Hər yer Kərbəladırmı? |
Müəllif: Admin | Bölmə: Slide, Məqalələr | Vaxt: 18-12-2015, 01:42 | Şərh sayı: (0) | Baxılıb: 326
Hər yer Kərbəladırmı?
Şüar labüddür. Tarixə nəzər salsaq, istənilən ciddi hərəkatın müəyyən şüarı olduğunu görərik. Şüar – yəni əsas ideyanı, tələbi lakonik formada ifadə edən çağırış və ya müraciət. Şüarlardan dini sahədə də geniş istifadə olunub və olunur da. Məsələn, hədislərə əsasən, “Cəməl” müharibəsində Əmirəl-mömininin (ə) şüarlarından biri bu idi: “Ha mim, la yün sərunə” (Ey Allahım, bizi əhdi sındıranlar üzərində qalib et). Bir sözlə, şüarları qəbul edir və onları pisləmək fikrindən uzağıq. Amma şüarlarla bağlı bir neçə məqama toxunmaq istərdik.
Əvvəla qeyd edək ki, şüara elə şüar kimi də yanaşmaq lazımdır. Xüsusən də dini sahədə şüarlarla ehtiyatlı olmaq gərəkdir. Şüarda nə ifrata, nə də təfritə varmaq olmaz. Ancaq bəzən görürük ki, şüarlar ikibaşlı olur, hətta deyərdik ki, bəzi şüarların xeyrindən çox ziyanı dəyir. Kimsə nə vaxtsa bir cümlə qoşub ortalığa çıxarıb, hamı da bu cümləni düşünmədən istifadə edir. Sözümüzü bəzi nümunələrlə isbatlamaq istərdik.
“Hər yer Kərbəla, hər gün Aşura”
Bu şüarı söyləməklə insanları zülmə, zalıma boyun əyməməyə, hazqsızlığa məğlub olmamağa təşviq edir, imam Hüseyn (ə) və tərəfdarlarının Kərbəla çölündəki böyük amallar uğrunda şəhid olmalarını xatırladırlar. Gözəl təşəbbüsdür. Amma bir neçə sual var ki, onlara cavab verilsə lap gözəl olar. Məsələn, kimin imtahanı imam Hüseynin (ə) imtahanına çata bilər? Hansı torpaq Kərbəla torpağı tək özünə imam, Peyğəmbər (s) övladları, imam səhabələrinin qanını hopdurub? Bir də ki, Kərbəla və Aşura varsa, o məkanı və o məqamı imam Hüseynsiz (ə) təsəvvür etmək olarmı? Bəs elə isə, kimdir o imamın əbasını üzərinə biçən, imamım əmmaməsini başına qoyan? Həm də hər günün Aşura, hər yerin Kərbəla olması üçün gərək davranışlarında, əməllərində imam Hüseyn (ə) qədər nəfsi istək və ambisiyalarından uzaq ola biləsən. Bunun öhdəsindən gələ bilmiriksə, hər addımımıza, hər hərəkətimizə, hər imtahanımıza Aşura donu geyindirməməliyik.
Anlaşılandı, bu şüarı söyləyənlər demək istəyirlər ki, həyatımızın hər anı xeyir və şər arasında seçim edirik, nəfsimizlə mübarizə aparırıq, ya Allaha doğru addım atırıq, ya da Allahdan uzaqlaşırıq bir addım. Amma gəlin razılaşaq ki, Kərbəlanı min, milyon xırda modellərə bölüb ümmətə paylamaqla sanki imamın da, o torpağın da, ümumiyyətlə o hadisənin də məqamını elə o model nisbətində kiçildir və cılızlaşdırırıq. Heç bir torpaq Kərbəla ola bilməz, heç bir günün müsibəti Aşura gününün müsibətinə çata bilməz və heç kim də imam Hüseyn (ə) ola bilməz, onun yaşadıqlarını yaşaya, duyduqlarını duya bilməz!
“Məqsəd əsas deyil, əsas vəzifədir”
Çox pafoslu bir şüardır. Pafosluluğu qədər də absurd və gülünc. Öncə nəzər saldığımız şüarla müqayisədə çox gəncdir. Elə gənc və təcrübəsiz insanlar tərəfindən də bir müddət öncə ortaya atılıb. Bu şüarın məntiqə tam zidd olması artıq onun absurdluğuna bir dəlildir. Amma yenə də...
Fərz edək ki, səfərə çıxırıq və məqsədimiz Gəncə şəhərinə varid olmaqdır. Amma cibimizdə siçanlar oynayır və çox vaxt aparmayan hesablamalardan sonra görürük ki, bu paralarla biz qədim Nizami yurduna yetişə bilməyəcəyik. Uzaq başı Qaradağda səfərimizi başa vurmalı olacağıq. Çünki maddi vəziyyətimiz ancaq bunu reallaşdırmağa imkan verəcək. Ha indi biz haray salaq ki, bəs, nəticə bizi maraqlandırmır, əsas vəzifəmiz idi. Biz səfərə çıxmalıydıq və çıxdıq da! Yaxşı, bəs bizim Qaradağın düzündə avara-sərgərdan qalmağımıza nə ad verək? Və ya bu düzənlikdə avara-sərgərdan gəzənə baxıb camaat nə düşünsün? Düşünsün ki, ay nə ağıllı, tədbirli, müdrik inşandı bu kəs? Düşünsün ki, övladım bununla dost olsa xoşbəxtliyin açarını tapacaq? Ya, kaş belə kürəkənim, belə oğlum, belə dostum olaydı? Ya da dərhal gedib qoşulacaq ona? Əsla! Zərrə qədər ağılı olan insan Gəncə yerinə Qaradağın biyabanında Məcnun tək dolaşan binəvadan uzaq durmağa çalışacaq. Mübahisə edib Gəncə yerinə Qaradağa gedib çıxanın uzaqgörən, ağıllı olduğunu sübut etmək istəynlərdən də uzaq olsaq yaxşıdır.
Sonda isə toxunduğumuz məsələyə dair Ustad Şəhid Mürtəza Mütəhhərinin nəzəri. Yazını məhz ustadın kəlamları ilə bitirmək istədik. Çünki bəzi insanlara “qatıq ağdır” dedikdə, “buna dəlilin nədir?” sualını verir. Bu da dəlil: “Bizim əqidəmiz budur ki, insan ağlını işə salmalı, bir işin xeyir və zərərini ölçməlidir. Zərəri xeyrindən çox olan işdən çəkinmək lazımdır. Xəvaric isə başqa cür düşünürdü. Onlar, nəticəsindən asılı olmayaraq, əmr edir, çəkindirirdilər. Biri tək-tənha qaniçən xəlifə Əbdülməlikin görüşünə gəlir, sözlərinin heç bir təsir göstərməyəcəyi aşkar olduğu, öldürüləcəyini ehtimal verdiyi halda onu məzəmmət edir, nəticədə, qətlə yetirilirdi. Əli (ə) bu insanları aradan götürdü. Onların aradan getməsinin ən böyük səbəbi bu idi ki, onlar işlərində, xüsusilə də “yaxşılığa dəvət və pislikdən çəkindirmə”də məntiqi bir kənara qoymuşdular. Halbuki belə məsələlərdə insan ağla, məntiqə əsaslanmalıdır.” (Ustad Şəhid Mürtəza Mütəhhəri, "İslam və zamanın ehtiyacları").
P.S. Bəli, ağıl və məntiq. Bu gün ümmətin bəlkə də ən çox ehtiyac duyduğu iki amil. O cümlədən şüarları irəli sürəndə də, bu şüarları səsləndirənlərin ardınca gedəndə də...
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər