Hər gün Aşura-Hər yer Kərbəla! |
Müəllif: Admin | Bölmə: Məqalələr | Vaxt: 2-02-2015, 17:01 | Şərh sayı: (0) | Baxılıb: 1247
Hər gün Aşura-Hər yer Kərbəla!
Həzrət Mehdi cənabları (ə.f.) tərəfindən bir çox dualar, zikrlər və ziyarətnamələr gəlib bizə yetişmişdir. Onlardan "Camiə” ziyarəti xüsusilə seçilir. Bu məşhur ziyarət həzrətin İmam Hüseynə (ə) həsr etdiyi ziyarətnaməsidir. İmam Mehdi (əc.) bu mubarək ziyarətnamədə tarixin əzəmətli hadisəsi olan Aşura gününü təcəssüm etmişdir.
Qeyd etməliyik, bütün məsumların (ə) hədəfi eyni olmuşdur. Onlar zaman-məkan və şəraitə uyğun həmin hədəfin təkmilləşdirilməsi uğrunda cidd-cəhdlə çalışmışlar. Bu, Allahla bəndələr arasında vasitəçilik və beləliklə də insanları dünya-axirət səadətinə, kamillik zirvəsinə çatdırmaq hədəfi olmuşdur. Bəndələr məhz bu hədəf üçün yaradılmış və bir vasitə olmadan heç vaxt o hədəfə yetişə bilməzlər. Necə ki, uca Rəbbimiz öz mübarək kitabında bu barədə buyurur: "Ona (Allaha) tərəf getmək üçün vasitə axtarın” – "Vəbtəğu iləyhil vəsilə”.
Hal-hazırda qeybdə olan son imamımız həzrət Sahibəzzaman (ə) da eyni hədəfi izləyir. Onun qeybə çəkilməsi də həmin hədəfi həyata keçirmək üçün münasib şəraitin olmamasına görədir.
Həzrət Peyğəmbərimiz (s) və onun ailəsi–məsum imamlar tarix boyu bəndələrin hidayəti, təkamülü uğrunda gecə-gündüz demədən, ağrı–acılara, əziyyətlərə qatlaşaraq, mallarından və canlarından keçərək çalışdılar.
Görəsən onlar bunu nə üçün edirdilər? Bizdən maddi bir əvəzmi gözləyirdilər? Xeyr. Quran buyurur ki, Ey Peyğəmbər de: Mən etdiklərim müqabilində heç bir muzd istəmirəm. (Sizdən istədiyim yalnız) Əhli–beytimə, ailəmə məhəbbətinizdir. Əslində bu məhəbbətin səmərəsi yenə bizim özümüzə qayıdır.
Bəli, bu mübarək, pak insanlar heç nəyi əsirgəmədən və hər hansı bir lazımlı vasitəylə bəndələrin dünya və axirət səadəti üçün var gücləri ilə çalışmışlar.
Bəs, onların bu təmənnasız yaxşılığın necə cavab verildi və nə ilə cavab verilməkdədir? Onlara cavabımız, təşəkkürümüz bu oldu ki, öz nəfsani ehtiraslarımızı doyurmaq üçün, Peyğəmbər övladlarının kimisini zəhərlədik, kimisinin başını nizələrə sancıb kənd–kənd, şəhər–şəhər gəzdirdik, ailəsini başıaçıq, ayaqyalın düşmən əsirləri kimi təhqiramiz şəkildə çılpaq miniklərlə uzun – uzadı məsafələr qət etdirdik və bəzisini də hələ az yaşlı ikən qeybə çəkilməyə, öz müsəlman ümməti içində tanınmaz halda yaşamağa məcbur etdik.
Bəli, bu qədər yaxşılığın cavabı belə oldu! Görün insan necə nankor, qədirbilməz, ədəbsiz, nadan, bədbəxt olarmış!!!
Biz onlardanıqmı? Biz hansı qrupdanıq? İmam Hüseyni (ə) qətlə yetirib mübarək başını nizələrə sancıb şəhərləri dolandıran kimlər idi? Qarınları haramla dolanlar, sələm yeyənlər, sələm verənlər, şərab içənlər, namaz qılmayanlar, namazı yüngül sayanlar, xüms–zəkat verməyənlər, zina edənlər, söyüş söyənlər, bir sözlə, qadağan olunmuşlardan çəkinməyənlər
Bizim də əməllərimiz onların əməlləri ilə uyğundursa, batinimizdə "yezid” böyüdürük. Böyüdürük və zamanın İmamını (əc.) qeyb zəncirlərilə mühasirəyə alır, qətlə yetirməyə hazırlaşırıq.
Xatırlamağımız zəruridir ki, Kərbəla hadisəsi sadəcə tarixi bir hadisə deyildi. O, bir məktəbdir, bir dünya görüşü, bizi formalaşdıran bir geniş ideologiyadır. O, köhnəlməyəcək, yaddaşlardan silinməyəcək. Nə qədər ki, HƏR ZAMANIN YEZİDİ VAR, HÜSEYNİ (ə) VAR, bu hadisə yaşayacaq.
Kərbəla hadisəsi necə köhnəlsin ki, bu gün də "Kufə”dən "Hüseynə” (ə) minlərlə məktublar gəlir?! Bu gün də ağrıdan, acıdan səsləri sinələrində həbs olmuşlar səssiz-səmirsiz göz yaşlarını içlərinə axıdır və fəryadına çatması üçün pak insanları səsləyir, zamanın "Hüseyn”ini, İmam Hüseyn (ə) yadigarı həzrət Mehdini (ə) çağırır.
Bəziləri yalnız Məhərrəm ayının əvvəlinci günündə məscidə getməklə öz vəzifələrini bitmiş sayırlar. Xeyr, belə olmamalıdır! Aşura həqiqətləri hər an bizə ülgü, nümunə və ibrətdir. Aşura məktəbi ölməmişdir, baqidir. O, yaşayır və həm də yaşadır.
AŞURA ÖLMƏKDƏ OLAN İSLAM VƏ MÜSƏLMANLARI DİRİLTDİ, sağaltdı və ona təravət bəxş etdi. İmam Hüseyn (ə) və onun səhabələri öz pak qanlarıyla, İslamın qurumuş ağacını canlandırdılar, yaşıllaşdırdılar. Onların "Heyhat minnəz – zillət” – "ZİLLƏT BİZƏ YADDIR” şüarı qəflət yuxusunda xumarlananların yuxusunu dağıtdı...
Bəzi nadanlar güman edirlər ki, İmam Hüseynə yas saxlayanlarin işi–gücü ağlamaq, baş–gözlərinə vurmaqdır. Bu çox səhv təsəvvürdür. Hər kəs də Aşuranı yad etməyi sadəcə ağlamaqda görürsə, çox səhv yoldadır.
Məhərrəmlikdə mərasimlər təşkil olunmalı, İmamın hədəfləri açıqlanmalı, o dövrün ictimai–siyasi, mədəni şəraiti araşdırılmalı və günümüzlə müqayisə edilməli, nəticə çıxarılmalıdır. Bildirilməlidir ki, dəyişən sadəcə zahiri aləmdir. Nəfsani istəklər, şərəf, şöhrət, sərvət, qüdrət, şəhvət hər bir zaman mövcud olmuş və onlara sahib olmaq, onların tələbini ödəmək uğrunda daim mübarizələr, münaqişələr getmişdir. O vaxt məsələn, bahalı atlara sahib olmaq istəyənlər, bu gün hər nə bahasına olur-olsun bahalı, rahat maşınlara minmək arzusundadırlar. Fərqi yoxdur, insan həmin insandır, dəyişən sadəcə zaman və dövrandır.
Aşura məktəbinin ideyaları cəmiyyətə açıqlanmalıdır. O cənab şəxsi mənafe üçün və bəzi cahillərin yazdığı, dediyi kimi vəzifə üçün vuruşmamışdır. Ona vəzifə, mal–dövlət təklif olunsa da, o, qəbul etmədi. Bəziləri nə üçün düşünmürlər ki, vəzifə üçün mübarizə aparan, ailəsini nə üçün ölümün ağzına aparmalıdır? O həzrətin bir çox yerlərdə etdiyi söhbətləri oxuyanlar onun hədəfini çox gözəl başa düşürlər.
AÇIQLANMALIDIR Kİ, İmam Hüseyn (ə) İslamın unudulduğu, fəsadların, əxlaqsızlığın, iffətsizliyin, qeyrətsizliyin artdığı, vaciblərin unudulduğu və haramların yayıldıqı bir zamanda ayağa qalxdı, qiyam etdi və paslanmış qulaqlara öz fəryadını ucaltdı...
AÇIQLANMALIDIR Kİ, İmam Hüseyn (ə) babası İslam peyğəmbərinin (s) və onun (s) səhabələrinin 23 illik əziyyətlərinin hədər getdiyi bir vaxtda ayağa durdu və bu vəziyyətin islahı üçün hərəkata başladı...
AÇIQLANMALIDIR Kİ, İmam Hüseyn (ə) bəziləri kimi söz qəhrəmanı deyil, əməl qəhrəmanı idi. O, bir çoxları kimi zahirdə azad, əslində isə öz nəfsinin köləsi deyildi. O, azadlığın yenilməz simvoludur. AZAD OLMAQ İSTƏYƏNLƏR HÜSEYNƏ BAXSIN, HÜSEYNİ SEVSİN, YALNIZ ONU ÖZÜNÜN RƏHBƏRİ BİLSİN!
Hər gün Aşuradır, hər yer Kərbəla. Nə gözəl hədisdir! Nə dərin mənası vardır! Yəni fəsadların yayıldığı bütün dövrlər Aşura, fitnələrə bürünən bütün məkanlar Kərbəladır. Əsrlərdir Aşura və Kərbəla yaşanır, təkrarlanır.
İnsanın ruhani, mənəvi aləmi ilə sıx bağlılığı olan bir məsələni necə sadəcə tarixi bir hadisə adlandırmaq olar? Belə bir əzəmətli hərəkatı necə görməməzliyə vurmaq olar?!
Aşuranı unutdurmağa çalışanlar İslam və müsəlmanların düşmənidir. Aşuranı baltalayanlar sapı özümüzdən olanlardır.
Tarix belələrini çox yola salmış, izini itirmişdir. Allah yolunda can qoyanı unutdurarmı, səsini–sorağını itirərmi Allah?! Özü də O şəxs Peyğəmbərimizin (s) sevib - əzizlədiyi və hər kəsə də Onu sevməyi tapşırdığı bir İmamdır.
İmam Hüseyn (ə) məktəbini yaşadan Allah və Allahın qəlblərini imanla doldurduğu pak insanlardır.
Bütün əsrlər, illər, aylar, həftələr, günlər, saatlar, anlar Aşuradır və bütün dünya, ölkələr, şəhərlər, rayon və kəndlər, evlər, daxmalar Kərbəla səhnəsidir.
Salam olsun Hüseynə, Onun övladlarına və səhabələrinə!
Oxşar Xəbərlər:
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Şərhlər