Ixlas |
Müəllif: Admin | Bölmə: Slide, Məqalələr | Vaxt: 23-12-2015, 21:21 | Şərh sayı: (0) | Baxılıb: 470
Ixlas
İxlas məqamı təkamülün və seyri-süluk mərhələlərinin ən yüksək mərhələsidir. İxlas nəticəsində qəlb ilahi nurların saçmasının mərkəzinə çevrilir. Qəlbdə hikmət və elm çeşməsi qaynamağa başlayır. Peyğəmbəri-Əkrəm (s.ə.v.v) buyurur: "Hər hansı bir bəndə qırx gün bütün əməllərini Allah üçün xalis edərsə, hikmət çeşmələri onun qəlbindən dilinə axar.”
Əmirəl-mö’minin Əliyyibni Əbitalib (ə) buyurur: "Haradadır əməllərini Allah üçün xalis edənlər, qəlblərini Allahın diqqət mərkəzinə çevirmək istəyərək pak edənlər?!”
Fatimeyi Zəhra (ə.s) buyurur: "Hər kəs Allaha tərəf ibadətinin ən xalisini göndərsə, Allah da ən yaxşı məsləhəti onun üçün nazil edər.”
Əmirəl-mö’minin Əliyyibni Əbitalib (ə) buyurur: "Bəndələrin pak qəlbləri Sübhan Allahın nəzər etdiyi yerlərdir. Hər kəs öz qəlbini paklaşdırsa, Allahın nəzər yetirdiyi yerə çevrilər.”
Peyğəmbəri-Əkrəm (s.ə.v.v) Cəbrəildən, o da Mütəal Allahdan nəql edir: "İxlas Mənim sirlərimdən olan bir sirdir ki, sevdiyim bəndənin qəlbində əmanət qoyaram.”
İxlasın müəyyən mərtəbə və dərəcələri vardır. Onun ən aşağı dərəcəsi budur ki, insan bütün ibadətlərini şirkdən, riyadan, özünü göstərməkdən xalis etsin və onları yalnız Allah üçün yerinə yetirsin. İxlasın bu miqdarı ibadətin düzgün olması şərtidir və bu olmazsa, Allah dərgahına yaxınlıq hasil olmaz. Əməlin dəyəri niyyətin paklığına, şirk və riyadan xalis olmağına bağlıdır.
Peyğəmbəri-Əkrəm (s.ə.v.v) buyurur: "Allah sizin surət və əməllərinizə baxmır, O sizin qəlblərinizə baxır.”
İmam Cə’fər Sadiq (ə) buyurur: «Mütəal Allah buyurur: "Mən ən yaxşı şərikəm. Hər kəs əməldə başqasını Mənə şərik qərar verərsə, hamısını şərikimə həvalə edərəm. Mən yalnız xalis əməli qəbul edərəm.”
O Həzrət (ə) yenə buyurur: "Allah-Təala qiyamətdə insanları niyyətləri əsasında məhşur edəcəkdir.”
Əmirəl-mö’minin Əliyyibni Əbitalib (ə) buyurur: "Xoş olsun o kəsin halına ki, ibadət və duasını yalnız Allah üçün yerinə yetirsin, qəlbini gözü sataşan şeylərlə məşğul etməsin, qulağına çatan şeylər vasitəsilə Allahın zikrini unutmasın, başqasına verilən şeylər səbəbi ilə qəmgin olmasın.”
Yenə buyurur: "Əməldə ixlas adət əlamətlərindəndir.”
O ibadət Allah tərəfindən qəbul edilir və insanın Allah dərgahına yaxınlaşmasına, kamala yetməsinə səbəb olur ki, hər növ riyadan, özünü istəməkdən, özünü göstərməkdən pak olsun, yalnız və yalnız Allah üçün yerinə yetirilsin. Əməlin qəbul olunması və dəyərinin me’yarı ixlasdır. İxlas nə qədər çox olarsa, əməl də bir o qədər kamil və dəyərli olacaqdır. İbadət edənlər bir neçə qrupdur:
1.Allah əzabından, cəhənnəm odundan qorxduqları üçün Allaha ibadət edənlər.
2.Allah ne’mətlərinə, axirət savabına nail olmaq üçün Allahın əmr və nəhylərinə itaət edənlər. Bu kimi məqsədlər əməlin düzgünlüyünə zərər vurmur. Bu kimi şəxslərin əməlləri düzgündür və savaba da səbəb olur. Çünki Qur’anda və hədislərdə camaatın düz yola hidayət edilməsi üçün əsas e’tibarı ilə bu iki üslubdan istifadə edilmişdir. Bundan əlavə, Peyğəmbəri-Əkrəm (s.ə.v.v) və imamlar (ə), eləcə də Allah övliyaları da Allahın əzabından qorxur, dəhşət hissi keçirir, Allahın behişt və ne’mətlərinə ümidvar olurlar.
3.Allahın əta etdiyi ne’mətlərin şükrünü yerinə yetirmək üçün Ona pərəstiş edən kəslər. Belə məqsədin də əməllərin qəbul olma şərti olan ixlasla ziddiyyəti yoxdur. Buna görə də hədislərdə camaatın itaətə təşviq olunması üçün Allahın ne’mətləri xatırladılır ki, onların xatirinə Allahın əmrlərinə itaət etsinlər. Hətta Peyğəmbəri-Əkrəm (s.ə.v.v) və imamların (ə) özləri də bə’zən ibadətdə ciddiyyət göstərmələrini belə izah edirdilər: "Əfəla və əkunu əbdən şəkura – mən Allahın şükr edən bəndəsi olmamalıyammı?!”
Bu üç qrupun əməllərinin qəbul olunmasına baxmayaraq, üçüncü dəstənin əməli daha artıq imtiyaza, dəyərə malikdir. Çünki onda daha artıq ixlas vardır.
Əmirəl-mö’minin Əliyyibni Əbitalib (ə) buyurur: "Allaha ibadət edənlər üç dəstədir: Onlardan bir dəstəsi axirət savablarına çatmaq üçün Allaha ibadət edirlər. Bu «ticarətçilərin» ibadətidir. İkinci dəstə Allahın əzabından qorxduqları üçün ibadət edirlər. Bu, qulların itaətinə oxşayır. Üçüncü dəstə Allah ne’mətlərinə şükr etmək üçün ibadət edirlər. Bu da azad insanların ibadətidir.”
4.Öz nəfslərini təkmilləşdirmək, ruhlarına pərvəriş etmək üçün ibadət edənlər. Belə bir məqsəd də əməlin səhihliyinin şərti olan ixlasa zərər yetirmir.
5.Allahı yaxşı tanıdıqlarına, Onu bütün kamal və xeyirlərin mənbəyi bildiklərinə görə Ona pərəstiş edən seçilmiş və məxsus bəndələri. Onlar Allahın sonsuz qüdrət və əzəmətinə diqqət yetirdiklərindən, Ondan başqa tə’siredici bir varlığı tanımadıqlarından yalnız Onu pərəstişə layiq görür və buna görə də Allahı sevir, Onun əzəmət və qüdrəti qarşısında xuzu və xüşu edirlər. Bu ixlasın ən yüksək mərhələsidir.
İmam Cə’fər Sadiq (ə) buyurur: "İbadət edənlər üç dəstədir: Onlardan biri Allahdan savab almaq üçün ibadət edirlər. Bu, hərislərin ibadətidir ki, onların əsas məqsədi tamaha görədir. İkinci dəstə cəhənnəm əzabından qorxduqlarına görə ibadət edirlər. Bu, qulların ibadətidir. Onların qorxuları ibadətə səbəb olmuşdur. Lakin mən Allahı sevdiyimə görə Ona ibadət və pərəstiş edirəm. Bu da böyük, alicənab şəxsiyyətlərin ibadətidir, onların məqsədləri də xatircəmlikdir. Mütəal Allah buyurur: "Onlar qiyamət gününün qorxusundan amandadırlar.” Yenə buyurur: "De, əgər Allahı sevirsinizsə, Mənə itaət edin ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın.” Hər kəs Allahı sevsə, Allah da onu sevər və o, əmin-amanlıqda olanlardan olar.”
Əmirəl-mö’minin Əliyyibni Əbitalib (ə) deyir: "Pərvərdigara! Mən cəhənnəm odundan qorxduğuma, yaxud behiştə tamah saldığıma görə Sənə ibadət etmirəm. Əksinə, Səni ibadətə layiq gördüyümə görə Sənə ibadət edirəm.”
Qeyd olunan dəstələrin hamısı ixlaslıdır, əməlləri Allah tərəfindən qəbul olunur, lakin ixlas baxımından eyni bir mərtəbədə deyillər. Onun nisbətən kamili və daha kamili vardır. Beşinci qismdən olan insanlar ixlasın ən yüksək mərtəbəsindədir. Bunu da qeyd etmək lazımdır ki, ali mərtəbələrə malik olanlar aşağıdakı mərtəbələri əldən vermir, onlar ali, yüksək mərtəbələrə malik olmaqdan əlavə, aşağıdakılara da malikdirlər. Siddiqlər və Allahın müxlis bəndələri həm Allahdan qorxur, həm də Onun lütf və kərəminə ümid bəsləyirlər, ne’mətləri qarşısında şükr edir, mə’nəvi qürb məqamını da istəyirlər. Lakin, onların ibadət etməkdə məqsədləri yalnız bu deyil. Onlar Allahı daha yaxşı tanıdıqlarından Ona ibadət və itaət edirlər. Bu seçilmiş ilahi şəxsiyyətlər ali məqamlara çatmaqlarına baxmayaraq, aşağıdakı məqamları da əldən verməmişlər. Çünki, təkamül yolunda hərəkət edən bir insan ali məqama çatanda aşağıdakı məqamlara da malik olmalıdır.
Bura qədər deyilənlər ibadətdəki ixlasla əlaqədar idi. Lakin, ixlas ibadətdə olan ixlasla bitmir. Təkamül yolçusu tədrici olaraq elə bir mərhələyə çatır ki, özünü və qəlbini Allah üçün xalis edir, Allahdan qeyrilərinin hamısını qəlb evindən çıxarır. Belə ki, bütün əməlləri, hərəkətləri, fikirləri belə, yalnız Allaha aid olur, Allahın razılığından başqa heç bir iş görmür, Allahdan başqa heç kimdən qorxmur, Ondan başqa heç kəsə e’timad etmir. Onun dostluğu yalnız Allah xatirinədir, düşmənçiliyi də yalnız Allaha görədir. Bu, ixlasın ən yüksək mərtəbəsidir.
Əmirəl-mö’minin Əliyyibni Əbitalib (ə) buyurur: "Xoş o kəslərin halına ki, əməlini, elmini, məhəbbətini, düşmənçiliyini, almasını, tərk etməsini, kəlamını və sükutunu yalnız Allah üçün xalis edib.”
İmam Cə’fər Sadiq (ə) buyurur: "Hər kəsin məhəbbəti, ədavəti, yaxşılığı. Allah üçün olsa, imanı kamil olan şəxslərdəndir.”
Yenə buyurur: "Allahın Öz bəndəsinə əta etdiyi şeylərin içində bundan əzəmətlisi yoxdur ki, onun qəlbində Allahdan başqa bir kəs olmasın.”
Əmirəl-mö’minin Əliyyibni Əbitalib (ə) buyurur: "Hardadır Allaha bağışlanan və Ona itaətlə bağlanan qəlblər?!”
Təkamül yolçusu bu məqama çatan zaman Mütəal Allah onu Özü üçün xalisləşdirir, Özünün köməkliyi, qəlbinə verdiyi nuraniyyət vasitəsi ilə onu günahdan, azğınçılıqdan saxlayır. Belə bəndə müxləs adı ilə tanınır. Müxləslər Allahın seçilmiş bəndələrindəndir.
Qur’ani-Kərimdə buyurulur: "Biz onları, axirəti yad etdikləri üçün xalisləşdirdik.”
Həzrət Musa (ə) barəsində buyurulur: "Həqiqətən o, xalis olunmuş, rəsul və peyğəmbər idi.”
Allahın müxləs bəndələri elə məqamlara çatırlar ki, artıq şeytan onları azdırmaqdan mə’yus olur. Qur’ani-Kərim şeytanın dilindən belə nəql edir ki, o, Mütəal Allaha dedi: "Sənin izzətinə and olsun ki, bütün adəm övladlarını aldadacağam, azğınlığa salacağam. Təkcə sənin müxləs bəndələrindən başqa, mənim onların üzərində (onları azdırmaq) payım yoxdur.”
Sonda qeyd etməliyik ki, belə görkəmli və layiqli məqamlara çatmaq çox da asan deyildir. Bu, nəfsin bütün aludəliklərdən təmizlənməsinə, ibadətdə ciddi sə’yə bağlıdır. Əmirəl-mö’minin Əliyyibni Əbitalib (ə) buyurur: "İxlas ibadətin səmərəsidir.”
Hədislərdə də qeyd olunduğu kimi, ibadətə, zikrə məşğul olmaq və onları qırx gün müddətində davam etdirmək insana batini səfa və nuraniyyət gətirir, onun ixlas məqamına çatmasında çox faydalı olur. Lakin, bu iş bir dəfəyə deyil, tədricən və müəyyən mərhələlərin ötüb keçilməsi ilə mümkün olur.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər