Haqqın zühuru |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 4-12-2015, 23:22 | Şərh sayı: (0) | Baxılıb: 392
Haqqın zühuru
“Dünyada altı cür pərəstiş edən var: müsəlmanlar, məsihilər, yəhudilər, ulduzpərəstlər, məcuslar və müşriklər. Bütün bunlar İslam dininə qoşulacaq!”
Qurani-Kərimin “Tövbə” surəsinin 33-cü ayəsində buyurulur:
هُوَ الَّذِي أَرْسَلَ رَسُولَهُ بِالْهُدَى وَدِينِ الْحَقِّ لِيُظْهِرَهُ عَلَى الدِّينِ كُلِّهِ وَلَوْ كَرِهَ الْمُشْرِكُونَ
“Müşriklərin xoşuna gəlməsə də, bütün dinlər üzərində qələbə üçün Peyğəmbərini doğru yol və haqq dinlə göndərən Odur!”
Bu ayədə Allah-Taala İslamın digər dinlərə qalib gələcəyini vəd etmişdir. İslamın bütün dinlərə qalib gəlməsi necə başa düşülməlidir? Bu barədə təfsirçilərin bir çox ehtimalları var. Fəxri-Razi burada beş cür təfsir qeyd edir və qələbənin keyfiyyəti ilə bağlı suallara cavab verir:
1. Məqsəd nisbi qələbədir; çünki İslamın tutduğu hər bir yerdə bu din hakimdir.
2. Məqsəd Ərəbistan yarımadasındakı dinlər üzərində üstünlükdür.
3. Məqsəd Peyğəmbəri-Əkrəmi (s) bütün ilahi dinlərdən agah etməkdir (ayədəki “li-yuzhirəhu” ifadəsi tam agahlıq kimi məna edilmişdir).
4. Məqsəd məntiqli qələbədir, yəni İslamın mahiyyəti digər dinlərlə müqayisədə bitkin və idealdır.
5. Məqsəd İslamın həzrət İsanın (ə) zühuru və imam Mehdinin (ə) inqilabı ilə bütün din və ayinlər üzərində son qələbəsidir.
Şübhəsiz, burada İslamın mahiyyətcə qələbəsi təfsiri düzgün deyil. Çünki İslamın mahiyyətcə digər dinlərin fövqündə durması elə İslamın zühuru ilə aşkar oldu.
Bundan əlavə, ayədə qeyd olunan “li-yuzhirəhu” sözünün kökü olan “zühur” və “izhar” sözləri Qurani-Kərimin digər ayələrindəki kimi, xarici və həqiqi qələbəni ifadə edir. Necə ki, “Əshabi-Kəhf”in əhvalatında buyurulur: “Əgər onlar sizə qələbə çalsa, sizi daş-qalaq edəcəklər!” (“Kəhf” surəsi, ayə 20.)
“Tövbə” surəsinin 8-ci ayəsində buyurulur:
كَيْفَ وَإِن يَظْهَرُوا عَلَيْكُمْ لاَ يَرْقُبُواْ فِيكُمْ إِلاًّ وَلاَ ذِمَّةً
“Necə onların əhd-peymanının bir dəyəri olsun? Əgər onlar sizə qalib gəlsələr, nə sizinlə qohumluğu gözləyər, nə də bir əhdə əməl edərlər?!”
Aydındır ki, Məkkənin bütpərəstləri və müşrikləri allahpərəstlərin məntiqinə qalib gələ bilmədilər. Burada məqsəd, yalnız döyüşdə qələbədir. Buna əsasən, İslamın bütün dinlər üzərində qələbəsi məntiqi və zehni aləmdəki qələbə yox, xarici aləmdəki qələbədir. Öncə qeyd etdiyimiz kimi, bu qələbənin müxtəlif mərhələləri var: birinci mərhələ İslam peyğəmbərinin (s) dövründə və daha geniş bir mərhələsi sonrakı əsrlərdə baş vermişdir. Son mərhələ isə imam Mehdinin (ə) zühuru və inqilabı ilə hasil olacaqdır. Çünki bu ayədə İslam dininin qeyd-şərtsiz bütün dinlərə qalib gələcəyindən söz açılır. Mütləq və qeyd-şərtsiz qələbə yalnız bütün yer üzünü əhatə etdiyi bir vaxt gerçəkləşə bilər. Necə ki, Peyğəmbərdən (s) nəql olunan bir rəvayətdə buyurulur:
لا يَبْقى عَلى ظَهْرِ الْاَرْضِ بَيْتُ مَدَرٍ وَلا وَبَرٍ اِلاّ اَدْخَلَهُ اللهُ كَلِمَةُ الْاِسْلامِ:
“Yer üzündə daşdan və palçıqdan tikilən elə bir ev, yundan və kürkdən hazırlanan elə bir xeymə tapılmayacaq ki, Allah-Taala İslamın səsini oraya daxil etməsin!” (“Məcməül-bəyan”, həmin ayənin təfsiri.)
Süyuti “Əd-durrul-mənsur” kitabında Səid ibn Mənsur və İbn Münzərdən, eləcə də, Beyhəqi “Sünən” kitabında Cabir ibn Abdullah Ənsaridən belə nəql etmişlər: “Bu hadisə (Peyğəmbərin (s) buyurduğu hədis) o zaman gerçəkləşəcək ki, (yer üzündə) başqa məzhəb və din sahibi olan yəhudi və məsihilər belə kənarda qalmayacaq! (Hamı İslam sayəsində yerləşəcək və hər yerdə İslamdan, tövhiddən və yeganə Allahın əzəmətindən danışılacaq.)” Bəli, o gün bu ilahi vəd həyata keçəcəkdir.
Bu ayənin təfsirində imam Sadiqdən (ə) belə bir hədis nəql olunmuşdur: “Allaha and olsun! Bu ayənin mənası (sonuncu mərhələsi) hələ gerçəkləşməmişdir və yalnız Qaimin zühuru zamanı əks olacaqdır. Onun qiyamından sonra dünyanın heç bir məntəqəsində Allaha qarşı küfr edən bir şəxs tapılmayacaq!”
Məşhur təfsir alimi Qütadə bu ayənin təfsirində yazır: “Dünyada altı cür pərəstiş edən var: müsəlmanlar, məsihilər, yəhudilər, ulduzpərəstlər, məcuslar və müşriklər. Bütün bunlar İslam dininə qoşulacaq!” (“Nurus-səqəleyn”, 2-ci cild, səh. 212.)
Məlum olduğu kimi, bu şərait, yalnız imam Mehdinin (ə) inqilabı zamanı hasil olacaqdır.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər