“Həcərül-Əsvəd”in (qara daşın) qaralmasının sirri nədir? |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 30-01-2017, 19:55 | Şərh sayı: (0) | Baxılıb: 329
“Həcərül-Əsvəd”in (qara daşın) qaralmasının sirri nədir?
Həcc mövsümündə “həcərül-əsvəd”i (qara daşı) ziyarət etmək, təbərrük məqsədilə öpmək və əl vurmaq Allah evinin hacılarının yerinə yetirdiyi müstəhəb əməllərdən biridir.
“Həcərül-əsvəd” – adındın da göründüyü kimi, qara daş parçasıdır. Kəbə evinin şərq küncündə, yerdən bir metr yarım hündürlükdə və gümüşü çərçivədə yerləşdirilən bu daş dairəvi şəkildədir.
“QARA DAŞ”IN MAHİYYƏTİ
Bu daş ağrəngli behişt yaqutlarından biridir və Allah-Taala onu Əbu Qubeys dağına endirdikdən sonar həzrət İbrahimlə (ə) həzrət İsmailə (ə) onu həmin dağdan götürüb Kəbənin indiki yerində yerləşdirməyi vəhy edir. Əmirəlmöminin Əlidən (ə) belə nəql olunur: “Həzrət İbrahim (ə) və həzrət İsmaildən (ə) öncə Allah-Taala onu həzrət Adəmlə (ə) birgə behiştdən yer üzünə göndərir. Həzrət Adəm (ə) daşı Kəbədəki yerində yerləşdirir. Lakin həzrət Nuhun (ə) tufanından sonra həzrət İbrahimlə (ə) həzrət İsmail (ə) onu vəhy vasitəsilə Əbu Qubeys dağından tapıb öz yerinə qoyurlar. (“Əmali”, Şeyx Tusi, 2-ci cild, səh.91.)
DAŞIN QARALMASININ SİRRİ
Qeyd etdiyimiz kimi, əvvəlcə ağappaq parlaq yaqutdan ibarət olan “həcərül-əsvəd” (qara daş) kafirlərin, müşriklərin və günahkarların təmasları nəticəsində rəngini dəyişmiş və nəticədə qaralmışdır. Peyğəmbəri-Əkrəm (s) Kəbəni təvaf edərkən Ayişəyə buyurmuşdur: “…Behişt yaqutlarından olan qara daş əvvəldə ağappaq idi. Lakin Allah-Taala onun gözəlliyi və parlaqlığını günahkarların günahının təsirindən dəyişdirdi.” (“İləluş-şəraye”, 2-ci cild, səh.427.)
Başqa bir rəvayətdə Əmirəlmöminin Əlidən (ə) belə nəql olunmuşdur: “Qara daş əvvəldə mirvaritək ağ, yaquttək parlaq idi, sonralar isə kafirlərin əlləri onu qaraltdı…” (“Əmali”, Şeyx Tusi, 2-ci cild, səh.91.)
“QARA DAŞ”I ZİYARƏT ETMƏK
Qara daşı ziyarət etmək, öpmək və ona əl vurmaq müstəhəb əməllərdən biridir və Peyğəmbəri-Ərkəm (s) və məsum imamlar (ə) təbərrük məqsədilə onun ziyarətini tövsiyə etmişlər. Bir çox rəvayətlərdə “qara daşı ziyarət etmək” Peyğəmbəri-Əkrəmin (s) sünnəsi kimi tanıtdırılmışdır. Əlbəttə, onu ziyarət edərkən digər zəvvarların halı gözlənilməli və onların əzab-əziyyətinə səbəb olduğu təqdirdə, ziyarətin uzaqdan işarə ilə yerinə yetirilməsi məsləhət görülür.
İmam Rzadan (ə): “Qara daşı ziyarət edənlərin sayı çox olduqda (izdihamlı vaxtda), onu ziyarət etmək üçün güc tətbiq edə bilərikmi?” – deyə soruşduqda, Həzrət buyurdu: “Camaatın izdihamlı vaxtında (uzaqdan) əlinlə qara daşa işarə etsən, kifayət edər.” (“Furui-kafi”, 4-cü cild, səh.405.)
Başqa bir rəvayətdə nəql olunur ki, imam Sadiqdən (ə): “Nə üçün qara daşı yaxından ziyarət etmirsən?” – deyə soruşduqda, Həzrət buyurdu:
أكرِهُ أن اُوذيَ ضعيفاً او اتأذّي
“Zəif bir insana və yaxud özümə əziyyət vermək istəmirəm.” (“Furui-kafi”, 4-cü cild, səh.409.)
Nəql olunur ki, Məkkədə İbn Əbu Əvanə adlı Əməvi məmurlarından biri Peyğəmbərin (s) Əhli-beyti (ə) ilə düşmənçilik edirdi. İmam Sadiq (ə) və ya Əhli-beyt (ə) böyüklərindən biri Məkkəyə daxil olduqda, həmin şəxs onları istehza etməyə başlayırdı. Bir gün imam Sadiq (ə) Kəbəni təvaf edərkən, həmin şəxs o həzrətdən soruşdu: “Qara daşın ziyarəti ilə bağlı nəzəriniz nədir?” Həzrət buyurdu: “Allahın Rəsulu (s) onu ziyarət edirdi.”
Həmin şəxs dedi: “Heç sizin onu ziyarət etməyinizi görmədim?”
Həzrət buyurdu: “Zəif bir insana və yaxud özümə əziyyət vermək istəmirəm.
Həmin şəxs dedi: “Məncə Allahın Rəsulu (s) özü və yaxud başqasının əziyyətə düşməsinə fikir vermədən onu ziyarət edirdi.”
Həzrət buyurdu: “Doğrudur, Allahın Rəsulu (s) onu ziyarət edirdi və insanlar o həzrəti görcək, haqqını ödəyir (ehtiram edir) və yolu açırdılar. Bizim isə haqqımızı ödəmirlər (hörmət etmirlər).” (Furui-kafi”, 4-cü cild, səh.409; “Pərtovi əz əsrari-həcc” kitabından nəqlən, Ustad Abbasəli Zarei Səbzvari.)
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər