Ən böyük ibrətlərdən biri – ÖLÜM! |
Müəllif: Admin | Bölmə: Slide, Məqalələr | Vaxt: 11-01-2016, 22:54 | Şərh sayı: (0) | Baxılıb: 680
Ən böyük ibrətlərdən biri – ÖLÜM!
«Hansınızın əməlcə daha gözəl olduğunu sınamaq üçün ölümü və həyatı yaradan Odur. O, yenilməz qüvvət sahibidir, bağışlayandır» (Mülk, 2).
Atalarımız: «Ölüm qaşla göz arasındadır» buyurmuşlar. Əcəlin nə zaman və hansı yolla gələcəyini bilən yalnız Allahdır. Nə çox adamlar var ki, ömürləri boyu bir məqsədə çatmaq üçün çalışıb-çabalamış, amma o məqsədə ən yaxın olduqları an dünyalarını dəyişmişlər. Elə adamlar olub ki, illər uzunu xərc çəkib özləri üçün misli-bərabəri görünməmiş malikanə tikdiriblər; amma tikinti başa çatan gün həyatdan köçdülər və o malikanədə bircə gün də yaşamadılar.
İnsanın başı o qədər dünya işlərinə qarışır ki, nə zamansa həyatının sona çatacağının fərqinə varmır. Min-bir əziyyətlə yığıb-topladığı sərvəti axırda bu dünyada buraxıb gedəcəyinə inanmaq istəmir. Ona görə bir çoxlarının yanında ölümdən söhbət düşəndə qorxu və dəhşət içində dərhal mövzunu dəyişdirməyə çalışırlar. Çünki bu adamların gözündə ölüm hər şeyin itirilməsi deməkdir. Ölüm onların arzularını gözündə qoyan, xəyallarının gerçəkləşməsinə əngəl yaradan, onları bağlı olduqları hər şeydən – ev-eşikdən, ailədən, sərvətdən, vəzifədən, şan-şöhrətdən qoparıb aparan dəhşətli bir kabusdur.
İnsan ölümü xatırlamadıqca dünyaya daha çox bağlanır. Ölümün həqiqətini anlamaq isə insana həyatın mənasını anlamaqda kömək edir. Öz yaxınlarının bu dünyanı tərk edib əliboş halda axirət aləminə köçməsi insan üçün ən təsirli ibrət və moizədir.
Deyirlər ki, ariflərdən birinin yanına bir nəfər gəlib dedi: «Mənə nəsihət ver!». Arif ondan soruşdu: «Valideynlərin sağdır, yoxsa vəfat ediblər?». Cavab verdi: «Vəfat ediblər». Arif dedi: «Əgər sənə ən əziz olan doğma atanla ananı öz əllərinlə məzara qoyub dəfn edəndən sonra da ibrət götürməmisənsə, daha sənə nə nəsihət verim?!».
Məhz ölümün ibrətverici təsir gücünü nəzərə alaraq, İslam dinində müəlmanlara təkid edilir ki, öz din qardaşlarının dəfn mərasimində iştirak etməyə çalışsınlar. Dinimizə görə, bir müsəlmanın başqa müsəlmanlar üzərindəki haqlarından biri də budur ki, onu son mənzilə yola salsınlar.
İmam Cəfər Sadiq (ə) bu barədə buyurmuşdur: «Bir möminin başqa mömin üzərində 7 əsas haqqı var. Allah bu haqları vacib etmişdir və bunların barəsində onu mütləq (qiyamətdə) sorğu-suala tutacaq: öz gözündə onu möhtərəm bilmək, qəlbində ona məhəbbət bəsləmək, mal-dövləti ilə ona yardım göstərmək, özünə rəva bildiyini ona da rəva bilmək, arxasınca qeybət etməyi haram saymaq, xəstələnəndə ziyarətinə getmək, dəfnində iştirak etmək və ölümündən sonra onun barəsində yalnız yaxşı söz danışmaq» (Şeyx Səduq Əl-Xisal, səh. 351).
Ölümü yad etməyin dünya həyatına təsiri barədə Həzrət Mühəmməd Peyğəmbərin (s) bir hədisini xatırlatmaq yerinə düşər: «Əgər bəndə firavan həyat sürürsə, sözün həqiqi mənasında ölümü xatırlasa, dünya ona dar görünər. Əgər çətinlik içində yaşayırsa, ölüm fikri dünyanı onun nəzərində geniş göstərər» (Biharül-ənvar, VI, 133).
Hədisin mənası budur ki, dünya nemətlərinə nail olan, var-dövlət içində yaşayan adam ölümün həqiqətini anlayarsa, əldə etdiyi heç nəyin əbədi olmadığını dərk edər. Anlayar ki, əvvəla, bunları ona verən Allah istədiyi an geri ala da bilər. İkincisi, ən sonda – ölüm anında onsuz da bütün bunları dünyada buraxıb, boş əllə axirət aləminə köçməyə məcburdur. Belə isə, dünyaya aldanmaq və onun nemətlərinə arxalanmaq əbəsdir. Yox, əgər insan çətinlik və sıxıntı içində ömür sürərsə, axırda bu vəziyyətdən xilas olacağını, əbədi bir behişt mükafatına yetişəcəyini (əgər mömin kimi yaşamışsa) bilər. Nəticədə, dünya onun gözündə o qədər də pis və dözülməz görünməz.
İmam Əlinin (ə) bu mübarək kəlamları da ölüm barədə düşünməyin dünya həyatına təsirini ifadə edir: «Hər kim ölümü çox xatırlasa, dünyada qənaətlə yaşayıb razı qalar» (Ğürərül-hikəm, 8662-ci hikmət). «Hər kim ölümün yaxınlığına hazır olsa, xeyir əməllərə can atar» (Nəhcül-bəlağə, 31-ci hikmət).
Həzrət Mühəmməd Peyğəmbər (s) ölümdən ibrət götürməyən və azğınlıqda davam edən insanların haqqında təəccüblə buyururdu: «Görürəm ki, insanların çoxuna dünya sevgisi qalib gəlib. Sanki bu dünyada ölüm onların deyil, yalnız başqalarının taleyinə yazılıb, haqq-ədalətə riayət etmək onlara deyil, başqalarına vacib buyurulub. Özlərindən əvvəlkilərin ölüm xəbərini dinləmirlər; guya ölənlər yaxın bir səfərə getmişlər və az sonra qayıdacaqlar» (Biharül-ənvar, LXXIV, 125).
Əsl Allah dostları heç vaxt ölümü yaddan çıxarmaz, onun hər an gəlməsini gözləyər, ölümə bu dünyanın sıxıntılarından qurtuluş yolu kimi baxarlar. XIV əsrin məşhur səyahətçisi İbn Bəttutə xatirələrində yazır ki, Şiraz şəhərində olanda şəhərin çox böyük və yaraşıqlı bazarında bir dükan diqqətimi cəlb etdi. Dükançı dükanda oturub Quran oxuyurdu. Yaxınlaşıb salam verdim. Mehribanlıqla məni qarşıladı, oturmağa yer göstərdi. Soruşdum ki, burada neyləyirsən? Cavab verdi: «Mənim peşəm ticarətdir. Müştəri olmayanda Quran oxuyuram». Sonra dükanın döşəməsindəki xalçanı kənara çəkdi. Gördüm ki, yerdə qəbir qazılıb. Dükançı dedi: «Bu qəbri özümdən ötrü qazdırmışam, onun kənarında oturub özümə Quran oxuyuram. Qəbrimi dükanda qazdırmışam ki, dünya malı məni aldatmasın. Özüm də vəsiyyət etmişəm ki, öləndə məni burda basdırsınlar» (Şəhid Dəstğeyb. Qurandan maarif, səh. 250).
İmam Həsənin (ə) nəslindən olan Seyyidə Nəfisə 30 dəfə piyada həccə getmiş, bütün sərvətini kasıblara paylamışdı. Əri ilə (İmam Sadiqin (ə) oğlu Ishaqla) birlikdə Misrə köçmüş və orada vəfat edib dəfn olunmuşdu. Şafii məzhəbinin banisi İmam Şafii onun yanına dərsə gəlir və ondan hədis rəvayət edirdi. Hətta İmam Şafii vəfat edəndə cənazəsini Seyyidə Nəfisənin evinə gətirib, orada cənazə namazı qılmışdılar. Seyyidə Nəfisənin təqva ilə dolu həyat tərzi haqqında xeyli rəvayətlər var. Deyilənlərə görə, o öz evində özünə qəbir qazmışdı. Hər gün qəbrin içində uzanıb Quran oxuyur, namaz qılırdı. Həyatı boyunca bu qəbrin kənarında 6 min dəfə Quran xətm etmişdi (Şeyx Abbas Qummi. Səfinətül-bihar, II, 604).
Bəs, əksər insanların ölümdən qorxmalarının səbəbi nədir? Əsas səbəblərdən biri budur ki, insan dünyada əldə etdiklərini itirmək istəmir. Bir yandan da, dünyaya aludəliyinin pis əməl olduğunu və qiyamətdə buna görə cavab verəcəyini anlayır. O, həyatı boyunca yalnız öz dünyasını abadlaşdırmaqla məşğul olub, axirəti üçün heç nə etməyib. Onun axirətdəki yeri bu dünyadakı yeri ilə müqayisə edilməyəcək dərəcədə bərbaddır. Ona görə də abad olan bir yeri büraxıb viran olan bir məkana köçmək istəmir.
Rəvayət edirlər ki, bir gün Əbuzərdən soruşdular: «Bizim ölümdən qorxmağımızın səbəbi nədir?». Əbuzər cavab verdi: «Ona görə ki, siz dünyanızı abad edib, axirətinizi xaraba qoymusunuz. Indi abad yerdən xarabalığa köçmək istəmirsiniz». Soruşdular: «Allahla bizim görüşümüzü necə təsəvvür edirsən?». Əbuzər cavab verdi: «Sizin yaxşılarınız uzaq səfərdən öz evinə qayıdan şəxs kimi olacaqlar. Pisləriniz isə ağasından qaçmış, sonra onun hüzuruna qaytarılmış qul vəziyyətində olacaqlar» (Üsuli-Kafi, II, 458).
Həzrət Mühəmməd Peyğəmbərdən (s) bu mövzuda rəvayət edilən aşağıdakı hədis də çox maraqlıdır. Bir nəfər ölümə niyə ikrahla baxılmasının səbəbini o həzrətdən soruşdu. Peyğəmbər xəbər aldı: «Mal-dövlətin varmı?». O adam cavab verdi: «Bəli, var». Peyğəmbər yenə soruşdu: «Sərvətini özündən əvvəl göndərmisənmi? (Yəni kasıblara verib, özün üçün axirət azuqəsi toplamısanmı?)». Adam cavab verdi: «Xeyr». Peyğəmbər buyurdu: «Bax, elə buna görə də ölümdən qorxursan!» (Şeyx Səduq. Əl-Xisal, səh 13).
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər