"Ümmətin parçalanması" hədisləri |
Müəllif: Admin | Bölmə: Slide, Məqalələr | Vaxt: 11-01-2016, 23:09 | Şərh sayı: (0) | Baxılıb: 421
"Ümmətin parçalanması" hədisləri
"Ümmətin parçalanması" ilə bağlı hədisləri üç yerə ayırmaq olar:1. İki firqəyə bölünmək;
Bəzi hədislər İslam ümmətinin iki firqəyə bölünməsinə işarə vurur. Buna misal olaraq, Əhməd ibn Hənəblin "Müsnəd", Nəsainin "əs-Sünən əl-kübra",Əbu Yəlanın "Müsnəd", Xətib Bağdadinin "Tarixi-Bağdad" və İbn Kəsirin "əl-Bidayə vən-nihayə" əsərində Əbu Səid Xudri vasitəsi ilə Peyğəmbərdən (s) nəql etdikləri hədisi göstərmək olar. Hədisdə deyilir:"Ümmətim iki firqəyə bölünəcək. Bu iki firqənin arasından bir qrup ortaya çıxacaq ki, haqq olan tərəf onlarla döyüşəcək".Bu hədisi şərh edən əksər əhli-sünnə mənsubları etiraf etmişlər ki, haqq olan tərəfdən məqsəd Əli ibn Əbu Talib (ə), onun döyüşdükləri isə Müaviyə, Cəməl səhabələri və Nəhrəvan xəvaricidir.Nəvəvi bu hədisi şərh edərkən deyir: "Hədis aydın şəkildə göstərir ki, Əli (ə) haqq, digər tərəf isə, yəni Müaviyə tərəfi zülmkar olmuşdur".2. Üç firqəyə bölünmək;Digər bir çox hədislər isə İslam ümmətinin üç firqəyə bölünəcəyindən xəbər verir. Lakin burada məsələyə başqa cəhətdən yanaşılmışdır. Təbərani özünəməxsus sənədlə Peyğəmbərdən (s) nəql edir: "Qiyamət günü yetdikdə ümmət üç firqəyə bölünəcək. Onlardan biri Allaha ixlasla ibadət edərlər. İkincisi, riyakarcasına ibadət edər. Üçüncüsü isə dünya malı əldə etmək üçün ibadət edər". Seyid ibn Tavus özünəməxsus sənədlə Əbuzər, Miqdad ibn Əsvəd və Salmandan nəql edir: "Biz Peyğəmbərin (s) yanında tək əyləşmişdik. Bərd mühacirlərindən üç qrup bizim yanımıza gəldi. Peyğəmbər (s) buyurdu: "Məndən sonra ümmətim üç firqəyə bölünəcək. Onlardan biri haqq əhlidir. Batilə əsla qarışmaz. Onlar qızıla bənzəyirlər. Alovda əridildikcə daha da təmizlənir, xalisləşirlər. Onların imamı bu üç nəfərdən biridir. Bu o şəxsdir ki, Allah öz kitabından ona "إِمَاماً وَ رَحمَةً" sözləri ilə əmr etmişdir. Digər bir firqə batil əhlidir və hər növ haqdan uzaqdır. Onlar çürümüş dəmirə bənzəyirlər. Alovda əritdikcə pisliyi daha da üzə çıxır. Onların imamı bu üç nəfərdən biridir. Digər azğın bir firqə də var ki, bunların ikisi arasındadır. Nə o tərəfdəndir, nə də bu tərəfdən və Onların imamı bu üç nəfərdən biridir". Həzrətdən (s) haqq əhli və imamı haqqında soruşdum. Həzrət buyurdu: "O, pərhizkarların imamı Əli ibn Əbu Talibdir (ə)”. Digər iki firqənin rəhbərlərinin adını çəkməkdən isə imtina etdi. Nə qədər israr etdiksə də demədi". 3. Yetmiş neçə firqəyə bölünmək. Bir sıra rəvayətlər ümmətin Peyğəmbərdən (s) sonra yetmiş neçə yerə parçalanacağına işarə vurur. Bu rəvayətlərin sayı çoxdur və "nicat tapacaq firqə" adı ilə məşhurlaşmışdır. Bu hədislər şiə və əhli-sünnə hədis qaynaqlarında yer almışdır. Aşağıda sözügedən hədislərin bir neçəsini diqqətinizə çatdırırıq:a) Əhli-sünnə rəvayətləri;Bu hədislər əhli-sünnə qaynaqlarında müxtəlif ibarələrlə, fərqli vasitələrlə nəql olunmuşdur:
1. Əbu Hüreyrə Peyğəmbərdən (s) nəql edir:"Yəhudilər yetmiş bir (yaxud yetmiş iki) firqəyə bölündülər. İsəvilər yetmiş bir (yaxud yetmiş iki) firqəyə parçalandılar. Mənim ümmətim isə yetmiş üç firqəyə bölünəcəkdir". Əbu Amir Abdullah ibn Lühəy deyir: "Biz, Müaviyə ibn Əbu Süfyanla həcc əməllərini yerinə yetirirdik. Məkkəyə çatdıqda günorta namazı zamanı Müaviyə dayandı və dedi: "Peyğəmbər (s) buyurmuşdur: "Həqiqətən, Tövrat və İncil əhli (yəhudi və xristianlar) öz dinlərində yetmiş iki firqəyə bölündülər. Tezliklə bu ümmət də yetmiş üç firqəyə, yəni müxtəlif həvəslərə bölünəcəklər. Onların birindən başqa qalan hamısı cəhənnəm əhlidir...”.
3. Övf ibn Malik Peyğəmbərin (s) belə buyurduğunu nəql edir:"Yəhudilər yetmiş bir firqəyə bölündülər. Onlardan biri behiştdə, yetmişi isə cəhənnəmdədir. İsəvilər yetmiş iki firqəyə bölündülər. Biri behiştdə, yetmiş biri isə cəhənnəmdədir. And olsun Məhəmmədin (s) canı əlində olan Yaradana, mənim ümmətim də mütləq yetmiş üç firqəyə parçalanacaq. Onlardan biri behiştdə, qalan yetmiş ikisi isə cəhənnəm alovunda olacaqdır". Soruşuldu: "Ey Allahın elçisi! Onlar kimlərdir?" Həzrət (s) buyurdu: "Həmin camaat".
4. Övf ibn Malik Peyğəmbərin (s) belə buyurduğunu nəql edir: "Tezliklə ümmətim yetmiş neçə firqəyə parçalanacaq. Onların ən fitnə salanı məsələləri öz (şəxsi) fikirləri ilə müqayisə edənlərdir. Onlar halalı haram, haramı halal edənlərdir".
5. Övf ibn Malik Peyğəmbərin (s) belə buyurduğunu nəql edir: "(Ey Övf!) Ümmətim, yetmiş üç firqəyə parçalandıqda sən necə olacaqsan? Onların biri behiştdə, qalanları cəhənnəmdə olacaq".
6. Abdullah ibn Əmr As Peyğəmbərin (s) belə buyurduğunu nəql edir:"Ümmətimin başına nə az, nə çox Bəni-İsrailin başına gələnlər gələcək. Hətta əgər Bəni-İsraildə kimsə anası ilə aşkar şəkildə günah iş görmüşsə, mənim də ümmətimdə belə olacaq. Həqiqətən, Bəni-İsrail yetmiş iki firqəyə parçalandı. Mənim ümmətim də yetmiş üç firqəyə bölünəcək. Onların biri istisna olmaqla, qalan hamısı cəhənnəm əhlidir". Soruşuldu: "Ey Allahın elçisi, onlar kimlərdir?". Həzrət (s) buyurdu: "Mənim və səhabələrimin olduğu (etiqadda) olanlar".
7. Ənəs ibn Malik Peyğəmbərdən (s) nəql edir: "Həqiqətən, Bəni-İsrail yetmiş bir firqəyə bölünmüşdür. Mənim ümmətim isə yetmiş iki firqəyə bölünəcək. Onların hamısı bu camaatın olduğu bir firqəni çıxmaq şərti ilə cəhənnəmə yuvarlanacaq".
8. Əbu Əmamə deyir: "Bəni-İsrail qövmü yetmiş bir firqəyə parçalandı. (Yaxud yetmiş iki firqəyə parçalandı). Lakin mənim ümmətimə bir firqə də artırılacaq. Onların bir qrupunu çıxmaqla qalan hamısı cəhənnəmdə olacaq".
9. Səd ibn Əbu Vəqqas Peyğəmbərdən (s) nəql edir: "Bəni-İsrail yetmiş bir firqəyə bölündü. Günlər keçəcək, mənim ümmətim də bu qədər firqəyə parçalanacaq".
10. Əbu Dərda, Əbu Əmamə, Vasilə ibn Əscə və Ənəs ibn Malik Peyğəmbərdən (s) nəql edirlər: "Çəkişməni yığışdırın. Çünki Bəni-İsrail yetmiş bir, isəvilər isə yetmiş iki firqəyə bölündülər. Onların bir qrupunu çıxmaq şərtilə qalan hamısı yollarını azmışlar". Soruşuldu: "Ya Peyğəmbər! Həmin bir qrup kimlərdir?” Buyurdu: "Mənim və səhabələrimin olduğu yolda olanlar. Allahın dinində mübahisə etməyənlər. O kəslər ki, tövhid əhlindən birini bağışlanmış günahına görə küfrdə ittiham etmirlər".[803]11. Cabir ibn Abdullah Peyğəmbərin (s) belə buyurduğunu nəql edir:"Yəhudilər yetmiş bir dəstəyə bölündülər. Onların hamısı alovdadır. İsəvilər yetmiş iki firqəyə bölündülər. Onlar da hamısı alovdadırlar. Tezliklə mənim ümmətim də yetmiş üç firqəyə parçalanacaqlar. Onların birini çıxmaq şərtilə qalan hamısı alovda olacaqlar". Ömər ibn Xəttab dedi: "Ey Allahın elçisi, onların kim olduğunu mənə de". Həzrət buyurdu: "Böyük bir qrup".12. Kəsir ibn Abdullah ibn Əmr ibn Zeyd atasından, o da öz atasından nəql edir: "Biz məsciddə Peyğəmbərin (s) yanında əyləşmişdik. Həzrət (s) buyurdu: "Şübhəsiz, siz nə az, nə çox keçmiş ümmətlərin keçdiyi yolları keçəcəksiniz. Onların gördüyü işi görəcəksiniz. Əgər bir qarış getmişlərsə, siz də bir qarış gedəcəksiniz. Əgər bir metr getmişlərsə, siz də bir metr gedəcəksiniz. Hətta əgər onlar kərtənkələ dəliyinə (yuvasına) girmişlərsə, siz də girəcəksiniz. Bilin, həqiqətən, Bəni-İsrail Musanın (ə) göstərişinin əksinə olaraq yetmiş bir firqəyə bölündü. Bir firqədən başqa hamısı azğın yoldadır. O, İslam və müsəlmanlardır. Həqiqətən, Bəni-İsrail həzrət İsa ibn Məryəmin (ə) istəyinin əksinə olaraq yetmiş bir firqəyə bölündü. Onların hamısı yolunu azmışlardır. Yalnız bir firqə istisnadır. O, İslam və müsəlmandır. Onlar (müsəlmanlar) da yetmiş iki firqəyə bölünəcəklər. Onlar hamısı yolunu azmışlardır. Yalnız bir firqə doğru yoldadır. O, İslam və müsəlmandır". Güman ki, hədisin son hissəsi İslam peyğəmbərinin (s) ardıcıllarına aiddir.
Hədislərin sənədinin tədqiqi
Birinci hədisin sənəd silsiləsində Məhəmməd ibn Əmrin olmasına görə "həsən" hədisdir. Lakin onun digər şahidləri olduğundan səhih hesab olunur. Buna görə də Tirmizi, Hakim Nişapuri, İbn Hibban, Şatibi, Süyuti və Albani onu səhih hesab etmişlər.[805]İkinci hədisin sənəd silsiləsində Əzhər ibn Abdullah olduğundan "həsən" hədis sayılmasına baxmayaraq, şahidlərin mövcüdluğu onu səhih hədislər sırasına qatmışdır. Buna görə də Hakim Nişapuri və Zəhəbi onu səhih hədis hesab etmişlər.Üçüncü hədisin sənəd silsiləsində İbad ibn Yusif olduğundan "həsən" hədisdir.Dördüncü hədisi Hakim Nişapuri səhih hesab etmişdir.Beşinci hədisin sənəd silsiləsində Əbd əl-Həmid ibn İbrahim yer aldığından zəif hədis hesab olunur. Lakin İbn Hibban və İbn Həcər onu etibarlı rəvayətçi hesab etmişlər.Altıncı hədisin sənəd silsiləsində Əbd əl-Rəhman ibn Ziyad ibn Ələm yer aldığından zəif hesab olunur. Çünki onun yaddaşı zəif olmuşdur və "münkər" hədislər nəql etmişdir. Yeddinci hədisin nəql olunduğu bütün vasitələr Ənəs ibn Malikə gedib çıxdığı üçün zəifdir.Səkkizinci hədis Qutn ibn Abdullah adlı rəvayətçisinin cahilliyinə görə zəifdir.Doqquzuncu hədisin sənəd silsiləsində Musa ibn Übeydə olduğundan zəifdir.Onuncu hədisin sənəd silsiləsində Kəsir ibn Mərvan Şami olduğundan batildir. Çünki o ciddi şəkildə zəifdir. On birinci hədis Hafiz ibn Həcərə görə zəifdir. Çünki onun sənəd silsiləsində adı çəkilməyən rəvayətçi var. On ikinci hədis də Kəsir ibn Abdullahın sənəd silsiləsində yer aldığına görə zəifdir.b) "Ümmətin parçalanması” hədisi şiə qaynaqlarında.Şiə hədis qaynaqlarında da "ümmətin parçalanması" və "nicat tapacaq firqə" hədisinə işarə vurulmuşdur. Aşağıda bu hədislərin bir neçə nümunəsini diqqətinizə çatdırırıq:1. Şeyx Səduq özünəməxsus sənədlə İmam Hüseyndən (ə) Peyğəmbərin (s) belə buyurduğunu nəql edir: "Yəhudilər yetmiş bir firqəyə bölündülər. Onların bir firqəsi behiştə, digər yetmiş firqəsi isə cəhənnəmə gedəcəkdir. Xristianlar yetmiş iki firqəyə bölündülər. Onların bir firqəsi behiştə, digər yetmiş bir firqəsi isə cəhənnəmə gedəcəkdir. And olsun Məhəmmədin (s) canı ixtiyarında olana! Mənim ümmətim yetmiş üç firqəyə bölünəcəkdir. Onların bir firqəsi behiştə, digər yetmiş iki firqəsi isə cəhənnəmə gedəcəkdir". 2. Əli ibn Xəzzaz özünəməxsus sənədlə İmam Əlidən (ə) Peyğəmbərin (s) belə buyurduğunu nəql edir: "Tezliklə ümmətim yetmiş üç firqəyə bölünəcək. Onlardan yalnız bir firqə nicat tapacaq. Digərləri isə məhv olacaqlar. Nicat tapacaq firqə siz Əhli-beytin (ə) vilayətinə tapınan, elminizdən faydalanan, öz (şəxsi) rəyi ilə müqayisə etməyənlərdir. Onlar cəzalandırılmayacaqlar".[810]3. Şeyx Tusi özünəməxsus sənədlə İmam Əlinin (ə) qabaqcıl yəhudilərdən biri ilə söhbətini nəql edir:Həzrət soruşdu: "Neçə dəstəyə bölündünüz?" O, dedi: "Filan filan dəstəyə". Həzrət (ə) buyurdu: "Ey yəhudi qardaş, yalan deyirsən". Sonra üzünü camaata tutub buyurdu: "And olsun Allaha, əgər mənim üçün kürsü (qəzavət kürsüsü) açsalar, Tövrat əhli arasında Tövrata uyğun, İncil əhli arasında incilə uyğun, Zəbur əhli arasında Zəbura uyğun, Quran əhli arasında Qurana uyğun hökm edəcəyəm. Ey camaat! Yəhudilər yetmiş bir firqəyə parçalandılar. Onların biri nicat tapacaq və behişt əhlidir. Yetmişi isə cəhənnəm alovundadırlar. Bunlar, Musanın (ə) canişinini Yuşə ibn Nunun ardıcıllarıdır. Xristianlar yetmiş iki firqəyə bölündülər. Yetmiş bir firqə cəhənnəm alovunda, bir firqə isə behiştdədir. Bunlar (behiştdə olanlar), İsanın (ə) canişini Şəmunun ardıcıllarıdır. Tezliklə bu ümmət də yetmiş üç firqəyə bölünəcək. Onlardan yetmiş ikisi cəhənnəm, biri isə behişt əhli olacaq. Onlar (behiştdə olanlar), həzrət Məhəmmədin (s) canişininin ardınca gedənlər olacaqlar". Bu zaman həzrət (ə) əlini sinəsinə vurdu və buyurdu: "Yetmiş üç firqənin on üçü mənim sevgimi (məni sevdiklərini) iddia edirlər. Lakin onların biri behiştdədir. Onlar doğru yolda olanlardır. On iki firqə isə cəhənnəm əhlidir". 4. Şeyx Müfid özünəməxsus sənədlə Əbu Əqildən nəql edir:Biz həzrət Əmir əl-Mömininin (ə) yanında əyləşmişdik. Həzrət (ə) buyurdu: "Şübhəsiz, bu ümmət yetmiş üç firqəyə bölünəcək. And olsun canım əlində (ixtiyarında) olan (Yaradana), mənə tabe olan, ardımca gələnlərdən başqa digər bütün firqələr yollarını azmışlar". 5. Ərbili İmam Əlinin (ə) belə buyurduğunu nəql edir: "Bu ümmət yetmiş üç firqəyə bölünəcək. Onlardan yetmiş ikisi cəhənnəm alovunda, biri isə behiştdə olacaq. Onlar Allahın haqlarında "hidayət olunmuşlar, haqqa qayıtmışlar" buyurduğudur". 6. Şeyx Səduq özünəməxsus sənədlə Peyğəmbərdən (s) nəql edir:"Həqiqətən, Bəni-İsrail yetmiş bir firqəyə parçalandı. Onların yetmiş firqəsi həlak oldu, biri isə nicat tapdı. Həqiqətən mənim ümmətim yetmiş iki firqəyə bölünəcək. Onlardan yetmiş biri həlak, biri isə xilas olacaq". Soruşuldu: "Ey Allahın rəsulu, o bir firqə kimlərdir?". Həzrət (s) buyurdu: "Camaat, camaat, camaat".Şeyx Səduq hədisi izah edərkən yazır: "Camaatdan məqsəd haqq əhlidir. Hətta az olsalar belə. Çünki Peyğəmbərdən (s) nəql olunan digər bir rəvayətdə deyilir: "Mömin təklikdə höccətdir və mömin təklikdə camaatdır". 7. Əyyaşi özünəməxsus sənədlə Peyğəmbərdən (s) nəql edir: "Musanın (ə) ümməti yetmiş bir firqəyə bölündü. Onların yetmiş firqəsi alovda, biri isə behiştdədir. İsanın (ə) ümməti yetmiş iki firqəyə bölündü, biri behiştdə, digərləri isə cəhənnəm alovundadırlar". Soruşuldu: "Ey Allahın rəsulu! Onlar kimlərdirlər?” Həzrət (s) buyurdu: "Camaat, camaat". 8. Şeyx Səduq özünəməxsus sənədlə Abdullah ibn Ömərin Peyğəmbərdən (s) belə nəql etdiyini yazır: "Tezliklə, ümmətimin başına Bəni-İsrailin başına gələnlər gələcək. Bəni-İsrail yetmiş iki firqəyə bölündü. Mənim ümmətim də yetmiş üç firqəyə, onlardan bir firqə artığına bölünəcək. Onların yalnız birini çıxmaq şərti ilə hamısı cəhənnəm alovunda olacaqlar". Soruşuldu: "O, bir millət hansıdır?". Həzrət (s) buyurdu: "Mənim və səhabələrimin bu gün olduğu inanclarda olanlar". Məclisi bu hədisi Səduqdan nəql etmişdir. Lakin hədisin sonunda deyilir: "Onlar bu gün mən və Əhli-beytimin (ə) olduğu əqidədə olanlardır". Hədisin səhih olduğu haqqında etiraflar.Bir qrup əhli-sünnə alimi "Ümmətin parçalanması" hədisinin doğru olduğunu etiraf etmişlər:1. Tirmizi - "əl-Came əs-səhih". O deyir: "Həsən, səhih hədisdir".2. Hakim Nişapuri - "əl-Müstədrək əla əs-səhiheyn". O deyir: "Bu hədisə "üsul" hədis kitablarında çox rast gəlirik".3. Zəhəbi - "Təlxis əl-müstədrək".4. İbn Hibban - "əs-Səhih".5. Şatibi - "əl-İtisam".6. Süyuti - "əl-Came əs-səğir".7. Albani - "Silsilə əl-əhadis əs-səhihə".8. İbn Teymiyyə - "İqtiza əs-sirat əl-müstəqim" (c. 1, səh. 118).9. Təbərani - "əl-Möcəm əl-kəbir".10. Əllamə Mənavi - "Feyz əl-Qədir" (hədisin mütəvatir olduğunu bildirmişdir).11. Səffarini - "Ləvami əl-ənvar əl-bəhiyyə".
"Ümmətin parçalanması" hədislərinin ümumi tədqiqi
Sözügedən hədislərin məcmusundan bir neçə məsələ aydınlaşır:
1. Bu hədisin müxtəlif ibarələrlə, müxtəlif vasitələrlə nəql olunmasından məlum olur ki, çox məşhur hədisdir. Buna görə də bu hədisin əksər mötəbər əhli-sünnə hədis toplularında yer almasının şahidi oluruq. Hətta bəzi hədisçilər onun üçün ayrıca fəsil ayırmışlar. Əlavələr olunan hədislərdən biri İbn Əbu Asimin "əs-Sünnə" kitabında nəql etdiyi hədisdir. Həmin hədisin sonunda deyilir: "Onların ən azğını, ən xəbisi şiəliyi qəbul edən, yaxud şiə məzhəbidir". Bir halda ki, "əs-Sünnə" kitabını tədqiq edən Nasir əd-Din Albani yazır: "Onun sənədi zəifdir. Onun rəvayətçiləri Leys ibn Əbu Səlimdən başqa hamısı etibarlıdır. Çünki o, zəifdir və hədislərdə dəyişiklik aparandır. Hədis şiəlik haqqında deyiləni çıxmaq şərti ilə səhihdir".Həmçinin ibn Bətta "əl-İbanə" kitabında bu hədisi nəql etmişdir. Hədisin sonunda deyilir: "Onların ən azğını və şərlisi özünü bizə (Əhli-beytə) aid edənlərdir. Bu firqənin nişanəsi Əbu Bəkr və Ömərə nalayiq sözlər deməkdir". Bir halda ki, bu sənəd silsiləsində Səvadə ibn Sələmə yer almışdır və "rical" kitablarında ondan əsər-əlamət yoxdur. Buna görə də onun sənədi olduqca zəifdir. İradlara cavab"Ümmətin parçalanması" hədisi ilə bağlı müxtəlif iradlar irəli sürülmüşdür. Aşağıda onlardan bir neçəsini diqqətinizə çatdırırıq:
1. İbn Həzm bu hədis haqqında deyir: "Bu hədis sənəd baxımından əsla səhih nəzərə çarpmır".
Cavab: Öncə də qeyd olunanlardan bəlli olur ki, ümmətin parçalanması ilə bağlı hədislərin bəzisi kifayət qədər etibarlı sənədə malikdir. Bir çox əhli-sünnə alimləri onun doğru olduğunu etiraf etmiş, müxtəlif sənədlərin bir-birini təsdiq etdiyini bildirmişlər.
2. Bu hədis mətn baxımından qarışıqdır. Müxtəlif ibarələrlə nəql olunmuşdur. Onun mətnləri bəzən az, bəzənsə çoxdur. Buna görə də etibardan düşmüşdür.
Cavab: Hədisin mətni yalnız mənanın nəql olunduğu üçün fərqlidir. Lakin bir məsələdə bu rəvayətlərin hamısı yekdildir və o, İslam ümmətinin müxtəlif firqələrə bölünəcəyidir.
3. Şövkani yazır: "Hədisin sonunda qeyd olunan "bir firqədən başqa qalan digər firqələr cəhənnəmdədir" ibarəsini bir çox hədisşünaslar zəif hesab etmişlər. İbn Həzm demişdir ki, bu əlavə uydurmadır".
Cavab: İnsafla desək, bu ibarə bir çox səhih sənədli rəvayətlərdə öz əksini tapmışdır. Buna görə də onu uydurma adlandırmaq olmaz.
4. Bəziləri deyirlər: "Bu hədisə görə ümmətin böyük əksəriyyəti cəhənnəmə getməlidir və müsəlmanlar arasında ixtilaf və təfriqə qiyamətədək davam etməlidir”.
Cavab: Hədisin sənədi düzgün olduqdan sonra onun ifadə etdiyi məna da qəbul olunur. Oxşar taleyi keçmiş ümmətlər də yaşamışlar. Misal üçün, biz bunu Nuhun qövmündə müşahidə edirik.
5. Əbd ər-Rəhman Bədəvi deyir: "İkinci, hətta üçüncü əsrə aid kitablarda bu hədisdən əsər-əlamət yoxdur. Əgər bu hədis səhih olsaydı, keçmiş alimlərin də kitabında olardı”.
Cavab: Bu irad onun qələmindən irəli gələn yanlışdır. Çünki bu hədisi Əbu Davud (vəfatı: h.q. 276), Əhməd ibn Hənbəl (vəfatı: h.q. 241), Tirmizi (vəfatı: 275) və İbn Macə (vəfatı: 276) nəql etmişlər. Bunların hamısı üçüncü əsrə aiddirlər.6. Bu hədislər "rəhm edilmiş ümmət" hədisləri ilə ziddiyyət təşkil edir. Əhməd ibn Hənbəl özünəməxsus sənədlə Peyğəmbərdən (s) nəql edir: "Həqiqətən, mənim ümmətim mərhəmət göstərilmiş ümmətdir. Axirətdə ona əzab verilməyəcək. Onların yeganə əzabı dünyada müharibə və döyüşdür".
Cavab: Birincisi, sözügedən hədis (ümmətin firqələrə bölünməsi ilə bağlı hədis) hər iki firqənin bir çox alimləri tərəfindən mütəvatir olaraq dəyərləndirilmişdir. Lakin "rəhm edilmiş ümmət" hədisi isə vahid xəbərdir. Ziddiyyət olduqda vahid xəbər mütəvatir xəbəri üstələyə bilməz.İkincisi, "rəhm edilmiş ümmət" hədisi kimlərinsə bərzəxdə cəzalandırılmayacağına dəlalət etmir. Üçüncüsü, məgər dünya əzabı azdırmı? Dördüncüsü, axirətdə əzab verilməsindən məqsəd budur ki, nəhayət, bu ümmətin hamısı behiştə gedəcək. Hərçənd ki, bir çoxları cəhənnəmdə cəzalarını çəkdikdən sonra behiştə gedəcəklər.Beşincisi, "rəhm edilmiş ümmət" hədisinə geniş mənada əməl etmək istəmək qəti əqli və nəqli dəlillərlə üst-üstə düşmür. Çünki ümməti günaha rəğbətləndirir. Quran ayələri ilə də üst-üstə düşmür. Çünki Allah, əmrlərinə boyun əyilmədiyi təqdirdə ümməti hədələyir, cəzalandıracağını bildirir. Bundan başqa, "Hovuz" hədisində aydın şəkildə bildirilir ki, bir çox Peyğəmbər (s) səhbələri cəhənnəmə aparılacaqlar. Hətta Peyğəmbərin (s) vasitəçiliyinin belə faydası olmayacaq. Altıncısı, "rəhm edilmiş ümmət" hədisində Peyğəmbər (s) buyurur: "Mənim ümmətim rəhm olunmuş ümmətdir". Lakin ümmətim firqələrə bölünəcəyini göstərən hədislər isə yetmiş iki firqənin cəhənnəmə gedəcəyini, bir firqəninsə xilas olacağını bildirir. Buradan bəlli olur ki, Peyğəmbərin (s) əsl ümməti həmin nicat tapacaq firqədir. Çünki həqəqətən ümmətdən o şəxs hesab olunur ki, ona müti olsun. Burada yalnız müsəlman adının üstündə olması həlledici amil deyil.
6. Bəzi hədislərin sətri mənasından anlaşılır ki, ümmət arasında ixtilaf əzaba yox, mərhəmətə səbəb olacaqdır. İbn Abbasdan Peyğəmbərin (s) belə buyurduğu nəql olunmuşdur: "... Və səhabələrimin ixtilafı sizin üçün rəhmətdir".
Cavab: Birincisi, bu rəvayətin sənədi mötəbər deyil. Hətta İbn Həzmin nəql etdiyinə görə, bu kəlam hədis deyil. Albani deyir: "Ümmətimin ixtilafı rəhmətdir" hədisi əsassızdır. Hədisçilər onun üçün sənəd tapmağa çox çalışsalar da müvəffəq ola bilməmişlər...”. Sübki demişdir: "Hədisçilərə görə bu hədis məşhur deyil. Mən onun üçün səhih, zəif və ya uydurma sənəd tapmadım ...". İkincisi, bu hədisin doğruluğunu göstərən sənəd olsa belə, onu ümmətin firqələrə bölünməsini göstərən hədislərə uyğun şəkildə izah etmək olar.Məhəmməd ibn Şərbili "Muğni əl-mühtac" əsərində yazır: "Hədisdə deyilir ki, "ümmətimin ixtilafı rəhmətdir". Həlimi bunu məqsəd ixtilafları, peşə fərqləri kimi izah etmişdir". Həmçinin hədisdə "ixtilaf" ifadəsində məqsədin get-gəl, ümmətin görüşmək, bir-birindən faydalanmaq üçün get-gəli olması mümkündür. Bəzi Əhli-beyt (ə) rəvayətlərində də bu mənaya işarə vurulmuşdur.Şeyx Səduq özünəməxsus sənədlə Əbd əl-Mömin Ənsaridən İmam Sadiqin (ə) belə buyurduğunu nəql edir: "Bir qövm Peyğəmbərin (s) belə buyurduğunu nəql edir: "Ümmətimin ixtilafı rəhmətdir". Onlar doğru deyirlər". Soruşdum: "Əgər ixtilafları rəhmətdirsə, bir yerə yığılmaqları (yekdillikləri) əzabdırmı?” Həzrət (ə) buyurdu: "Məsələ sənin və başqalarının başa düşdüyü kimi deyil. Məsələ Allahın da kəlamında buyurulduğundan ibarətdir. Allah buyurur: "Barı, hər tayfadan bir dəstə (elm öyrənmək, sonra da onu dindaşlarına öyrətmək üçün) səfər çıxsın ki, qayıtdığı zaman onları (Allahın əzabı ilə) qorxutsun. Bəlkə, onlar (əldə etdikləri biliklər sayəsində yaramaz işlərdən, nalayiq hərəkətlərdən) çəkinsinlər!” ("Tövbə”, 122) Demək, Allah onlara Peyğəmbərin (s) yanına göçməyi, get-gəl edərək ondan (s) elm öyrənməyi, sonra öz qövmünün yanına qayıdıb onları məlumatlandırmağı əmr edir. Məqsəd dində ixtilaf, haçalanma yox, ölkə və şəhərlərdən get-gəl etməkdir. Çünki şübhəsiz, Allahın dini birdir".
7. Bəzi rəvayətlərdə Peyğəmbərin (s) bütün ümmətini behişt əhli adlandırdığı göstərilir.Heysəmi Abdullah ibn Əmrdən Peyğəmbərin (s) belə buyurduğunu nəql edir: "Elə bir ümmət yoxdur ki, onun bəzi fərdləri cəhənnəmdə, bəzisi isə behiştdə olmasın. Mənim ümmətimin isə bütün fərdləri behiştdə olacaqlar".
Cavab: Birincisi, İbn Həcər Heysəminin etirafına görə bu hədisin sənəd silsiləsində Əhməd ibn Məhəmməd ibn Həccac ibn Düşdeynin yer aldığına görə zəifdir. Zəhəbi "Mizan əl-etidal" əsərində onu məşhur yalançı adlandırmışdır. İkincisi, "rəhm olunmuş ümmət" hədisi haqqında qeyd etdiyimiz iradlar bu hədisə də aiddir.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər