Bahalaşma tanınmışların siqareti tərgitməsinə təsir edibmi? |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 27-12-2015, 21:38 | Şərh sayı: (0) | Baxılıb: 300
Bahalaşma tanınmışların siqareti tərgitməsinə təsir edibmi?
Ərəstun Oruclu: “Bu, dəryada saman çöpündən yapışmaq kimi bir şeydir”
Azər Rəşidoğlu: “Qiymət artımı siqareti tərgitməyə səbəb olmayacaq”
Məlum olduğu kimi, dekabrın 21-də dolların məzənnəsinin 50 faizdən çox qalxması ölkə bazarındakı bütün məhsulların qiymətinə bir o qədər təsir edib. Bir çox məhsulların qiymətləri isə 60-70 faiz artıb ki, onların arasında siqaret də var. Paytaxtda apardığımız kiçik araşdırmadan məlum olub ki, bahalaşma ilə əlaqədar hətta kiçik köşklərdə belə, siqaret satışı dayandırılırb. Bahalaşma, maliyyə porblemləri, siqaret qıtlığı artıq bir çox şəxslərin siqaretdən imtina etməsinə səbəb olub.
İkinci bir məsələ isə ictimai yerlərdə siqaretin çəkilməsi ilə bağlı tətbiq edilən cərimələrdir. Yeni tətbiq edilən qanuna əsasən tədris, tərbiyə, səhiyyə, sağlamlıq və mədəniyyət obyektlərində, habelə idman yarışları və başqa kütləvi tədbirlərin keçirildiyi zallarda, inzibati binalarda fərdi iş otaqları və siqaret çəkmək üçün müəyyən edilmiş xüsusi yerlər istisna olmaqla, iş yerlərində, yüksək kateqoriyalı restoranlar, kafelər, barlar istisna olmaqla, ticarət, ictimai-iaşə, məişət obyektlərində, ümumi istifadədə olan yaşayış binalarında və digər qapalı yerlərdə, uzaqmənzilli sərnişin nəqliyyatında xüsusi ayrılmış yerlər istisna olmaqla, bütün ictimai nəqliyyat növlərində siqaret çəkilməsi qadağan edilir. Xatırladaq ki, bir müddət bundan öncə nəqliyyatda siqaret çəkənlərin 50 manat cərimə olunması artıq tətbiq olumağa başlayıb.
Bəs görəsən, bu iki motiv tanınmışlardan kimlərin siqaretdən imtina etməsinə səbəb olub?
Politoloq Ərəstun Oruclu bahalaşmadan sonra siqareti bir qədər azaltdığını, lakin tamamilə tərgitmək barəsində heç vaxt düşünmədiyini deyib: “Siqaret çəkmək zəiflik deyil, bu, sadəcə vərdişdir. Amma deyim ki, “çəkməsəm dünya dağılar” kimi bir probelmim də yoxdur. Hər halda qiymətlər bahalaşdıqdan sonra bir qədər azaltmışam və mümükündür ki, heç çəkməyim. O ki, qaldı qiymətlərin artırılması, cərimələr tətbiq edilməsi məsələsinə, bunlar daha çox büdcə maraqlarına xidmət edən addımlar kimi görünür. Düşünmürəm ki, bu insanların sağlamlıq və ya cəmiyyətdə hansısa qayda-qanun yaratmaq naminə görülən tədbirdir. Təbii ki, bu, siqaretdən daha çox gəlir əldə etmək istəyidir və burada sahibkarların da marağı var. İndi çoxları sui-istifadə edərək siqaret, spirtili içkilər və digər bu kimi digər zərərli vərdişlərdən qazanc əldə edə biləcəyini düşünürlər. Normal iqtisadiyyat qurmaq lazımdır, yoxsa bunların heç bir köməyi olmayacaq. Bu, dəryada saman çöpündən yapışmaq kimi bir şeydir”.
Siyasi şərhçi Azər Rəşidoğlu uzun illərdir ki, siqaret istifadəçisi olduğunu və onu tərgitmək fikrində olmadığını deyib: “Tərgitmək istəsəm, qiymət lap aşağı olsa da, tərgidə bilərəm. Qiymət bu məsələdə ümumiyyətlə, motiv deyil. Çəkmişəm, çəkirəm və çəkəcəyəm”.
Azər Rəşidoğlu bildirib ki, siqaretin qiymətinin artması onu tərgitməyi motivə etmir: “Bu, yalnış və zərərli motivdir. Vaxtilə, SSRİ-də, sonra Rusiyada arağın qiyməti kəskin artdı, lakin orta statistik rus arağı tərgitmədi, əksinə, daha çox və daha keyfiyyətsiz araq içməyə başladı. Nəticədə minlərlə insan zəhərləndi. İndi bizdə də daha ucuz siqaret çəkməyə başlayacaqlar. Qiymət artımı siqareti tərgitməyə səbəb olmayacaq. Psixologiyanı öyrənənlər bilirlər ki, bu, belədir”.
Siyasi şərhçi siqaret və ərzaq məhsulları ilə baş verənləri soyğunçuluq adlandırıb: “Büdcəni cərimələrlə artırmaq mümkün deyil. Neftdən asılı büdcə əvvəl-axır boşalmalı idi. Siqaretin qiymətini aşağı salmaq üçün inhisarları dağıtmaq lazımdır, əks təqdirdə, qiymət enməyəcək. Siqaret və ərzaq məhsulları ilə baş verənlər soyğunçuluqdur. Qətiyyən vətəndaşların sağlamlığını düşünmək deyil. Bu, bərbad iqtisadi siyasətin göstəricilərindən biridir”.
Musavat.com saytının redaktoru Elçin Xalidbəyli siqareti tərgitmək barəsində bundan öncədə də düşündüyünü deyib: “Görünən odur ki, hökümət siqareti tərgitməkdə bizə kömək edəcək. Onun köməyindən məmnuniyyətlə istifadə etmək fikrindəyəm. Bunun nə zaman baş tutacağını isə hələlik deyə bilmərəm. Çünki bahalaşmaya baxmayaraq, hələ də əvvəlki tepmdə siqaret almaqda davam edirəm”.
Elçin Xalidbəyli onu da bildirib ki, bahalaşma və cərimələr daha çox istifadə edilən məhsullardan, daha çox gəlir əldə etmək istəyidir: “Bütün bunları insanların sağlamlığının qayğısına qalınması kimi izah etmək qətiyyən doğru deyil. Hər halda, insanların sağlamlığını düşünmək üçün başqa addımlar da atmaq olardı. Amma bu motiv bəzi insanları siqaretdən imtina etmək məcburiyyətində qoya biləcəyindən istər-istəməz sağlamlığa da müsbət təsir edən bir amildir. Və bu, təqdir olunmalıdır”.
Psixoloq Dəyanət Rzayev də siqaretin bahalaşmasının onu tərgitməyə təsir göstərməyəcəyini deyib: “Mən özüm o qədər də siqaret istifadəçisi deyiləm. Hərdən ictimai olmayan yerlərdə çəkirəm. O ki, qaldı siqaretin bahalaşmasına və cərimələrə, bu insanların sağlamlığını düşünmək amili deyil, bütün bunlar maliyyə problemlərindən irəli gəlir. Bu motivlər heç bir nəticə verməyəcək, çünki, siqaret bir asılılıqdır. Avropada isə tətbiq edilən cərimələr həqiqətən insanların sağlamlığını düşünmək üçün atılan addımlardır, çünki, onlar qanunpərəstdilər. Lakin, 30-40 il siqaret çəkən insan onu birdən-birə tərgidə bilməz və o, qiymətlər bahalaşsa belə, onu alacaq. Maliyyə problemlərinə görə isə yalnız azalda bilər”.
Gənc yazar Kəramət Böyükçöl insanların siqaretlə sınağa çəkilməsini pisləyib: “Yaxın bir dostum müharibədə olub. Danışır ki, atəşkəs dövründə bir erməni əsgərindən bir siqaret istədim, verdi. Sonra o, məndən siqaret istədi. Beləcə bir-birimizdən siqaret alıb, verdik. Özümüz də hiss eləmədən düşmən olduğumuzu unutduq, başladıq bir-birimizə dərdimizi danışmağa... İnanın, adicə bir siqaretin iki düşmən əsgəri arasında yaratdığı barışıq rüşeymi getdikcə daha da möhkəmlənib, əməlli-başlı dostluğa çevrilə bilər. Dostum danışır ki, müharibənin ən qızğın yerində gülləni ehtiyatla atırdım ki, birdən siqaret aldığım erməni əsgərinə dəyər. Deyir ki, çətin məqamda siqaret verdiyim düşmən tərəfin əsgəri ilə üz-üzə gəldim, o da məni vurmadı. Dünya ədəbiyyatında qəhrəmanlar ən çətin situasiyalarda siqaretə ehtiyac duyublar. Bəlkə də ən gözəl şeirlər siqaretə yazılıb.
Elə adamlar var ki, siqaret onlar üçün çörəkdən də irəlidir. Kim adama çətin məqamda bir siqaret verirsə, bu yaxşılıq heç vaxt unudulmur. İnsanı siqaretlə sınağa çəkməzlər. Azərbaycan bir ölkə kimi neftdən nə qədər asılıdırsa, elə insanlar da var ki, onlar da siqaretin qarşısında o cür acizdirlər. Onsuz da həll edə bilmədiyimiz bir çox maliyə problemlərimiz var, heç olmasa, bu xalqa siqaret verin, qoy, dərdini çəksin...”
Xalidə Gəray,
Musavat.com
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər