Əhməd Hüseyn Yaqub Urduni |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 1-04-2016, 20:11 | Şərh sayı: (0) | Baxılıb: 271
Əhməd Hüseyn Yaqub Urduni
O, İmam Xomeyninin vəfatının il dönümü münasibəti ilə İrana gəldikdə deyirdi: "Mənim səfər proqramımdan biri İmam Xomeyninin vəfatının ildönümü münasibəti ilə onun məqbərəsini ziyarət etmək idi. O gün sübh çağı onun məqbərəsinə getdim. Burada qadınlı-kişili üç milyonu keçən insan izdihamı ilə qarşılaşdım. Bu qədər insan məzarı dövrəyə almış, əllərini səmaya qaldırmış və farsca şüarlar deyirdilər. Mən tərcüməçimdən bu cəmiyyətin bir ağızla nə dediklərini soruşduqda o, onların belə dediklərini söylədi: "Ey bizim rəhbərimiz! Biz öz imamlarını tək qoyan insanlardan deyilik. Biz səninləyik”.Mən ağlamağa başladım və başa düşdüm ki, düşmən qoşunu qarşısında yalqız qalan İmam Hüseyndir (ə). O gün fikrimdəm Kərbəla hadisəsi haqqında bir kitab yazmaq keçdi və bu qərara gəldim ki, müsəlmanları bu faciənin təfərrüatı ilə tanış etmək zəruridir. Buna görə də vaxtımın bir hissəsini bu işə sərf etməyi nəzir etdim və tədqiqata başladım.Məlum kitabı yazmaqla məşğul olduğum günlər ən çox qəmli, hüznlü olduğum günlər idi. Baş verənləri oxuduqca təsirlənir və dəfələrlə ağlayırdım. Kərbəla hadisəsini oxuyub ağlamayan insan tapıla bilərmi?!”
Əllamə Doktor Məhəmməd Həsən ŞəhhatəO, "əl-Əhzər” universitetinin sabiq müəllimidir. Davamlı araşdırmalar nəticəsində şiə məzhəbinin haqq olduğunu anlamışdır. O, İrana səfər edərkən Əhvaz əhalisi ilə görüş zamanı deyir: "İmam Hüseynə (ə) olan eşqim, malik olduğum bütün nüfuz və karyeramdan əl çəkməyimə səbəb oldu” .Sözlərinin digər bir hissəsində deyir: "Əgər məndən İmam Hüseyni (ə) şərqdə, yoxsa qərbdə axtarmaq lazım olduğunu soruşsalar, mən: "İmam Hüseyni (ə) mənim qəlbimin ənginliklərində axtarın”, - deyə cavab verərəm. Allah-Taala mənə İmam Hüseyni (ə) tanımağı nəsib etmişdir... 50 ildir ki, Əliyə (ə) bağlanmışam və uzun illərdir ki, Əlinin (ə) vilayəti ətrafında təvaf etdiyimi görürəm”.
Əhli-sünnə həqiqətləri ilə tanışlıq;Əhli-sünnə mütəfəkkirlərinin şiəliyə yönəlməsinin ən mühüm amillərindən biri onların öz məzhəblərində mövcud olan bəzi həqiqətləri bilmələridir. Bunu etiraf edən bir neçə mütəfəkkirin söylədiklərinə nəzər salaq:Şiəliyi qəbul etmiş misirli alim Saleh əl-Vərdani yazır: "Əhli-sünnə məzhəbi haqqında deyilə biləcək ən az söz budur ki, bu məzhəb vaxtı ilə hakimiyyətdə olmuş insanların əqidəsidir və bu günədək dövlət məmurlarının əli ilə bəslənmişdir. Hakimiyyət dairələri öz legitimliklərini bu məzhəb vasitəsi ilə əldə edirdilər. Bu, əhli-sünnə məzhəbini yaşadan, genişləndirən yeganə amildir. Çünki onun yaşayacağına səbəb olacaq heç bir əsas yoxdur.Əhli-sünnə məzhəbi hakimiyyət dairələri tərəfindən dövlətin legitimliyini göstərmək məqsədi ilə yaradılmışdır. Əgər dövlət məmurları vasitəsi ilə bəslənməsəydi, yəqin ki, ondan əsər-əlamət qalmayacaqdı. Necə ki, tarix bir çox məzhəbləri, etiqadları məhvə məhkum etdi. Onlara dəstək verən çoxlu sayda insanların olmasına baxmayaraq, məhv oldular. Beləcə bu məzhəb və onun irəli sürdüyü prinsiplər dinin ayrılmaz hissəsi səviyyəsinə gəlib çıxdı. Belə ki, digər məzhəblərin hücumlara məruz qalmasına baxmayaraq, bu məzhəbə tənqidi yanaşmaq yasaq idi. Şişirdilərək müqəddəs don geydirildi. Belə ki, heç kimin ona yaxınlaşmağa haqqı çatmırdı”.O, digər əsərində yazır: "Bir-birinin ardınca hakimiyyətə gələnlər Əhli-sünnə məzhəbinə öz etiqadlarını geniş şəkildə yaymaq üçün imkan yaratdılar. Əhli-sünnə məzhəbi işi o yerə çatdırmışdı ki, digər məzhəbləri mühakimə etdirir və onları incidirdi.Tarixi həqiqətlər göstərir ki, Əhli-sünnə məzhəbi hakimiyyət dairələrinin sayəsində yaşamışdır. Əgər onlar hakimiyyət tərəfindən himayə olunmasaydılar, etiqad bəslədikləri prinsiplər məhvə doğru sürüklənərdi. Həmin himayə bu gün də davam edir. Buna səbəb Əhli-sünnə məzhəbinin hakimiyyətə qarşı yumşaq mövqeyidir”. O, yazır: "Mən uzun müddət əhli-sünnə təfəkkürlü mühitdə yaşamış və orada qeyri-adi uyğunsuzluqlar, təzadlar müşahidə etmişəm. Mən hiss edirdim ki, Əhli-sünnə məzhəbi saray məzhəbidir və ondan siyasi köləlik iyi gəlir. Bu məzhəbdə o qədər zəif məqamlar mövcuddur ki, bunları görən insan rahatlıq tapa bilmir. Məlum zəif məqamların heç bir məntiqi izahı yoxdur”. O, digər əsərində yazır: "Əhli-sünnə məzhəbinə mənsub olduğum dönəmdə insanları rasionalizmə dəvət edir və ağıldan dəm vururdum. Lakin öz həmməzhəblərim tərəfindən birmənalı qarşılanmadım və olmazın ittihamlar, şayiələrlə üzləşdim. Mən çox yaxşı bilirdim ki, ağla qarşı çıxmaq sələflərimizə tam tabe olmaqdır. Ağılla hərəkətin nəticəsi isə insanın həqiqəti qəbul edəcək şəxsiyyətə malik olmasıdır... Mən əsla düşünmədən, araşdırmadan fikir yürütmürəm. Mənim rasional təmayülüm şiəliyi, Əhli-beyt (ə) xəttini qəbul etməmə səbəb oldu”. O, Misirin əl-Əzhər şeyxindən gileylənərək yazır: "Əl-Əzhərin şeyxi dövlət məmurudur. O, hökumətin siyasətinə uyğun addım atır. Elə buna görə də o, əl-Əzhər universitetinin rektoru olduqdan sonra ziddiyyətli fikirlər səsləndirməyə başlamışdır. Qırx, əlli və altmışıncı illərdə əl-Əzhər universitetində şiəliyə qarşı böyük maraq var idi. Bu universitet yetmişinci illərin əvəllərində Misirdə məzhəblərin yaxınlaşması” ilə bağlı yaradılan təşkilatların təsisçisi hesab olunurdu. Lakin İranda İslam İnqilabı qələbə çaldıqdan sonra "əl-Əzhər” universitetinin görkəmli şəxsiyyətləri sanki müharibə elan edirmişlər kimi şiəliyə qarşı çıxmağa başladılar. Onlar şiələri ittiham edərək deyirdilər: "Şiələr səhabələr haqqında nalayiq sözlər deyirlər. Onların mövcud Qurandan əlavə gizli Quranları var”. Onların şiəliyə qarşı əsassız ittihamları bununla bitmir. Məlum ittihamları irəli sürənlər özləri bunların şiəliyə heç bir aidiyyəti olmadığını İran İslam İnqilabından öncə səsləndirmişdilər?!Şiəliyi qəbul etmiş digər əhli-sünnə mənsubu Məhəmməd Kəsiri həmin zəif məqama toxunaraq yazır: "Hakim dairələr hicri dördüncü əsrin əvvəllərindən başlayaraq bəzi fiqhi cərəyanlara qanunilik statusu verdi. Kütlə isə bunu hakimiyyətin o məzhəbləri qəbul etməsi kimi dəyərləndirdi. Zaman keçdikcə həmin cərəyanları müqəddəsləşdirərək həqiqi İslam kimi göstərməyə başladılar. Digər etiqadi cərəyanları isə İslamdan xaric, hətta kafir belə adlandırırdılar. Elə buna görə də onların qanını axıtmağı, əmlakını mənimsəməyi icazəli hesab edirdilər...” Doktor Ticani yazır: "Əksər şiə alimləri əhli-sünnə qardaşlarının Bəni-Üməyyə hiyləsinin, kininin qurbanı olduqlarını bilirlər. Çünki onlar sələflərinə xoş gümanla yanaşır və araşdırmadan onların ardınca gedirlər. Bunu görən Bəni-Üməyyə onları doğru yoldan yayındırır, Allahın kitabından və Peyğəmbərin (s) Əhli-beytindən uzaqlaşdırırdı. Hansı ki, onlara tapınmaq hidayət yolunun qarantıdır”. Əhli-sünnə fiqhinin zəifliyi; Bəzi əhli-sünnə mənsublarının şiəliyə yönəlməsinin səbəbi onların fiqh əsaslarının şiə fiqhinə nisbətən zəif olmasıdır. Misirin şiəliyi qəbul etmiş qabaqcıl hüquqçularından Dəmirdaş ibn Zəki yazır: "Qəzavət işinə girdiyim ilk günlərdə bir müsəlman qadın mənim yanıma gəlib ərindən şikayətlənməyə başladı. O, iddia edirdi ki, xeyli vaxtdır ərim məni tərk edib və aylıq xərcimi də ödəmir. Mən şikayətçi qadının ərini çağırtdırdım və ondan nə üçün belə etdiyini soruşdum. Müttəhim ittihamları rədd edərək bir ildən çoxdur ki, qadınını boşadığını bildirdi. Təbii ki, boşadığı təqdirdə xərclər onun üzərinə düşmürdü. Bu zaman qadının səsi ucaldı və iddia etdi ki, əri yalan deyir. Biz uzun müddətdir birgə yaşayırıq və o, məni boşamamışdır. Mən bu səhnəni müşahidə etdikcə dəhşətə gəldim. Nə hökm çıxaracağımı bilmirdim. Diqqət yetirib gördüm ki, bu problemin kökündə Əbu Hənifənin fətvası dayanır. Çünki o deyir: "Qadını qiyabi şəkildə, aydın və ya kinayəli sözlərlə boşamaq olar”. Özlüyümdə "bu məsələdə ailə məsələlərini daha yaxşı bilən fəqihə müraciət etmək lazımdır”, - deyə düşündüm və bu məqsədlə Hüquq universitetinə gedib qarşılaşdığım məsələni müəllimim Şeyx Məhəmməd Əbu Zöhrəyə danışdım. O, dedi: "Əgər mən belə bir məsələ ilə qarşılaşsaydım, İmam Sadiqin (ə) fətvalarını əsas götürərdim”. Müəllimim mənə Əhli-beyt (ə) məzhəbinin talaq məsələləri ilə bağlı "Talaq” surəsinin şərhinə nəzər salmamı tapşırdı. Araşdırdıqdan sonra belə nəticəyə gəldim ki, Əhli-beytə (ə) və Qurana görə bu növ talaq düzgün deyil. Talaq, mütləq iki ədalətli şahidin hüzurunda oxunmalıdır. Özlüyümdə fikirləşdim: "Sübhanəllah! Necə olub ki, bu hökmlər fəqihlərimizin gözündən yayınıb və nəticədə Allahın halalı haram olub”. Bu hadisə məni Əhli-beyt (ə) məzhəbi haqqında geniş tədqiqat aparmağa, şiə kitablarını oxumağa sövq etdi və nəticədə mən şiəliyi qəbul etdim”. Həqiqətlərin təhrif olunması; Bir çoxlarının şiəliyə yönəlməsinin səbəblərindən biri də şiəliklə bağlı həqiqətlərin əhli-sünnə elm adamları tərəfindən təhrif edilməsidir. Çünki insaflı şəxslər şiələrlə qarşılaşdıqda bu həqiqətlərin təhrif olunduğunu müşahidə edir və şiəliyin haqq və məzlum olması qənaətinə gəlirlər. Onlar başa düşürlər ki, batil olmayan məzhəb həqiqətlərinin üstünün açılmasından qorxmamalı, digərlərini ittiham etməməlidirlər.Ustad Həsən ibn Fərhan Maliki müsəlman elmi ictimaiyyəti tərəfindən tanınan parlaq simalardandır. O, diskussiyalarda insaflı mövqeyi ilə məşhur bir elm adamıdır. Səudiyyə Ərəbistanında yaşamasına baxmayaraq, onun bu mötədilliyi vəhhabilərin qəzəbinə səbəb olmuşdur. Çoxlu sayda elmi əsərlər qələmə alan Həsən ibn Fərhan Maliki (16. 11. 2000 tarixli) "əl-Məcəllə”, (say: 1082) jurnalında dərc etdirdiyi "Qiraətun fi ət-təhəvvülat əs-sünniyyə li əş-şiə” adlı məqaləsində böyük şəxsiyyətlərin şiə olması və şiəliyin yayılması haqqında yazır: "Ticani İraqa getmiş və orada şiəliklə bağlı həqiqətləri yaxından müşahidə etmişdir. O, bizim dindən çıxmaqda ittiham etdiyimiz şiələrin dinə necə bağlı olduqlarını öz gözləri ilə görmüşdür. Yalanların üzə çıxması müasir gəncliyin qarşılaşacağı ən təhlükəli və danılmaz faktdır. Biz tarixdən dərs almalı və digərlərini olduqları kimi göstərməyə çalışmalıyıq. Kim olması mühüm deyil. İstər qərbli olsun, istərsə də şərqli, biz onlar haqqında həqiqəti deməliyik. Hətta bu, xeyrimizə olmasa belə, biz müasir gənclik qarşısında özümüzü gözdən salmamalıyıq”.O, yazır: "Doktor Ticani və digərlərinin dəyişilməsinin başlıca səbəblərdən biri yaranan yanlış mənzərədir. Hansı ki, bu gerçək olmayan mənzərəni biz özümüz yaratmışıq.Əhli-sünnə ifratçı və radikalları şiəliyi belə təqdim edirlər: Onlar Əliyə pərəstiş edir və Cəbrailin səhv etdiyini düşünürdülər. Onların məqsədi şiəlik vasitəsi ilə İslamı məhv etməkdir. Onların Quranı Quranımızla tam fərqlidir. Onlar İslama kin bəsləyirlər. Onların nikahı zina yolu ilə gerçəkləşir və s. bu kimi ittihamlar. Hansı ki, əhli-sünnə bu ittihamlarla gənclərin şəkkini artırır. Beyni şiələrə qarşı bütün bu ittihamlarla dolu olan Doktor Ticani şiələrin ən sıx yaşadığı bölgələrə gedir və bütün bunların iftira olduğunu gördükdə öz məzhəbinin öndərlərinə olan inamını əldən verir. Gənclərimiz bu şəkildə dəyişir və onlarda məzhəbimizə qarşı şübhə yaranır. Kimsə bunun əksini gözləməsin”. "Bəli, İmamiyyə şiələrinin arasında Quranın təhrif olunması qənaətində olanlar olmuşdur. Lakin bu, azlıq təşkil edir. Şiə alimlərinin çoxu həmin fikirdə olanları tənqid məqsədi ilə kitab yazmışlar”. "İctihad iddiasında ifrata varılması Ticaninin əhli-sünnə məzhəbinə qarşı nifrətinə səbəb olan amillərdəndir. Çünki gördüyünüz kimi, o bizim, Müaviyənin Əli (ə) ilə döyüşməsi, səhabələri qətlə yetirməsi, Hücr ibn Ədini öldürməsi, minbərlərdə Əliyə (ə) qarşı nalayiq sözlər söylətməsi, Ziyadı irəli çəkməsi, hədislərə qarşı mübarizə aparması, Yezidin İmam Hüseyni (ə) qətlə yetirməsi, Mədinədə "Hərrə” hadisəsində hər şeyi mübah etməsi və s. haqqındakı "ictihad” fikrimizə istehza ilə yanaşır. Əslində bu fikirlər bizim əhli-sünnədən olan sələflərimizə aid deyil. Bunlar özünü əhli-sünnə kimi təqdim edən nasibilərə aiddir”."Əhli-sünnə mənsubları öz müasirlərinin fikrini yayındıraraq Əhli-beytdən (ə) olan imamların tərcümeyi-halını belə gizlətmişlər. Ticani təsadüfən onların keçdiyi həyat yolu ilə qarşılaşır. Bu bilgilər bizim təhsil ocaqlarımızda, hədis qaynaqlarımızda yad edilmir və onların fəziləti, elmi haqqında heç bir məlumat verilmir. Bütün bunları görən Ticani təbii ki, onlara maraq göstərir”. Şiələrin istinad gücü.Şiəliyə yönəlmənin digər səbəbi isə şiələrin güclü dəlillər göstərməsi və öz əqidələrini yetərli dəlillərlə əsaslandırmasıdır. Şeyx Məhəmməd Məri Əntaki bu haqda yazır: "Bizi şiəliyə doğru çəkən amillərdən biri də şiə elm adamları ilə apardığımız söhbətlər olmuşdur. Mən söhbətlər zamanı sarsılır, özünü müdafiəyə qalxan zəif, məğlub görkəmi alırdım. Halbuki 25 ilə yaxın bir zaman kəsiyində "əl-Əzhər” universitetinin böyük alimlərindən dərs almış, elmi dərəcələrə yüksəlmiş, Şafei və digər məzhəblər haqqında geniş məlumata malik idim”.1Doktor Ticani bu haqda yazır: "Şiələrin önə çəkdiyi dəlillər asanlıqla üstündən keçilə və ya unudula biləcək zəif dəlillər deyil. Əksinə, göstərilən bu dəlillər Qurandan qaynaqlanan faktlardır. Hansı ki, bu dəlillər şiə və əhli-sünnə qaynaqlarında öz əksini tapmışdır. Tarix və hədis kitablarımız bu dəlillərlə doludur və bütün dövrlərdə yaşayan rəvayətçilər bunları qeyd etmişlər”. O, yazır: "Mənim nicat tapacaq məzhəbin imamiyyə şiə məzhəbi olduğuna yəqinimi artıran dəlillərdən biri də bu məzhəbin inanclarının əzəməti və hamı üçün başa düşülən olmasıdır. Biz əhli-sünnə məzhəbində həllini tapa bilmədiyimiz hər bir məsələnin aydın izahını Əhli-beytdən (ə) olan imamların verdiyinin şahidi oluruq”. 1Şiəliyi qəbul edən Məhəmməd Kəsiri yazır: "Sələfilərin öz yaşadıqları bölgələrdə şiəlik əleyhinə yaydıqları kitablar şiəliyin təbliğində önəmli rol oynayır. Çünki sələfiyyə gəncləri bu kitabları mütaliə edərkən şiə etiqadını görür və sələfiyyə əqidələri ilə müqayisə etdikdə öz əqidələrinin yanlış olduğu qənaətinə gəlirlər. Bu gənclər həqiqəti gördükdən sonra sələfilik əleyhinə düşmən simalarından birinə çevrilir, sonunda isə şiəliyə sığınırlar. Biz bunu gündəlik həyatımızda müşahidə edirik”. O, öz iddiasını əsaslandıraraq yazır: "İmamiyyə şiələrin irəli sürdükləri bütün fikirlər güclü dəlillərə dayanır. Onlar öz əqidələrinin isbatı üçün yalnız öz hədis kitablarında qeyd edilən rəvayətlərə deyil, əksinə, əhli-sünnə qaynaqlarında qeyd olunan səhih rəvayətlərə, Quran ayələrinə istinad edirlər. Elə buna görə də əhli-sünnə və ya sələfilikdən şiəliyi qəbul edənlər şiə əqidələrinin isbatı üçün şiə qaynaqlarına əsaslanmırlar. Onlar bütün arqumentləri əhli-sünnə və sələfiyyə qaynaqlarından əxz edirlər. Bu, qarşı tərəfdə şiə məzhəbinə qarşı daha çox maraq oyadır”.3Şiəliyi qəbul etmiş böyük əhli-sünnə alimi Şeyx Məhəmməd Məri Əntaki "Limaza ixtərtu məzhəbə Əhl əl-beyt (ə)” adlı kitabında yazır: "Tam əminəm ki, Allah məni hidayət edərək mənim taleyimə haqq məzhəbin ardıcılı olmağı yazdı. Bu, Əhli-beyt (ə) məzhəbi, Allah rəsulunun (s) nəvəsinin, İmam Cəfər ibn Məhəmməd Sadiqin məzhəbidir”.O, Əhli-beyt (ə) məzhəbini qəbul etməsində mühüm rol oynayan səbəbləri qeyd edərək deyir: Hər şeydən əvvəl, şiə məzhəbinin ehkamlarına əməl etməyin yetərli olduğunu və mükəlləfiyyətlilərin buna əməl etməklə öz vəzifələrini həyata keçirdiklərini gördüm. Keçmişdə və hal-hazırda bir çox əhli-sünnə alimi də bunun doğruluğuna fətva vermişlər. Güclü dəlillər, inandırıcı sübutlar və gündüz parlaq günəşin saçdığı kimi açıq-aşkar sübutlar vasitəsi ilə Əhli-beyt (ə) məzhəbinin haqq olduğu isbat edildi. Bu, elə bir məzhəbdir ki, şiələr onu Əhli-beytdən (ə), onlar da Allahın rəsulundan (s), o isə Cəbraildən və nəhayət, o da Allahdan əxz etmişdir. Quranı-kərimdə bir çox ayələr bizi onların vilayət və dini rəhbərliklərini qəbul etməyə çağırır. İslam peyğəmbərindən (s) nəql olunmuş bir cox hədislər də bizi Əhli-beyt (s) məzhəbinə mənsub olmağa dəvət edir. Mən bunların böyük əksəriyyətini "əş-Şiə və hucəcuhum fi ət-təşəyyö” kitabında qeyd etmişəm. Müasir elm adamlarından şiəliyi qəbul etmiş Saib Əbd əl-Həmid bu haqda yazır: "Mən etiraf edirəm ki, Allahın mərhəməti üzərimdə olmasaydı, yəqin ki, nəfsim inad edərək məni yerə vuracaqdı. Aldanmağa az qalmışdım. Hətta bir dəfə bu, başıma gəldi. Lakin Allah mənə kömək etdi və ağlım başıma gəldi. Gəmiyə minərək nicat tapdım və büllur kimi saf sudan içməyə başladım. İndi səninlə həmin güllərin bahar fəslində üzərimə saldığı kölgəlikdən danışıram.Dostlarım mənim bu vəziyyətimdən xəbərdar olub məni tənha qoydular. Onlar məndən üz döndərərək mənə zülm etdilər. Bir gün onların ən biliklisi olan bir dostum mənə dedi: "Sən nə etdiyini bilirsən?” Dedim: "Bəli, Məhəmməd Baqirin (ə), Zeynül-Abidinin (ə), behişt cavanlarının böyüyünün (ə), möminlərin ağasının (ə), dünya qadınlarının xanımı və Allahın son şərafətli elçisinin (ə) övladı olan İmam Cəfər Sadiqin (ə) məzhəbini qəbul etmişəm".- Nə üçün bizi tərk etdin? Bilirsən camaat bizim haqqımızda nələr deyirlər?- Mən onlara yalnız Peyğəmbərin (s) sözünü deyərdim.- Nə deyərdin?- Deyərdim ki, Peyğəmbər (s) buyurmuşdur:"Mən sizin aranızda bəzi şeyləri qoyub gedirəm. Hansı, ki, siz məndən sonra onlara tapınsanız, yolunuzu azmazsınız. Onlar Allahın kitabı və itrətim - Əhli-beytimdirlər”. Digər bir kəlamında isə Əhli-beyt (ə) haqqında buyurur: "Mənim əhl-beytim (ə) nicat gəmisidir. Onlara tapınan hər kəs nicat tapar”.Saib Əbd əl-Həmid Əhli-beyti (ə) və şiə məzhəbini müdafiə məqsədi ilə bir çox kitablar yazmışdır. Bu kimi kitablara aşağıdakıları misal göstərmək olar: "Mənhəc fi əl-intima əl-məzhəbi”, "İbn Teymiyyə, həyatuhu və əqaiduhu”, "Tarix əl-İslam əs-səqafi vəs-siyasi”.Şiəliyi qəbul etmiş vəkil və qazı Dəmirdaş ibn Zəki Misirin görkəmli və məşhur şəxsiyyətlərindəndir. Uzun illərdir vəkil kimi fəaliyyət göstərir. Bir fiqhi məsələ üzərində müqayisəli tədqiqat apararkən şiə alimlərinin əsaslarının digər məzhəblərə nisbətdə daha güclü və yetərli olduğunu görür. Həmin məsələ onun ürəyində şiəlik qığılcımlarını işıqlandırır. Belə ki, maraqlı bir hadisə onun müqəddəratını tamamilə dəyişir və o, şiə olmaq iftixarına nail olur. Ərəbistana gələn iranlı hacılar özləri ilə birgə təqribən iyirmi bağlamadan çox etiqadi mövzularda kitab gətirirlər. Bütün kitablar dövlət məmurları tərəfindən müsadirə olunur. Şah dönəmində İranın Ərəbistandakı səlahiyyətli səfiri bu məsələni Ərəbistan kralı ilə müzakirə edir. Kral öz növbəsində Ərəbistan Daxili İşlər Nazirinə məsələyə ciddi baxılmasını tapşırır. Daxili İşlər Naziri bütün kitablara baxış keçirilməsi və təhlükəsiz olduğu təqdirdə sahibinə qaytarılması haqqında qərar çıxarır. Bu hadisələrin baş verdiyi zaman Dəmirdaş Hicazdaymış. Ondan, saxlanılan kitablara baxış keçirməsini və sonda öz qanuni fikrini açıqlamasını xahiş edirlər. O, bu kitabları oxuyarkən şiə məzhəbinin haqq olduğunu anlayır və həmin vaxtdan başlayaraq Əhli-beyt (ə) yoluna qədəm qoyur. Şiəliyi qəbul etmiş fələstinli alim Şeyx Məhəmməd Əbd əl-Al uzun müddət tədqiqat apardıqdan sonra şiə məzhəbinin haqq olduğunu anlamış və Əhli-beytə (ə) iqtida etmişdir. O, müsahibələrindən birində deyir: "Mütaliə etdiyim ən mühüm kitablardan biri "əl-Müraciat" kitabıdır. Bu kitab mənim imanımı yox, yalnız məlumatımı artırdı. Məni Əhli-beytin (ə) vilayətinə doğru hidayət edən yeganə hadisə aşağıdakı hadisə olmuşdur. Bir gün qohumlarımdan birinin mağazasının qarşısındakı səkidə əyləşmişdim. Görkəmcə kiçik bir mağaza idi. Mağaza sahibi nəvələrindən birinə onu bir neçə dəqiqəlik əvəz etməsini tapşırdı. Özü isə Əsr namazını qılmağa getdi. Müşahidə etdiyim bu hadisə məni düşünməyə vadar etdi və mən fikrə daldım. Necə ola bilər ki, adi bir insan namaz qılmaq üçün belə kiçik mağazasını başsız qoymadığı və onu əvəz etmək üçün, əmlakını qorumaq məqsədi ilə kimi isə təyin etdiyi bir halda Peyğəmbər (s) böyük bir ümməti başsız, heç bir canişin təyin etmədən qoyub gedir?! And olsun Allaha, bu həqiqət deyildir! Ondan: "Livanda qürbətdə yaşadığınız bir halda yalqızlıq, qorxu hiss etmirsinizmi?" - deyə soruşduqda dedi: "Mənim tənhalığıma səbəb olacaq şeylər və onun acı nəticələrinin olduqca çox və sarsıdıcı olmasına baxmayaraq, mənə heç bir təsir göstərə bilməmişdir və mən heç bir zaman tənhalığımı hiss etməmişəm. Çünki qəlbimdə Əlinin (ə) kəlamına yer vermişəm. O həzrət buyurmuşdur: "Tərəfdarlarının az olduğu üçün heç bir zaman haqq yoldan qorxmayın”. Onun digər müsahibələrində söylədiklərindən:"İnsanlar öz-özlərinə Əhli-beytin (ə) dininə gələcəklər. Çünki bu, fitrətə müvafiqdir. Amma nə etməli, bu din hökumətlərin çəkmələri altında qalaraq tapdanır"."Kəbənin ətrafına toplanaraq təvaf edən hər bir şəxs bilərəkdən və ya bilməyərəkdən, "Zərurət" (Cəbr), "Azadlıq" (İxtiyar) və ya "əl-Əmru bəyn əl-əmrəyn" əqidəsində olmasından asılı olmayaraq, əslində vilayət ətrafına təvaf edir. Çünki Kəbə təzahürdür, orada döğulan insan isə gövhər (substansiya). Təzahürün ətrafında fırlanan, təvaf edən şəxs, əslində gövhərin ətrafında təvaf edir”.O, "Vilayətin sübuta ehtiyacı varmı?" sualına cavab olaraq deyir: "Bizim etiqadımıza görə hər bir şeyin sübuta ehtiyacı var. Lakin "vilayət" tezisinin sübuta, dəlilə ehtiyacı yoxdur və dəlil özü ona möhtacdır".Şiəliyi qəbul etmiş fələstinli mücahid və öndər Məhəmməd Şəhhatə İsrail dustaqxanalarında dustaq həyatı keçirdiyi zaman qaranlıq zindan guşələrində Livan şiələri ilə davamlı mübahisələr nəticəsində şiə məzhəbinin haqq olduğunu anladı. Şiə məzhəbini, Əhli-beyt (ə) məktəbini qəbul etdikdən sonra fələstinlilər arasında onun aşkar və mübariz təbliğatçılarından birinə çevrildi.İndi isə onun müsahibələrinin bəzi hissələrinə nəzər salaq:"Fələstinin qayıdışı Məhəmməd (s) və Əliyədir (ə)"."Mən dünyanın azadlığı uğrunda mübarizə aparan inqilabçıları dünya azadlıqsevərlərinin öndəri İmam Hüseynə (ə) iqtida etməyə dəvət edirəm"."Mənim Peyğəmbərin (s) Əhli-beytinin (ə) məzlumluğuna ürəyim yanır. Fikrimcə, Əli (ə) həqiqətən, məzlum idi. Fələstində işğalçılıq, təcavüz artdıqca o həzrətin məzlumluğu haqqında olan fikir daha da ənginləşir"."Mənim şiə məzhəbi haqqında məlumatsızlığım əhli-sünnə məzhəbinə sədaqətimə səbəb olmuşdur. Ümid edirəm ki, mən, "Necə hidayət oldum" kitabını oxuyuram deyən son şəxs olmayım. Mənim şiə məzhəbini qəbul etməyimin bizi əhatə edən siyasi proseslərə heç bir aidiyyəti yoxdur. Mən digər müsəlmanlarla yanaşı Livanın cənubunda aparılan mübarizələrin qələbə ilə nəticələnən uğurlarından dolayı iftixar hissi keçirirəm. Bütün bu nailiyyətlərin başında "Hizbullah" təşkilatının dayanmasına baxmayaraq, mənim şiə məzhəbinə dönüşümdə əsaslı amil siyasi gedişat olmamışdır. Mənim Əhli-beyt (ə) əqidəsini qavramam daha çox qəlbimin daxili dönüşü nəticəsində baş vermişdir. Əhli-beyt (ə) yolu haqq yoludur. Mən indi ona tapınmışam"."Mənim şiə məzhəbinə dönüşüm siyasi deyil, əqidə ilə bağlıdır". Tezliklə Fələstində şiə məzhəbinin təbliği ilə məşğul olacağam. Allahdan bu müqəddəs işimdə mənə yar olmasını diləyirəm"."Əhli-beytdən (ə) olan sonuncu imam həzrət Qaimin (əc.) gözlə görünməyən yardımları Fələstin əhalisinin hərəkətə gəlməsinə, daimi mübarizəsinə səbəb olmuşdur. Biz onun yardımları nəticəsində qazanılan qələbələri gözümüz önündə müşahidə edir və o həzrətin (əc.) zühur edəcəyinə ümid edirik. Mən onunla batini əlaqə yaradır, problemlərimi onunla bölüşürəm və ondan bu çətin məqamda bizə diqqət yetirməsini istəyirəm"."Mən dünya azadələrinə, xüsusilə fərqli məzhəblərə mənsub olanlara tövsiyə edirəm ki, İmam Hüseyni (ə) və onun zülm əleyhinə qiyamını örnək olaraq qəbul etsinlər və heç bir zaman böyük şeytan Amerikanın və İslam dünyasında inkişaf etməkdə olan xərçəng şişinin törətdikləri zülm və cinayətlərə biganə qalmasınlar"."Mən çıxış üçün dəvət olunduğum, Fələstində (minlərlə insanın iştirakı ilə) təşkil olunan konfrans və iclaslarda bütün sözlərimi Peyğəmbərin (s) əhli-beytinin (ə) həyat tərzi üzərində qururam. Bu çıxışlar Fələstin cəmiyyətinin Əhli-beytlə (ə) bağlı fikirlərində böyük dönüş yaratmışdır. Mən bu metodumu davam etdirəcəyəm ki, Fələstin xalqı onların qədrini bilsin və onların yolu ilə gedərək, Allahın izni ilə qələbə çalsın..."."Allahın iradəsi və bir çox mömin qardaşlarımın həmkarlığı ilə tez bir zamanda Fələstində Əhli-beyt (ə) məzhəbini təbliğ edərək önə çəkəcəyəm. Ümidvaram ki, bu, İmam Mehdinin (əc.) zühuruna bir növ zəmin yaradacaqdır".Misirin "əl-Əzhər" universitetinin elmi heyətinin sədri, şiə məzhəbini təbliğ və müdafiə etdiyinə görə açıqca ona hücum etdikdə belə cavab verdi: "Mən yalnız bunu deyirəm: "İlahi! Mənim xalqımı hidayət et! Onlar başa düşmürlər...!” Sonra deyir: "O, mənim şiə məzhəbi haqqındakı məlumatsızlığımın şiə olmağıma səbəb olduğunu dedikdə söylədim: "Əslində bu məlumatsızlığım hələ də əhli-sünnə məzhəbində qalmağıma səbəb olmuşdu. Lakin indi şiə məzhəbinin haqq olduğunu etiraf edirəm”.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər