Dini cameədə orijinallıq axtarışına çıxanlar |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 17-09-2016, 12:03 | Şərh sayı: (0) | Baxılıb: 238
Dini cameədə orijinallıq axtarışına çıxanlar
Sosial şəbəkələrin fikirlərini bölüşmək üçün hər kəsə tribuna təqdim etməsi, nüfuzlu şrkətlərin potensial əməkdaşlarını işə qəbul edərkən irəli sürdükləri tələblər, Qərb dəyərlərinin sürətlə yayılması və əksərən kor-koranə təqlidi cəmiyyəti tədricən yeni, hətta deyərdik ki, müasir xəstəliyə yoluxdurdu: orijinal görünmək sindromu. Bu mikrob artıq həyatımızın bütün sahələrinə yol tapıb. Qatığın ağ olmasını min illərdir ki, hamı deyir. Sən də de. Hə, nə olsun? Olursan milyonlardan biri. Heç kim fikir vermir, heç kimin yaddaşına həkk olunmursan. Amma başqa variant da var axı! Çıxırsan, deyirsən ki, “ay camaat, qatıq qaradır! O min il əvvəl də, dünən də qatığa ağ deyən əcdadlarımızın gözündə pərdə olub! Həqiqəti isə MƏN kəşf etdim!” Hə, bu başqa məsələ! Dərhal diqqətlər sənə yönəlir. İrəli sürdüyün tezisi sübuta yetirməsən də olar, əsas bu deyil. Əsas odur ki, artıq tanındın, diqqət mərkəzinə düşdün. Söyürlər? Olsun! Məsxərəyə qoyurlar? Olsun! Çox təəssüf ki, bu orijinal görünmək istəyi dini cameədən də yan ötməyib.
Burda bir zəruri qeydə ehtiyac duyuruq. İnsan övladı düşünməlidir, sözsüz. Bu bacarığı ona Allah bəxş edib və düşünməklə Adəm övladı bu nemətin bir növ şükrünü yerinə yetirir. Odur ki, kiməsə kor-koranə inanmamaq, hər bir mətləbi anlamaq istəyi anlaşılandı. Əgər düşünən beyinlər olmasaydı, elm, bəşəriyyət bu qədər inkişaf etməzdi. Amma hər şeydə olduğu kimi, burda da “qızıl orta” prinsipi qorunmalıdır. İfrat və təfrit yolverilməzdir. Bu birincisi. İkincisi isə... Niyyətdən çox şey asılıdır. Əgər sualı anlamaq və bilmək üçün veririksə, çox gözəl, haqqımızdır. Amma camaata, publikaya “iti zəkamızı” nümayiş etdirmək istəyiriksə, məsələ və sahədən asılı olaraq hətta günah qazana bilərik. Çünki bəzən aşkar sezilir: qatığa “qara” deyənlər sırf fitnə törətmək, dini cameədə təlatüm yaratmaq naminə çıxış edirlər. Orijinal olmaq pərdəsi arxasında gizlənərək ad-sanından, tarixdəki mövqeyindən, ümmət və xalq qarşısındakı xidmətlərindən asılı olmayaraq hamıya tənə vurur, dil uzadırlar. Bəzən az qalırlar hələ peyğəmbərdə (s) də səhv arasınlar. Təəssüf ki, bu orijinallıq axtarışına çıxanların əmələ gətridiyi dalğalar bəzən dünənə qədər saf düşüncəli insanları da ağuşuna alır. Qara qatıq axtarışı, bu axtarışın vəd etdiyi şübhəli və məstedici perspektivlər onları da yoldan azdırır. Düzü, çox eybəcər mənzərə yaranır.
Indi isə əsas sual: neyləmək lazımdır? Sadə olduğu qədər də əhatəli və çətin sualdır. Yəqin ki, hər kəsin bu suala öz cavabı var. Olsun. Əgər bu cavab orijinal görünmək istəyindən qaynaqlanmırsa, deməli yaşamağa haqqı var və yaşayacaq. Biz isə öz variantımızı təklif etməklə mövzuya yekun vurmaq istərdik. Əsas qəlblərin Allaha istiqamətlənməsi və köklənməsidir. Əgər hər addımımızın təməlində Allah varsa, o zaman bu addım da yerində və dəyərli olacaq. Elə ki bu təməldə zərrə qədər “mən” işartıları göründü... Bax, məhz buna yol vermək olmaz. Unutmayaq ki, Allah hər şeyi bilir, görür və eşidir. Vəssalam.
islam.az
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər