İmanın yüksək dərəcəsi - YƏQİN |
Müəllif: Admin | Bölmə: Yəqinin dərəcələri | Vaxt: 7-12-2015, 22:19 | Şərh sayı: (0) | Baxılıb: 2998
İmanın yüksək dərəcəsi - YƏQİN
Yəqin İslam əxlaqında ən çox bəyənilən xüsusiyyətlərdən biridir. Rağib İsfahani Quran kəlmələrinin izahı barədə qələmə aldığı "əl-Müfrədat" əsərində yazır ki, yəqin - hər hansı məsələni dəlil və sübutlarla əsaslandırdıqdan sonra insanın fikir və zehnində yaranan aramlığa deyilir. "Məcməül-bəyan" təfsirində yazılıb ki, hər elm yəqin deyil, amma hər yəqin elmdir.
Rəvayət edirlər ki, bir gün Həzrət Mühəmməd Peyğəmbər (s) Cəbraildən yəqinin mənası barədə soruşdu. Cəbrail cavab verdi: "Yəqin budur ki, mömin şəxs hər əməli edəndə Allahın onu gördüyünü bilsin. Əgər o özü Allahı görmürsə, Allah onu görür. Başına bir iş gəlsə, bilsin ki, bu iş mütləq olmalı idi. Əlindən nə isə çıxanda da bilsin ki, bu şeyi mütləq itirməli idi" (yəni heç nəyə təəssüflənməsin)
İslam müqəddəsləri yəqinə malik olmağı müsəlman üçün ən böyük üstünlüklərdən biri kimi dəyərləndirmişlər. Həzrət Mühəmməd Peyğəmbər (s) buyurub: "Səbr imanın yarısıdır, yəqin isə imanın hamısıdır". "Ümmətim üçün yəqinin zəifliyindən savayı heç nədən qorxmuram". İmam Əli ibn Əbu Talib yəqinin üstünlüklərini belə bəyan edirdi: "Yəqini olmayanın imanı olmaz". "Yəqin halında yuxu şəkk halında namazdan daha üstündür". İmam Cəfər Sadiq isə yəqini belə səciyyələndirirdi: "Həqiqətən, iman islamdan üstündür. Yəqin isə imandan üstündür. Yəqindən daha dəyərli şey yoxdur".
Əli ibn Əbu Talibdən iman barəsində soruşdular. Həzrət buyurdu: "İman dörd sütun üzərində durur: səbr, yəqin, ədl və cihad". Sonra imam bunların hər birinin xüsusiyyətlərindən danışdı. Yəqin barəsində belə buyurdu: "Yəqin də dörd növə bölünür: cəldlik (cavanlıq) zamanında ayıqlıq, hikməti anlamaq, ibrət götürmək və əvvəlkilərin sünnəsini (ənənəsini) yaşamaq. Hər kim cavanlıqda ayıq olsa, onun üzünə hikmətlər açılar. Hər kimin üzünə hikmət qapıları açılsa, ibrətli hadisələrdən dərs alar. Hər kim ibrət alsa, davranışında keçmişdəkilər (peyğəmbərlər və salehlər) kimi olar" ("Nəhcül-bəlağə", 31-ci hikmətli kəlam).
Qurani-kərimdə yəqinə yetmək adətən, ölmək mənasında işlədilib: "Haqq-hesab gününü yalan sayardıq, yəqin bizi haqlayana kimi" ("Müddəssir", 46-47). Yenə Qurana görə, yəqinə çatmağın yolu ibadətdir: "Sənə yəqin gələnədək Rəbbinə ibadət et!" ("Hicr", 99; bəzi təfsirlərdə bu ayədəki yəqin - ölüm kimi izah olunub).
Məşhur cəfəri alimi Əllamə Məclisi "Biharül-ənvar" kitabında yazır ki, yəqinin 3 mərhələsi var: elmül-yəqin, eynül-yəqin və həqqül-yəqin. Sonra müəllif izahat verir ki, yəqinin bu üç mərhələsini alovun üç dərəcəsi ilə müqayisə etmək olar. Elmül-yəqin odur ki, insan tüstü çıxmasından və s. əlamətlərdən alovun varlığını anlasın. Eynül-yəqin odur ki, alovu gözü ilə görsün. Həqqül-yəqin budur ki, öz bədəni ilə alovun hərarətini duysun. Elə İmam Əlinin: "Allahla aramdakı pərdələr götürülsə belə, yəqinim zərrəcə artmaz" hədisinin izahı da budur. Həqqül-yəqin elə bir mərtəbədir ki, ondan sonra heç nə yoxdur, bu mərhələdən sonra artım və tərəqqi mövcud deyil. Həqqül-yəqinə yetişən şəxsin yəqini bundan sonra daha artmaz; çünki bu, son həddir.
Göstərilən 3 mərhələnin hər birinin adı Qurani-kərimdə çəkilib. Özü də hər üç mərhələ Quranda cəhənnəmə işarə olaraq xatırlanır: "Əgər elmül-yəqini bilsəydiniz! Siz o cəhənnəmi mütləq görəcəksiniz. Sonra eynül-yəqini mütləq görəcəksiniz!" ("Təkasür", 5-7). "Əgər ölən kimsə təkzib edənlərdən və yoldan azanlardandırsa, (ona) qaynar su ziyafəti veriləcək. Özü də cəhənnəmə atılacaq. Şübhəsiz, bu, həqqül-yəqindir" ("Vaqiə", 92-95). Daha bir ayədə "həqqül-yəqin" ifadəsi Quranla əlaqədar işlədilib: "Şübhəsiz, bu (Quran), kafirlər üçün peşmançılıqdır. Şübhəsiz, bu (Quran), həqqül-yəqindir" ("Haqqə", 50-51).
Həzrət Mühəmməd Peyğəmbərin (s) zamanında baş vermiş bir hadisə yəqin əhlinin üstünlükləri barədə dolğun təsəvvür əldə etməyə əsas verir. Rəvayət edirlər ki, bir gün Peyğəmbər məscidin küncündə oturmuş halda mürgüləyən bir oğlan gördü. Oğlanın rəngi saralmış, bədəni arıqlamış, gözləri çuxura düşmüşdü. Peyğəmbər ondan soruşdu: "Necə sübh etmisən, ey filankəs?". Oğlan cavab verdi: "Yəqin halında sübh etmişəm, ya Rəsuləllah". Peyğəmbər onun sözündən təəccüblənib soruşdu: "Hər yəqinin öz həqiqəti var. Bəs, sənin yəqininin həqiqəti nədir?". Oğlan belə dedi: "Elə həmin yəqinim məni hüznlü edib, yuxumu əlimdən alıb, məni isti havada susuzluğa dözməyə (oruc tutmağa) məcbur edib. Canım dünyadan və dünyada olanlardan təngə gəlib sıxılır. Elə bil görürəm ki, Allahın ərşi hesab günü üçün hazırlanıb. Bütün insanlar məhşərə gətirilib və mən də onların arasındayam. Elə bil cənnətdə nemətlər içində şənlənən, mütəkkələrə dirsəklənən şəxsləri görürəm. Sonra isə elə bil ki, cəhənnəmdə əzab çəkən, ah-nalə edən insanları da görürəm. Sanki indi də cəhənnəm alovunun nərəsini qulaqlarımda hiss edirəm".
Peyğəmbər oğlanı dinləyəndən sonra səhabələrə belə buyurdu: "Bu, həmin o bəndədir ki, Allah onun qəlbini imanla nurlandırıb". Sonra Peyğəmbər oğlana dedi: "Necə varsansa, elə bu halda da qal (yəni indi malik olduğun üstün mənəvi dərəcəni itirmə)".
Oğlan xahiş etdi: "Dua et ki, Sənin yolunda şəhadət şərbətini nuş edim". Peyğəmbər onun barəsində dua etdi və qısa müddətdən sonra müharibələrin birində həmin oğlan şəhid oldu. Rəvayətə görə, bu, Mötə savaşında şəhid olmuş Harisə ibn Malik ibn Nöman Ənsari idi.
Yəqin təsəvvüf aləmində də məşhur olan bir anlayışdır. Sufilikdə yəqin - halların sonuncusu və ən üstünüdür. Yəqin haqq tərəfindən qəlbə ötürülən elmdir. Həqiqət əhlinin dilində "yəqin" iman gücü ilə yaranan görüntüyə deyilir və onun dəlil-sübutla əlaqəsi yoxdur, məntiqə deyil, hissiyyata bağlıdır.
Təsəvvüfdə də yəqinin üç mərtəbəsi var: elmül-yəqin, eynül-yəqin və həqqül-yəqin. Elmül-yəqin bu dünyaya aid olan hökm və əmrlərlə bağlı elmlərdir; alimlərə məxsusdur, səy və çalışma ilə qazanılar. Eynül-yəqin bu dünyanın mahiyyətidir; ariflərə xasdır, ünsiyyətlə əldə edilər. Həqqül-yəqin isə behiştdəki kəşf və görüntüləri əhatə edir; Allah dostlarının fəna mənzilidir və müşahidə ilə əldə olunar.
Məşhur sufi Şibli yəqinin bu üç mərtəbəsi barədə söyləmişdir: "Elmül-yəqin peyğəmbərlərin dilindən bizə yetişib. Eynül-yəqin Allahın hidayət nurundan birbaşa qəlbə ötürülər. Həqqül-yəqinə çatmağın isə yolu yoxdur".
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər