Nə üçün şiələr qəbir ziyarətinə kişili-qadınlı getdiyi halda, sünnilər qadınla kişi arasında fərq qoyurlar? |
Müəllif: Admin | Bölmə: Sual-Cavab | Vaxt: 6-01-2016, 12:19 | Şərh sayı: (0) | Baxılıb: 564
Nə üçün şiələr qəbir ziyarətinə kişili-qadınlı getdiyi halda, sünnilər qadınla kişi arasında fərq qoyurlar?
Sual: Nə üçün şiələr qəbir ziyarətinə kişili-qadınlı getdiyi halda, sünnilər qadınla kişi arasında fərq qoyurlar?
Cavab: Şiə fiqhinə görə qəbir ziyarəti həm kişi həm də qadın üçün müstəhəbdir və onlar arasında fərq qoyulmur. Amma səbirsizlik etməmək şərt sayılır. Çünki qəbir ziyarətində məqsəd ibrət götürmək, axirət barədə düşünmək və bağışlanma istəyidir. Bu məsələyə münasibətdə sünnilər arasında ixtilaf var. Hənbəli və şafeilər deyir: "Qəbir ziyarəti istər yaşlı, istərsə də gənc qadınlar üçün məkruhdur. Onların getməsi fəsada səbəb olsa, haramdır.” Hənəfi və malikilər isə belə deyir: "Evdən çıxması fəsad doğurmayan yaşlı qadınlar üçün ziyarət müstəhəbdir. Amma evdən çıxması fəsad doğuran gənc qadınlar üçün ziyarət haramdır.”(Əl-fiqh ələl məzahibil-ərbəə”, c. 1)
Bu ixtilafdan məlum olur ki, onların bu məsələ barədə yetərli dəlili yoxdur. Vəhhabilərin üz tutduğu müfti İbn Baz isə belə deyir: "Qadınlar üçün qəbir ziyarəti haramdır.”("Fətvalar məcmuəsi”, Ben Baz, c. 13, s. 324) İbn Baz bu fətvasında qeyri mötəbər bir rəvayəti dəlil göstərir: "Allahın Rəsulu (s) qəbir ziyarətinə gedən qadınlara lənət oxudu.”(Termizi, "Əl cənaiz”, h. 1056)
Amma bu rəvayət bir neçə səbəbdən məqbul deyil:
Dörd sünni məzhəbinin heç biri bu rəvayətə istinad və əməl etmir.
"Səhihe-Buxari” və "Səhihe Müslim”də bu rəvayət nəql olunmur.
həmin mənbələrdə Peyğəmbər (s) zamanı qadınların qəbir ziyarətinə getdiyini xəbər verən rəvayət nəql olunur. Bu rəvayətlərdən birində Aişə deyir: "Bir gecə Allahın rəsulu mənim yatdığımı güman edib evdən çıxdı. Mən onun ardınca gedib, Bəqi qəbiristanlığına döndüyünü və bir qədər durub dua etdiyini gördüm. Evdə ondan soruşdum ki, Bəqi əhlini mən necə ziyarət edim? O, mənə necə ziyarət etməyi (mətni) öyrətdi.("Səhihe Müslim”, əl cənaiz, fəsil 35, s. 412, hədis 974)
Digər bir rəvayətdə nəql olunur: " Allahın Rəsulu (s) yoldan keçərkən qəbir kənarında bir qadının ağladığını gördü. Həzrət buyurdu ki, Allahdan qorx və səbirli ol. Qadın "çıx get, mənim düşdüyüm müsibətə sən düşməmisən” dedi. Peyğəmbəri tanımayan bu qadına onu tanıtdırdıqdan sonra Həzrətin evinə gedib üzr istədi. Həzrət buyurdu ki, səbir, dəyən zərərdən qabaqdır.”("Səhihe-Buxari”, əl canaiz, s. 205, hədis 1283.) Bu rəvayət "Səhihe-Muslim”də də nəql olunmuşdur. Rəvayətlərdən məlum olur ki, Peyğəmbərin (s) dövründə qadınlar qəbir ziyarətinə gedər və ağlayarmışlar. Həzrət (s) bu ziyarəti qadağan etməmiş, sadəcə, qadınları səbirli olmağa çağırmışdır. Sünnə əhlinin kitablarında belə bir rəvayət də nəql olunur ki, Fatimeye Zəhra (s) atasının vaxtında və ondan sonra Həmzəni və Ühüd şəhidlərinin qəbrini ziyarət edər, namaz qılar, dua oxuyar və ağlayarmış.("Əs-sunənul kubra, Əbddürrəzzaq, c. 3, s. 572 və c. 4, səh-131 və Müstədrəkül-hakim, c. 1, səh-533.)
"Vəsailüş-şiə” kitabında nəql olunur: "Fatimeyi-Zəhra Peyğəmbərdən sonra həftədə iki dəfə Ühüd şəhidlərini ziyarət edərdi. Sünnə əhli nəql edir: "Həzrət Fatimə (s) Allahın rəsulunun dəfnindən sonra qəbirdən bir ovuc götürüb qoxuladı və hüzünlü bir şer oxudu.("Ət-tarixul-qəvim”, Muhəmməd Tahir əl-Kordi, c. 1, s. 196) Yenə nəql olunur ki, Aişə Məkkədə qardaşının qəbrini ziyarət edirdi.(Müstədrəkül-hakim”, c. 1, s. 376) Başqa bir rəvayətdə nəql olunur ki, Aişə həzrət Peyğəmbərin (s) və Əbu-Bəkrin dəfn olunduğu hücrədə namaz qılar, dua oxuyarmış. Ömər orada dəfn olunduqdan sonra Aişə qəbirlər ilə özü arasında divar tikdirdi. O, deyir: "Hücrədə Ömər dəfn olanadək həmişə üzümü açıq qoyar, yüngül geyinərdim. Elə ki, Ömər dəfn olundu, divar tikilənədək tam örtündüm.”("Ət-tarixul-qəvim”,c. 1, s. 193)
Əhməd Hənbəl nəql edir ki, Aişə dedi: "Peyğəmbərin və atamın dəfn olunduğu hücrəyə girdikdə üzümü açar, düşünərdim ki, dəfn olunanlar ərim və atamdır. Amma Ömər orada dəfn olunduqdan sonra, and olsun Allaha, örtünməmiş o hücrəyə girmədim.”(həmin mənbə, s. 208)
Sünnə əhlinin nəql etdiyi rəvayətlərdən aydın olur ki, Aişə mütəmadi olaraq qəbir ziyarətində olarmış. Aişə, Ömər naməhrəm olduğu üçün qəbirlərlə özü arasında divar çəkdirmişdir. Əlbəttə ki, Ömər diri ikən naməhrəm idi və Aişənin bu hərəkətinin heç bir şəri əsası yoxdur. Aişə bu işi ilə müqəddəs olduğunu göstərmək istəyir, hətta ölüdən də həya etdiyini bəyan edir. Maraqlıdır ki, Aişədən ölüdən nə üçün həya etdiyi soruşulmayıb. Soruşan olmayıb ki, qadın dəvəyə minib Bəsrəyədək kişilərlə birlikdə Peyğəmbərin xəlifəsi ilə döyüşə gedə bilərmi?!
"Səhihe-Buxari”də nəql olunur: "İmam Həsənin oğlu Həsən dünyasını dəyişdi. Onun xanımı qəbri başında xeymə qurub bir il bu xeyməni sökmədi...”("Əl-cənaiz”, s. 212, hədis 329.)Rəvayətdən məlum olur ki, ilkin İslam dövrlərində Peyğəmbərin (s) yaxınlarından olan bir qadın il boyu qəbir ziyarətində olurdu və bunu haram bilən, qadağan edən yox idi. Tarix boyu qadınların kişilər kimi həzrət Peyğəmbərin (s) ziyarətində olması göz qabağındadır. Hal-hazırda Məscidün-nəbidə qadınların ziyarəti üçün xüsusi yer ayırılmışdır. Sünni və şiə qadınlar tərəddüdsüz olaraq məsumların qəbrini ziyarət edir, ziyarətnamələr oxuyurlar. Ühüd şəhidləri də beləcə ziyarət olunmaqdadır. Qadınların qəbir ziyarətinə getməsini caiz bilməyən, onlara mane olan, "Peyğəmbər (s) belə qadınları lənətləyib” deyən vəhhabilərdən soruşmaq lazımdır ki, Həzrət (s) nə üçün bu işdə qızına və xanımına mane olmurdu? Yoxsa bu qadınların müxalif olduğu güman edilir? Mümkündürmü ki, həzrət Peyğəmbər (s) onun, Bəqidə dəfn olunanların, Ühüd şəhidlərinin ziyarətinə gələn qadınları lənətləsin? Heç vaxt! Allah müsəlmanları dar düşüncəli, tarix qarşısında kor dayanmış adamların bəlasından qorusun!
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər