QURAN VƏ HƏDİSLƏRDƏ İMAMƏT MƏSƏLƏSİ |
Müəllif: Admin | Bölmə: Slide, Məqalələr | Vaxt: 9-01-2016, 07:35 | Şərh sayı: (0) | Baxılıb: 411
QURAN VƏ HƏDİSLƏRDƏ İMAMƏT MƏSƏLƏSİ
İslam tarixində “imamət”, “canişinlik” və “imamşünaslıq” elə ilkin dövrdən tutmuş indiki zamanımıza qədər ən əhəmiyyətli məsələlərdən biri kimi, həmişə diqqət mərkəzində olmuşdur. Ümumi mənada ”imamət” və “rəhbərlik”, xüsusi mənada isə İslam Peyğəmbərinin (s) canişinlik məsələsi tarixdə yüksək əhəmiyyət daşıyan teoloji-təfsiri bəhslərdəndir və heç bir mövzu haqda bu qədər söz açılmamışdır. Əlbəttə, mövzu ilə əlaqədar məntiqsiz, ixtilaf törədən və yersiz təəssübkeşlikdən doğan fikirlərə də təsadüf olunur. Amma bu məsələ ilə bağlı qarşıya çıxan birinci sual belədir:
İMAMƏT NƏDİR?
İmamətin tərifi ilə bağlı fikirayrılığı var: bir zümrə müsəlmanın (şiə və Əhli-beyt (ə) məktəbi ardıcıllarının) nəzərincə, imamət dinin əsası və etiqadın köklərindən olduğu halda, başqa bir zümrə (əhli-sünnə) onu fürui-din və əməli göstərişlərdən sayır. Məlum olduğu kimi, hər iki qrup məsələyə eyni gözlə baxmadığından, təbii olaraq, ona fərqli təriflər vermişlər. Məsələn:
Bəzi əhli-sünnə alimləri imamətə belə tərif verir:
اَلْاِمامةُ رِئاسَةٌ عامَّةٌ فِيِ اُموُرِ الدّيِنِ وَالدُّنْيا، خَلافَة عَنِ النّبِي (ص)
“İmamət İslam Peyğəmbərinin (s) canişinliyi adı ilə din və dünya işlərinə ümumi rəyasət və rəhbərlikdir!” (“Şərhi-təcrid”, Quşçi, səh.472.)
Bu tərifə əsasən, imamət hökumət rəhbərliyinə aid zahiri məqam və vəzifədir. Bu hökumət dinə əsaslanır və Peyğəmbərin (s) (hökumət işlərindəki) canişini adını daşıyır. Təbii ki, burada “imam” xalq tərəfindən seçilməlidir.
Başqa bir tərifdə deyilir: “İmamət müəyyən bir şəxsin şəri hökmlərə nəzarəti və dində İslam Peyğəmbərinə (s) canişinlikdən ibarətdir. Belə ki, ona itaət bütün müsəlmanlara vacibdir!” (“Tovzihul-murad” (“Şərhu-təcridil-etiqad”ın haşiyəsi), Seyid Haşim Hüseyni Tehrani, səh.672.)
Bu tərifin birinci təriflə əsaslı fərqi yoxdur və hər iki tərif eyni məfhumu ehtiva edir. İbn Xəldun tarixlə əlaqəli “Müqəddimə” adlı kitabında bu tərifi qeyd etmişdir. (“Müqəddimə”, İbn Xəldun, səh.191.)
Şeyx Müfid “Əvailul-məqalat” kitabının “ismət” bölümündə belə yazır:
اِنَّ الاَئِمَّةَ القائِمِينَ مَقامَ النبِي فِى تَنْفِيذِ الْاَحْكامِ وَ اِقامَةِ الحُدوُدِ وَحِفْظِ الشَرايِع وَتأديبِ الاَنامِ مَعْصوُموُن كَعِصْمَةِ الاَنْبِياء
“Peyğəmbərin canişini olan imamlar hökmlərin və cəza tədbirlərinin icrasında, şəriətin qorunması, eləcə də, insanların tərbiyəsində peyğəmbərlər kimi (günah və xətadan) məsumdurlar!”
Əhli-beyt (ə) ardıcıllarının əqidəsinə uyğun bu tərifə əsasən, imamət xalqa rəyasət və rəhbərlikdən də yüksək məqamdır. İmamlar peyğəmbərlərin (vəhyi istisna etməklə) bütün spesifik xüsusiyyətlərinə malikdirlər. Buna görə də, “ismət” sifəti (günah və xətalardan paklıq) imamlara da aiddir.
“Şərhu Ehqaqil-həqq” əsərində şiəlik baxımından imamətə belə tərif verilir: “İmamət Peyğəmbərin (s) peyğəmbərlik və onun ayrılmaz xüsusiyyətlərini istisna etməklə, bütün səciyyəvi xüsusiyyətlər və fəzilətlərini əhatə edən ilahi bir mənsəb və məqamdır.” (“Şərhu Ehqaqil-həqq”, c.2, səh. 300, birinci vərəqaltı haşiyədə.)
Bu tərifə əsasən, imam Peyğəmbər (s) vasitəsilə, Allah tərəfindən seçilir. İmam o həzrətin (peyğəmbərlik məqamından başqa) bütün fəzilət və imtiyazlarına malikdir. Onun işi yalnız dini hökumət və rəhbərliklə bitmir. Beləliklə, imamət fürui-din və əməli vəzifələrdən yox, dinin əsaslarından sayılır!
Mövu ilə bağlı ikinci sual isə belədir:
İMAMƏT ÜSULİ-DİNDƏNDİR, YOXSA FÜRUİ-DİNDƏN?
Bu məsələ ilə bağlı da iki fərqli nəzəriyyə irəli sürülmüşdür. Əhli-sünnənin məşhur alimi və “Nəhcül-həqq” kitabının müəllifi Fəzl ibn Ruzbehan yazır: “Əşərilərin baxışında imamət dinin əsası və etiqadi məsələlərdən yox, mükəlləfin əməli ilə bağlı fürui-dindəndir!” (“Ehqaqul-həqq”, c. 2, səh.294 və “Dəlailus-sidq”, c.2, səh.4.)
Bu məsələdə əhli-sünnənin digər firqələri ilə əşərilik arasında heç bir fərq yoxdur. Çünki onların hamısı imaməti əməli yöndə xalqa tapşırılan vəzifələrdən bilirlər. Yalnız Əhli-beyt (ə) məktəbinin ardıcılları olan şiələr imaməti dinin əsaslarından hesab edirlər. Bunun səbəbi aydındır. İmamət Allah tərəfindən müəyyənləşmiş ilahi mənsəb və məqam olduğundan, onun təyini yalnız Allaha aiddir. Şəriətin əsasını qoyan Peyğəmbərə (s) inam zəruri olduğu kimi, imamlara da inam labüddür. Lakin bu o demək deyil ki, imamiyyə şiələri bu fikirlə müxalif olanları kafir adlandırırlar. Əksinə, onlar sair müsəlman firqələrini müsəlman bilir və bu əqidəni qəbul etməsələr də, onlara müsəlman qardaş kimi baxırlar. Məhz bu səbəbdən, şiələr dini etiqadı iki hissəyə bölmüşlər: 1) dinin əsasları – tövhid, nübüvvət və məad; 2) məzhəb əsasları – ilahi ədalət və imamət. İmamət imam Rzanın (ə) kəlamında belə göstərilir:
اِنَّ الْاِمامَةَ زَمامُ الدِّينِ وَنِظامُ المُسلِمِينَ وَصَلاحُ الدُّنْيا وَعِزُّالمؤُمِنِينَ، اِنَّ الْاِمامَةَ اُسُّ الْاِسْلامِ النّامِى وَفَرْعُهُ السّامِى، بِالْاِمامِ تَمامُ الصَّلاة وَالزَّكات وَالصِّيام وَالحَجّ وَالجَهاد وَتَوْفيرُ الفَيئ وَالصَّدَقات وَاِمْضاءُالْحُدوُد وَالْاَحْكام، وَمَنْعُ الثُّغوُر وَالْاَطْراف، اَلاِمامُ يَحِلُّ حَلالَ الله، وَيَحْرُمُ حَرامَ الله، وَيُقِيمُ حُدوُد الله، وَيَذُبُّ عَنْ دِينِ الله، وَيَدْعُو اِلی سَبِيلِ رَبِّهِ بِالحِكْمَةِ وَالْمَوْعِظَةِ الْحَسَنَةِ وَالْحُجَّةِ الْبالِغَةِ
“İmamət dinə rəhbərlik, müsəlmanların nizam-intizamı, dünyanın abadlığı və möminlərin izzəti deməkdir. İmamət həqiqi İslamın əsası və onun gövdəsidir. İmam vasitəsilə namaz, zəkat, oruc, həcc və cihad kamilləşir, beytül-mal (ümumi əmlak) və sədəqə (yoxsullara kömək) çoxalır, qanun və hökmlər icra olunur, İslamın sərhədləri qorunur. İmam Allahın halalını halal, haramını haram bilir, Allahın hökmlərini icra edir, Onun dininin müdafiəsində dayanır. Elm, yaxşı nəsihət, möhkəm və tutarlı dəlillərlə (insanları) Rəbbinə doğru dəvət edir!” (“Peyami-Quran”, 7-ci cild, “Qurani-Kərimdə imamət və canişinlik”, Ayətullah Məkarim Şirazi, səh.15-17.)
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər