Övlada hansı adın qoyulmasının nə mənası var? (İslam nəzəri) |
Müəllif: Admin | Bölmə: Slide, Məqalələr | Vaxt: 30-12-2015, 01:22 | Şərh sayı: (0) | Baxılıb: 1604
Övlada hansı adın qoyulmasının nə mənası var? (İslam nəzəri)
İnsan həyatında adın əhəmiyyəti böyükdür. Körpənin həyatının başlanğıcı, dünyaya təqdimatı ad vasitəsilə baş verir. Ad – insanın şəxsiyyəti, kimliyi, identifikasiya kodu, cəmiyyətdən seçilib fərdiyyətə çevrilmə alətidir. Çox vaxt ətrafdakıların insana münasibəti də müəyyən mənada addan asılı olur. Yəni bəzən bir kəsin adını eşitməklə subyektiv olaraq bizdə o\nun barəsində təsəvvür yaranır. Həmin adamla eyni adı daşıyan və tanıdığımız şəxslər arasında paralellər qurmağa çalışırıq. Sevdiyimiz şəxslərlə adaş olanlara istər-istəməz rəğbət bəsləyir, düşmənlərimizin yalnız özünə deyil, adına da nifrətlə yanaşırıq. Bu gün də bir çoxlarımız imamların səhabələri arasında Müaviyə, Yezid adlı mömin şəxslərin olması faktını heyrətlə qarşılayırlar. Çünki əsrlərdir ki, bu adlar bizim üçün mənfilik simvoluna çevrilib.
Ad insanın cəmiyyətdəki yerini və mövqeyini şərtləndirən amillərdən biri kimi də çıxış edir. Çox vaxt belə bir vəziyyətin şahidi oluruq ki, öz adından narazı olan insanlar sıxıntı və narahatlıq hiss edirlər; bu sıxıntı onlarda ciddi psixoloji komplekslərin yaranmasına gətirib-çıxarır. Belə insan həmişə öz adına görə xəcalət çəkir, bu üzdən bəzən cəmiyyətdə öz yerini tapa bilmir, imkanlarını reallaşdırmağa mənəvi güc tapmır. Bu mənada hər bir valideyn öz övladı üçün ad seçərkən həmişə məsuliyyət hiss etməlidir. Başa düşməlidir ki, övladın gələcəkdə psixoloji baxımdan özünü rahat hiss etməsi, ümumilikdə öz həyatını düzgün qura bilməsi üçün adın uğurla seçilməsi çox mühüm amildir. Elə buna görə də Həzrət Mühəmməd Peyğəmbər (s) ətrafındakıların adına münasibətdə xüsusi həssaslıqla davranırdı. Öz sahibinə narahatlıq gətirən, başqalarının ona münasibətini korlayan xoşagəlməz adları Peyğəmbər gözəl adlarla əvəz edirdi. O həzrət istər qadın, istərsə də kişi səhabələrdən bir neçəsinə təklif etmişdi ki, əsl adlarını dəyişdirsinlər, onlar da bu məsləhətə əməl edib, Peyğəmbərin təklif etdiyi adları götürmüşdülər.
İslam Peyğəmbəri buyurmuşdu: «Adlarınızı gözəlləşdirin. Çünki qiyamət günündə siz öz adınızla çağırılacaqsınız: «Ey filankəsin oğlu filankəs! Qalx, öz nuruna tərəf get! Ey filankəsin oğlu filankəs! Qalx, sən nurdan məhrumsan!» (Küleyni. Əl-Kafi, VI, 19).
İslam ənənəsinə görə, atanın övlad qarşısında daşıdığı vəzifələrdən birincisi ona gözəl ad qoymaqdır. İmam Kazim (ə) atalara müraciətlə buyurmuşdu: «Atanın övlad üçün etməli olduğu ilk yaxşılıq – ona gözəl ad verməkdir. Övladlarınıza gözəl adlar qoyun!» (yux. mənbə, səh. 18).
Uşaq üçün tövsiyə olunan adlar içində ilk yeri Allaha bəndəliyi ifadə edən adlar tutur. Yəni Allahın gözəl adlarının (əsmaül-hüsna) əvvəlinə «əbd» kəlməsini artırmaqla yaranan adlar daha çox məsləhət bilinir (məsələn, Abdullah, Əbdürrəhman, Əbdürrəhim, Əbdülkərim, Əbdüllətif, Əbdülqadir, Əbdüləzim və s). Bunlardan əlavə, uşağa peyğəmbərlərin adını qoymaq da tövsiyə olunur. Həzrət Mühəmməd Peyğəmbərə (s) aid hədislərin birində deyilir: «Övladlarınıza peyğəmbərlərin adını qoyun. Adların ən yaxşısı isə Abdullah və Əbdürrəhmandır» (Təbərsi. Məkarimül-əxlaq, I, 421).
Rəvayət edirlər ki, bir nəfər Peyğəmbərin yanına gəlib, yeni doğulmuş oğluna ad verməsini xahiş etdi. Peyğəmbər: «Ona ən çox sevdiyim Həmzə adını verdim» deyə buyurdu. Həmzə İslam Peyğəmbərinin əmisi idi. Aralarındakı yaş fərqi az olduğuna görə, bəzi müəlliflər hətta onların süd qardaşı olduqlarını və eyni qadından süd əmdiklərini yazmışlar. Həmzənin hicrətdən üç il sonra Ühüd savaşında faciəli surətdə şəhid olması Peyğəmbərə çox pis təsir etmişdi. Buna görə Peyğəmbər Həmzəni həmişə nisgillə xatırlayırdı. Həmin səhabənin oğluna da Həmzə adı qoymasının səbəbi bu idi.
Hədislərdən məlum olur ki, İslam tarixində özünəməxsus yeri olan bəzi məşhur şəxsiyyətlərin adlarını uşağa verməyin maddi faydaları da var. Peyğəmbər buyurmuşdur: «O evdə ki, Mühəmməd, Əhməd, Əli, Həsən, Hüseyn, Cəfər, Talib, Abdullah və Fatimə adını daşıyan adam var, oraya kasıblıq yaxın düşməz» (Küleyni. Əl-Kafi, VI, 19).
Oğlan uşağına Mühəmməd adının verilməsinin savabı isə həddən artıqdır. Hətta Həzrət Mühəmməd Peyğəmbər (s) dörd (bəzi hədislərə görə, üç) oğlundan birinə Mühəmməd adını verməyən atanın Onun ruhuna zülm etdiyini buyurmuşdur. Dini kitablarda yazılıb ki, oğlu olmasını istəyən şəxs ona Mühəmməd adını verəcəyini nəzir etsə, Allah ona oğul bağışlayar. Amma bundan sonra nəzrinə əməl etməlidir. Əgər uşağa başqa ad qoysa, körpə tələf ola bilər. Bəzən İslam ənənəsinə görə, ailədə bu yolla doğulmuş oğlan uşaqlarını fərqləndirmək üçün onlara Mühəmməd və başqa bir adın birləşməsindən ibarət mürəkkəb ad qoyurlar (məsələn, Mühəmməd Kərim, Mühəmməd Əli, Mühəmməd Hüseyn, Mühəmməd Kazim, Mühəmməd Riza və s.). Bir çox böyük müsəlman alimlərinin adlarında bunun şahidi oluruq.
İmam Riza (ə) Peyğəmbərə istinadən buyurmuşdu ki, bir məsələ barəsində məşvərət edən dəstənin içində Mühəmməd və ya Əhməd adını daşıyan adam varsa, həmin məşvərət məclisi xeyri-bərəkətli olar (Təbərsi. Məkarimül-əxlaq, I, 421-422). Həmçinin, içində peyğəmbərlərdən birinin adını daşıyan adamın olduğu evə mələklər vasitəsilə hər gün iki dəfə müqəddəslik (xeyri-bərəkət) gələr (Əllamə Məclisi. Biharül-ənvar, CI, 129).
Mühəmməd adı o qədər möhtərəm və əziz sayılır ki, bu adı daşıyan uşaqla rəftar zamanı da adın hörmətini qorumaq lazımdır. Hədisdə deyilir ki, bir nəfər İmam Cəfər Sadiqin (ə) yanına gəldi. Çoxdan görünməməsinin səbəbini soruşanda cavab verdi ki, oğlu olub. İmam onu təbrik edib soruşdu ki, uşağa nə ad qoymusan? Cavab verdi: «Mühəmməd». İmam Sadiq (ə) vəcdlə yerə döşənib bu adı bir neçə dəfə təkrar etdi, sonra buyurdu: «Canım, övladlarım, ailəm, atam-anam və bütün yer əhli Rəsulüllaha fəda olsun! O uşağa ağır söz demə, onu vurma, onunla pis rəftar etmə! Hansı evdə Mühəmməd adlı adam varsa, o ev hər gün Allahın hüzurunda müqəddəs və mübarək sayılar».
Bir nəfər İmam Cəfər Sadiqdən (ə) soruşdu ki, oğluma Sizin adınızı və ata-babalarınızın adını (yəni imamların adını) qoysam, bir xeyri varmı? İmam cavab verdi: «Vallah, bəli. Məgər din məhəbbətdən başqa bir şeydən ibarətdirmi?». Sonra İmam aşağıdakı ayəni oxudu: «De: «Əgər siz Allahı sevirsinizsə, mənim ardımca gəlin ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın. Allah bağışlayandır, mərhəmətlidir» (Əyyaşi təfsiri, I, 167-168). Hədisdən məlum olur ki, Allah-təala sevdiyi bəndələrinin adını öz övladına qoymuş atanın bu hərəkətini savab kimi dəyərləndirər; çünki Allahın sevimli bəndələrini sevmək və onların adını yaşatmaq gözəl əməldir.
Məsum imamların özləri də bu tövsiyəyə əməl edirdilər. Məsələn, İmam Hüseynin (ə) üç oğlu vardı ki, hər üçünün adı Əli idi. Onları fərqləndirmək üçün Əliəkbər (böyük Əli), Əliövsət (ortancıl Əli) və Əliəsğər (kiçik Əli) çağırırdılar. Müaviyənin hakimiyyəti zamanında Mədinə valisi Mərvan ibn Həkəm bir gün Həzrət Zeynül-abidinlə (ə) görüşüb adını soruşdu (o zaman İmam Hüseyn (ə) sağ idi və Həzrət Zeynül-abidin (ə) hələ imamət məsuliyyətini öhdəyə almamışdı). Zeynül-abidin həzrətləri (ə) adının Əli olduğunu söylədi. Mərvan xəbər aldı: «Qardaşının adı nədir?». Həzrət buyurdu: «Onun da adı Əlidir» (sonralar Kərbəlada şəhid olmuş Əliəkbər nəzərdə tutulur). Mərvan heyrətlə dedi: «Atan öz oğulları üçün Əli adından başqa ad tapmayıbmı?». Həzrət Zeynül-abidin (ə) əhvalatı atasına danışanda İmam Hüseyn (ə) buyurdu: «Əgər yüz oğlum da olsa, yenə onlara Əlidən başqa ad qoymaram» (Küleyni. Əl-kafi, VI, 19).
Qız uşaqlarının adına gəlincə, hədislərdən və İslam müqəddəslərinin həyat tərzindən məlum olur ki, ən çox bəyənilən və tövsiyə edilən qız adları bunlardır: Fatimə, Xədicə, Məsumə, Zeynəb, Ümmi-Külsum, Rüqəyyə, Səkinə və s.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər