Mənə çox ağırdır ki, xalqın hamısını görəm, amma sən görünməyəsən |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 21-01-2016, 11:34 | Şərh sayı: (0) | Baxılıb: 259
Mənə çox ağırdır ki, xalqın hamısını görəm, amma sən görünməyəsən
Mənə çox ağırdır ki, xalqın hamısını görəm, amma sən görünməyəsən və sənə mənim həzin səsim, gizli pıçıltım çatmasın. Mənə çox çətindir ki, mən salamat olduğum halda, səni imtahanlar əhatə etsin və mənim ah-naləm, şikayətim sənə çatmasın. Canım sənə fəda olsun, ey elə bir qaib şəxs ki, bizdən uzaq deyilsən! Canım sənə fəda olsun, ey hər bir qadın və kişinin arzuladığı şəxs! Onlar səni yada salar, ağlayıb-sızlayarlar. ...Mənə çox çətindir ki, sənsiz cavab eşidəm, xoş sözlər dinləyəm. Mənə çox çətindir ki, sənin ayrılığın üçün ağlayım, ancaq başqaları səni tərk etsinlər. Görəsən, bir köməkçi varmı ki, onunla birlikdə ah-nalə edim, ağlamaq səsimi ucaldım? Ey Əhmədin (s) oğlu, görəsən, səninlə görüşmək üçün bir yol vardırmı? ...Nə zaman sənin içməli çaylarına daxil olub sirab olacağıq? ...Nə zaman həmişəlik sənə qovuşacaq və gözlərimizin yaşı quruyacaq? ...Nə zaman sən bizi görəcəksən və biz də səni görəcəyik və sən də aşkar görünən (zəfər) bayrağını yer üzünün hər yerinə sancacaqsan? Nə vaxt biz sənin ətrafına yığışacağıq və sən zalımları məhv edəcək, yer üzünü ədalətlə dolduracaq, öz düşmənlərinə xarlıq və zilləti dadızdıracaq, cəzalandıracaqsan? Nə vaxt haqqa təcavüz edənləri və haqqı inkar edənləri həlak edəcəksən, təkəbbürlülərin və zalımların kökünü kəsəcəksən? Və o zaman biz də deyəcəyik ki, aləmlərin Rəbbi olan Allaha şükür olsun! ...Haradadır nəfsani ehtiraslara pərəstişin, əyriliklərin əsər-əlamətlərini məhv edən?! ...Haradadır Allah övliyalarına izzət bəxş edib, düşmənlərini məhv edən?! ...Haradadır nemətlərin əta olunduğu Allah qapısı?! ...Haradadır fəth gününün sahibi və hidayət bayrağını yüksəldən?! ...Haradadır peyğəmbərlər və onların övladlarının intiqamını alan?! ...Haradadır məxluqatın başçısı, yaxşılıq və təqva sahibi?! ...Haradadır din nişanələrini və din əhlini dirçəldən şəxs?! ...Haradadır həddini aşanların izzət və şövkətini tar-mar edən?! ...Haradadır günahkarları, azğınları və tüğyan əhlini həlak edən şəxs?! ...Haradadır din və şəriəti öz əslinə qaytarmaq üçün seçilmiş insan?! ...Haradadır Allah kitabını və onun qanunlarını dirçəltmək üçün arzu olunan şəxs?! «Qarşınızdakı on iki hədisdən ibarət olan bu kitabça İslam Peyğəmbərinin (s) nəslindən və on birinci İmam Həsən Əskərinin (ə) övladı olan İmam Mehdinin (ə.f) şəxsiyyəti, zühuru, hakimiyyəti və dünyada görəcəyi işlər barəsindədir. Bir çoxlarının bu böyük şəxsiyyət barəsində kifayət qədər məlumatlı olmadıqlarını nəzərə alıb, bu gözəl və eyni zamanda müxtəsər şəkildə tərtib olunmuş kitabçanın tərcümə olunub əziz oxuculara təqdim edilməsini zəruri hesab etdik. Bizə elə gəlir ki, bu qısa məlumatları oxumaqla o həzrətin müqəddəs vücudu haqqında ümumi təsəvvürlər əldə etmək olar. Qeyd etmək lazımdır ki, bu kitabçanın müəllifi Qum elmiyyə hövzəsinin böyük müctəhidi və eləcə də dünyanın tanınmış alimlərindən olan Ayətullah-uzma Məkarim Şirazidir. Müəllif İslam dininin bir çox sahələrinə aid olan onlarla qiymətli əsərlər yazıb-yaratmışdır ki, hətta onların adlarını burada sadalamaq imkan xaricindədir. Həmin əsərlərdən təkcə Qurani-Kərimin izahlı şərhinə (təfsir) aid yazılmış iyirmi cildlik «Təfsiri-nümunə» adlı kitabın adını çəkmək olar. Bu kitab dünyanın bir çox dillərinə tərcümə edilmiş və geniş oxucu kütləsi tərəfindən rəğbətlə qarşılanmışdır. O, hal-hazırda sağdır və Qum şəhərində elmi-tədqiqat işləri, eləcə də dini fəaliyyətlə məşğuldur. İmam Mehdi (ə.f) təkcə İslam dininin müjdə verdiyi və ardıcılları tərəfindən intizarı çəkilən şəxsiyyət deyildir. Bu şəxsiyyət barəsində Tövratda, İncildə və başqa mənbələrdə də məlumat verilmiş və onun bir zaman zühur edərək dünyaya hakim olacağı, haqsız tökülən qanları dayandıracağı və dünyada ədaləti bərqərar edərək əmin-amanlıq yaradacağı bildirilmişdir. Qeyd etmək lazımdır ki, peyğəmbərlərdən sonra o səmavi kitabların təhrif edilməsinə baxmayaraq, Allahın iradəsi ilə onlarda həqiqəti sübut edən bir çox incəliklər qorunub-saxlanılmışdır. Onlar diqqətlə və tədqiqatçı nəzəri ilə mütaliə edilərsə, həmin mətləblərin orada öz əksini tapdığı aydın görünər. İslami mənbələrdə İmam Mehdi (ə.f) barəsində olan məlumatlar o qədər genişdir ki, onu heç kəs inkar edə bilməz. İslam Peyğəmbəri (s) və onun nəslindən olan on bir məsumun hədislərində İmam Mehdi (ə) barəsində bir müddət qeybə çəkilməsi, xalqın onun varlığı barəsində şübhəyə düşməsi, zühurundan əvvəlki zamanların hadisələri, hansı nişanələrdən sonra üzə çıxacağı, döyüşləri, dövlət quracağı, həzrət İsanın (ə) sübh namazı vaxtı Fələstində yerə enib İmamın namazına qoşulacağı, o həzrətin bütün insanları mənəvi və maddi cəhətdən yüksək dərəcədə təlim edəcəyi, nəticədə ədalətsizliyin yer üzündən tamamilə silinəcəyi, dünyanın əksər xalqlarının İslam dinini qəbul edəcəyi və s... bildirilmişdir. Xristianlar özləri də təsdiq edirlər ki, həzrət İsa (ə) gələcək və xalqı yenidən dinə, mənəviyyata dəvət edəcək. Lakin onlar bilərəkdən və ya səhvən bir həqiqəti gizlədirlər. Həmin həqiqət İsanın (ə) yenidən zühur etdikdən sonra insanları hansı dinə dəvət etməsindədir. Əlbəttə, həzrət İsa (ə) da onları təhrif olunmuş xristianlığa deyil, İslam dininə dəvət edəcəkdir. Çünki sonuncu səmavi məktəb olan İslam dini və eləcə də Qiyamətə qədər hər növ təhriflərdən amanda qalacaq Qurani-kərimdə buyurulur ki, Allah yanında din yalnız İslam dinidir. Bəli, həzrət İsa (ə) gələcək və onları təhrif etdikləri dindən əsl dinə – İslama doğru çağıracaqdır. Onlar da öz peyğəmbərlərinin çağırışına müsbət cavab verəcəklər. Bir neçə il bundan qabaq bəzi xristian qrupları tələsərək guya həzrət İsanın (ə) 2000-ci ildə zühur edəcəyini elan etmişdilər. Ancaq məlum olduğu kimi, gözlənilən bu hadisə baş vermədi. İslami etiqadlara əsasən, İmam Mehdinin (ə.f) nə vaxt zühur edəcəyini yalnız Allah-taala özü bilir. Ancaq onun zühuru barəsində xəbər verilən nişanələrdən belə məlum olur ki, biz zühur astanası dövründə yaşayırıq. Bəzi alimlərin nəzərinə görə, zühurdan qabaq aşkar olunacaq dörd yüz əlamətdən artıq üç yüz doxsan dördü baş vermişdir. Deməli, belə məlum olur ki, biz İmam Mehdinin (ə.f) zühuruna təsadüf edəcək axırəz-zamanda və ya ona yaxın bir dövrdə yaşayırıq. Hər halda bizim vəzifəmiz bəşəriyyəti bəlalardan xilas edəcək ilahi bir şəxsiyyətin yolunu gözləmək və onun intizarını çəkməkdir. Yorucu və süstləşdirici intizar deyil, qurucu və ümidverici bir intizar! Yəni bizlər o həzrətin zühuru üçün çalışmalı, ədalət və insaniyyətin bərqərar olunması üçün əlimizdən gələni əsirgəməməli, o böyük xilaskarın yaradacağı inqilabın zəminələrini hazırlamalıyıq. Axır zamandı, bir qulaq as, ərşi titrədir Millətlərin haray-mədədi, əl-əmanəsi... (Seyid Muhəmmədhüseyn Şəhriyar) İmam Sadiq (ə) «Səcdə» surəsinin 29-cu ayəsinin təfsirində buyurmuşdur: «Ey Peyğəmbər! Sənə deyirlər ki, əgər doğru deyirsinizsə, deyin görək, qələbə günü (fəth günü) nə vaxtdır? De ki, qələbə günü kafirlərin iman gətirmələrinin bir faydası olmadığı və onlara möhlət verilmədiyi gündür». «Qələbə günü Qaimin (Sahibəz-zaman) əliylə dünyanın fəth ediləcəyi gündür. O gün əvvəlcədən ona iman gətirməyənlərin və zühur intizarında olmayanların iman gətirmələrinin və sonradan onu qəbul etmələrinin elə bir qədir-qiyməti olmayacaqdır. Faydalı iman o imandır ki, əvvəlcədən intizarda olmaqla yanaşı olsun. Allah-taala iman gətirib intizarda olanların məqamlarını yüksəldər. Bu xeyirli mükafat Əhli-beyti sevənlərə məxsusdur». Məgər biz istəmirik ki, zülm sona çatsın, haqsız axan qanlar dayandırılsın, zəiflərin çörəklərini əllərindən qapanlar cəzalarına çatsın, qəmli ürəklər uzun bir müddətdən sonra sevinc işığıyla parıldasın, pulsuzluq ucbatından evə dönərkən ürəyi kədərdən yanan ataların dərdinə son qoyulsun, küçələrdə səfalətlə dolanan xəstə körpələr rahatlıq tapsın?! Məgər biz istəmirik ki, evimiz, namusumuz daxili və xarici düşmənlərin hücumlarından, təcavüzlərindən amanda qalsın?! Məgər biz istəmirik ki, ölkələri və ölkəmizi bürüyən əxlaqi pozğunluqlara son qoyulsun, pulsuzluq nəticəsində öz evini, el-obasını tərk edən xalqımız öz vətənlərinə dönsün, hər tərəfdən torpaqlarımıza mənfur caynaqlarını batıran təcavüzkarların əlləri kəsilsin?! Görəsən, ürəyimiz yanmır, qəlbimiz daşlanmışdır, başımıza daş düşməsə, başına daş düşənlərin harayına tələsməyəcəyik? Nə vaxta qədər cinsi ehtirasları söndürmək arxasıyca qaçacağıq, nəfsani istəklərə qul olacağıq, boş vədlərin arxasıyca gəzəcəyik və həqiqətlərdən üz döndərəcəyik?! Nə vaxta qədər ümidimizi Allahdan kəsib yalançı peyğəmbərlərə, falçılara və digər fırıldaqçı insanlara ümid bəsləyəcəyik? Nə vaxta qədər düşmənlər bizlərdən öz hədəflərini həyat keçirmək üçün alət kimi istifadə edəcəklər? Nə vaxta qədər əcnəbiləri yamsılayacağıq, onların demokratiya, azadlıq və insan hüquqları şüarları ilə qəlbimizi sevindirib qəflət yuxusuna gedəcəyik? Görəsən, bir kimsə vardırmı ki, bu dərdlərə şərik çıxsın, bir həqiqətsevər vardırmı ki, yolumuza yoldaş olsun, bu yer kürəsinə və onda baş verən hadisələrə ibrət gözü ilə baxsın?! Heç xəbərimiz varmı ki, pis əməllərimiz ucbatından bizlərə Allahın bəlaları nazil olur, pis əməllərimiz nəticəsində İmam Mehdinin (ə.f) ilahi inqilabı gecikir? Görəsən, bundan da böyük dərd olarmı ki, müsəlmanlar Allahı, peyğəmbəri, onun gətirdiyi Quranı, Quranın şərhçisi olan imamları və onların böyük xilaskarı olan İmam Mehdinin (ə.f) unudub qəflət yuxusunda xəyali bir ömür sürsünlər?! Görəsən, gözüaçıq halda yatanların bu işindən təəccüblənən yoxdur?... Qoy bu inqilab sel kimi axsın, Göy guruldasın, ildırım çaxsın. Müstəzəfin qoy haqqa çatarkən İslam bayrağın dağlara taxsın. Məzlumların ahı qoy alov çəkib Zülmü rişədən yandırıb-yaxsın Allah süfrəsi açıq olarmı Bir iddə yesin, bir iddə baxsın?! (Seyid Muhəmmədhüseyn Şəhriyar) Ey «mən müsəlmanam» – deyən bacı və qardaşlar! Gəlin, bizlər:«Allah ipindən yapışın, parçalanmayın» – ayəsinə əməl edib öz dinimizdə möhkəmlənib birləşək və Peyğəmbərimizin (s) vədə verdiyi həqiqi rəhbərimizin yolunu gözləyək. Həmçinin onun zühuru üçün dua edək və zühurun gecikməsinə səbəb olan günah əməlləri tərk edək!
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər