Rekviyem və ya Aşura ardınca ölüm türküsü |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 1-11-2015, 04:22 | Şərh sayı: (0) | Baxılıb: 384
Rekviyem və ya Aşura ardınca ölüm türküsü
Ölünün dalınca ağlamaq ölü üçün ağlamaq deyil, özü üçün ağlamaqdır.
Ya ürəyi yandığından ağlayır, ya da kimlərəsə göstərmək üçün.
Kimisə sevmək üzünə baxa-baxa onun üçün ağlamaqdır.
Mən insanları diriykən, gözünün içinə baxa-baxa ağlayıram.
Diri üçün axıdılan göz yaşı ürəyə tökülər, ölü üçün axıdılan torpağa.
Mən ölümə ağlamıram, insanın həlak olmasına, dəyərsiz, urvatsız köçüb getməsinə ağlayıram.
Su görmədən qırılan bardaq, yer qazmadan sınan bel, geyilmədən güvə yemiş köynək kimi ölümlərə ağlayıram.
Allahın dəyər verib yaratdığı insanın özünü dəyərsiz hala gətirməsinə ağlayıram.
İnsanın elə o dəyərsiz halıyla dünyadan köçüb getməsinə ağlayıram.
İnsan dünyanın budağından asılı meyvə kimidir.
Kal meyvəni budağından qoparanda inad eləyir, qopmaq istəmir, qopanda da yerindən suyu axır.
Axan da qandır, sudur, ya göz yaşı, Allah bilir.
Amma zamanı çatanda yetişir, üzü allanır, içi ballanır, sanki "gəl məni dər" deyə çağırır.
Sən dərməsən belə öz ağırlığı ilə budağından üzülüb yerə düşər.
Meyvənin iradəsi yoxdur, içinə yazılmış proqram Allaha, Onun qanunlarına təslimiyyətdir.
Səninsə iradən var, özünü yetişdirmək öz əllərindədir.
İnsan da yetişdikcə üzü allanır, ruhu ballanır.
Elə yetişir və bir hala gəlir ki, onu dünya bağçasından dərib alacaq əli gözləməyə başlayır.
Ölüm arzulanmaz, Allahdan ölüm dilənməz, amma gözlədiyin ən gözəl səfər kimi böyüyər içində.
Ölüm yoxluq deyil, yox olmaq deyil, yenidən dirilmədir, dünya yuxusundan ayılmadır.
Dünya qürbətindən doğma vətənə dönüşdür ölüm.
Ana bətnindən dünyaya gəlmək də ölümün bir növüdür əslində.
Bir ömür boyu görüşünə can atdığın sevgiliyə qovuşmaqdır ölüm.
Mövlananın ölümü "şəbi-ərus", yəni vüsal gecəsidir.
Bilal Həbəşi öləndə "oxxay" deyirdi.
O "oxxay"ı çoxdan unutmuşdu Bilalın dodaqları, "canım qurban" dediyi Peyğəmbərindən (s.ə.s.) ayrılandan.
İndi susuzluqdan çat vermiş dodaq nəm daşı yalayan kimi "oxxay" deyirdi.
"Oxxay",- deyirdi, - "Oxxay, Allahıma qovuşuram, sevgili Peyğəmbərimə qovuşuram",- söyləyirdi.
Ölmək sevdiyinə qovuşmaqdır, nur istəyən nuruna qovuşur, nar istəyən narına,
Leylanı istəyən Leylaya, Mövlanı istəyən Mövlaya qovuşduğu kimi.
Ölümü qorxu halından çıxarıb sevgiyə çevirmək təlimidir dinimiz.
Bir toplumda ölüm, qorxu olmaqdan çıxmayıbsa, o toplumun dərdi böyükdür.
Şəhidlik - ölümün ən gözəli, ən yüksək məqamı, həlak olmaq - ölümün ən ucuzu, ən bərbadıdır.
Şəhid kimi ölmək içində bəslədiyin ən böyük arzu halına gəlməyibsə, hələ kalsan.
Şəhidlik şahidliklə mümkündür; Allaha, Rəsuluna, Kitabına, mələklərinə və ardınca gələnlərə...
Ölüm dünyadan və dünyadakılardan ayrılıqdır, üqbaya və üqbadakılara qovuşmaqdır.
Dünya həyatı uzun bir səfər zamanı bir ağacın dibində dincəlmək qədərdir, bir azdan yola davam var.
Ömürdə bir məqam var ki, ondan o tərəfə tərəzinin o gözü bu gözündən ağır basır.
Ardınca gələnlər deyil, ardınca getdiklərin daha doğma, daha şirin gəlir, çəkir səni.
Bu dünyada murad yoxdur ərməyə,
Bir sevda var, bir həsrət var, bir ah var.
Əl uzatdım budağından gül dərəm,
Budağında gül yerinə günah var.
Ölünün dalınca ağlamazlar, ölüyə baxıb hər kəs özünü ağlasın.
O hər kim idisə, hesabı qapandı, dəftəri büküldü...
Sən özünü düşün, özünü o tabutda uzananın yerinə qoy, aqibətini düşün...
İmam Hüseynə axıtdığı göz yaşları qurumamış Yezidə yaltaqlananın vay halına!
Dilində İmam Hüseyn var, amma qəlbi onun yanında, onun yolunda deyil, qarşı tərəfdədir.
Sən İmam Hüseyni ağlama, özünü ağla!
İmam Hüseynin yeri Babasının dizinin dibində, sənin məqamın nə olacaq?
İmam Hüseyn dünyanı tutub duracaq deyildi ki, can əmanətini ən yüksək məqamında Sahibə təslim elədi.
Sən özünü düşün, sən özünü ağla, canım!
Allahın sənin önünə açdığı iyirmi dörd vərəqli "bu gün" dəftərinə nə yazdın, nə köçürdün?
Nə aldın, nə satdın, nə itirdin, nə qazandın, qazandığın itirdiyinin yerini doldurdumu?
Yetişmiş meyvə budağından düşən kimi ölümün ağuşuna atılır yetişmiş insan.
Yetişmişə ağlamazlar, "ölümün mübarək!" deyərlər.
Ölümü mübarək olanın aqibəti xoş olar.
"Zaman Azərbaycan"
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər