Səlbiyyə sifətləri |
Müəllif: Admin | Bölmə: Allahşünaslıq | Vaxt: 23-06-2016, 21:23 | Şərh sayı: (0) | Baxılıb: 629
Səlbiyyə sifətləri
Allah səlbiyyə sifətlərinə malik ola bilməz, çünki bu xüsusiyyətlər Onun zatına əskiklik gətirər. Səlbiyyə sifətlərini bəzən dini ədəbiyyatda “cəlal sifətləri” də adandırırlar. Səlbiyyə sifətlərinin sayı müxtəlif təsnifatlarda fərqli göstərilir. Aşağıda müxtəlif İslam məzhəblərinin əqidə mövzusundakı kitablarında səlbiyyə sifətləri barədə verilmiş məlumatları ümumiləşdirməyə çalışmışıq.
Səlbiyyə sifətlərindən ən mühümləri bunlardır: Allah şəriksizdir (vəhdaniyyət), Allahın əvvəli və axırı yoxdur (qidəm və bəqa), Allah ehtiyacsızdır (qiyam bi-nəfsih), Allah cisim deyildir və heç nəyə bənzəməz (müxalifətün lil-həvadis) və s. Birinci sifət (şəriksizlik) səlbiyyə sifətləri arasında ən mühümü olsa da, geniş izaha ehtiyacı olduğu üçün, onu sonda işıqlandıracağıq.
Allahın əvvəli və axırı yoxdur (QİDƏM və BƏQA)
Allahın əvvəli yoxdur. O, hər şeyin əvvəlidir; o, əzəlidir (İslam əqidəsində buna “qidəm” (yəni qədimlik) deyilir). Allahın sonu da yoxdur. O, hər şeyin axırıdır və o, əbədidir (buna “bəqa” deyilir). Allahın gözəl alarından biri “Əvvəl”, o biri “Axır”dır.
“Əzəli” sözünün mənası budur ki, O, hər şeydən əvvəl mövcud olmuş və bütün şeylər Ondan sonra əmələ gəlmişdir. Allah-təala əzəlidir, çünki hər şeyin yaradıcısı Odur, Onun özünü isə heç kim yaratmamışdır. Əgər Allah əzəli olmasaydı, kiməsə möhtac və bağlı olmalı idi, yəni kimsə Allahı yarada, dəyişdirə və məhv edə bilərdi. Halbuki Allah tam ehtiyacsızdır və heç kimdən asılı deyil, əksinə hamı Ona ehtiyaclı və ondan asılıdır.
Eynilə bu yolla isbat olunur ki, Allah əbədidir, O, hər şeyin məhvindən sonra da mövcud olacaqdır. Onun mövcudluğu sonsuzdur, nəhayətsizdir.
Qurani-kərimdə Allahın əzəlilik və əbədilik sifəti belə təsvir edilir: “Əvvəl də, axır da, zahir də, batin də Odur. O, hər şeyi biləndir!” (Hədid, 3). “(Yer) üzündə olan hər kəs fanidir (ölümə məhkumdur). Ancaq əzəmət və kərəm sahibi olan Rəbbinin zatı baqidir” (Rəhman, 26-27).
Rəvayət edirlər ki, bir nəfər yəhudi Həzrət Əlidən (ə) soruşdu: “Allah nə zamandan mövcuddur?” İmam onun sualına sualla cavab verdi: “Sən soruş ki, Allah nə zaman mövcud olmamışdır? Mənim Allahım hər şeydən öncə var idi; Ondan da əvvəli təsəvvür etmək olmaz. O, hər şeydən sonra da olacaqdır, Ondan sonranı təsəvvürə gətirmək qeyri-mümkündür... O özü hər sonluğun sonudur”.
Allahın mövcudluğunu zaman baxımından anlamaq mümkün deyildir. Yəni Allahın əzəliliyi və əbədiliyi illərlə, əsrlərlə, eralarla ölçülməz. Əvvəldə dediyimiz kimi, hər şeyi yaradan Allahdır. Allah mövcud olduğu zaman nə cansız əşyalar, nə canlılar, nə zaman, nə də məkan var idi. Yalnız cisimlərin zamana və məkana ehtiyacı vardır, Allah isə zamanın və məkanın yaradıcısı olduğu üçün bunların çərçivəsinə yerləşmir. Nə zaman, nə də məkan Allahı əhatə etməyə və Onu öz daxilində məhdudlaşdırmağa qadir deyildir. Ona görə də, Allahın mövcudluğu zaman çərçivəsində qavranıla bilməz. Bizim düşüncəmiz zaman çərçivəsi ilə məhdud olduğu üçün,əvvəli və sonu olmayan heç nə təsəvvür edə bilmirik. Zaman məfhumu daxilində bir şey əgər indi mövcudursa, onun mövcud olmadığı zaman da olmuşdur və o, nə zamansa yaranmışdır. Lakin Allah bütün bu məhdudiyyətlərdən uzaqdır; ona görə də onun olmadığı bir zamanı təsəvvür edə bilmirik. Allah yalnız Özü mövcud olduğu zaman başqa heç nə, heç zaman da mövcud deyildi.
Allah ehtiyacsızdır (QİYAM Bİ-NƏFSİHİ)
Allah-təalanın vücuduna yaraşmayan və ondan uzaq olan səlbiyyə sifətlərindən biri ehtiyacdır. Allah mütləq mənada heç kimə və heç nəyə möhtac deyildir. O, hamıdan üstün və kamildir.
Allahın varlığının üçüncü dəlilini izah edərkən qeyd etmişdik ki, mövcud olan hər şey ya mümkün, ya da vacibdir. Mümkün odur ki, öz mövcudluğunu kənardan alır və başqasına möhtacdır. Vacib isə odur ki, heç nədən qaynaqlanmır, heç nəyə möhtac deyil, müstəqil halda mövcuddur.. Allahın vücudu vacibdirsə, demək, o, ehtiyacsızdır.
Qurani-kərimin bir neçə ayəsində Allahın ehtiyacsızlıq sifəti vurğulanır. “İxlas” surəsinin 2-ci ayəsində buyurulur: “Allah ehtiyacsızdır”. Oxşar məzmunlu ayələrdən daha birində oxuyuruq: “Ey insanlar! Siz Allaha möhtacsınız. Allah isə (heç nəyə, o cümlədən sizin ibadətinizə) möhtac deyildir. O (hər cür) şükrə (tərifə) layiqdir!” (Fatir, 15).
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər