“NƏHCÜL-BƏLAĞƏ” – Allah kəlamından aşağı,bəşər kəlamından yüksək olam kitab |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 7-12-2015, 23:27 | Şərh sayı: (0) | Baxılıb: 334
“NƏHCÜL-BƏLAĞƏ” – Allah kəlamından aşağı,bəşər kəlamından yüksək olam kitab
Hələ Həzrət Əlinin sağlığında bəzi səhabələr onun xütbələrini öz hafizələrinə həkk edərək əzbərləmişdilər. Bunların sırasında Haris Əvər Həmdani, Əsbəğ ibn Nübatə Mücaşei, Kümeyl ibn Ziyad Nəxəi, Novf Bükali və başqalarının adını çəkmək olar. İmam Əlinin müasiri olan Zeyd ibn Vəhəb Cəhni o həzrətin minbərdən söylədiyi xütbələri toplamış və «Əmirül-mömininin bayramlarda, məclislərdə və başqa şəraitdə minbər üstə söylədiyi xütbələr» kitabını tərtib etmişdi. Bir çoxlarının fikrincə, bu, Həzrət Əlinin sözlərinin toplandığı ilk yazılı kitab idi.
Məşhur tarixçi Məsudi «Mürucüz-zəhəb» kitabında yazırdı ki, imamın xütbələrinin 480 ədəddən çoxunu camaat əzbər bilir. Maraqlıdır ki, bu ədəd «Nəhcül-bəlağə»də toplanmış xütbələrin sayından təqribən iki dəfə çoxdur. Seyyid Rəzi də kitabın müqəddiməsində bunu təsdiq edir: «Bununla belə, iddia edə bilmərəm ki, o həzrətin sözlərinin hamısını toplamışam. Bunu demək daha düzgün olar ki, kitaba daxil etmədiklərim daxil etdiklərimdən daha çoxdur». Buradan məlum olur ki, Seyyid Rəzi əlindəki mövcud materiala müəyyən ölçülər əsasında yanaşmış və öz zövqünə istinad edərək, bəlağət baxımından ən yüksək qiymətləndirdiyi nümunələri «Nəhcül-bəlağə»yə daxil etmişdi.
«Seyyid Rəzi» ləqəbi ilə tanınan Seyyid Əbül-həsən Mühəmməd ibn Əbu Əhməd Hüseyn hicri 359-cu ildə (miladi 970-ci il) Bağdad şəhərində doğulmuşdu. Onun atası yeddinci imam Musa Kazimin, anası isə dördüncü imam Zeynülabidinin nəslindən idilər. Buna görə də, Ali-Buyə hökmdarları ona «zil-həsəbeyn» (iki böyük nəslin yetirməsi) ləqəbini vermişdilər.
Seyyid Rəzinin tərcümeyi-halını yazanların rəyinə görə, o, şairlikdə, fiqhdə və əxlaqda yüksək məqama sahib idi. On yaşından şeir yazmağa başlamış, 30 yaşında bütün Quranı əzbər bilmişdir. Seyyid Rəzi ömrü boyu heç kəsdən mükafat almır, şahların hörmət mənası ilə göndərdikləri hədiyyələri də geri qaytarırmış. Onun əsərlərinin əksəriyyəti ədəbiyyat və dilçilik mövzusundadır. Tarix qarşısında ən böyük xidməti isə «Nəhcül-bəlağə»ni toplamasıdır. «Nəhcül-bəlağə» sözünün mənası «bəlağət cığırı» deməkdir. Kitaba bu adı tərtibçi Seyyid Rəzi vermişdir.
Seyyid Rəzinin böyük qardaşı Seyyid Mürtəza da şiə aləminin fəxri sayılan alimlərdən biri olmuş və «Ələmül-hüda» (hidayət bayrağı) ləqəbini almışdı. Rəvayətə görə, bir gecə məşhur şiə mütəfəkkiri Şeyx Müfid yuxuda görür ki, Bağdad yaxınlığındakı Kərx məscidində oturub. Birdən Həzrət Fatimə balaca Həsənlə Hüseynin əlindən tutmuş halda məscidə daxil olur və övladlarını Şeyx Müfidə təqdim edib buyurur ki, onlara fiqh elmini öyrətsin. Şeyx heyrət içində yuxudan ayılır. Səhər Fatimə adlı bir seyyid qadın iki oğlunun əlindən tutub alimin yanına gətirir və uşaqlara fiqh öyrətməsini Şeyxdən xahiş edir. Şeyx Müfid yuxusunu ona danışır və uşaqların təlim-tərbiyəsini öhdəyə alır. Beləliklə, iki qardaş – Mühəmməd Rəzi və Əli Mürtəza bu böyük ustaddan dərs almağa başlayırlar…
Seyyid Rəzi hicri 406-cı il mühərrəm ayının 6-da (miladi 1015-ci il) Bağdadda vəfat etmişdir. Ali-Buyə vəzirinin qıldığı cənazə namazından sonra onun cəsədi böyük izdihamla Bağdadın Kərx məhəlləsindəki evində torpağa kömülmüşdür. Sonralar Seyyid Rəzi ilə qardaşı Seyyid Mürtəzanın cənazələri Kazimeynə gətirilərək, İmam Kazimlə İmam Təqinin məqbərəsinin yaxınlığında dəfn olunmuşdur.
Seyyid Rəzi «Nəhcül-bəlağə»nin müqəddiməsində yazır: «Əmirül-möminin fəsahət mənşəyi və bəlağət mənbəyidir. Bəlağətin gizli dəfinələri onun vasitəsilə aşkar oldu, qanun və üsullar ondan qaynaqlandı. Bütün söz sahibləri ona iqtida etdilər, bütün vaizlər ondan kömək umdular. Əlinin sözləri mütəfəkkirlərin gözlərini qamaşdıran nurlu ulduzlarla dolu asimandır. Əlinin sözləri Allah kəlamından alçaq, bəşər kəlamından yüksəkdir. İslam Peyğəmbərindən sonra heç kəs bu gözəllik, rəvanlıq və təravətdə az sözlə böyük mənalar deyə bilməmişdir».
«Nəhcül-bəlağə» kitabı üç hissədən ibarətdir. Birinci hissədə İmam Əlinin söylədiyi 241 xütbə, ikinci hissədə müxtəlif şəxslərə göndərdiyi 79 məktub, üçüncü bölümdə isə ona mənsub 488 qısa hikmətli kəlam (aforizm) toplanıb.
İndiyə kimi «Nəhcül-bəlağə»nin tarixi, tərcüməsi, şərhi mövzusunda müxtəlif dillərdə (ərəb, fars, türk, urdu, ingilis, fransız) 400-ə yaxın əsər yazılıb. Bu kitaba yazılmış şərhlərin yazı 100-dən artıqdır. Ən məşhur şərhlər Qütbəddin Ravəndi, Meysəm Bəhrani, İbn Əbil-hədid Şafii, Seyyid Həbibullah Xoyi, Əllamə Müğniyə, Şeyx Mühəmməd Əbduh və Əllamə Mühəmməd Təqi Cəfərinin qələminə mənsubdur.
Seyyid Rəzinin «Nəhcül-bəlağə»yə daxil etmədiyi kəlamları Şeyx Mühəmməd Baqir Məhmudi «Nəhcüs-səadə» adlı 8 cildlik kitabda toplamışdır.
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər