartışmalar. O, bəşər cəmiyyətinin xoşbəxt gələcəyindən xəbər verən digər bir işartıdır.
Sual: İctimai zərurətlər cəmiyyəti sülh və ədalət çalarlı həyata sövq etmirmi?
Cavab: İctimai zərurət dedikdə bəşər cəmiyyətinin elə bir mərhələyə çatması nəzərdə tutulur ki, həmin mərhələdə nəyəsə ciddi bir ehtiyac yaransın. Amma bu zərurət o qədər ciddi olmalıdır ki, onu ən azı mütəfəkkirlər və rəhbərlər qəbul etsinlər. Uyğun hal ictimai şüurun yuxarı səviyyəyə çatmasından asılıdır. Daha sonra cəmiyyətdə elə bir durum yaranmalıdır ki, artıq əvvəlki kimi yaşamaq mümkünsüz olsun.
XVII və XVIII əsrlərdə elm və texnikanın sürətli inkişafını müşahidə edən insanlar elə düşünürdülər ki, XX əsr behişt olacaq. Kimsənin ağlına gəlmirdi ki, texnologiya dövrünün insanı yoxsulluq içində yaşayacaq. Bəli, elm və texnologiya inkişaf etdikcə yeni problemlər yarandı. Dünya müharibəsi ifriti elm və texnologiya tərəqqisini öz dəhşətli kölgəsi altında qoydu. Həyatın nə dərəcədə təhlükəli olduğunu insanlar yalnız indi anlamağa başlamışdır. Artıq insanlar anlayırlar ki, gözlənilən təhlükələrin qarşısını almaq üçün mövcud qanunlar yetərsizdir və yeni bir nizama ehtiyac var.
Artıq bir zaman çatıb ki, dünyadakı silahlanma yarışına, günbəgün artan çaxnaşmalara son qoymaq, dünyanı növbəti müharibə təhlükəsindən xilas etmək üçün ümumdünya ədalət hökumətinin varlığı zərurətə çevrilir. Artıq hamı hiss edir ki, saxta sərhədlər aradan götürülməli, bütün dünya əhli vahid bir bayraq altında vahid qanunlarla yaşamalıdır.
Təsirin əks təsir doğurması qanunu ümumdünyəvi bir hökumətin zəruriliyini göstərən digər bir amildir. Bu amil dünya əhalisini sülh və ədalət dolu bir həyata çağırır.
Sual: Cəmiyyəti dəyişmək üçün tədrici islahatlar bəs edir, yoxsa köklü inqilab lazımdır?
Cavab: İctimai islahatların hansı yolla həyata keçirilməsi fərqli münasibətlər doğuran bir məsələdir. Bir çoxları “reformizm” adlanan tədrici islahatların tərəfdarıdır. Digər bir qrup cəmiyyətlərdəki çaxnaşmaların qarşısının yalnız inqilab yolu ilə aradan qaldırılmasını mümkün sayır. Digərləri isə belə deyir: “Cəmiyyətlərdəki fəsad dərəcəsi fərqlidir. Tamamilə fəsada uğramış cəmiyyətlərdə tədrici islahatlar səmərə verə bilər. Amma fitnə ağuşuna düşmüş cəmiyyətdə vəziyyəti yalnız köklü inqilab dəyişə bilər. Üçüncü baxışın daha çox tərəfdarı var. Bu baxışa əsasən:
1. Tədrici islahatlar həmişə sağlam bünövrə və nümunələr üzərində qurulur. Əks-təqdirdə yeni nümunələr və bünövrələr soraqlamaq lazım gəlir.
2. Tədrici islahatlar yalnız sağlam yolla gerçəkləşir və bu prosesdə cəmiyyətdən düşüncə hazırlığı tələb olunur. Belə bir zəmin olmadıqda inqilab, qüdrət məntiqi ilə danışmaq lazım gəlir.
3. Fəsadın kök atdığı cəmiyyətdə qüdrət ünsürləri islaha mane olur. Cəmiyyətin bütün həssas mərkəzləri onların əlindədir və onlar istənilən bir tədrici proqramı asanlıqla müvəffəqiyyətsizliyə uğradırlar. Belə bir nizamı yalnız qəfil inqilabla dağıtmaq mümkündür.
4. Əzəmətli inqilabi qüvvəni, adətən uzun müddət eyni hərarətdə saxlamaq olmur. İnqilabi qüvvədən vaxtında istifadə olunmadıqda o öz gücünü itirir.
5. Tarixdən məlum olur ki, fəsadın kök atdığı cəmiyyətlərdə həmin cəmiyyətin düşüncə sahibləri, xüsusi ilə peyğəmbərlər və övliyalar inqilab yolunu seçmişlər.
Dünyanın zülm-sitəm üzərində qurulmuş bugünkü vəziyyətini islah etmək üçün ədalətli bir quruluşun canişinliyinə ehtiyac var. Belə bir dəyişiklik üçün əzəmətli bir inqilab qaçılmazdır.
Sual: Ümumdünya ədalət hökumətinə çatmaq üçün hansı hazırlığa ehtiyac var?
Cavab: Biz nə qədər nikbin və ümidvar olsaq, bilməliyik ki, dünyada kök atmış siyasi oyunbazlığı və istismarçılığı aradan götürmək, bəşəriyyəti vahid bir bayraq altında toplamaq üçün ümumi hazırlıq zəruridir. Son əsrdə baş vermiş sürətli dəyişikliklər belə bir hazırlığın hələ ki əlçatmaz olduğunu göstərmir. Hər halda dünyanın belə bir hökuməti qəbul etməsi üçün aşağıdakı hazırlıqlara ehtiyac var:
1. Düşüncə və mədəniyyət hazırlığı: Yəni dünya əhalisinin düşüncəsi elə inkişaf etmişdir ki, məsələn kimsə üçün irqi, milli, coğrafi fərqlər mühüm olmasın.
2. İctimai hazırlıq: Bəşəriyyət zülmdən yorulmalı və can-dildən ədalət istəməlidir.
3. Texnoloji hazırlıq və rabitə hazırlığı: İnkişaf etmiş sənaye olmadan uyğun məqsədə çatmaq mümkünsüzdür.
Bəli, əgər möcüzə ilə gerçəkləşirsə də, nəzərdə tutulan quruluş inkişaf etmiş texniki vasitələrsiz təsəvvür olunmur. Unutmayaq ki, möcüzə ictimai nizamın daimi idarəsi və səmavi bir göstərişin haqq olmasını sübuta yetirmək üçündür. [5]
[1] Tarixi fəlsəfə baxımından Mehdi (ə.f) qiyamı, səh.18-21.
[2] Əlyəvmul-məvud, səh.83
[3] İslam və əql, səh.210
[4] Bernard Şou, Abbas Mahmud İqad, səh.124-125
[5] Əliəsğər Rizvani, Məhdəviyyətlə bağlı şübhələrə cavab
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər