Söz deyənin dilini kəsənlər azadlıqdan danışanda... |
Müəllif: Admin | Bölmə: Xəbərlər | Vaxt: 28-09-2015, 01:48 | Şərh sayı: (0) | Baxılıb: 331
Söz deyənin dilini kəsənlər azadlıqdan danışanda...
Söz azadlığı, fikir müstəqilliyi, mətbuat azadlığı... Bütün bunlar Avropanın "inkişaf etməkdə olan dövlətlər" qarşısında qoyduğu tələblər arasındadır.
Halbuki, Avropanın kiməsə ağıl öyrətməyə, yol göstərməyə hüququnun olub-olmadığı mübahisəli məsələdir.
Daha doğrusu, çox müşkül bir məsələ.
Qorxu və narahatlıq
Britaniya milli təhlükəsizlik və ərazi bütövlüyünün qorunması, ictimai nizamsızlıq və cinayətlə mübarizə adı altında ifadə azadlığını məhdudlaşdıran qanunları toplayıb. Həmin qanunlarla "nifrət nitqi"nin də məhdudlaşdırılması nəzərdə tutulur.
"İctimai Asayiş haqqında Qanun"u (Public Order Act) götürək. Bu qanuna əsasən, hər hansı bir şəxsə qarşı "qorxu və ya narahatlıq" yaratmaq məqsədilə hədələyici, təhqiramiz sözlərdən istifadə edilməsi, "irqi, dini, cinsi oriyentasiya zəminində nifrət" aşılamaq niyyəti ilə nitq söylənilməsi, yazılı material dərc etdirilməsi cinayət əməli hesab olunur.
Bəs "qorxu və narahatlıq" yaradan nələrdir? Hansı "nifrət" ifadəsi cəzaya layiq görülməlidir?
"Narahatlıq və təhlükə" yaradan və cinayət hesab edilə biləcək şeylərlə "incikliyə" səbəb olan şeylər arasında çox mühüm bir fərq var. Bu fərqi adi insanların görməsi heç də asan deyil. Fərqin görülməməsi nifrət nitqinə qarşı olan qanunlara görə yox, bu qanunların işlədiyi şəraitə görədir. Getdikcə daha çox insan belə düşünür ki, sən istədiyin şeyi demək hüququna malik olmalısan, ancaq əgər onlar sənin deyəcəklərinlə razıdırlarsa. Bu mövqenin universitet şəhərciklərindən bələdiyyə binalarına, radio və televiziyadan teatr və incəsənət qalereyalarına qədər hər yerdə böyük təsiri var.
Demokratiyanı əzən "demokratiya"
ABŞ və onun müttəfiqləri hələ də "demokratiya" mübarizləri kimi dəstəklənirsə, bəlkə də, bu qədər insanın necə olur ki, bu cür səhv fikirdə olmasını anlamağa çalışmalıyıq.
Həqiqətən də, bir insan onu azadlıqdan məhrum edən bir hökuməti dəstəkləyə bilərmi, yoxsa həmin insan, sadəcə, buna etiraz etməyəmi qorxur? ABŞ hökumətinin Suriya və Ukraynada dağıdıcı və uğursuz siyasətini müdafiə edən ekspertləri eşitdikdə bütün bu dəstəklər şübhə doğurmalıdır.
Əslində, onlar özləri də öz dediklərinə inanmırlar, sadəcə hökumətlərinin zalım və ağılsız strategiyalarının əksini iddia etdikləri halda karyeralarının əldən gedəcəyindən qorxurlar. Bu qorxaqların həqiqətə göz yumaraq karyeralarını qorumaq istəyi uğursuz bir hökuməti mətbuatda dəstəkləyən yaltaqlar üçün bir vasitədir.
Britaniyalı filosof Ceremi Bentam "panoptikon" anlayışını yaratdı, belə ki, bu sözlə məhbusların fiziki qandal və gözətçilərlə yox, hər an onları izləyən nəzarətçinin olması ehtimalı ilə idarə olunduqları dairəvi həbsxana təsvir edilirdi. Bu tip həbsxananın uğurlu olmasının səbəbi nəzarət edilən məhbusların izlənib-izlənmədiklərini bilməmələri, ona görə də, daima davranışlarına nəzarət etmələri idi.
Bu və ya digər şəkildə bir növ bu tip həbsxanalarda olduğu kimi ABŞ və başqa bir çox ölkələrin vətəndaşları uzun müddət hökumətin onları izləmək üçün böyük imkanları olduğunu düşünüblər. Eduard Snouden tərəfindən ifşa olunan məlumatlar bir çox insanın sui-qəsd nəzəriyyələrinə bənzədiklərinə görə ifadə etmədikləri qorxularını təsdiqləməyə xidmət etdi. Şəxsi əlaqələrin ABŞ dövlət agentliyi və Britaniyanın Dövlət Kommunikasiya Mərkəzi tərəfindən izlənilməsi ilə bağlı məlumatların üzə çıxması hökumətlə xalq arasında böyük inamsızlıq yaratdı. Hökumətin insanların internetdə açıq qoyduqları məlumatları izləməsi belə narahatlıq yaratmağa kifayət edərdi. İnsanlar buna etiraz etməyə bilərdilər, amma etmədirlər. Hökumətin hər bir kəsi izləməsi insanları idarə etmək istəməsi deməkdir.
Artıq amerikalılar hökuməti yox, hökumət amerikalıları idarə edir. ABŞ hökuməti xilas olmaq və mümkün olduğu qədər güclənmək üçün öz xalqına və ya istənilən xarici ölkənin xalqına qarşı hər şey edə biləcəyini göstərib.
Eduard Snouden Amerikanın nəzarət sisteminin ona uyğun olmadığını, bu sistemin "saxta" vətənpərvərliklə nəzarətdə saxlanıldığını iddia edirdi. Belə ki, əslində burada əsas amil qorxu və vəzifəli şəxslərə itaətdir. Mətbuatda da aydın görünür ki, həmin itaətkarlıq Britaniyada hökumətin "The Guardian" qəzetini məlumatların yox edilməsinə məcbur etməsindən sonra daha da çoxaldı. Bundan sonra Britaniyada hökumətin legitimliyi sıfıra endi. Eyni zamanda, qəzet artıq dövlət siyasətini sorğulamadan təkrarlamağa başladı.
Dövlətin ictimai müzakirəyə getdikcə yayılan zorakı müdaxiləsi şəraitində hökumətin siyasətini dəstəkləyən və ya bölüşən istənilən şəxs qorxaqdır. Bu insanların arqumentləri öz fikirlərindən yox, işlərini itirmək qorxusundan irəli gəlir. Özlərini liberal adlandıran şəxslər demokratiya və azadlığa inandıqlarına görə "avtoritar" İran və Rusiyaya qarşı olduqlarını iddia etsələr də, onlar, əslində, öz avtoritar sahiblərinin qullarıdır.
İnternet əsrində inanmaq çətindir ki, kimsə hökumətin təbliğatını həqiqət olaraq qəbul edəcək qədər axmaq olsun. Belə insanlar hələ də var, ancaq belələri mətbuatda ümumi ictimaiyyətdən daha çoxdur. Mətbuat "demokratiya" haqqında anlayışı varmış kimi hökumətin bəyanatlarını tutuquşu kimi təkrarlayaraq dayanmadan yalan məlumatlar verir. Kütləvi informasiya vasitələrinin həddindən artıq, kəskin şəkildə tənqid edildiyi düşünülə bilər, ancaq onlar bu tənqidlərə layiqdirlər.
Söz azadlığı sıravi vətəndaşlar üçün yaradılıb, ona görə də, bundan vətəndaşları hədələyən oliqarx rejimi dəstəkləmək üçün istifadə edənlər söz azadlığına mümkün olan ən pis şəkildə zərbə vururlar. Totalitar dövlətin əlaltıları sağlam demokratiyanı gücləndirmir, əksinə onu zədələyirlər.
Absurd? Bəlkə idiotizm?
Əslən Cənubi Afrika Respublikasından olan rəssam Brett Beyli Londonda "Tableu" adlı performansını nümayiş etdirirdi. Brett ağdərilidir və bəlkə də bunun üçün 19-cu əsrin ortalarında avropalıların, o cümlədən britaniyalıların həvəslə izlədikləri şoulardan birini ələ salmışdı.
Brettin performansında qaradərili xanımlar dəmir qəfəsdə idilər.
Rəssamın bu əsəri irqçiliyə, müstəmləkəçiliyə qarşı idi.
Amma Britaniya mediasında onu irqçi, müstəmləkəçi adlandırdılar. "Barbican Centre"nin qarşısına yüzlərlə londonlu yığışdı, əsərin ləğvini tələb etdilər.
Britaniya Milli Gənclər teatrında "Üç qız" adlı tamaşa səhnələşdirilməli idi. Tamaşada bu ilin əvvəllərində Londondakı kolleci tərk edərək Suriyaya yollanan və İŞİD-ə qoşulmaq istəyən üç yeniyetmə qızın taleyi süjetin əsasını təşkil edirdi.
Tamaşa yasaqlandı...
İş o yerə çatıb ki, İslama aşağılayıcı, təhqiredici münasibəti ilə "məşhurlaşan" yazıçı, "Şeytan ayələri"nin müəllifi Salman Ruşdi belə, heyrətlənib: "Bu adamların söz azadlığı anlayışı idiotizmdir. Belə getsə, İslamın ən qatı müdafiəçilərindən birinə çevriləcəyəm. Avropa indi tarixinin ən qaranlıq dövrlərindən birini yaşayır. Söz azadlığını qoruduqlarından dəm vuranlar sözümüzü ağzımızda qoyur, danışanı susdurur, böhtanı həqiqət kimi qələmə verirlər".
Gerçəkdən də, idiotizmdir. Britaniyanın bir sıra kollec və universitetlərinin kitabxanalarına yollanmış göstərişdə bildirilir ki, "Böyük Qetsbi" romanı "qadınlara nifrət", "Heklberri Finnin macəraları" - "irqçilik", "Venesiyalı taxir" isə "antisemitizm"i təbliğ edir və bu səbəbdən "tələbələrə mütailə üçün verilməməlidir".
...Azərbaycanda məşiət zəminində törədilmiş bir cinayətə görə tutulan adamın media mənsubu olduğu aşkarlanan kimi Avropanın dövlətlərarası strukturları hərəkətə gəlir, səslərini ucaldır, "söz azadlığının pozulduğunu"nu deyirlər.
Avropa Birliyi ölkələrində isə ilin əvvəlindən bəri 236 jurnalist təqibə məruz qalıb, 11 nəfər həbs olunub, 2 nəfər qətlə yetirilib.
Bu statistika nədən açıqlanmır, nə üçün heç bir yerdə həmin rəqəmlərdən bəhs olunmur?
Yəqin "söz azadlığı"dır...
Orxan Hun
Milli.Az
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər