Əhli-beyt (ə) Əli (ə)-ın gözü ilə |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 10-01-2016, 16:52 | Şərh sayı: (0) | Baxılıb: 358
Əhli-beyt (ə) Əli (ə)-ın gözü ilə
1. Əli (ə) Peyğəmbərin (s) Əhli-beytini (ə) vəsf edərkən xalqa müraciətlə buyurur: "Ey camaat! Hara gedirsiniz? Nə üçün haqqdan yayınırsınız? Haqqın bayraqları bərpadır, nişanələri aşkardır. Hidayət çıeaqları yolu göstərdiyi bir halda yolunu azmışlar tək hara gedirsiniz? Nə üçün sərgərdansınız? Halbuki Allah peyğəmbərinin (s) itrəti sizin aranızdadır. Onlar haqqın öndərləridirlər. Dinin rəhbərləri və doğru danışan dillərdirlər”.
2. "Ey camaat! Peyğəmbərinizin (s) Əhli-beytinə (ə) baxın. Onlar hansı səmtə addım atsa, siz də o səmtə gedin. Ayağınızı onların ayaq izlərinə qoyun. Çünki onlar sizi hidayət yolundan çıxarmazlar, fəlakətə sürükləməzlər. Əgər sussalar susun, əgər qiyam etsələr qiyam edin. Onlardan önə keçməyin ki, yolunuzu azarsınız. Onlardan geri qalmayın ki, məhv olarsınız”.
3. "Ey camaat! Biz Peyğəmbər (s) Əhli-beyti (ə) onun əyninə geyindiyi köynək kimiyik. Onun sadiq dostları, vəhy elminin xəzinədarları, o maarifə giriş qapısıyıq. Qapıya yaxınlaşmadan kimsə evlərə daxil ola bilməz. Qapıdan yox, başqa yolla girmək istəyən isə oğrudur”.
4. "Quran elminin bilicisi biz yox, özləri olduğunu düşünənlər hardadırlar? Onlar bu iddianı yalan və zülm olaraq bizim əleyhimizə rəva gördülər. Allah biz Peyğəmbər (s) Əhli-beytini (ə) yüksəltdi. Onları isə alçaltdı, xar etdi. Bizə əta etdi, onları isə məhrum etdi. Bizi öz nemətlərinə daxil etdi, onları isə xaric etdi. Hidayət yolunu bizim bələdçiliyimizlə keçirlər. Kor könüllər şəfasını bizdən diləyirlər”.
5. "Həqiqətən, mən sizin aranızda qaranlıq gecədə parlayan işıq misalındayam. Kim ona doğru gəlsə, işığından istifadə edəcək”.
6. "Onlar – Əhli-beyt (ə) – biliyin həyat rəmzi, nadanlığınsa ölüm rəmzidirlər. Onların helmi sizə biliklərindən, zahirləri batinlərindən, sükutları məntiqlərindən xəbər verir. Nə Allahın dininə qarşı müxalifdirlər, nə də onda ixtilaf edirlər”, Nümunələr
Şiəliyi qəbul etmiş insanları dinlədikdə bu amilin onlara yüksək təsirinin şahidi oluruq. İndisə onların etiraflarına nəzər salaq:
Şiəliyi qəbul etmiş Məhəmməd ibn Əli Mütəvəkkil yazır: "Bizim tədris proqramımızda Əhli-beytin (ə) adı belə çəkilmirdi. Halbuki dərsliklərimiz şərq və qərbi əhatə edən zəif və güclü məlumatıarla dolu idi. Bu, bizdə haqlı suallar doğururdu. Çünki ali təhsil alan biz gənclər özümüzü İslam hərəkatına aid edir, lakin İmam Əli (ə), qadınların örnəyi həzrət Zəhra (ə), onların övladları Həsən (ə) və Hüseyn (ə), eləcə də həzrət Zeynəb (ə) haqqında haradan məlumat ala biləcəyimizi bilmirdik. Bizə onlar haqqında hər hansı bir məlumat verilmirdi. Tədris proqramında Əhli-beytin (ə) keçdiyi həyat yolu nəzərdə tutulmamışdı. Buna səbəb onların həyat tərzi ilə hər hansı bir tanışlığın bir çox cinayətləri üzə çıxarması idi. Müəllimlərimiz, universitet rəhbərliyi bəzilərinin cinayətlərinin üstünün açılmasını və tələbələrin tarixi həqiqətləri bilmələrini istəmirdilər”.
Şiəliyi qəbul etmiş digər haqq yolçusu Əbd əl-Münim Həsən isə yazır: "Ümmətin bəhrələnə biləcəyi və Əhli-beytə (ə) məxsus böyük elmi-mədəni irs mövcuddur. Lakin bu ümmət özünü ondan məhrum etmişdir. Əhli-beytin (ə) məni valeh edən özəlliklərindən biri Allahla minacat etmələri, onun hüzurunda yüksək ədəblə danışmalarıdır. İmam Səccada (ə) aid bütün duaların toplandığı "Səhifə əs-Səccadiyyə” kitabını oxuyan hər bir şəxs "Nə üçün əhli-sünnə alimləri bu kitaba əhəmiyyət vermirlər?” – deyə təəccüb edir. Buna səbəb İmam Səccadın (ə) Əhli-beytdən (ə) biri olmasıdır; yoxsa tamam başqa bir səbəbmi var?”
Doktor Ticani Səmavi yazır: "Özünü müsəlman adlandıran hər bir kimsə haqqı tanımaq, azğınlıqdan amanda qalmaq, qiyamət günü xilas olaraq cənnətə girmək və Allahın razılığını əldə etmək istəyirsə, nicat gəmisinə minməli, Əhli-beytə (ə) sığınmalıdır. Heç kim onları tanımadan hidayət yolunu keçə bilməz. Bu, Peyğəmbərin (s) qoyduğu yol, Allahın ümmətə bəxş etdiyi nemətdir”.
Əbd əl-Münim Həsən yazır: "Əhli-beytin (ə) həyat tərzinə, buyruqlarına ümumi baxış keçirmək onların Peyğəmbərə (s) nazil olunan vəhyin əmanət olunduğu ideallar olduğunu başa düşmək üçün kifayətdir. Bu böyük əmanətin, ağır yükün ara-sıra şeytanın vəsvəsəsinə məruz qalan insanlara verilməsi əsla mümkün deyil. Digərlərindən daha biliksiz olan, nəfsinin istəklərinə uyan, qəbiləsinin hüquqlarına üstünlük verən şəxs bu əmanəti qoruya bilməz. Mən Əhli-beyt (ə) kəlamlarındakı nuru digərlərinin sözlərində görmədim. Onların ümməti tərbiyə üsullarını, açıqlamalarını gördükdə insan yer üzündə ilahi xilafətin həqiqi mənasını dərk edir. Tarixdə onların kimsədən elm öyrəndikləri haqqında hər hansı bir məlumat yoxdur. Lakin çoxları onlardan elm öyrəndiklərini iddia etmişlər”.
Şiəliyi qəbul etmiş Yasin Məyuf Bədrani yazır: "Bizim Quranı sevməmizə, ona hörmət bəsləməyimizə səbəb, onun bəşəriyyəti zülmətdən nura hidayət etməsidir. Biz Quranı "eşitdik” deyib, amma əslində eşitməyənlər kimi oxumamalıylq. Əksinə, biz Quranı açıq fikirlə, iman dolu qəlblə oxumalıyıq və beləcə Əhli-beytin (ə) uca məqamını açıqlayan ayələri başa düşməliyik. Sən, ey mömin qaardaş! Onların kitablarını tədqiq edib, onları tanımalı, Allahın yalnız onlara bəxş etdiyi özəllikləri dərk etməlisən. Ümid edirəm ki, bu sənin və başqalarının yanlışlıqlar girdabından qurtulacağına gətirib çıxaracaqdır”.
Şiəliyi qəbul edən Şeyx Həsən Şəhhatə yazır: "Əhli-beytin (ə) məqamı böyük imamət məqamıdır. Onlar bu varlıq aləminin təməlləri, hidayət ulduzlarıdırlar. Onlara tabe olub, ardınca gedən Allahın doğru yoluna yönəlmiş olar. Onları tanımayanlar isə "məğzubi ələyhim” və "zallin” dən olacaqlar. Əhli-beyt (ə) hidayət çırağı, nicat gəmisidir. Onlar bizim imamlarımız, ixtiyar sahiblərimizdirlər. Onlara itaət, Allahın itaətinin davamı olaraq vacib edilmişdir. Bu, Quranda söylənilən gerçəklikdir. Onlar Quranın xəzinədarları, doğru yolun hidayət ulduzlarıdırlar. Onlar ümmətin ən əməlisaleh insanları, ilahi övliyalardırlar. Onlar "zikr” əhlidirlər, dini məsələlərdə onlara müraciət etməmiz istənilmişdir. Onlar düzgün din yolçularıdırlar. Belə olan halda, ağla malik hər bir müsəlman, tövhid əhli istənilən həyati durumlarda onlara tabe olmalıdır. Çünki onlar müqəddəs, pak və məsum varlıqlardırlar”
Doktor Ticani yazır: "Şiələr sabitqədəm olub, səbir edib, haqqa tapınıblar. Mən bütün elm adamlarını şiə alimləri ilə görüşməyə, onlarla elmi diskussiyaya girməyə çağırıram. Şübhəsiz, onlar bu diskussiyadan şiəliyin haqq olduğu qənaətinə gələrək ayrılacaqlar.... Bəli, mən mənsub olduğum ilk məzhəbi əvəz edəcək yenisini tapdım. Sonra Allah məni ona doğru hidayət etdi. Əgər Onun hidayət və lütfü olmasaydı, mən bu məzhəbi qəbul edə bilməzdim. Həmd və səna o Allaha məxsusdur ki, məni "naciyə” (nicat tapacaq) məzhəbə doğru yönəltdi. Hansı ki, uzun müddət olmazın zəhmətlərə qatlaşaraq onu axtarırdım. Əliyə (ə) və Əhli-beytinə (ə) tapınan hər bir kəsin qırılmaz möhkəm ipdən yapışdığına zərrəcə şübhəm yoxdur. Peyğəmbərin (s) bu haqda çoxlu sayda hədisləri var. Bu rəvayətlər məzhəbindən asılı olmayaraq bütün müsəlmanlar tərəfindən yekdilliklə qəbul olunur. Ağıl da haqqı tanımaq üçün ən yaxşı bələdçidir. Bəli, Allaha həmd olsun ki, mən öncəki məzhəbimi ən yaxşı şəkildə əvəz edəcək məzhəbi tapdım. Möminlərin əmirinə, Əliyə (ə) etiqad baxımından Peyğəmbərə (s) itaət etdim. Behişt gənclərinin önündə gedən iki gənci, İmam Əbu Məhəmməd Həsən (ə) və İmam Əbu Abdullah Hüseyni (ə), Peyğəmbərin (s) ürək parçası, imamlar anası, imamətin qaynağı, qəzəbi ilə Allahın qəzəbləndiyi, qadınların ən yaxşısı həzrət Fatiməni (ə) Peyğəmbərlə (s) tanıdım. İmam Malikin əvəzinə bütün imamların müəllimi İmam Cəfər Sadiqi (ə) və İmam Hüseynin (ə) nəslindən olan doqquz məsum imamı seçdim”. O , "Elm şəhərinin qapısı” hədisini qeyd edərək yazır: "Əgər Əlinin (ə) elm şəhərinin qapısı olduğunu qəbul edirsinizsə, nə üçün din və dünya ilə bağlı məsələlərdə Əliyə (ə) tapınmırsınız? Nə üçün bilərəkdən Peyğəmbər (s) elminin qapısını tərk edib Əbu Hənifə, Malik, Şafei, Əhməd ibn Hənbəl və İbn Teymiyyəyə təqlid edirsiniz? Hansı ki, bunlar heç zaman onun elm, fəzilət, əməl və şərəfinə tay ola bilməzlər”. Sonra əhli-sünnəyə müraciətlə yazır: "Ey mənim həmvətənlərim! Sizi haqqı axtarmağa, təəssübdən uzaq olmağa çağırıram. Biz Bəni-Üməyyə və Bəni-Abbas qurbanlarıyıq. Biz, tarıxın qara səhifələrinin qurbanlarıyıq. Biz, sələflərimizin bizim üçün irs qoyub getdiyi təəssübkeşliyin, kortəbiiliyin qurbanlarıyıq”.O, şiəliyi müdafiə məqsədi ilə aşağıdakı kitabları qələmə almışdır: "Sümmə ihtədəytu”; "Liəkunə məə əs-sadiqin”; ”Fəsəl əhl əz-zikr”; "əş-Şiə hum əhl əs-sünnə”; "İttəqullah”. Şiəliyi qəbul edən digər elm adamı Seyid Mötəsim Əhməd Sudani bu haqda yazır: "Mən, izah etməyə çətinlik çəkdiyim daxili hisslər keçirirəm. Bu hisslərimi belə ifadə edə bilərəm. Hər keçən gün Əhli-beytə (ə) tapındığım üçün özümü Allaha daha yaxın hiss edirəm. Onların kəlamlarına diqqət yetirdikcə, haqqında düşündükcə, imanımın, yəqinimin daha da artdığını görürəm. Qənaətimcə, şiəlik olmasaydı, İslamdan əsər-əlamət qalmazdı. Əhli-beyt (ə) təlimlərini öz üzərimizdə tətbiq etdiyimiz zaman imanın ləzzətini, yəqinin lətafətini hiss edirik. Əhli-beyt (ə) yolu ilə bizə gəlib çatan dualar, minacatlar heç bir məzhəbdə mövcud deyil. Onları oxuyub minacatın şirinliyini duyuram”.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər